Məhkəmə qərarları › İş №2-1(107)-179/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-179/2021

30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-179/2021 30.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlundan və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən anası X4 adına verilmiş MH seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(116)-231/2021 nömrəli qərardadından İddiaçı apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən anası X4 adına verilmiş MH seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu, AİK-nın xx.xx.1997-ci il tarixli, 26 saylı qərarı ilə 0.36 ha həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və bununla əlaqədar JN-249F KOD 40608018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. İddiaçı tərəfindən həmin torpaq sahəsində inşa edilmiş evə cavabdeh orqan tərəfindən MH seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçı anası X5 adına verilən çıxarışdan məlumatsız olmuşdur. İddiaçı evin sənədləri ilə maraqlandığı zaman ona məlum olmuşdur ki, yaşadığı mənzil ipoteka yüklü edilmiş və satışa çıxarılmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli **********42 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının hazırkı tələbinin orqan tərəfindən təmin edilməsi onların səlahiyyətləri daxilində deyildir. Cavabdeh həmçinin bildirir ki, Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0.36 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi iddiaçının Zarağan kənd İnzibati Ərazi Nümayəndəsi tərəfindən təsdiq edilmiş ərizəsi əsasında X7 adına rəsmiləşdirilmişdir. Sonuncunun adına dövlət qeydiyyatına alınmış daşınmaz əmlak “Nikoyl” İKB-nin ipotekanın tutmaya dair bildirişi ilə dövlət qeydiyyatına alınmışdır və “Nikoyl” İKB-nin adına dövlət reyestrindən çıxarış və texniki pasportla rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(116)-231/2021 nömrəli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən anası X4 adına verilmiş MH seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlillər İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, Qəbələ rayonu Ağrar İslahatı Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 26 saylı qərarı ilə ona, anası X18 qızına, bacısı X15, qardaşı İddiaçı mülkiyyətinə 0,36 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71,71 kv.m yaşayış, 83,88 kv.m köməkçi sahəsi olan evimizə MH seriyalı, ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz X16 çıxarış" verilmiş, bu barədə xx.xx.2008-ci il tarixdə ********* sayla, əmlak 2 nömrəli reyestr kitabının 157 nömrəli vərəqində qeyd aparılmışdır. O, bu barədə məlumatsız olmuşdur. Sonradan evin sənədləri ilə maraqlandıqda məlum olmuşdur ki, Qəbələ rayon Məhkəməsinin 2(025)-424/10 saylı mülki iş üzrə xx.xx.2010-cu il tarixli icra vərəqi əsasında X17 Nikoyl İK bankı qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyinə görə ipoteka ilə yüklü edilmiş əmlak olaraq evimiz satışa çıxarılmış, "X10 Mərkəzi" MMC-nin Y-310 saylı, xx.xx.2013-cü il tarixli "Hərracın yekunları barədə" protokoluna əsasən "Nikoyl" İK bankının mülkiyyətinə verilmişdir. Anam X1 əsasında xx.xx.2019-cu il tarixli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71, 71 kv.m yaşayış, 83,88 kv.m olan köməkçi sahəsi olan evimizə MH seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”ın verilməsi üçün təqdim edilmiş sənədlərin sürətləri göndərilmiş, sənədlərlə tanışlıq zamanı məlum olmuşdur ki, onun adından ərizədə yazılmış imza saxtadır, tərəfindən icra edilməmişdir, bu barədə ona hər hansı məlumat verilməmişdir. İddiaçı hesab etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi onun istəyini qanunsuz və əsassız olaraq rədd etmişdir, bu imtina onun mülkiyyət hüquqlarını pozur. "Daşınmaz əmlakın dövlət reyesteri haqqında" Azərbaycan Respublikası Qanunun 16cı maddəsinə görə: Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişlərin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2 Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.4. Bu Qanunun 16.3-cii maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6 Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış lıər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə iddianın mümkünsüzlüyünə dair qərardad qəbul edərkən onu əsas tutmuşdur ki, ləğvi tələb olunan "Çıxarış" və "Texniki pasport" "İnzibati icraat haqqında" Qanun qüvvəyə minməzdən əvvəl tərtib olunmuşdur, həmin əmlakın girov qoyularaq götürüldüyü kreditin bir hissəsi ona verilmişdir, ərizələrin etibarsızlığı ilə əlaqədar tələb irəli sürülməmişdir, bu səbəbdən də buraxılmış müddət üzürlü hesab edilə bilməz. Belə ki, məhkəmə əvvəla cinayət hadisəsi nəticəsində verilmiş sənədin etibarsızlığına, ləğv edilməsinə dair iddiaya mahiyyəti üzrə baxmalı, iddiaya münasibət bəlli olmalı, bundan sonra iddia müddətinin buraxılması səbəbindən iddianın rədd edilməsinə dair qərar vermək məsələsinə baxmalı idi. Bundan başqa onun hansısa məbləğdə pul almağı o demək deyil ki, həmin pulun alınması üçün istifadə edilmiş sənədlərin mövcud qanunların pozulması barədə məlumatlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə: 81.1.İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 2-1(116)-231/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadını ləğv edib, iddianın mümkünlüyü barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərin izahatları . Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasında tədqiq edilmiş sübutlardan görünür ki: JN-249F kod 40608018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən müəyyən edilir ki, Qəbələ rayon AİK-nın xx.xx.1997-cı il tarixli 26 saylı Qərarı ilə 0.36 ha həyətyanı torpaq sahəsi iddiaçının anası X11 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Qeydiyyat nömrəsi 190802419, qeydiyyat tarixi xx.xx.2008-ci il olan MH seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, Qəbələ rayonu, Zarağan kəndində 0.36 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının anası X7 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 157 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın texniki pasportu”nun surətindən müəyyən edilir ki, Qəbələ rayonu, Zarağan kəndində yerləşən fərdi yaşayış evi iddiaçının anası X7 adına xx.xx.2008-ci il tarixdə 406-8/237 inventar nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdehin etiraz məktubuna əlavə edilmiş ərizələrdən müəyyən edilir ki, İddiaçı, X21 və X6 rayonu, Zarağan kəndində yerləşən X7 adına olan mülkün X7 adına rəsmiləşdirilməsinə razılıq vermişlər. 1851/3584/01(G) nömrəli xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin surətindən müəyyən edilir ki, “Nikoyl” İKB Qəbələ filialı ilə borc alan X22 arasında yaşayış evinin təmiri məqsədi ilə 15000 (on beş min) manat məbləğində kredit müqviləsi bağlanmışdır. Eyni tarixli 266 nömrəli ipoteka müqaviləsindən müəyyən edilir ki, “Nikoyl” İKB Qəbələ filialı, girov verən X11 və borclu X22 arasında müqaviləyə əsasən girov ilə yüklü edilmiş əmlak 30000 (otuz min) manat məbləğində qiymətləndirilmiş və Qəbələ rayonu, Zarağan kəndi ərazisində yerləşən fərdi yaşayış evi 0.36 ha torpaq sahəsi ilə birlikdə “Nikoyl” İKB Qəbələ filialının xeyrinə hüquq yüklü edilmiş və dövlət reyestri tərəfindən MH seriyalı ******* nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. xx.xx.2010-cu il tarixli 675 nömrəli bildirişin surətindən müəyyən edilir ki, “Nikoyl” İKB X9 bildiriş göndərərək banka olan borc məbləği ödənilmədiyi üçün borc məbləğinin girov predmeti olan fərdi yaşayış evinə yönəldiləcəyi bildirilmişdir. Bundan sonra kreditor hazırkı iş üzrə cavabdeh orqana xx.xx.2010-cu il tarixli 751 nömrəli məktub ünvanlayaraq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən “Bildirişin qeydə alınmasına dair” ərizəni dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-524/2010 nömrəli xx.xx.2010-cu il tarixli Qətnaməsinin surətindən müəyyən edilir ki, ipoteka ilə yüklü edilmiş evin hərracda ilkin satış qiymətinin 30000 (otuz min) manat məbləğində müəyyənləşdirilməsi, əldə olunan vəsaitin borcun həcmi məbləğində Bankın xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2013-cü il tarixli 649 nömrəli kreditor bank tərəfindən hazırkı iş üzrə cavabdeh orqana göndərilən məktuba əsasən müəyyən edilir ki, Bank tərəfindən girov predmeti olan əmlak (0.36 ha torpaq sahəsi, fərdi yaşayış evi) balansa götürüldüyü üçün həmin əmlakın mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi xahiş edilmişdir. Məktuba əsasən girov predmetinə dair kreditor Bankın adına RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarış verilmiş və əmlak “Nikoyl” İKB Qəbələ filialının adına qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixli sənəddən müəyyən edilir ki, “Nikoyl” İKB Qəbələ filialı mülkiyyətində olan 0.36 ha torpaq sahəsindən 0.10 ha hissəni X3 3000 (üç min) manata satmışdır. Satışdan sonra yerdə qalan 0.26 ha hissəyə RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarış verilmişdir. xx.xx.2020-ci il tarixli qərardan müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə Qəbələ RPŞdən rayon prokurorluğuna Qəbələ rayonu, Zarağan kəndinin sabiq icra nümayəndəsi tərəfindən 2008-ci ildə həmin kənd sakinləri İddiaçı və bacısı X13 adına tərtib edilmiş ərizələri özlərinin iştirakı olmadan imza və möhürü ilə təsdiqlənməsi barədə materiaı daxil olmuş və verilən qərar əsasən 62 c-20 saylı material üzrə X14 barəsində olan cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı bildirmişdir ki, 2008-ci ilin avqust ayında evi anasının adına qeydiyyata alındığından xəbər tutmuşdur. Həmin ay Bakıdan şəhərindən Qəbələ şəhərinə gəlmiş, anasından 4000 manat pul vəsaitini götürərək Bakı şəhərinə qayıtmış və özünə 2008-ci il istehsalı olan Vaz 2107 avtomobili almışdır. 2009-cu ildə avtomobili 7200 manat satmış və 4000 manat məbləği banka olan borca ödəmişdir. Hazırkı işdə ləğvi tələb olunan Çıxarış və Texniki pasport İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl tərtib olunmuşdur. İddiaçının ən azından 2008-ci ilin avqust ayından evin və torpaq sahəsinin anasının adına qeydiyyata alınmasında xəbəri olmuşdur və iddiaçı bunu mübahisələndirməmiş, əksinə götürülmüş kredit məbləğindən özünün şəxsi məqsədləri üçün 4000 manatı anasından almışdır. İddiaçı həmin zaman aparılmış qeydiyyatı mübahisələndirməmiş, götürülmüş kredit məbləğindən özünə düşən payı anasından almaqla faktiki olaraq aparılmış qeydiyyatla razı olduğunu göstərmişdir. Hazırda bankla aralarında olan qaytarılmamış hesa olunan borc məbləğinə görə bu iddianı qaldırmışdır. Ərizənin onun tərəfindən imazlanmadığını iddiaçı həmin vaxtdan bilmişdir. Cavabdeh inzibati orqan tərəfindən onun anasının mülkiyyət hüququ təqdim olunmuş sənədlər əsasında, səlahiyyətli şəxs tərəfindən təsdiqlənmiş ərizələr əsasında aparılmışdır. İddiaçı həmin zaman qüvvədə olan prosessual və mülki qanunvericilik normalarının tələblərinə uyğun olaraq qeyd olunan ərizələrin etibarsızlığı ilə bağlı müvafiq iddia irəli sürməmiş, anasının və ya icra nümayəndəsinin hərəkətlərindən şikayət etməmişdir. Cinayət işinin başlanmasının rədd olunmasına dair xx.xx.2020-ci il tarixli qərar isə hər bir halda məhkəmənin mövqeyinə görə buraxılmış müddətin bərpa olunması üçün əsas verə bilməz. İddiaçı adına tərtib edilmiş ərizələrin özlərinin iştirakı olmadan imza və möhürü ilə təsdiqlənməsi barədə şikayətlə 2008-ci il tarixində də hüquqmühafizə orqanlarına müraciət edə bildiyi halda bunu etməmiş, ərizələrin elə həmin vaxt özü tərəfindən imzalanmadığını bilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Qəbələ Rayon Prokurorluğunun müstəntiqinin “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarı hazırkı məhkəmə qərardadının qəbul edilməsi üçün heç bir preyudisial qüvvəyə malik deyil. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəməninqanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi, inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hasidəyə aidiyyəti hissəsində məhz məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı məcburidir. Hazırda sözügedən xx xxxxxxxx 2020-ci il tarixli qərar isə məhkəmənin yox, cinayət təqibini həyata keçirən orqanın qərarı olduğundan preyudisial qüvvəsi yoxdur. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən, qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, x xxxxxx 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların (hərəkətlərin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini mümkün saymamaqda prosessual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən anası X4 adına verilmiş MH seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini mümkün saymamaqda haqlıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(116)-231/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar