Məhkəmə qərarları › İş №2-1(107)-179/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-179/2020

19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-179/2020 19.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə (bundan sonra cavabdeh və ya DSMF-in Ağdaş rayon şöbəsi) qarşı “1972-1997-ci illərdə Ağdaş rayon sabiq N.Nərimanov adına kolxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)- 478/2020 nömrəli qərarından DSMF-in Ağdaş rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1955-ci il tarixdə Ağdaş rayonu Qolqəti kəndində anadan olmuşdur. 1973-1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. İş fəaliyyətinə 1972-ci ildə Ağdaş rayonunda fəaliyyət göstərən sabiq “N.Nərimanov” kolxozunda kolxozçu kimi başlamışdır və 1979-cu ilədək inşaatçı işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasına çıxmaq üçün bütün sənədlərini toplayaraq ərizə ilə DSMF-in Ağdaş rayon şöbəsinə müraciət etmişdir. Sənədləri qəbul olunmuş, lakin ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununa əsasən Ağdaş rayonu, Dövlət Arxivinin 159 nömrəli, xx.xx.2019-cu il tarixli kolxozçunun əmək günü uçotu və hesablaşma kitablarından çıxarış əmək kitabçasında qeyd olunmadığı üçün arxiv arayışında qeyd olunan 1972-1997-ci illəri əhatə edən dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı DSMF-in Ağdaş rayon şöbəsinə qarşı "1972-1997-ci illərdə Ağdaş rayon sabiq N.Nərimanov adına kolxozda işlədiyi illərin müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1972-1997-ci illərdə Ağdaş rayon sabiq N.Nərimanov adına kolxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin iddiaya qarşı imtinasından görünür ki, yaşa görə əmək pensiyası təyin olunması barədə xx xxxxxx 2019-cu il tarixli **********2 nömrəli müraciətinə DSMF-in Ağdaş rayon şöbəsində baxılmışdır. Bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-nədək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Təqdim etdiyi sənədlərə əsasən 25 il ümumi sosial sığorta stajı yoxdur. Belə ki, Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 159 nömrəli arayışında qeyd olunan 1972-1997-ci illər əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi Qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli **********6 nömrəli məktubla iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Bildiyiniz kimi, Azərbaycan Respublikası vətəndaşlarının pensiya təminatı xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. İddiaçının kolxozda işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanuna ziddir Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddianın təmin edilməməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 478/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, DSMF-in Ağdaş rayon şöbəsinin üzərinə İddiaçı 1972-1997-ci illərdə Ağdaş rayon sabiq N.Nərimanov adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyininqoyulması qərara alınmışdır. DSMF-in Ağdaş rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qaununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının təqdim etidyi arxiv arayışında işlədiyi müddət əmək kitabçasında qeyd olunmadığı üçün yaşa görə əmək pensiyası təyin olunması qaydalara ziddir. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir və qanunun tələblərinə zidd qərar qəbul etmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)- 478/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-478/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-478/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı 0******* nömrəli ş/v surəti, DSMF-in Ağdaş rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********9 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********6 nömrəli etiraz və xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktub, Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 159 nömrəli arayışı, Azərbacan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli 329 nömrəli arayışı, iddia tələbinə dəqiqləşdirmə barədə xx.xx.2020-ci il tarixli ərizə aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-478/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, DSMF-in Ağdaş rayon şöbəsinin üzərinə İddiaçı 1972-1997-ci illərdə Ağdaş rayon sabiq N.Nərimanov adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçının Ağdaş rayon sabiq N.Nərimanov adına kolxozda işləməsi, adam günü norması və əmək haqqı qazanması Ağdaş Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 159 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi,əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Ağdaş rayon sabiq N.Nərimanov adına kolxozda işləməsi, adam günü norması və əmək haqqı qazanması Ağdaş Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 159 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Arxiv arayışları isə iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Cavabdeh inzibati orqan arxiv arayışında olan qeydlərin həqiqi olmaması barədə sübut təqdim edə bilmir. Belə olan halda, həmin arxiv arayışı mötəbər sübut kimi qəbul edilir. Belə ki, iddiaçıya məxsus olan arxiv arayışının həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. İş materiallarında olan cavabdeh DSMF-in Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2020-ci ildə yaranmışdır. İddiaçının mübahisələndirilən sosial sığorta stajı Ağdaş rayon Qolqəti kənd sabiq “N.Nərimanov” kolxozunda 1972-1997-ci illərdə işlədiyi 24 il, mübahisələndirilməyən sosial sığorta stajı xx.xx.1973-xx.xx.1975-ci illərdə həqiqi hərbi xidmətdə olduğu illərdir. İddiaçının Ağdaş rayon sabiq N.Nərimanov adına kolxozda 1972-1997-ci illərdə işlədiyi müddət sosial sığorta stajına daxil edildikdə 1973- 1975-ci illərdə həqiqi hərbi xidmətdə olduğu müddət ilə birgə ümumilikdə 26 il sosial sığorta stajı təşkil edəcəkdir. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının Ağdaş rayon sabiq N.Nərimanov adına kolxozda işləməsi, adam günü norması və əmək haqqı qazanması Ağdaş Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 159 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Arxiv arayışları isə iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-478/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar