Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-18/2025 19.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Lələpaşa kənd ərazisində Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 nömrəli qərarı və Qax rayon Lələpaşa bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı ilə ayrılmış 1.1 ha pay torpaq sahəsi üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2-1(116)- 271/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Qax rayonu Lələpaşa kənd ərazisində Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 nömrəli qərarı və Qax rayon bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı ilə ayrılmış 1,10 ha pay torpaq sahəsi üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Qax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə kənddə yaşayan hər bir ailə üzvülərinə 1,10 ha pay torpaq sahəsi ayrılmışdır. Həmin islahat gedən dövrlərdə iddiaçı Mingəçevir şəhərinə ərə getdiyi üçün İslahat komissiyası onu subyektlər siyahısına salmamış və nəticədə adı pay torpaq alanların siyahısında olmamışdır. Müraciəti əsasında Qax rayon bələdiyyəsinin 26 mart 2005-ci il tarixli, 03 saylı qərarı ilə iddiaçıya torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bundan sonra Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 saylı qərarı ilə iddiaçını subyektlər siyahısına əlavə edərək, Qax rayon Lələpaşa kənd bələdiyyə torpağının ehtiyat fondundan pay torpaq sahəsi verilməsi qərara alınmışdır. 2005-ci ildə iddiaçıya 1,1 ha torpaq sahəsi ayrılmışdır. Həmin dövrdən bu günə kimi onun faktiki istifadəsində və sahibliyindədir. Uzun illərdir həmin torpaq sahəsini Daşınmaz Əməlakın Dövlət Reyestrində qeydiyyata aldırmamışdır. İddiaçı həmin torpaq sahəsinin adına qeydiyyata alınması və adına daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ərizənin icrasından imtina edilərək, iddiaçının məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir.
3. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, ərizəyə əlavə olunan sənədlərin yoxlanılması zamanı Aslanova (İmamova) Zeynəb Yusif qızına Lələpaşa bələdiyyə torpağının ehtiyat fondundan bir pay torpaq sahəsi verilməsi barədə Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 nömrəli iclas protokolundan çıxarış qərarı və həmin qərarın arxiv çıxarışı, həmçinin Aslanova (İmamova) Zeynəb Yusif qızına bir pay torpaq sahəsinin verilməsi barədə Qax rayon Lələpaşa bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 03 saylı iclas protokolundan arxiv çıxarışı olsa da, Qax rayon Aqrar İslahat Komissiyasının qərarının tarixi torpaq islahatı başa çatdıqdan sonrakı dövrə aid olduğundan, X2ndan ayrılmış torpaq sahəsinin koordinatlarının əks olunduğu təsdiqlənmiş hər hansı sxem və ya plan-ölçü sənədi təqdim olunmadığından, sözügedən təsərrüfatda islahat aparılan dövrdə vətəndaşlara adambaşına verilməli pay torpaq sahəsinin norması, zəbt torpaq sahələrinin hansı əmsalla pay torpağından çıxılması barədə ərazi idarəsində məlumat mövcud olmadığından iddia tələbinin icra edilməsi mümkün olmamışdır.
4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 17 aprel 2024-cü il tarixli 2- 1(116)-271/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
6. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə Qax rayon Tasmalı bələdiyyəsi iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci ilə kimi bələdiyyələr ayrı-ayrı şəxslərə fərdi yaşayış evi tikmək üçün və ya sahibkarlıq fəaliyyəti üçün torpaq satışını həyata keçirirdi. Bələdiyyə vətəndaşlara həmin zaman iclas protokolundan çıxarış təqdim edir və yerin adi kağız üzərində ölçüləri əks edilən sənəd təqdim edir. Bu sənədlər əsasında vətəndaşların hüquqlarının qeydiyyatından cavabdeh təşkilat imtina edir. Lakin bu gün ümumi məhkəmə praktikasını nəzərə alsaq vətəndaşların iddiası təmin edilərək cavabdehin üzərinə qeydiyyata alınması öhdəliyi qoyulur. Onun işi üzrə də göründüyü kimi bələdiyyə torpaq sahəsinin ayrılması barədə müvafiq qərar vermişdir. Qərarın əsli 26 mart 2005-ci il tarixli 03 saylı qərar məhkəməyə təqdim edilmişdir. Bundan sonra Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 saylı qərarı ilə onu subyektlər siyahısına əlavə edərək, Qax rayon Lələpaşa kənd bələdiyyə torpağının ehtiyat fondundan pay torpaq sahəsi verilməsi qərara alınmışdır. Qərarın əsli məhkəməyə təqdim edilib. İndi həmin sənədlərin arxivdə olmaması və ya bələdiyyənin və Aqrar İslahatın qərarından sonra torpaq sahəsinin yerini müəyyənləşdirən plan-ölçü sənədinin tərtib edilməməsi vətəndaşın günahı deyil ki. Hər bir vətəndaşın dövlətə, yerli özünü idarə orqanlarına və onların yaratdığı qurumlara etimad hüququ vardır. Bu gün bələdiyyə və ya Aqrar İslahat Komissiyası torpaq sahəsinin ayrılması üçün lazımi proseduru axıra kimi başa çatdırmaması onun günahı ucbatından baş verməmişdir. Buna görə də onun pay almaq hüququ, dolayısı ilə payının qeydə alınması məhdudlaşdırıla bilməz. Göründüyü kimi, onun etimadını Qax rayon Aqrar İslahat Komissiyasının və Qax rayon Lələpaşa kənd bələdiyyəsinin yuxarıda qeyd olunan prokoldan çıxarışına və qərarına əsaslanır, iş üzrə mütəxəssis rəyi əldə edilmişdir. Rəydən göründüyü kimi, ona ayrılmış torpaqda üst-üstə düşmə mövcud deyildir. 20 ildən çoxdur onun istifadəsindədir. Həmin torpaqda bu günə kimi istifadə edir. Qax rayon Aqrar İslahat Komissiyasının qərarından göründüyü kimi, hər bir kənd sakinlərinə eyni həcmdə pay torpaq sahəsi ayrılmışdır. Ona həmin torpaq sahəsindən başqa hər hansı bir torpaq sahəsinin ayrılması yoxdur. Yeganə ayrılmış torpaq sahəsi bu torpaqdır ki, onu da qeydə almaqdan imtina edirlər. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2- 1(116)-271/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2-1(116)-271/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2-1(116)-271/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.
12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 nömrəli iclas protokolundan görünür ki, iddiaçıya Qax rayon Lələpaşa bələdiyyə torpağı ərazisindən bir pay torpaq verilmiş və iddiaçının adı subyektlər siyahısına daxil edilmişdir.
3. Qax rayon Lələpaşa bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 03 saylı iclas protokolundan görünür ki, iddiaçıya bələdiyyə ərazisindən bir pay torpaq sahəsi verilmişdir.
4. Qax Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Rayon Aqrar İslahat Komissiyası tərəfindən iddiaçının subyektlər siyahısına əlavə edilməsi və ona Lələpaşa bələdiyyə torpağının ehtiyat fondundan bir pay torpaq sahəsinin verilməsi, qərarın icrasına nəzarət etmək üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinə tapşırılması qərara alınmışdır.
5. Lələpaşa bələdiyyəsinin xx.xx.2005-ci il tarixli iclas protokolundan çıxarışından görünür ki, bələdiyyə şurası tərəfindən iddiaçıya bir pay torpaq sahəsinin verilməsi qərara alınmışdır.
6. Torpaq sahəsinin sxematik planından görünür ki, iddiaçıya ayrılmış pay torpaq sahəsinin ölçüsü 1.10 ha olduğu qeyd edilmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qax rayonu Lələpaşa kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarında İddiaçı adı, eləcə də Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarı aşkar edilməmişdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-1238/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı naturada göstərdiyi torpaq sahəsi faktiki olaraq 11826 kv.metrdir. Həmin torpaq sahəsi TEKUİS məlumat bazasında X4 kateqoriyasına aid, uqodiyası çoxillik əkmələr kimi göstərilmiş Tasmalı bələdiyyəsinin (Lələpaşa kəndi) mülkiyyətində olan ərazidir. İddiaçının nümayəndəsinin bildirdiyinə görə hal-hazırda həmin torpaq sahəsi iddiaçı tərəfindən istifadə olunur. Döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi məhkəmə tərəfindən təqdim olunan sxemdə göstərilən torpaq sahəsi ilə qismən uyğunluq təşkil edir. Faktiki istifadə olunan torpaq sahəsi DWG (Mülkiyyətə verilən torpaqların kompleks yerquruluşu planına) faylına əsasən BEF (X2)-na aid əraziyə düşür. NECAS (yeni kadastr sistemi) proqramında Hüquqların dövlət reyestrində qeydiyyatı aparılmış torpaq sahələri ilə üst-üstə düşməsi yoxdur.
9. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Qax rayon Tasmalı bələdiyyəsi tərəfindən təqdim edilmiş məktuba əsasən, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 nömrəli qərarı və Lələpaşa bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 03 saylı qərarı ilə Aslanova (İmamova) Zeynəb Yusif qızına Qax rayonu Lələpaşa kəndində 1 pay olaraq 1.1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, həmin dövrdən də onun tərəfindən həmin ərazi istifadə edilməklə, vergi borcu mütəmadi olaraq ödənilmişdir.
10. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Qax Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş məktuba əsasən, Lələpaşa kəndinin əhatə olunduğu Tasmalı bələdiyyəsi tərəfindən arayışda Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 nömrəli qrarı və köhnə Lələpaşa bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 03 nömrəli qərarı ilə həmin vaxtı rayonun Lələpaşa kəndində qeydiyyatda olan və yaşayan Aslanova (İmamova) Zeynəb Yusif qızına 1 (bir) pay olaraq 1.1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrıldığı və hazırda onun tərəfindən istifadə olunduğu bildirilmişdir.
11. Məhkəmə kollegiyasının sorğusuna əsasən, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli məktuba əölavə edilmiş mütəxəssis rəyinə əsasən, faktiki istifadə edilən torpaq sahəsinin ölçüsü (1.18 ha) iddiada qeyd edilən (1.1 ha) torpaq sahəsindən fərqli olsa da iddiaçının hüquqi marağına əsasən 1.1 ha torpaq sahəsinin konkret hissəsi, ölçüsü və dəqiq koordinatları yerquruluşu planında göstərilmişdir. Həmin 1.1 ha torpaq sahəsi Qax rayonu Lələpaşa kəndi ərazisində olmaqla Tasmalı bələdiyyəsinin mülkiyyətində olan ərazidir. Faktiki istifadə olunan torpaq sahəsi DWG faylına və TEKUİS məlumat bazasına əsasən X2 torpaqları kateqoriyasına aiddir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
16. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
18. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair hüququmüəyyənedici sənədin və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən texniki sənədin tərtib olunmadığı müəyyən edilmişdir. Həmçinin, iddia olunan torpaq sahəsinin pay normasına dair hər hansı məlumat aşkar olunmamışdır.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
24. İlk öncə məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair hüququmüəyyənedici sənədin və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən texniki sənədin tərtib olunmadığı qənaətinə gəldiyi halda mübahisə predmeti olan torpaq sahəsinə dair mütəxəssis rəyinin hansı əsasla təyin edilməsi ilə bağlı prosessual hərəkəti anlaşılan deyildir.
25. İş materiallarından da göründüyü kimi, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 nömrəli qərarı ilə, iclas protokolunun 6-cı bəndinə əsasən iddiaçıya Qax rayon Lələpaşa bələdiyyəsi ərazisindən bir pay torpaq verilmiş və iddiaçı Aslanova (İmamova) Zeynəb Yusif qızının adının subyektlər siyahısına daxil edilməsi qərara alınmışdır. Qax rayon Lələpaşa bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 03 saylı iclas protokoluna əsasən, iddiaçıya bələdiyyə ərazisindən bir pay torpaq sahəsinin verilməsi qərara alınmışdır. Qax Rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışından da görünür ki, Rayon Aqrar İslahat Komissiyası tərəfindən iddiaçının subyektlər siyahısına əlavə edilməsi və ona Lələpaşa bələdiyyə torpağının ehtiyat fondundan bir pay torpaq sahəsinin verilməsi, qərarın icrasına nəzarət etmək üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinə tapşırılması qərara alınmışdır. Torpaq sahəsinin sxematik planında iddiaçıya ayrılmış pay torpaq sahəsinin ölçüsünün 1.10 ha olduğu qeyd edilmişdir.
26. Bununla yanaşı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Qax rayon Tasmalı bələdiyyəsi tərəfindən təqdim edilmiş məktuba əsasən, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 nömrəli qərarı və Lələpaşa bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 03 saylı qərarı ilə Aslanova (İmamova) Zeynəb Yusif qızına Qax rayonu Lələpaşa kəndində 1 pay olaraq 1.1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, həmin dövrdən də onun tərəfindən həmin ərazi istifadə edilməklə, vergi borcu mütəmadi olaraq ödənilmişdir.
27. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Qax Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş məktuba əsasən, Lələpaşa kəndinin əhatə olunduğu Tasmalı bələdiyyəsi tərəfindən arayışda Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 nömrəli qərarı və köhnə Lələpaşa bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 03 nömrəli qərarı ilə həmin vaxtı rayonun Lələpaşa kəndində qeydiyyatda olan və yaşayan Aslanova (İmamova) Zeynəb Yusif qızına 1 (bir) pay olaraq 1.1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrıldığı və hazırda onun tərəfindən istifadə olunduğu bildirilmişdir.
28. Bundan başqa Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-1238/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı naturada göstərdiyi torpaq sahəsi faktiki olaraq 11826 kv.metrdir. Həmin torpaq sahəsi TEKUİS məlumat bazasında X4 kateqoriyasına aid, uqodiyası çoxillik əkmələr kimi göstərilmiş Tasmalı bələdiyyəsinin (Lələpaşa kəndi) mülkiyyətində olan ərazidir. İddiaçının nümayəndəsinin bildirdiyinə görə hal-hazırda həmin torpaq sahəsi iddiaçı tərəfindən istifadə olunur. Döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi məhkəmə tərəfindən təqdim olunan sxemdə göstərilən torpaq sahəsi ilə qismən uyğunluq təşkil edir. Faktiki istifadə olunan torpaq sahəsi DWG (Mülkiyyətə verilən torpaqların kompleks yerquruluşu planına) faylına əsasən BEF (X2)-na aid əraziyə düşür. NECAS (yeni kadastr sistemi) proqramında Hüquqların dövlət reyestrində qeydiyyatı aparılmış torpaq sahələri ilə üst-üstə düşməsi yoxdur.
29. Məhkəmə kollegiyasının sorğusuna əsasən, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyinə əsasən, faktiki istifadə edilən torpaq sahəsinin ölçüsü (1.18 ha) iddiada qeyd edilən (1.1 ha) torpaq sahəsindən fərqli olsa da iddiaçının hüquqi marağına əsasən 1.1 ha torpaq sahəsinin konkret hissəsi, ölçüsü və dəqiq koordinatları yerquruluşu planında göstərilmişdir. Həmin 1.1 ha torpaq sahəsi Qax rayonu Lələpaşa kəndi ərazisində olmaqla Tasmalı bələdiyyəsinin mülkiyyətində olan ərazidir. Faktiki istifadə olunan torpaq sahəsi DWG faylına və TEKUİS məlumat bazasına əsasən X2 torpaqları kateqoriyasına aiddir.
30. Məhkəmə kollegiyası iş materiallarını və kollegiya tərəfindən aparılan araşdırma nəticəsində əldə edilən sənədləri nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslıdır.
31. Belə ki, iş materiallarında olan Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 nömrəli iclas protokolu ilə iddiaçıya Qax rayon Lələpaşa bələdiyyəsinin ərazisindən bir pay torpaq sahəsinin verilməsi sübut olunur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində torpaq sahəsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan müddəalarına uyğundur.
32. Göründüyü kimi iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar mövcud deyil. Həmçinin, torpaq sahəsinin iddia olunan ölçüdə iddiaçıya verilməsi məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı təqdim edilən sənədlərdə öz əksini tapmışdır. Belə olan halda cavabdeh inzibati orqanın mübahisə predmeti olan torpaq sahəsinin ölçüsünün müəyyən edilməməsi əsası ilə iddiaçının müraciətindən imtina etməsi əsassız olmuşdur.
33. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
34. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadan iddia tələbini təmin etməmiş, bununla da İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Qax rayonu Lələpaşa kəndi ərazisində Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 nömrəli qərarı ilə ayrılmış 1.1 ha pay torpaq sahəsi üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.
36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2-1(116)-271/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Qax rayonu Lələpaşa kəndi ərazisində Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 nömrəli qərarı ilə ayrılmış 1.1 ha pay torpaq sahəsi üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.