Məhkəmə qərarları › İş №2-1(107)-176/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-176/2024

27.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-176/2024 27.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 120000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 120000 manat dəyərində siyahıya alınmış əmlakının Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2-1(116)- 2980/2023 nömrəli qərarından iş üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh MMC-yə “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 120000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 120000 manat dəyərində siyahıya alınmış əmlakının Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinə əsasən müəyyən edilir ki, vergi ödəyicisi olan Cavabdeh MMC-nin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müdətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə yaranan 120000 manat “BMW” minik markalı 10AZ665 qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla ümumilikdə 120.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********7 saylı Protokollar tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir.

3. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 21 dekabr 2023-cü il tarixli 2- 1(116)-2980/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

5. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

6. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, göstərilən avtonəqliyyat vasitəsi 10 avqust 2023-cü il tarixdə vergi orqanı tərəfindən siyahıya alınmış və siyahıya alınma zamanı həmin əmlak cavabdeh '‘Altun Tel” MMC- nin mülkiyyətində olmuşdur. "Altun Tel” MMC-yə vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixində avtonəqliyyat vasitəsinin siyahıya almaya təqdim edilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş və qeyd olunan əmlakın (əmlakların) siyahıya alınması məqsədilə hüquqi şəxsin məsul şəxsi şəxsiyyətini təsdiq edən sənədi və həmin avtonəqliyyat vasitəsinin texniki sənədlərini təqdim etməklə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə dəvət olunmuşdur. Avtonəqliyyat vasitəsinə dair qeyd edilən sənədləri təqdim etmədiyi təqdirdə, avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və borcun məcburi qaydada avtonəqliyyat vasitəsinə yönəldilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Göndərilmiş xəbərdarlıq məktubuna baxmayaraq cavabdeh vergi orqanın rəsmi şəkildə göndərmiş olduğu çağırışa məhəl qoymamış və avtonəqliyyat vasitəsini siyahıya almaya təqdim etməmişdir. Belə ki, siyahıya alınma prosesi vergi orqanının müvafiq qərarı əsasında Vergi Məcəlləsinin tələblərinə uyğun həyata keçirilərək, “Əmlakın siyahıya alınması haqqında" Protokol və digər sənədlər tərtib edilmişdir. 120000 manat məbləğində daşınar əmlak qismində 10AZ665 dövlət qeydiyyat nişanlı "BMV X DRİVE 30 D M SPORT” markalı avtonəqliyyat vasitəsi siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli, **********9 nömrəli protokol, protokola əlavə (siyahıya alınmış əmlakın siyahısı) və siyahıya alınmış əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə və dəyişdirilməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq tərtib edilmişdir. Həmçinin, bütün sənədlər (siyahıya alınma prosesi ilə bağlı) məhkəməyə təqdim edilmişdir. Sənədlərin göndərilmə ardıcıllığına gəldikdə isə siyahıya alınma prosesinə qədər vergi ödəyicisinə vergi borcunun ödənilməsinə dair borc bildirişi, xəbərdarlıq məktubu göndərilmiş, vergi ödəyicisi "Altun Tel” MMC-nin məsul şəxslərinə məxsus mobil telefon nömrəsi ilə borcla bağlı dəfələrlə əlaqə saxlanılmışdır. Yəni vergi ödəyicisi “Altun Tel" MMC-nin vergi borcunun məbləğindən və ödəməyəcəyi təqdirdə vergi ödəyicisi barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və çərçivədə görüləcək qanuni tədbirlərdən tam məlumatlı olmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2-1(116)-2980/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

7. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir.

8. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

9. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - İddiaçı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. - “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli **********9 nömrəli protokolundan görünür ki, cavabdehə məxsus qiyməti 120.000 manat olan “BMW” minik markalı 10AZ665 qeydiyyat nömrəli avtomobil cəmi 120.000 manat dəyərində əmlak iddiaçı tərəfindən siyahıya alınmışdır. - “Hüquqi şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN **********) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

11. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

12. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2-1(116)-2980/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin müddəalarına əsasən vergi orqanı əməkdaşı fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etməlidir.

15. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

16. Belə ki, Vergi Məcəlləsinin 89.6-cı maddəsində vergi orqanı tərəfindən əmlakın siyahıya alınmasının həmin Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla ardıcıllığı müəyyən edilmişdir. Qeyd olunan müdəalara əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır.

17. Göstərilən müddəalara əsasən vergi orqanı yalnız vergi öhdəliyinin yerinə yetirilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlakın satılması barədə məhkəməyə müraciət edə bilər.

18. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli **********9 №-li “əmlakın siyahıya alınması haqqında” qərar əsasında cavabdehin əmlaklarının siyahıya alınması qərara alınmışdır. Əmlakların siyahıya alınmasının həyata keçirilməsi DVM X1 tapşırılmışdır.

19. Daha sonra cavabdehin sahibliyində “BMW” minik markalı 10AZ665 qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmiş və sözügedən əmlakın siyahıya alınması məqsədilə cavabdeh xx.xx.2023-cü il tarixə 2 saylı ƏVBİ-nə dəvət olunmuşdur. Bununla belə cavabdehin nümayəndəsinin satılması nəzərdə tutulan əmlakı siyahıya alınmaya təqdim etməsinə dair iş materiallarında hər hansı sənəd mövcud deyil.

20. İddiaçı tərəfindən vergi ödəyicisinin iştirakı olmadan ona məxsus “BMW” minik markalı, 10AZ665 qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınaraq xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir.

21. Yəni, siyahıya alınmış əmlak barədə məlumatlar yalnız elektron sistem məlumatlarından ibarət olmuş, cavabdeh tərəfindən əmlak iddiaçıya təqdim edilməmiş, daşınar əmlakın faktiki vəziyyəti, satış üçün yararlı olub-olmaması, öz əmtəə xassəsini itirib-itirməməsi ümumiyyətlə araşdırılmamış, əmlakın faktiki olaraq mövcud olub-olmaması müəyyən edilmədən siyahıyaalma həyata keçirilmişdir.

22. Məhkəmə icraatı zamanı da iddiaçı həmin əmlakın naturada mövcudluğu və real vəziyyəti ilə bağlı hər hansı sübut təqdim etməmişdir.

23. Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir.

24. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir.

25. Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.

26. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər.

27. Göründüyü kimi Vergi Məcəlləsinin 90.1-ci maddəsi vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyini yerinə yetirmədikdə, dəyəri 5000 manatdan artıq olmayan siyahıya alınmış daşınar əmlaklarının ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün vergi orqanının məhkəməyə müraciət etmək hüququnu təsbit etmişdir.

28. Hazırkı işdə isə vergi orqanı tərəfindən faktiki olaraq Vergi Məcəlləsinin 89-cu maddəsinin tələblərinə əməl edilmədiyindən “BMW” minik markalı, 10AZ665 qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin siyahıya alınması faktiki olaraq həyata keçirilməmişdir.

29. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

30. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2-1(116)-2980/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar