Məhkəmə qərarları › İş №2-1(107)-177/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-177/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-177/2023 12.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhhətinə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2-1(116)-1473/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhətinə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı ərizəsini dəyişərək cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialını qeyd etmişdir.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(116)-1473/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir.

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak zamanı əlil olduğunu, 2-ci qrup əlilliyinin müəyyən edilərək müvafiq vəsiqə verildiyini bildirərək “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə uyğun olaraq birdəfəlik maddi yardımın ödənilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan qeyd olunan maddədə göstərilən kompensasiyaların (birdəfəlik maddi yardım, hər il müalicə üçün birdəfəlik müavinət) verilməsi qaydalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çernobıl nəticələrinin ləğvində iştirak etmiş və həmjn qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları” ilə müəyyən edilməsini və Qərarın qüvvədə olduğu 13 sentyabr 2006-cı ilədək həmin Qaydalarla tənzimlənməsini, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə əlaqədar sözügedən Qərar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 2006cı il 13 sentyabr tarixli 204 nömrəli Qərarı ilə qüvvədən düşmüş hesab edilməsini, Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə yalnız hər il müalicə üçün birdəfəlik müavinətin ödənilməsi müəyyən olunmasını bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

5. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: hal-hazırda qüvvədə olan qanunvericiliklə Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa) aşağıdakı ödənişlər həyata keçirilə bilər: - Pensiya (yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya) - Sosial müavinət (aylıq: dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş Joəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət və s.; birdəfəlik: radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət, uşağın anadan olmasına görə müavinət, dəfn üçün müavinət.). - Prezident təqaüdü: (Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü və müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü və s.).

6. Pensiyanın növləri, təyin edilməsi şərtləri və qaydaları “Əmək pensiyaları haqqında” Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə, sosial müavinətlərin növləri, təyin edilməsi şərtləri və qaydaları ‘‘Sosial müavinətlər haqqında” Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli. 311 №li Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması yə saxlanılması Qaydaları” ilə tənzimlənir.

7. İddiaçı B.G Nurməmmədova xx.xx.2011-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsi tərəfindən müddətsiz olmaqla əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

8. İddiaçı B.G Nurməmmədova xx.xx.2022-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət (237 manat məbləğində) təyin edilmişdir.

9. İddiaçı B.G Nurməmmədova xx.xx.2011-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən radiasiya qəzası nəticəsində Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar müharibə əlillərinə İİ qrup aylıq təqaüd təyin edilmişdir.

10. Hal-hazırda hər hansı növ sosial müavinətlərin, kompensasiyaların və bu kimi maddi yardımların verilməsi “Sosial müavinətlər haqqında” Qanunda nəzərdə tutulan normalarla tənzimlənir.

11. ““Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” xx.xx.2006-cı il tarixli 204 №li qərar ilə “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi qaydalarının təsdiqi barədə” Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 №li qərarı qüvvədən düşmüş hesab edilmişdir.

12. Belə ki, iddiaçı B.G Nurməmmədov ona “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanuna və “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi qaydalarının təsdiqi barədə” Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 №-li qərarına müvafiq olaraq birdəfəlik kompensasiyanın, maddi yardımın verilməsini iddia etməsinə baxmayaraq, “Sosial müavinətlər haqqında” Qanuna müvafiq olaraq Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə yalnız hər il müalicə üçün birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulmuşdur.

13. Əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 №li fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərində hər hansı bir maddi yardımın verilməsi nəzərdə tutulmamışdır.

14. İşin faktiki hallarından göründüyü kimi iddiaçı B.G Nurməmmədova hər hansı subyektiv hüququ cavabdeh orqan tərəfindən pozulmamış, ona Qanunvericiliklə nəzərdə tutulan ödənişlər (pensiya, sosial müavinət və prezident təqaüdü) təyin edilmişdir. Belə olan halda iddiaçı B.G Nurməmmədova “birdəfəlik kompensasiyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir.

15. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

17. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 noyabr 2022-ci il tarixli 2- 1(116)-1473/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

18. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

19. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2-1(116)-1473/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2-1(116)-1473/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2- 1(116)-1473/2022 nömrəli qərarının dayişdirilmədən saxlanılmasını xahiş etdi.

22. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdeh orqanın iddia tələbinə etiraza əlavə etdiyi pensiya alt sistemindən çıxarışlardan görünür ki, iddiaçıya xx.xx.2011-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsi tərəfindən müddətsiz olmaqla əlilliyə görə əmək pensiyası, xx.xx.2022-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət (237 manat məbləğində), xx.xx.2011-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən radiasiya qəzası nəticəsində Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar müharibə əlillərinə İİ qrup aylıq təqaüd təyin edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Madd 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

24. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

25. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2-1(116)-1473/2022 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.

27. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

28. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunun 14-cü maddəsi “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsinin birbaşa hüquqi əsasını təşkil edir və həmin hüququn həyata keçirilməsini tənzimləyən Qaydaların sonradan qüvvədən düşməsi iddiaçının həmin Qanunda göstərilən birdəfəlik yardımı almaq hüququnu aradan qaldırmır. Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsinin tərkib hissəsi olaraq sözügedən Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş orqanizmin funksiyalarının 61- 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə minimum əmək haqqının 20 misli məbləğində birdəfəlik maddi yardımın ödənilməsi də cavabdeh orqan tərəfindən həyata keçirilməlidir.

29. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə’’ xx.xx.2006-cı il tarixli 204 №li qərar ilə “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi qaydalarının təsdiqi barədə” Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 №li qərarı qüvvədən düşmüş hesab edilmişdir.

30. Belə ki, Pensiyanın növləri, təyin edilməsi şərtləri və qaydaları “Əmək pensiyaları haqqında” Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə, sosial müavinətlərin növləri, təyin edilməsi şərtləri və qaydaları “Sosial müavinətlər haqqında” Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 311 №li Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” ilə tənzimlənir.

31. İddiaçıya xx.xx.1991-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsi tərəfindən müddətsiz olmaqla əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət (237 manat məbləğində) təyin edilmişdir. İddiaçıya xx.xx.2011 -ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən radiasiya qəzası nəticəsində Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar müharibə əlillərinə İİ qrup aylıq təqaüd təyin edilmişdir. Hal-hazırda hər hansı növ sosial müavinətlərin, kompensasiyaların və bu kimi maddi yardımların verilməsi “Sosial müavinətlər haqqında” Qanunda nəzərdə tutulan normalarla tənzimlənir.

32. Beləliklə müəyyən olunur ki, iddiaçı ona “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanuna və “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi qaydalarının təsdiqi barədə” Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 nömrəli qərarına müvafiq olaraq birdəfəlik kompensasiyanın, maddi yardımın verilməsini iddia etməsinə baxmayaraq, “Sosial müavinətlər haqqında” Qanuna müvafiq olaraq Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə yalnız hər il müalicə üçün birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulmuşdur.

33. Başqa sözlə, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunun qüvvədə olmasına baxmayaraq, onun tətbiq edilməsini tənzimləyən Qaydalar qüvvədən düşmüş, bununla bağlı hər hansı ödənişin ödənilməsi “Sosial müavinətlər haqqında” Qanunun tətbiqinə dair Qaydalar əsasında tənzimlənir. Sözügedən qanunvericilik aktlarında isə belə bir ödənişin ödənilməsinə dair hər hansı bir müddəa nəzərdə tutulmadığından həmin ödənişin ödənilməsi qanunamüvafiq deyildir.

34. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 №li fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərində hər hansı bir maddi yardımın verilməsi nəzərdə tutulmamışdır.

35. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə İPM-in 12-ci və 48-ci maddələrinin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.

36. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

37. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

38. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

39. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.

40. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur.

41. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2-1(116)-1473/2022 nömrəli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.

42. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2-1(116)-1473/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhhətinə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar