Məhkəmə qərarları › İş №2-1(107)-175/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-175/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-175/2024 07.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “xx.xx.2002-ci il tarixində iddiaçıya təyin edilmiş müddətsiz 3-cü dərəcə əlilliyin ləğvi barədə qəbul edilmiş qərarın ləğv edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2-1(116)-2128/2023 nömrəli qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “xx.xx.2002-ci il tarixində iddiaçıya təyin edilmiş müddətsiz 3-cü dərəcə əlilliyin ləğvi barədə qəbul edilmiş qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8977/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

3. İddia ərizəsinin əsaslarına görə iddiaçı, 1996-cı ildə xəsarət aldığına görə ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir. 1998-ci ildə 2-ci qrup əlillik 3-cü qrupa dəyişdirilmiş və 2002-ci ildə ona ömürlük 3-cü qrup əlillik dərəcəsi verilmişdir. 2019-cu ildə DSMF publik hüquqi şəxsin İsmayıllı rayon filialı onu Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə ekpertizaya göndərmiş və nəticədə onun əlil hesab edilmədiyi haqqda qərar qəbul olunmuşdur. Bununla bağlı o, hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmiş və Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)- 225/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə onun iddiası təmin edilmiş, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ona əlillik verilməsindən imtina edilməsi barədə xx.xx.2019-cu il tarixli qərar ləğv edilmiş və onun ömürlük üçüncü qrup əlilliyinin bərpa edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2379/2021 saylı 15 dekabr 2021-ci il tarixli qərarı ilə onun xeyrinə çıxarılan Şəki Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Lakin göstərilənlərə baxmayaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona 3-17-4/2-M-698/2023 saylı xx.xx.2023ci il tarixli məktub göndərilmiş və həmin məktubda təkrarən əyani müayinə üçün Agentliyə gəlməyi təklif olunmuşdur və gəlmədiyi halda müvafiq inzibati aktın qəbul eiləcəyi bildirilmişdir. 15 .04.2023-cü il tarixində aldığı 3-17-4/2-M-4962/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda ona rəsmi olaraq bildirilmişdir ki, o əyani müayinəyə dəvət olunmuş, lakin gəlmədiyinə görə xx.xx.2002-ci il tarixində təyin edilmiş müddətsiz 3-cü dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edilmişdir. Agentliyin qeyd olunan xx.xx.2023 il tarixli məktubuna cavab olaraq o, onlara rəsmi bildirmişdir ki, onun əlilliyi məhkəmə qərarı ilə ömürlük bərpa olunmuşdur.

4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 14 nəfərə dair xx.xx.2023-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların əyani müayinəsini həyata keçirmiş, tibbi-ekspert sənədlərini araşdırılmış və aşağıdakıları müəyyən etmişdir: İsmayıllı rayon sakini xx.xx.1980-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti əyani müayinə əsasında Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2002-ci il tarixində əyani olaraq qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbində müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilsin. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 18 dekabr 2023-cü il tarixli, 2- 1(116)-2128/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

6. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2-1(116)- 2128/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2-1(116)-2128/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(107)-225/2021 nömrəli qərarından görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(116)-72/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı əlillik verilməsindən imtina edilməsi barədə xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və onun üçüncü qrup əlilliyi bərpa edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-2379/2021 nömrəli qərarından görünür ki, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-225/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixdə müayinə olunmuş, “Sağ orta mil dirsək sinirlərinin postravmatik nevropatiyası. Sağ yuxan ətrafın kəskin pozulması” diaqnozu ilə, ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin olunmuşdur. - Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 08 fevral 2023cü il tarixli qərarından görünür ki, iddiaçının əyani müayinəsi keçirilmiş, tibbi ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.1 Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.

14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

15. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

18. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

19. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

20. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, cavabdeh orqan fevral 2023-cü il tarixli qərarla iddiaçı barəsində tibbi ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarını ləğv etmişdir. Mübahisələndirilən qərarın iddiaçı təqdim edilməsi barədə cavabdeh orqan tərəfindən məhkəməyə sübut təqdim edilməmiş, iddia ərizəsinə əlavə edilmiş cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçı barəsində tibbi ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarının ləğv edilməsi barədə məlumat verilmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə verilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun poçt vasitəsilə iddiaçıya çatdırılması müddətini və iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixi nəzərə alaraq məhkəmə hesab edir ki, İPM-nin 38.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh orqanın 08 fevral 2023-cü il tarixli qərarının ləğvinə nail olmaqdır. Belə ki, sözügedən qərar iddiaçıya əlillik təyinatı barədə tibbi ekspert komissiyasının xx.xx.2002-ci il tarixli qərarının ləğv edilməsi barədədir.

23. İddiaçının əyani müayinəsi əsasında onun əlillik vəziyyəti Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2002-ci ildə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbində müddətsiz üçüncü dərəcə əlillik təyinatının aparılmışdır.

24. iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında əvvəllər də “əlillik verilməsindən imtina edilməsi barədə xx.xx.2019-cu il tarixli qərarın ləğvi və iddiaçının üçüncü qrup əlilliyinin bərpa edilməsi” ilə bağlı inzibati mübahisə olmuş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-225/2021 nömrəli qərarı ilə iddiaçının üçüncü qrup əlilliyinin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, qərardan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-2379/2021 nömrəli qərarı ilə təmin edilməmişdir.

25. Sözügedən məhkəmə aktı ilə iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası NK-nin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3.17-ci bəndində qeyd edilmiş əsas diaqnozla eynilik təşkil etməsi qeyd edilmiş və iddiaçıya üçüncü dərəcəli əlilliyin təyin edilməsi ilə bağlı 2002-ci ildə qəbul edilmiş qərarın düzgünlüyünə hüquqi qiymət verilmişdir.

26. Yəni, cavabdeh orqan artıq bir dəfə qüvvədə olan əlilliyin ləğvi barədə xx.xx.2019- cu il tarixli qərar (tam reabilitasiya olunma) qəbul etmiş və həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməklə ləğv edilmişdir..

27. Daha sonra cavabdeh orqan yenidən iddiaçını əyani müayinəyə dəvət etsə də, iddiaçı əyani müayinədə iştirak etməmişdir. Bununla belə cavabdeh orqan 08 fevral 2023cü il tarixli qərarla ona əlillik təyinatının aparılması barədə qüvvədə olan qərarı ləğv etmişdir.

28. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

29. Məhkəmə kololegiyası hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.

30. Yəni, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.

31. Cavabdeh orqan iddiaçıya təyin edilmiş əlilliyin sonradan ləğv edilməsini X3 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlilini aparılması, sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurətinin yaranması ilə əsaslandırmışdır.

32. Bununla belə cavabdeh orqan qanuni qüvvəyə minmiş məhkəmə aktının qəbul edilməsi ilə başa çatmış məhkəmə icraatından sonra ortaya çıxmış, “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu”nu və nədən ibarət olmasını, o cümlədən iddiaçının hansı səbəbdən risk qrupuna aid edilməsini əsaslandıra bilməmiş, iddiaçıya əvvəllər təyin edilmiş əlilliyin ləğvi ilə nəticələnən yeni icraatın başlanılmasına əsasların mövcud olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə etməmişdir.

33. Digər tərəfdən istinad olunan normaya əsasən cavabdeh orqan əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etmədən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edə bilməz. Hazırkı iş üzrə iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapmır. Belə ki, iddiaçıya təyin edilmiş əlillik ləğv edilərkən Agentlik onun əyani müayinəsini həyata keçirmədən qərar qəbul etmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər.

35. Lakin, həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili audit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır.

36. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1685/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır.

37. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan xx.xx.2002ci il tarixində iddiaçıya təyin edilmiş müddətsiz 3-cü dərəcə əlilliyin ləğvi barədə qəbul edilmiş qərarın ləğv edilməsindən imtina etməkdə haqlı olmamışdır.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2-1(116)-2128/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar