Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-178/2023 13.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nünmayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “hərbi xidmət dövrü ilə əlaqədar, müddətsiz, İİ qrup əlilliklə, iş qabiliyyəti olmayan müəyyən edilməyi zamanı bir ayda 268,61 manat olmaqla, xx.xx.2020ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilməmiş 13 ayın pensiyası 3491,93 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2- 1(116)-1993/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı “hərbi xidmət dövrü ilə əlaqədar, müddətsiz, İİ qrup əlilliklə, iş qabiliyyəti olmayan müəyyən edilməyi zamanı bir ayda 268,61 manat olmaqla, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilməmiş 13 ayın pensiyası 3491,93 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcəli əlillik dərəcəsi ilə müddətsiz olaraq pensiya təyin olunmuşdur. O, xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 233,20 manat pensiya almış və xx.xx.2022-ci il tarixdən əlillik pensiyası bərpa olunmaqla 268,61 manat pensiya almışdır. Ona təyin olunan pensiya müddətsiz olmağına baxmayaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci ilədək pensiya almamış, yəni pensiyanın verilməsi dayandırılmışdır. Pensiyanın dayandırıldığı müddətdə o, sağlam olmamışdır. Həmin dövrdə də onun iş qabiliyyəti olmamış və dövlət tərəfindən ödənilən pensiya da davam etdirilməli idi. Hər ay 268,61 manat məbləğində pul, arada itirilmiş 13 aya 3491,93 manat təşkil edir. Beləliklə də, onun pensiyası “müddətsiz olaraq” qeyd edilməyinə baxmayaraq 13 ay kəsilmişdir.
3. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçının əlilliyinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Təkrar müayinə əsasında əlillik dərəcəsi isə xx.xx.2022ci il tarixdə müəyyən edildiyi üçün qeyd etdiyi dövrlər üzrə pensiyanın təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 15 dekabr 2022-ci il tarixli, 2- 1(116)-1993/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəfindən məhkəməyə təqdim olunmuş 16 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli müayinə aktından görünür ki, ona müddətsiz ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Lakin məhkəmə həmin sənədin adını belə məhkəmə qərarında qeyd etməmişdir. Həmin sənədin əsli onda olmaqla məhkəməyə həmin sənədin notarial qaydada təsdiq olunmuş surətini təqdim etmişdir. Ona rəsmi olaraq təqdim olunmuş 16 saylı Tibbi Sosial Ekspert Komissiyasının arayışı təqdim olunan zaman, yəni xx.xx.2014-cü il tarixdə 16 nömrəli Tibbi Sosial Ekspert Komissiyası fəaliyyət göstərirdi və həmin Komissiya tam səlahiyyətli hüquqi şəxs idi. Həmin komissiya ona 483760 nömrəli təkrar müayinədən keçən əlillər üçün arayış tərtib edərək ona müddətsiz əlillik müəyyən etmişdir. Müddətsiz olduğuna görə o, onun nə vaxtsa başa çatacağı ehtimalını ehtimal etməmişdir. Ona görə də təkrar müayinəyə getməmişdir. Lakin cavabdeh orqan daha doğrusu DSMF onun pensiyasını xx.xx.2020-ci ildə dayandırdıqdan sonra o, tibbi komissiyaya müraciət etmişdir. Tibbi komissiya onu xx.xx.2022-ci il tarixədək süründürdükdən sonra ona müddətsiz əlillik müəyyən olunmuşdur. Onun əlilliyi bir əlinin olmaması ilə bağlıdır. Pensiyanın dayandığı tarixdən, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində onun yeni bir əl bitməmişdir. Həmin dövrdə də onun bir əli yox idi, indi də yoxdur. Hazırkı iş üzrə cavabdeh şəxs 2014-cü ildə fəaliyyət göstərən 16 saylı Tibbi Sosial Ekspert Komissiyasının hüquqi varisidir. Hüquqi varisi olduğundan hazırkı iş üzrə cavabdeh 2014cü ildə faəliyyət göstərən 16 nömrəli Tibbi Sosial Komissiyasının qanunsuz hərəkətləri nəticəsində vətəndaşa dəymiş zərərin və yaxud da digər hərəkətlərə görə cavabdehlik daşıyır. 16 nömrəli Tibbi Sosial Ekspert Komissiyası 2014-cü ildə ona müddətsiz olaraq əlillik barədə arayış verməmiş olsaydı, 5 illik müddət vermiş olsaydı, o, əlilliyin müddəti tamamlandığı dövrə yaxın komissiyaya yenidən müraciət edərdi və çətinlikləri aradan qaldırardı. Lakin 16 saylı Tibbi Sosial Ekspert Komissiyasının rəsmi sənədi onun əlində olduğuna görə ödənilməyən ayların pensiyası ona ödənilməlidir. Dövlət təşkilatının səhvi nəticəsində o, öz pensiya hüququndan məhrum oluna bilməz. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhkəmə 16 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışa hüquqi qiymət verməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(116)-1993/2022 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(116)-1993/2022 nömrəli qərarının ləğv edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nünmayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(116)-1993/2022 nömrəli dəyişdirilmədən saxlanılmasını xahiş etdi
11. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 16 saylı Tibbi Sosial Ekspert Komissiyasının nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir
12. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi TibbiSosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar təkrar müddətsiz ikinci dərəcə əlillik təyin olunmuşdur. - AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin 3 saylı Şəki-Zaqatala Regional fialının xx.xx.2022-ci il tarixli Arayışından görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (Hərbi xidmət dövrü ilə əlaqədar) İİ qrup əlil kimi 233.20 (iki yüz otuz üç manat 20 qəpik) manat pensiya almışdır. xx.xx.2022-ci il tarixdən əlillik pensiyası bərpa olunmaqla məbləği 268.61 (iki yüz altımış səkkiz manat altımış bir qəpik) olmuşdur. - Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2008-ci il tarixli müayinə aktından görünür ki, İddiaçı xx.xx.2008-cu il tarixdən 1 il müddətinə, yəni xx.xx.2009-ci il tarixədək İİ dərəcə əlilliyi müəyyən olunmuşdur. - Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli müayinə aktından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən 1 il müddətinə, yəni xx.xx.2015-ci il tarixədək İİ dərəcə əlilliyi müəyyən olunmuşdur. - Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli müayinə aktından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən 5 il müddətinə, yəni xx.xx.2020-ci il tarixədək İİ dərəcə əlilliyi müəyyən olunmuşdur. - Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən müddətsiz İİ dərəcə əlilliyi müəyyən olunmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir: 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin: 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 11.2. hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər; Maddə 11.2.1. müharibə ilə əlaqədar əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; Maddə 11.2.2. hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. Maddə 11.3 Müddətli həqiqi hərbi (alternativ) xidmətdə olan şəxslərin əlilliyi həqiqi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verərsə, onlar müharibə ilə əlaqədar əlilliyi olan şəxs hesab edilirlər. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 12.2. Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir.
19. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2015-ci il tarixdən 5 il müddətinə, yəni xx.xx.2020-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən müddətsiz İİ dərəcə əlilliyi müəyyən olunmuşdur. Həmin tarixdən etibarən pensiyanın ödənilməsi bərpa edilmişdir. İddiaçının əlilliyə görə pensiyanın ödənilməsini tələb etdiyi 2020-ci ilin dekabr ayından 2022-ci ilin yanvar ayına qədər olan müddət ərzində pensiya almaq hüququ mövcud olmamışdır. İddia ərizəsində qeyd olunduğu kimi iddiaçıya 2015-ci ildə İİ qrup əlillik müddətsiz deyil,5 il müddətində təyin olunmuşdur.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.
26. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 16 saylı Tibbi Sosial Ekspert Komissiyası ona müddətsiz İİ qrup əlil olması barədə xx.xx.2014-cü il tarixli arayış təqdib edib. Lakin cavabdeh orqan bunu nəzərə almamışdır. Birinci instansiya məhkəməsi isə həmin arayışa qiymət verməyərək səhv nəticəyə gəlmişdir.
27. Məhkəmə kollegiyası iddiaçının irəli sürdüyü dəlil ilə bağlı araşdırma apararaq müəyyən etmişdir ki, işin 45-ci səhifəsində olan Tibbi Sosial Ekspertiza və X1 yerləçdirilmiş ətraflı qiymətləndirmə müayinə aktından görünür ki, İddiaçı 28 noyabr 2014-cü il tarixdə müayinə olunmuş, ona 1 il müddətinə İİ qrup əlillik təyin edilmişdir.
28. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı verilmiş 28 noyabr 2014-cü il tarixli arayış deyil, həmin tarixli müayinə aktı mötəbər sübut kimi nəzərə alınmalıdır.
29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
30. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. Ona görə də kollegiya hesab edir ki, tələbdə qeyd olunan müddət ərzində pensiyanın ödənilməsi qanuni olaraq dayandırılmışdır və cavabdehin həmin dövrdə ödənilmiş pensiyanın ödənilməsindən imtinası əsaslı olmuşdur.
31. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “hərbi xidmət dövrü ilə əlaqədar, müddətsiz, İİ qrup əlilliklə, iş qabiliyyəti olmayan müəyyən edilməyi zamanı bir ayda 268,61 manat olmaqla, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilməmiş 13 ayın pensiyası 3491,93 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(116)-1993/2022nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.