Məhkəmə qərarları › İş №2-1(107)-178/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-178/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-178/2024 07.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı hüquqi varisi X4 və cavabdehin nümayəndəsi Hacı-X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayonu Əlyar kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin 0.42 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2- 1(116)-1869/2023 nömrəli qərarından iş üzrə İddiaçı hüquqi varisi X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki rayonu Əlyar kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin 0.42 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1869/2023 nömrəli qərardadı ilə İddiaçı hüquq varisi X10 ilə əvəz edilmişdir.

3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 39 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün 0.42 ha torpaq sahəsi ayrılmış, bununla bağlı X12 Komitəsinin Şəki rayon Şöbəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və xx.xx.2010-cü il tarixdə 4731 nömrəsi ilə X18 kitabında uçota alınmışdır.Bundan başqa Aydınbulaq kənd ərazi nümayəndəliyinin 04 nömrəli təsərrüfbaşına kitabın 149-cu səhifəsində 1971-ci ildə tikilmiş 50 kv.m ümumi, 24 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evinin və 0.42 ha həyətyanı torpaq sahəsinin iddiaçının adına olduğu qeyd edilmişdir. İddiaçı Şəki rayon Əliyar kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin və 0.42 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi üçün cavabdeh təşkilata müraciət etmiş. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bundan imtina etmişdir.

4. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 39 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə X8, X10, X3 fərdi yaşayış evi tikmək üçün Şəki rayon Əliyar kəndindən ayrılmış 4200 kv.m torpaq sahəsi ilə bağlı X18 kitabında xx.xx.2010-cu il tarixdə 4731 nömrəsi ilə uçota alınmış A 201945 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi olsa da, daşınmaz əmlakın texniki vəziyyətinin xx.xx.2023-cü il tarixdə keçirilmiş müayinəsi zamanı İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsünün hüquq müəyyənedici sənəddə göstərilən ölçüdən az olduğu müəyyən edildiyindən və ərizəçi tərəfindən yeni müəyyənedici sənəd olan çıxarışda torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə notarial qaydada təsdiq olunmuş yazılı razılıq təqdim olunmadığından vətəndaşın tələbinin icrasından imtina edilmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının hüquqi varisi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 6 dekabr 2023-cü il tarixli 2- 1(116)-1869/2023 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmişdir.

8. İddiaçı hüquqi varisi X10 apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2-1(116)-1869/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. İddiaçı hüquqi varisi X10 apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2-1(116)-1869/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı hüquqi varisi X10 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2-1(116)-1869/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2-1(116)-1869/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aydınbulaq kənd ərazi nümayəndəsinin 262 nömrəli, xx.xx.2022-ci il tarixli arayışı. - Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aydınbulaq kənd ərazi nümayəndəsinin 207 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat edib və Güləhmədova (Qurbanova) Nərminə Dostu qızı, X10, X6, X11 onun vərəsələridir. - Az-İİ 349771 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. - AZEMİS elektron məhkəmə sistemi vasitəsi ilə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. - İİİ-ЖГ 301918 seriya nömrəli iddiaçıya aid “Doğum haqqında Şəhadətnamə”in surəti. - A seriyalı 201945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 4200 kv. metr torpaq sahəsi Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 39 saylı qərarı ilə İddiaçı adına verilmişdir. - Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Şəki şəhər İHB-nın Aydınbulaq kənd İcra Nümayəndəliyinin 1996-2000, 2001-2006-cı illərin Təsərrüfatbaşına kitabın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı təsərrüfat başçısı kimi qeyd olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş 1999-cu il tarixli Şəki rayonu Əliyar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı və ailə üzvləri Güləhmədova (Qurbanova) Nərminə Dostu qızı, X10, X1 adları qeyd olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-2051/2023 nömrəli məktubuna əlavə edilmiş, həyətyanı torpaq sahəsi alacaq subyektlər siyahısından görünür ki, torpaq sahəsi İddiaçı və ailə üzvləri Güləhmədova (Qurbanova) Nərminə Dostu qızı, X10, X1 ümumi birgə mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-3922/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş A 201945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 4200 kv.m torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi uyğunsuzluq təşkil edir. İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi 2785 kv.metrdir. İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin döngə nöqtələri və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, uqodiyası həyətyanı olmaqla, fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş, bələdiyyə mülkiyyətində olan ərazidir.İstifadə olunan torpaq sahəsi A 201945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 4200 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür.Sənəd üzrə olan torpaq sahəsi ilə faktiki istifadə olunan torpaq sahəsinin coğrafi yerləşməsində uyğunsuzluq olduğundan verilən 3-cü sualin tələb olunan dəqiqliklə cavablandırılması mümkün olmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır.

15. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir.

16. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq qeyd edilmişdir.

17. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

18. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. İddiaçının hüquqi varisinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, iddiaçının hazırkı iddia ərizəsinə əsasən hüquqi marağı Şəki rayonu Əlyar kəndində yerləşən fərdi yaşayış evi A 201945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 4200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması olmuşdur. İş məhkəmə icraatında olduğu müddətdə iddiaçı vəfat etmişdir.

25. İş materiallarında olan Şəki şəhər İHB-nın Aydınbulaq kənd İcra Numayəndəliyinin 1996-2000, 2001-2006-cı illərin Təsərrüfatbaşına kitabın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı fərdi yaşayış evi olduğu qeyd edilmişdir. İddia həmin hissədə əsaslıdır. Lakin,iddia olunan torpaq sahəsinə dair hissədə qismən əsaslıdır.

26. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddia olunan 4200 kv.m torpaq sahəsi naturada iddiaçının, hazırda da hüquqi varisinin istifadəsində yoxdur. Verilmiş sorğulara əsasən müəyyən edilmişdir ki, iddiaçının qanuni istifadəsində 0,22 ha həyətyanı torpaq sahəsi olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-ci il tarixli məktubuna əlavə edilmiş 1999-cu il tarixli Şəki rayonu Əlyar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, iddiaçının və X5,X10, X1 adları qeyd olunmuşdur. Həmin cədvəldə qanuni istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,22 ha olaraq qeyd olunmuşdur.

27. Nəzərə alınmalıdır ki, həmin sənəddə yalnız İddiaçı adının qeyd edilməsi ayrılmış torpaq sahəsinin yalnız onun mülkiyyətinə verilməsi kimi nəzərdən keçirilə bilməz. Belə ki, işdə olan təsərrüfatbaşına kitabdan çıxarış və torpaq payı almaq hüququ olan subyektlər siyahısından çıxarışdan görünür ki, torpaq islahatı aparılan zaman Güləhmədova (Qurbanova) Nərminə Dostu qızı, X10, X6 eyni təsərrüfatda olmuş, ayrılmış torpaq sahəsi də təsərrüfat üzvlərinin ümumibirgə mülkiyyətinə verilmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, A 201945 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 4200 kv.m torpaq sahəsinin də faktiki olaraq İddiaçı, Güləhmədova (Qurbanova) Nərminə Dostu qızı, X10, X1 ümumi birgə mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsinə aid mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinin faktiki ölçüsü 2785 kv.metr olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, uqodiyası həyətyanı olmaqla, fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş ərazidir. Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 39 saylı qərarı ilə mərhum İddiaçı mülkiyyətinə verilən torpaq sahəsi A seriyalı 201945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində 0,42 ha qeyd edilsə də ölçmə işləri doğru aparılmadığından və ya ümumiyyətlə ölçülmədiyindən istifadə olan torpaq sahəsi ilə mülkiyyətə verilən torpaq sahəsi arasında uyğunsuzluq yaranmışdır.

29. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayonu Əlyar kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin 0.42 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının hüquqi varisinin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

30. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı hüquqi varisi X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2-1(116)-1869/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar