Məhkəmə qərarları › İş №2-1(107)-180/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-180/2022

06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-180/2022 06.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-154/2022 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “Qəbələ rayon Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X3 və ailə üzvlərinə verilmiş JN-498 kod 40614018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-154/2022 nömrəli qərardadı ilə iş üzrə X6, X5, Muştaqova (Əzimova) Nərmin Bayraməli qızı, Abdullayeva (Əzimova) Nərgiz Bayraməli qızı və Umudalıyeva (Əzimova) Nuranə Bayraməli qızı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

3. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - Qəbələ rayonunda aqrar islahat zamanı kənd ərazisində daimi yaşayan, kolxozda işləyən şəxslərə həyətyanı torpaq sahəsi və pay torpaq sahəsi ayrılmışdır. İslahat aparılan zaman ailə başçısı olaraq İddiaçı olmaqla onun təsərrüfatında olan ailə üzvlərinə ümumilikdə 1.02 ha torpaq sahəsi qeyd edilən JN-288 kod 40614018 nömrəli dövlət aktı verilmişdir. Həmçinin, həmkəndlisi və qonşusu Əzimov Bayraməliyə də ailə üzvləri ilə birlikdə ümumilikdə 1.23 ha torpaq sahəsi olmaqla JN-498, kod 40614018 nömrəli dövlət aktı verilmişdir. İslahat zamanı İddiaçı istifadəsində olan 0.59 ha torpaq sahəsini Bayraməli Əzimov öz dövlət aktına vurdurub. Belə ki, Bayraməli Əzimovun dövlət aktına vurulmuş torpaq sahəsinin 0.59 ha hissəsi ona və ailə üzvlərinə verilməli idi. Odur ki, məhkəmədən JN-498 kod 40614018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçıya xx.xx.2021-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərlərinə çatdırılmışdır ki, ləğv edilməsini tələb etdiyi JN-498 kod 40614018 nömrəli X11 Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 25 nömrəli qərarı əsasında tərtib edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi Qəbələ Rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir və ləğvi tələb edilən Dövlət Aktının verilməsinə əsas olmuş Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 №-li qərarının mübahisələndirilməsi imkanı da artıq itirilmişdir. Odur ki, müvafiq qərar qüvvədə olduğundan onun əsasında verilmiş Dövlət Aktı mübahisələndirilə bilməz.

5. Yuxarıda qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya vaxt təyin edilmişdir.

6. İddiaçı məhkəmənin hüquqi yardım məktubuna xx.xx.2022-ci il tarixdə münasibət bildirərək iddia tələbinin mümkün hesab edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 26 aprel 2022-ci il tarixli 2- 1(116)-154/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasına əsas olaraq müddətin ötürülməsi göstərilmişdir. Bayraməli Əzimovun oğlunun qanunsuz əməllərindən yalnız 2020-ci ilin dekabr ayının əvvəllərində araşdırma apardıqdan və müstəqil ekspertiza mərkəzinin yarımçıq rəyindən sonra iddiaçı tərəfindən araşdırma apardıqdan sonra məlumatı olmuşdur. Bundan sonra ona məlum olmuşdur ki, Bayraməli Əzimov ona və ailə üzvlərinə məxsus torpaq mülkiyyətini adına rəsmiləşdirmişdir. Torpağın düzgün ölçülməsinə mane olmaq üçün islahat zamanı torpaq sahəsinin sənədlərini tərtib edən şəxslərlə əlaqəyə girərək onun mülkiyyətinə aid torpaq sahəsini öz adına vurdurmuşdur. Bu səbəbdən də onun xx.xx.2011-ci ilədək məhkəməyə müraciət etmək imkanı olmamışdır. Ona görə Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-154/2022 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-154/2022 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2- 1(116)-154/2022 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. 12 . Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər X6, Muştaqova (Əzimova) Nərmin Bayraməli qızı. Abdullayeva (Əzimova) X1 (Əzimova) Nuranə Bayraməli qızı məhkəmə iclasına gəlməmiş, cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.

13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli 25 saylı qərarından və torpaq payı almaq hüququ olan subyektlər siyahısından çıxarışdan görünür ki, Qəbələ rayonu Mıxlıqovaq kəndi Şəhriyar adına kolxozun ərazisində aparılan torpaq islahatı ilə əlaqədar olaraq Qəbələ rayonlararası yerquruluşu idarəsi tərəfindən işlənib hazırlanmış kompleks yerquruluşu layihəsinin təsdiqi barədə kolxoz YAİK-nın xx.xx.1997-ci il tarixli 34 saylı qərarı təsdiq edilmiş, müvafiq subyektlər siyahısında X4 və ailə üzvlərinin adları qeyd edilmişdir. - JN-498 kod 40614018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, X3 Qəbələ rayon AİK-nın xx.xx.1997ci il tarixli 25 saylı qərarı ilə 1.23 ha torpaq sahəsi verilmişdir. - Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının analoji müraciətinin təmin edilməsindən imtina edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər.

17. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 298. Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.

18. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 20. Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Maddə 22. Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X2 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

19. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X9 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X2 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir.

20. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

21. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

25. Belə ki, iddia tələbində ləğv edilməsi tələb edilən JN-498 kod 40614018 nömrəli X11 Rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 №-li qərarı əsasında verilmişdir. Odur ki, iddianın müddətlər baxımından həllində Aqrar İslahat Komissiyasının qərarının qəbul olunduğu zaman qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır.

26. Bununla bağlı kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, X2 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur.

27. Göründüyü kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdir və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur.

28. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir.

29. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 №-li qərarının mübahisələndirilməsi imkanı artıq itirildiyindən və həmin qərar hazırda da qüvvədə olduğundan, onun əsasında verilmiş JN-498 kod 40614018 nömrəli Dövlət Aktının mübahisələndirilməsi də mümkün sayıla bilməz.

30. İnzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.

31. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

32. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

33. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)- 154/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-154/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar