Məhkəmə qərarları › İş №2-1(107)-176/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-176/2020

12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-176/2020 12.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh və ya DƏDRX-in 9 saylı Ərazi İdarəsi) qarşı “Respublikada aparılan məlum torpaq islahatı ilə əlaqədar yaşadığı İsmayıllı rayon Diyallı kəndində faktiki istifadəsində olan həyatyanı torpağa görə pay torpağından 1,8 kofisente vurularaq çıxılmış 0,33 ha həyatyanı torpaq sahəsinin qalan 0,27 ha hissəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-248/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçının Respublikada aparılan məlum torpaq islahatı ilə əlaqədar yaşadığı İsmayıllı rayon Diyallı kəndində faktiki istifadəsində olan 0,33 ha həyətyanı torpaq sahəsi onun adına siyahıya alınaraq onun və ailə üzvlərinin mülkiyyətinə verilən əkin torpaq sahəsindən 1,8 kofisentlə çıxılmışdır. Yəni 0,33 ha həyətyanı torpaq sahəsinin əvəzinə pay torpağından 0,594 ha çıxılmışdır. Lakin əkin torpaq sahələrinə dair mülkiyyət sənədləri gəlsə də, zəbt həyətyanı torpaq sahəsinə dair mülkiyyət sənədi bu günədək verilməmişdir. O, sözügüdən 0,33 hektar həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX –nin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin qeyd edilən təşkilat xx xxxxxx 2019-cu il tarixli **********84 nömrəli məktubla ilkin hüquqmüəyyənedici sənədlərin alınması üçün aidiyyatına müraciət edilməsi tövsiyə edilmişdir. Bundan sonra o, AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etmişdir. Həmin təşkilat xx xxxxx 2019-cu il tarixli **********45 nömrəli məktubla torpaq payı almaq hüququ olan vətəndaşların siyahısından onun və ailəsinin adı olan hissəyə dair çıxarışı göndərmişdir. Həmin siyahıda sənəd üzrə həyətyanı torpağının 0,12 ha, faktiki vəziyyətdə isə 0,45 ha olması qeyd edilmişdir. Lakin torpaq islahatlarından xeyli sonra ona 0,18 ha torpaq sahəsinə dair mülkiyyət sənədi verilmiş, qalan 0,27 ha torpaq sahəsinə dair isə verilməmişdir. O, həmin çıxarışı da əlavə etməklə yenidən zəbt kimi qeydə alınmış 0,33 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə DƏDRX-in 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin qeyd edilən təşkilat xx xxx 2019-cu il tarixli **********93 nömrəli məktubla tələblərindən rəsmi qaydada imtina etmişdir. O, imtinanı əsassız hesab etmiş və bildirmişdir ki, cavabdeh təşkilat üzərinə düşən öhdəliyi icra etmir və onun hüquqlarını pozur. Odur ki, iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək, “Respublikada aparılan məlum torpaq islahatı ilə əlaqədar yaşadığı İsmayıllı rayon Diyallı kəndində faktiki istifadəsində olan həyatyanı torpağa görə pay torpağından 1,8 kofisente vurularaq çıxılmış 0,33 ha həyatyanı torpaq sahəsinin qalan 0,27 ha hissəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli **********12 nömrəli məktubla iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı İsmayıllı rayonu Diyallı kəndində yerləşən 0.27 ha torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı DƏDRX-in 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, 0.27 ha torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hər-hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. DƏDRX-in 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-248/2020 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə İsmayıllı rayon Diyallı Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-248/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-248/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İsmayıllı rayon Diyallı Bələdiyyəsinin sədri Cahangir Surxayev izahatında mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğunu bildirdi və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq DƏDRX-in 9 saylı Ərazi İdarəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Onlara iddiaçının AA seriyalı ******* nömrəli ş/v-nin surəti, xx.xx.2019-cu il tarixli ********* nömrəli qəbz, DƏDRX-in 9 saylı Ərazi İdarəsinin xx.xx.2019-cu il **********84 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli 60 nömrəli, xx.xx.2019-cu il tarixli 61 nömrəli arayışlar, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********45 nömrəli, xx.xx.2019-cu il tarixli **********93 nömrəli məktubları, xx.xx.2009-cu il tarixli 1123 nömrəli, xx.xx.2009-cu il tarixli 1120 nömrəli, xx.xx.2009-cu il tarixli 1121 nömrəli və xx.xx.20xx xxxxxxx 4281 nömrəli torpaq sahəsinin planı və ölçüləri, JN-006F nömrəli (kod 40707038) şəhadətnamə, xx.xx.2019-cu il tarixli **********12 nömrəli etiraz, İsmayıllı rayon Diyallı Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 41 nömrəli arayışı aiddir. Əsaslandırma hissəsi İddiaçı apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apelyasiya şikayəti uğurlu olmayacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, DƏDRX-in 9 saylı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********93 nömrəli məktubuna əsasən, İsmayıllı rayon X1 xx.xx.1999-cu il tarixli 81 nömrəli qərarına əsasən iddiaçının 4 nəfərdən ibarət ailə üzvlərinə AN-153339 seriyalı torpaq sahəsinin planı və ölçüsünə əsasən 0.4688 ha, AN-153340 seriyalı plan və ölçüyə əsasən 0.0628 ha, AN-153338 seriyalı plan və ölçüyə əsasən 0,2796 ha, AN-142950 seriyalı plan və ölçüyə əsasən 0.0492 ha, ümumilikdə 0.86 ha əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN- 006 (kod40707038) saylı “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən Sədiyan kəndində 0.18 ha qanuni həyətyanı və bağ sahəsi verilmişdir. Həmçinin, iddiaçının iddia etdiyi 0,33 ha torpaq sahəsi Diyallı kəndində yerləşdiyindən, mülkiyyətinə verilən qanuni həyətyanı torpaq sahəsinə bitişik və ən əsası isə eyni yaşayış məntəqəsində yerləşmədiyindən həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd işlənməmişdir. Göründüyü kimi, ölkədə aparılan aqrar islahatı zamanı iddiaçıya ailə üzvləri ilə birlikdə həyətyanı və kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahələri verilmiş və adlarına AN-153339 seriyalı torpaq sahəsinin planı və ölçüsünə əsasən 0.4688 ha, AN-153340 seriyalı plan və ölçüyə əsasən 0.0628 ha, AN-153338 seriyalı plan və ölçüyə əsasən 0,2796 ha, AN142950 seriyalı plan ölçüyə əsasən 0.0492 ha, ümumilikdə 0.86 ha əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-006 (kod40707038) saylı “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə” yə əsasən Sədiyan kəndində 0.18 ha qanuni həyətyanı və bağ sahəsi verilmişdir. İsmayıllı rayon Diyallı Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 41 nömrəli arayışına əsasən, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Belə ki, ölkədə aparılan aqrar islahatının məqsədi yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən, torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdən ibarət olmuş və torpaq islahatını Azərbaycan Respublikası Dövlət X3, Naxçıvan Muxtar Respublikası X3, rayon və yerli aqrar islahat komissiyaları aparmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 8 əsas müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. - 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən, torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdən ibarət olmuşdur. -14-cü maddəsinə əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin(ailənin) xüsusi mülkiyyətinə verilir. -20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X3, Naxçıvan Muxtar Respublikası X3, rayon və yerli aqrar islahat komissiyaları aparır. -22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli X1 qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon X2 şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət X2 şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət X3 daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət X1 qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya tələbində qeyd olunan torpaq sahəsinin verilməsinə dair sübut mövcud deyil. Bundan əlavə iddiaçının 0,27 ha torpaq sahəsinin faktiki istifadəsində olmasına görə mübahisəli torpaq sahəsinə hüququnun yaranması ilə məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinin iddiaçının uzun illər istifadəsində olması o halda hüquqların dövlət qeydiyyatı üçün əsas ola bilər ki, həmin torpaq sahəsi qanuni əsaslarla (hüquqi müəyyəenedici sənədlər əsasında) iddiaçıya ayrılmış olsun. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, belə halların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, əksinə müəyyən olunmuşdur ki, aqrar islahatı zamanı iddiaçı və onun ailə üzvlərinə əkin və həyətyanı torpaq sahələri verilmiş və adlarına mülkiyyət sənədləri tərtib edilmişdir.Bundan başqa mübahisələndirilən torpaq sahəsi İsmayıllı rayon Diyallı Bələdiyyəsinin mülkiyyətindədir. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, 0,27 ha torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-248/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar