Məhkəmə qərarları › İş №2-1(107)-177/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-177/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-177/2022 21.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “xx.xx.1992-xx.xx.2000-ci illərdə 180 nömrəli X1 işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməklə 65 yaşı bitdiyi üçün ona əlilliyə görə təyin edilmiş pensiyanın müddəti bitdiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2-1(116)-403/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 13 saylı regional ərazi filialına qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, pensiyanın növünün əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyasına keçirilməsi və xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1955-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. O, xx.xx.1972-ci ildən xx.xx.1978-ci ilədək Ağdaş rayonu X3 əyani təhsil almış, əyani təhsil dövründə hərbi xidmətə çağırılmış və xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1983-cü ilədək və xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək Bakı şəhərində Boruprokat sahəsində, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək X5, xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilədək Ağdaş ƏMX İstehsalat İdarəsində, xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilədək 180 saylı SMD-də, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək X8 işləmişdir.

3. İddiaçı 2007-ci ildən xx.xx.2021-ci ilədək 2-ci qrup əlilliyə görə əmək pensiyası almışdır. Əlilliyinin müddəti bitdiyi üçün 2021-ci ilin aprel ayından əmək pensiyası ala bilmir.

4. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir.

5. İddiaçı xx.xx.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə “iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “xx.xx.1992-xx.xx.2000-ci illərdə 180 nömrəli X1 işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməklə 65 yaşı bitdiyi üçün ona əlilliyə görə təyin edilmiş pensiyanın müddəti bitdiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-1582/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

7. Fondun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı xx.xx.2022-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı 31 avqust 2021-ci il tarixli ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun 13 saylı regional ərazi filialına müraciət etmiş və onun əlilliyə görə pensiya növünün yaşa görə pensiya növünə keçirilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun 13 saylı regional ərazi filialı tərəfindən müraciət üzrə aparılmış inzibati icraat çərçivəsində İddiaçı əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək dövrün araşdırılması üçün 9 saylı Ərazi Vergilər İdarəsinə sorğu göndərilmişdir. Həmin sorğuya verilmiş xx.xx.2021-ci il tarixli **********710400 nömrəli cavab məktubunda 180 №-li X2 Dəstənin 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatından keçmədiyi qeyd edilmişdir. Beləliklə, iddiaçının 1992- 2000-ci illərdəki stajının düzgünlüyünü yoxlamaq mümkün olmadığı üçün xx.xx.2021-ci il tarixli məktubu ilə ona pensiya təyin edilməsinin mümkün olmaması bildirilmişdir.

8. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Bundan başqa iddiaçıya pensiya təyin olunan zaman qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.1.2-ci maddəsinə görə işləyən şəxslərin ərizələrinə pensiya təyin edilməsi üçün zəruri sənədlərlə birlikdə onların işlədikləri müəssisələr tərəfindən tərtib edilmiş sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumat da əlavə edilir; Sığortaolunanların ümumi iş (sosial sığorta) stajı barədə məlumatda onun verildiyi tarix, sığortaedənin adı, ünvanı, telefon nömrələri, əmək pensiyası təyin olunması üçün təqdim edilən şəxsin soyadı, adı, atasının adı, yaşadığı ünvan, pensiyasının növü, himayəsində olan əmək qabiliyyətsiz ailə üzvləri, əmək kitabçasının doldurulma tarixi, işə götürülməsi, bir işdən başqa işə keçirilməsi, işdən azad edilməsi haqqında əmək kitabçasındakı qeydlər göstərilməlidir.

9. Bundan başqa İddiaçı təqdim etdiyi əmək kitabçasında onu verən müəssisənin möhürü yoxdur, mübahisəli 10-cu işə daxilolma və 11-ci işdənçıxma qeydlərinə isə bir möhür vurulmuşdur. Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”-nın 3.11-ci bəndinə görə əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir; hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Həmin qaydaların 3.7-ci bəndinə uyğun olaraq əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri-dəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır.

10. Beləliklə, hazırkı iş üzrə iddiaçının “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq kifayət qədər sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmır.

11. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialını qeyd edərək “xx.xx.1992xx.xx.2000-ci illərdə 180 nömrəli X1 işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməklə 65 yaşı bitdiyi üçün ona əlilliyə görə təyin edilmiş pensiyanın müddəti bitdiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

14. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun ziahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 21 aprel 2022-ci il tarixli 2- 1(116)-403/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

17. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. Göründüyü kimi iddiaçıya yaşa görə pensiya 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) az/ 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı xx xxxxxx 1955-ci ildə anadan olmuşdur. O, 2007-ci ildən xx.xx.2021-ci il tarixədək İİ dərəcə əlilliyə görə əmək pensiyası almışdır. Belə ki, İddiaçı 31 avqust 2021-ci il tarixli ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun 13 saylı regional ərazi filialına müraciət etmiş və onun əlilliyə görə pensiya növünün yaşa görə pensiya növünə keçirilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun 13 saylı regional ərazi filialı tərəfindən müraciət üzrə aparılmış inzibati icraat çərçivəsində iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək dövrün araşdırılması üçün 9 saylı Ərazi Vergilər İdarəsinə sorğu göndərilmişdir. Həmin sorğuya verilmiş xx.xx.2021-ci il tarixli **********710400 nömrəli cavab məktubunda 180 nömrəli X2 Dəstənin 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatından keçmədiyi qeyd edilmişdir. Beləliklə, iddiaçının 1992-2000-ci illərdəki stajının düzgünlüyünü yoxlamaq mümkün olmadığı üçün xx.xx.2021-ci il tarixli məktubu ilə ona pensiya təyin edilməsinin mümkün olmaması bildirilmişdir. İmtina cavabından göründüyü kimi, iddiaçının mübahisələndirilən sosial sığorta stajı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 180 №-li X2 dəstədə işlədiyini iddia etdiyi dövrlərdir. 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********710400 nömrəli məktubuna əsasən 180 №-li X2 Dəstənin 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatından keçmədiyi qeyd edilmişdir. Eyni zamanda müəssisənin fəaliyyəti olmaması səbəbindən, habelə sənədlərin arxivə təhvil verilməməsinə görə iddiaçının həmin illərlə iş stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2-1(116)-403/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X4 və X7 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2-1(116)-403/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2-1(116)- 403/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

20. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - DSMF-in 13 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi baxılması və saxlanılması Qaydalarının (xx.xx.2010-cu ildə 4027 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir) İV fəslinin 4.2.7-ci maddəsinə əsasən Pensiya təminatı şöbəsinin mütəxəssisi, ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01 yanvar 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirir. Qaydaların İİİ fəslinin 3.1.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı yaşa görə əmək pensiyası hüququ yarandığı üçün xx.xx.2021-ci il tarixdə ƏƏSMN-i tabeliyində DSMF publik hüquqi şəxsinin 13 saylı Regional Ərazi Filialına ərizə ilə müraciət etmişdir. İddiaçı xx.xx.1955-ci il təvəllüd olduğu üçün 65 yaş tamamında, yəni xx.xx.2020-ci il tarixdə pensiya hüququ yaranmışdır. İddiaçı mübahisələndirilməyən iş stajı aşağıdakı qaydadadır: xx.xx.1972-xx.xx.1978 = 5 il - 7 ay - 29 gün xx.xx.1980-xx.xx.1983 = 2 il - 1 ay - 01 gün (ORS) xx.xx.1983-xx.xx.1984 = 0 il - 9 ay - 13 gün (ORS) xx.xx.1984-xx.xx.1985 = 0 il - 5 ay - 25 gün (Ağdaş ictimai iaşə idarəsi) xx.xx.1986-xx.xx.1992 = 6 il - 2 ay -10 gün (Ağdaş ƏMX) xx.xx.2000-xx.xx.2001 = 0 il - 7 ay - 01 gün (X10) Cəmi: 15 il - 9 ay - 19 gün İddiaçı İddiaçı tələbində qeyd olunan mübahisələndirilən stajı aşağıdakı kimidir: xx.xx.1992-xx.xx.2000 = 8 il - 5 ay - 17 gün (180 №-li T/arası Mexanikləşdirilmiş Səyyar dəstə) Cəmi: 24 il - 03 ay - 05 gün İddiaçı xx.xx.1992-xx.xx.2000-ci illərdə 180 №-li T/arası Mexanikləşdirilmiş Səyyar dəstədə işlədiyi illər əmək kitabçasında qeyd edilsə də, 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********710400 nömrəli məktubuna əsasən həmin idarənin dövlət qeydiyatından keçməməsi, idarənin hazırda fəaliyyətinin olmaması səbəbindən qarşılıqlı yoxlanılması mümkün olmaması və əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il əmək (sığorta) stajı olmadığı üçün ona əmək pensiyası təyin etmək qanunamüvafiq hesab edilməmişdir. - Məhkəmə kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə İddiaçı xx.xx.1992-ci ildən xx.xx.2000-ci il tarixədək işlədiyi 180 nömrəli X2 Dəstənin fəaliyyət göstərib-göstərməməsi barədə sorğu edilmiş, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli 01/3-3142 nömrəli sorğuya cavab məktubuna əsasən, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində 180 nömrəli X2 Dəstəyə dair məlumat mövcud deyildir. 180 nömrəli X2 Dəstə (sonradan "xxxx" ASC) xx.xx.1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

22. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

23. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

24. Mülki Prosessual Məcəllə: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bəndi. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndi. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-30 iyun 2021-ci il dövr aralığında kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 65 yaş olmuşdur. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

27. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta haqqının toplanması" Qaydaları: Maddə 1.2.1. Məcburi dövlət sosial sığorta haqqı - sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir; Maddə 1.2.2. Sosial sığortanın iştirakçıları - sığortaçı, sığortaedənlər və sığortaolunanlardır; Maddə 1.2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir; Maddə 1.2.4. Sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığortaedən digər şəxslərdir; Maddə 1.2.5. sığortaolunan– xeyrinə sığorta fəaliyyəti həyata keçiriləndir.

28. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 8. Sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Maddə 9. Sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Maddə 10. Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: - sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Maddə 11. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla); müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

30. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2-1(116)-403/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

31. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

32. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

33. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus AT-İİ ******* nömrəli əmək kitabçasında 1-ci sırada iddiaçının xx.xx.1980-ci ildən əmək fəaliyyətinə başladığı qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1980-xx.xx.1983-cü illər üzrə iş stajı mübahisələndirilməsə də, həmin dövrdə iddiaçının əmək fəaliyyətinə başladığı tarix düz qeyd edilmədiyindən, iddiaçının stajı 2 il 1 ay 1 gün kimi qiymətləndirilmişdir. Belə ki, əmək kitabçasındakı qeydlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1980-ci il tarixdən deyil xx.xx.1980-ci il tarixdən başlamışdır. İddiaçının vəzifəyə təyin edilməsi barədə əmrin tarixi əmək kitabçasının 3-cü səhifəsində xx.xx.1980-ci il kimi qeyd olunmuşdur. Odur ki, xx.xx.1980-ci il tarixdən hesablanmaqla iddiaçının xx.xx.1983-cü il tarixədək əmək stajının 2 il 11 ay 01 gün olduğu müəyyən edilmişdir.

36. DSMF-in 13 saylı regional ərazi filialı tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan xx.xx.2021-ci il tarixli məlumat məktubunda iddiaçının mübahisələndirilməyən iş stajı hesablanarkən formal xətaya yol verildiyi aşkar olunmuşdur.

37. İddiaçıya məxsus AT-İİ ******* nömrəli əmək kitabçasın 8 və 9-cu səhifələrində 10-cu və 11-ci sırada iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilədək 180 nömrəli SMDdə işlədiyi qeyd edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən, həmçinin, iddiaçının 180 nömrəli SMD-də işlədiyi 8 il 05 ay 17 gün müddət mübahisələndirilmişdir. Cavabdeh sözügedən iş illərini iddiaçının sosial sığorta stajına daxil etməməsinə səbəb kimi 9 saylı Ərazi Vergilər İdarəsinə göndərilmiş sorğuya verilən cavabı göstərmişdir. Belə ki, ƏVİ xx.xx.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, 180 nömrəli SMD dövlət qeydiyyatından keçməmiş, idarə isə hazırda fəaliyyətdə olmadığından iddiaçının iş illərinin qarşılıqlı yoxlanılması mümkün olmamışdır.

39. Fondun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı isə həmçinin, iddiaçının 180 nömrəli SMD-də işə daxilolma və işdənçıxma qeydlərinə bir möhür vurulduğunu əsas gətirmişdir.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 180 nömrəli SMD-də əmək fəaliyyəti dövrü ona məxsus əmək kitabçasında göstərilmiş, işə daxilolma və işdən çıxmasına dair müvafiq əmrlər qeyd edilmiş və möhürlə təsdiq edilmişdir.

41. Eyni zamanda iddiaçının həmin müəssisədə işləməsinə dair qeydlər əmək kitabçasında sonuncu qeyd olmamış, əmək kitabçasının ardıcıl gələn və 9-cu səhifənin əks tərəfində olan 10 və 11-ci səhifələrində 12-13-cü sıralarda iddiaçının xx.xx.2000xx.xx.2001-ci illərdə X8 işlədiyi illərə dair qeydlər aparılmışdır ki, cavabdeh tərəfindən həmin illər mübahisələndirilməyən iş stajı olaraq qəbul edilmişdir. Bu isə, iddiaçının əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinə olan şübhəni aradan qaldırmaqdadır. Cavabdeh iddiaçının 180 nömrəli SDM-də işlədiyi illərə dair qeydlərin yalnız bir möhürlə təsdiqləndiyini qeyd edərək etiraz etsə də, iddiaçının mübahisələndirilməyən iş sajına dair məlumatların əks olunduğu səhifələrdə bir sıra qeydlərin yalnız bir möhürlə təsdiq edilməsi, cavabdehin formal əsaslardan mübahisələndirilən stajı nəzərə almadığını deməyə əsas verir. Həmçinin, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının həmin müəssisədən işdən çıxmasına dair qeyd olunmuş məlumatlar möhürlə təsdiq edilmişdir.

42. Həmçinin, məhkəmə kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə İddiaçı xx.xx.1992-ci ildən xx.xx.2000-ci il tarixədək işlədiyi 180 nömrəli X2 Dəstənin fəaliyyət göstərib-göstərməməsi barədə sorğu edilmiş, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli 01/3-3142 nömrəli sorğuya cavab məktubuna əsasən, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində 180 nömrəli X2 Dəstəyə dair məlumat mövcud deyildir. 180 nömrəli X2 Dəstə (sonradan "xxxx" ASC) xx.xx.1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının mübahisələndirilməyən 16 il 07 ay 19 gün iş stajının üzərinə 180 nömrəli SMD-də işlədiyi 08 il 05 ay 17 gün iş stajını əlavə etdikdə cəmi 25 il 01 ay 06 gün müddət edir ki, bununla da tələb olunan 25 il müddət tamamlanmış olur.

44. Beləliklə, ayrı-ayrılıqda dəqiq hesablanmaqla iddiaçının: təhsil və hərbi xidmət müddəti nəzərə alınaraq xx.xx.1972-xx.xx.1978-ci illər üzrə 5 il 7 ay 29 gün; xx.xx.1980-xx.xx.1983-cü illər üzrə 2 il 11 ay 1 gün; xx.xx.1983-xx.xx.1984-cü illər üzrə 9 ay 13 gün; xx.xx.1984-xx.xx.1985-ci illər üzrə 5 ay 25 gün; xx.xx.1986-xx.xx.1992-ci illər üzrə 6 il 2 ay 10 gün; xx.xx.2000-xx.xx.2001-ci illər üzrə 7 ay 1 gün olmaqla, cəmi 16 il 7 ay 19 gün cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı vardır.

45. Həmçinin, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının 180 nömrəli X2 Dəstədə işləmiş olduğu xx.xx.1992-xx.xx.2000-ci illər üzrə 8 il 5 ay 17 gün müddətdə iş stajının nəzərə alınmaması əsassız olmuşdur.

46. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı və birinci instansiya məhkəməsi tərəfindən işin hallarına qiymət verilərək iddiaçının toplam iş stajının 16 il 7 ay 19 gün + 8 il 5 ay 17 gün = 25 il 1 ay 6 gün olması müəyyən edilmişdir.

47. Yuxarıda sadalanan normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması.

48. xx.xx.1955-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, xx.xx.2020-ci il tarixədək 65 yaşı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Lakin o da qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2021-ci il tarixədək əlilliyə görə pensiya aldığından, pensiya ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən illərinin iddiaçının iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır.

49. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir.

50. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları, məhkəmə kollegiyası tərəfindən edilən sorğunu nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə kollegiyası həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı iddiaçının xx.xx.1992-xx.xx.2000-ci illərdə 180 nömrəli X1 işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməklə 65 yaşı bitdiyi üçün ona əlilliyə görə təyin edilmiş pensiyanın müddəti bitdiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən əmək pensiyası təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

52. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2-1(116)-403/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar