Məhkəmə qərarları › İş №2-1(107)-177/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-177/2025

30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-177/2025 30.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli **********532300 nömrəli qərarının ləğv edilməsi və hesablanmış vergi borcunun silinməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli e-2- 1(116)-1344/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********532300 nömrəli qərarının ləğv edilməsi və hesablanmış vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Şabanov X7 rayonu Talalar kəndində yaşayır. Uzun vaxtdır ki, kənd təsərrüfat işləri ilə məşğuldur. Xurma alveri, xurmanın anbarda saxlanılması və s. İşləri ilə əlaqədar olaraq bir çox hallarda banklara müraciət edərək təsərrüfat (biznes) krediti götürərək təsərrüfatını genişləndirməyə çalışır. Aldığı kreditlər kənd təsərrüfatı ilə bağlı olduğundan, aldığı malları anbara yerləşdirdikdən sonra vergi orqanının yoxlamalarına şərait yaratmışdır və onların fəaliyyətinə əngəl yaratmamışdır. Xəbərsiz olduğu qanun və qaydalara görə isə, birgə fəaliyyət göstərdiyi şəxslərdən və qurumlardan yardım almağı özünə borc bilmişdir. 2020-ci ilin oktyabr ayında xurma alverinə görə Bank Respublika ASC-dən 100000 manatlıq kredit götürmək üçün Zaqatala filialında olan ünvanlarına yaxınlaşmış, bank rəsmisi ilə görüşündən sonra əməkdaş ona 19036-S103865/161405 saylı xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsinə əsasən 100000 (yüz min) manat krediti rəsmiləşdirə biləcəyini bildirmişdir. Bank Respublika ASC əməkdaşları əlavə heç bir problemin yaranmayacağı barədə şifahi məlumat vermiş, daha əvvəllər də həmin bankdan kredit götürdüyü üçün və bank rəsmisinin prosesin həmişəki kimi olacağına, kreditin məbləği 15000 manatdan artıq olduğu üçün nağd vəsaiti çıxarmaq üçün alış aktı verməli olduğunu, yəni alacağı məhsulu anbara doldurduqdan sonra vergi işçilərinin yoxlanışına şərait yaratmağının vacibliyin ona xatırlatmaqla əlavə heç bir problemin olmayacağına onu inandırmışdır. Belə olduğu halda kredit müqaviləsini bağlamağa razılıq vermiş və krediti nağd formada bankdan almışdır. Krediti aldığı müddətdən sonra işlərində problem yaranmış, xurma alveri üçün götürdüyü kreditə heç bir məhsul almaq imkanı olmamışdır. Həmin il məhsulun keyfiyyətsizliyi və qiymətdə yaranmış fərq onu məhsulun alışından çəkindirmiş, belə olan halda, məhsul alışı edə bilmədiyi və götürdüyü kreditdən fayda ala bilməyəcəyini düşünüb krediti tam olaraq bağlamaq qərarına gəlmişdir. Həmin vaxt ərzində yoxlanışa gələn vergi məmurunun anbarın yoxlanışına şərait yaratmış, vergi məmuru anbarına baxış keçirmiş və anbarın boş olduğu qənaətinə gəlmişdir. Bu haqda kredit mütəxəssisini və Bank Respublika ASC-ni məlumatlandırmışdır. Kredit mütəxəssisinə və Bank Respublika ASC-ə xurma məhsulu üçün aldığı krediti istifadə edə bilməyəcəyini və bu səbəbdən kredit məbləğini tam olaraq bağlamaq istədiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə krediti tam olaraq (faizlər daxil) ödəmişdir. Bu hadisələrdən sonra işləri həmişəki kimi davam etmişdir. Banklara yenidən müraciət edərək müxtəlif qiymətdə kreditlər götürmüş, aldığı məhsulu anbara yığmış, vergi işçilərinin yoxlama keçirilməsinə şərait yaratmışdır. Vergi ödənişlərini vaxtında və gecikdirmədən bank vasitəsi ilə etmişdir. 2023-cü ildə 13 saylı Vergi İdarəsi tərəfindən idarəyə yaxınlaşmağı barədə məlumat verilmiş, idarənin işçisi tərəfindən 2020-ci ilin oktyabr ayında götürdüyü kreditə əsasən, aldığı məhsulun alış aktını təqdim etmədiyinə görə vergi riskinin yarandığını və vergi borcunun yaranacağı bildirilmişdir. Vergi mütəxəssisinin bu sözləri ilə razılaşmayaraq 21 oktyabr 2020-ci ildə götürdüyü kreditə görə heç bir məhsul almadığını, bu səbəbdən alış aktını banka təqdim etmədiyini, vergi məmurunun kredit aldığı vaxt ərzində anbarına yoxlanış keçirdiyini və anbarın boş olduğu qənaətinə gəldiyini bildirmişdir. Şikayətinə baxılmayacağını və iddiaçıya daha çox vergi yüklənəcəyini düşünərək, 13 saylı Vergi İdarəsinin qanunsuzluqlarını dayandırmaq üçün xx.xx.2023-cü ildə sahibkarlıq və ya digər vergi tutulan əməliyyatlarını xx.xx.2123-cü ilədək dayandırmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Vergini dayandırdığı xx.xx.2023-cü ildə 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 2020-2022-ci illər ərzində elektron alış aktları əsasında aldığı malların müşahidə baxışına əsasən anbarda olmadığı müəyyən edilməsi haqqında **********722200 nömrəli məktub ünvanına göndərilmişdir. Bu 13 saylı Vergi İdarəsi tərəfindən 2020-ci ildən onun ünvanına gələn ilk məktub olmuşdur. Göndərilmiş məktubda aparılmış təhlil nəticəsində 2020-2022-ci illər ərzində elektron alış aktları ilə mallar aldığı və vergi hesabatlarını vergi orqanına təqdim etmədiyi bildirilmişdir. Heç bir məhsul almadığına baxmayaraq, alış aktının təqdim edilməsini gözləmək absurd düşüncədir. Həmin məktubda 13 saylı Ərazi Vergilər İdarəsi 2020-2021-ci illər ərzində anbarda məhsulun olmadığı faktını da qeyd etmişdirlər. Lakin iddiaçı aldığı məhsula görə alış aktını bank rəsmilərinə verərək məsələni həll etdiyini, 2020-ci ilin oktyabrın 21 də aldığı kreditə görə heç bir məhsul almadığını təkrar bildirmişdir. İddiaçı bildirir ki, aldığı digər kredit ödənişlərində layiqincə yerinə yetirmişdir və heç bir qanun pozuntusu olmamışdır. 13 saylı Ərazi Vergi İdarəsinin vergi cəriməsinə cəlb etməsini qanunsuz hesab edir. Almadığı məhsula görə vergi bəyannaməsi tərtib edilməsini gözləmək absurd düşüncədir. Üstəlik bu haqda vergi yoxlanışı keçirilmiş və məhsul saxlanışı üçün nəzərdə tutulmuş anbarın boş olduğu qənaətinə gəlinmişdir.

3. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh vergi orqanı qanunsuz (əsassız) olaraq kameral qaydada vergilərin hesablanmasını həyata keçirmişdir. 4.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanın hüquqlarına aid edilmişdir. İddiaçı 2021-ci ildəki fəaliyyəti araşdırılmış və aparılmış fəaliyyəti nəticəsində 2021-ci il ərzində cəmi 125663 manat dəyərində elektron alış aktları ilə mallar aldığına baxmayaraq, fəaliyyətində gəlirlərinin uçotunu aparmamışdır. Həmçinin vergi orqanı tərəfindən həyata keçirilmiş müşahidə-baxış zamanı 2021-ci ildə alınmış malların vergi ödəyicisinin anbarında olmadığı müəyyən edilmişdir. Yaranmış kənarlaşmalar vergi ödəyicisinin fəaliyyətində vergidən yayınma riskini müəyyən etmiş və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı Qərarına əsasən (Şərti rentabellik norması əsas götürülməklə) 5026,52 manat (125663/5*20%) gəlir “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2023-cü İİ tarixli, **********532300 nömrəli Qərar elektron qaydada (gücləndirilmiş “ASAN İmza” vasitəsilə) imzalanmış və Vergi Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun 4 avqust 2023-cü il tarixdə elektron qaydada (elektron poçt vasitəsilə) vergi ödəyicisinə göndərilmişdir. Qərar 8 avqust 2023-cü il tarixdə vergi ödəyicisi tərəfindən oxunmuş və xeyli gecikdirilmiş qaydada, 2024-cü ilin yanvar ayında iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahi etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 19 noyabr 2024-cü il tarixli, e- 2-1(116)-1344/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

7. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli e-2-1(116)-1344/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandıraraq bildirmişdir ki, vergi məbləğinin qeyri-sabitliyi və əsaslandırılmamış dəyişikliklər, alış aktlarının qeyrimüəyyənliyi və təqdim edilməməsi, vergi yoxlamalarının nəticələri və fəaliyyətin faktiki dayandırılması, Azərbaycan Respublikasının qanunvericilik normalarına uyğunsuzluq , prezidentin biznesin inkişafına dəstəyi və güzəştlərin tətbiqi, şəxsi vəziyyətinin nəzərə alınmaması birinci instasniya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır. Ona görə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli e-2-1(116)-1344/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı bildirmişdir ki, o “Bank Respublikadan” kredit almışdır. Kredit ona gec verildiyi üçün xurma məhsulunu ala bilməmişdir. Aldığı kredit məbləğini də xərcləmədən geri qaytarmışdır. O yazıb-oxuya bilmədiyi üçün vergi orqanına heç bir bəyannamə verməmişdir. Onun evində kiçik ölçülü soyuducu var. O əhalidən xurma məhsulu yığaraq satır. Vergi orqanının əməkdaşları soyuducunu yoxlayanda, soyuducuda xurma məhsulu olmayıb. O bankdan kredit almışdır. Ona verilən sullara cavab olaraq bildirmişdir ki, o vergi ödəmir. Hal-hazırkı vaxtadək vergi uçotu aparmamışdır.Bəyannamələrin kimin tərəfindən yazılması barədə məlumatı yoxdur. O vergi ödəmir. Hal-hazırkı vaxtadək vergi uçotu aparmamışdır. Vergi idarəsinə rəsmi müraciət etməmişdir. Apellyasiya şikayətimin təmin edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 bildirdi ki, iddiaçıya iki hissədə, 2020 və 2021-ci illərdə vergi borcu hesablanmışdır. 2020-ci il üçün azalma olsa da , 2021-ci il üçün baza məlumatları yoxlanılanda 125663 manat dəyərində malların alınması aşkar olunmuşdur. Bununla bağlı kənarlaşmanın dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya məktub göndərilmişdir. İddiaçı onların məktubuna münasibət bildirməmişdir. Buna görə də iddiaçı barəsində Vergilər Məcəlləsinin 67 və 84cü maddələrinə əsasən vergi borcu hesablanıb. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - 1. xx.xx.2023 tarixli Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarış. - 2. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi - 3. xx.xx.2023-cü il tarixli vergi fəaliyyətini dayandırmağı barədə arayış. - 4. 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023 cü il tarixli məktubu.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. Vergi Məcəlləsi: Maddə 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətdərdə və məbləğdə ödəilməsindən yayınma vergi üstüyünlüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstüniyü əldə etmək məqsədilə hər hansı formada bağlanmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanını müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur.Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müafiq icra hakimiyyəti orqanının müyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin 16.1 -cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektrlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 71-1.1 ci maddəsinə əsasən bu məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanına uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Maddə 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1- ci maddəsində göstərilən uçot sənədlərini qanunvericilikdə müəyyən edilmiş qaydada aparmağa borcludurlar.

16. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

18. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

19. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

20. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixdə müddətin bərpası barədə ərizə təqdim edərək müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab etmişdir ki,müddəti bərpası barədə ərizə təmin edilməklə işə mahiyyəti üzrə baxılmalıdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023cü il tarixli **********532300 nömrəli qərarının ləğv edilməsindən və hesablanmış vergi borcunun silinməsindən ibarətdir.

23. İş materiallarına əsasən iddiaçı 2021-ci il ərzində 125663 manat elektron alış aktları ilə mal almışdır.Vergi orqanın yoxlaması zamanı fəaliyyətinə dair vergi uçotunun aparılmadığı, müşahidə zamanı həmin malların vergi ödəyicisinin anbarında aşkar edilmədiyi bildirilmişdir.

24. Vergi orqanı yuxarıda qeyd olunanlara əsasən Şərti rentabellik norması əsas götürülməklə İdarəsinin xx.xx.2023-cü il tarixli **********532300 nömrəli qərar qəbul etmişdir.

25. İddiaçı iddia ərizəsində qeyd edir ki, sahibkarlıq məqsədi ilə müxtəlif vaxtlarda kreditlər götürmüşdür. Hazırkı mübahisənin yaranmasına əsas anbara yığdığı xurma məhsuluna görə alış aktının təqdim edilməməsi ilə bağlı olmuşdur.

26. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətdərdə və məbləğdə ödəilməsindən yayınma vergi üstünlüyüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədilə hər hansı formada bağlanmış əqd və ya aparılmış əməliyyat başa düşülür.

27. VM-nin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.

28. 71-1.1 ci maddəsinə əsasən bu məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanına uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericilikdə müəyyən edilmiş qaydada aparmağa borcludurlar.

29. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvinə dair sübutlar təqdim edilməmiş, belə sübutlar müəyyən olunmamışdır. Həmçinin, iddia ərizəsindən və iddiaçının izahatından görünür ki, onun tərəfindən satış məqsədi ilə alınan mallara dair qaimələr verilməmiş, gəlirin əldə olunmasına çəkilən xərcin məbləğinə dair sübut mövcud olmamışdır.

30. İddiaçının gördüyü işin faktiki xüsusiyyətlərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarın qanunvericiliyin tələblərinə əməl edilməklə qəbul edilmişdir, qərarın əsassızlığı sübuta yetirilimir. İddiaçının yazıb-oxuya bilmədiyi üçün vergi orqanına heç bir bəyannamə verməməsi işin xüsusiyyətləri baxımından da ağlabatan deyildir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron sistem vasitəsilə ərizə ünvanlamışdır.

31. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi alış aktlarının qeyri-müəyyənliyi və təqdim olunmaması təqdim olunmaması ilə bağlı dəlili isə kollegiyanın iclasında araşdırılmış və cavabdehin nümayəndəsi bununla bağlı bildirmişdir ki, iş materiallarında olan Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, mübahisələnirilən qərar xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən oxunmuşdur.

32. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli **********532300 nömrəli qərarının ləğv edilməsi və hesablanmış vergi borcunun silinməsi " tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli e-2-1(116)-1344/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar