Məhkəmə qərarları › İş №2-1(107)-180/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-180/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-180/2023 05.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək Aqrar X3 Ticarət Birliyi “Aqrokoop”-da sürücü vəzifəsində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2-1(116)-1558/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək Qəbələ rayon Aqrar X3 Ticarət Birliyi “Aqrokoop”-da sürücü vəzifəsində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, hərbi xidmət və əmək kitabçasında qeyd edilmiş müddətləri nəzərə almaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan, Qəbələ rayon Aqrar X3 Ticarət Birliyi “Aqrokoop”-da sürücü vəzifəsindən azad edilməsinə dair xx.xx.2004-cü il tarixdə əmrdə iddiaçının adının olmamasını, ümumi sosial sığorta stajının 18 il 8 ay 20 gün təşkil etməklə tələb olunan 25 ildən az olmasını və xx.xx.2006-cı il tarixdən – xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasını bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

3. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmışdır əsaslandırmışdır..

4. İddiaçı, birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehin nümayəndəsi, birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 21 noyabr 2022-ci il tarixli 2- 1(116)-1558/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Onun əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olub-olmaması araşdırılmamış, əmək kitabçasında olan qeydlərin şübhəli olması sübuta yetirilmədən əmək kitabçası mötəbər sübut kimi nəzərə alınmamışdır. xx.xx.1995-ci il tarixində Qəbələ rayon Aqrar X3 ticarət birliyi “Aqrokop”da sürücü vəzifəsinə işə qəbul olunmağı və xx.xx.2004-cü il tarixində ərizəsinə əsasən işdən azad edilməyi əmək kitabçasında öz əksini tapmışdır. Müəssisənin hər hansı arxiv sənədində qeydiyyatın aparılmamasında isə işçinin hər hansı təqsiri və məsuliyyəti ola bilməz. Ona görə də Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2-1(116)- 1558/2022 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2-1(116)- 1558/2022 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2-1(116)-1558/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının vəkili X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2-1(116)-1558/2022 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 47 nömrəli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1995-ci ildə 37 №-li əmrlə xx.xx.1995-ci il tarixdən Aqrokoopda sürücü vəzifəsinə qəbul edilmişdir. xx.xx.2004-cü il tarixli 27 №-li əmrdə iddiaçının adı qeyd olunmayıb. - SHXÇDX-nin Qəbələ rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 734 №-li arayışından görünür ki, iddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. - ИТ-İ ******* nömrəli əmək kitabçasında iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövr aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1977-xx.xx.1979, xx.xx.1981-xx.xx.1993, xx.xx.1979-xx.xx.1981 xx.xx.1995-xx.xx.2004. - Qəbələ “Aqrokoop”-un xx.xx.2004-cü il tarixli 27 nömrəli əmrindən görünür ki, işçi siyahısından çıxarılması nəzərdə tutulmuş şəxslərin siyahısında iddiaçının adı qeyd edilməmişdir. - Məhkəmə kollegiyasının 17 mart 2023-cü il tarixli sorğusuna əsasən verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 28 mart 2023-ü il tarixli məktubundan görünür ki, Qəbələ Rayon Aqrar X3 Ticarət Birliyi “Aqrookoop” 02 fevral 1999-cu il tarixdə ********* nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi uçotuna alınmışdır. Vergi ödəyicilərinə yeni eyniləşdirmə nömrələrinin verilməsi Qaydalarına Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişiliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 12 fevral tarixli Fərmanına uyğun olaraq birliyin 10 rəqəmli eyniləşdirmə nömrəsi ilə vergi orqanında uçota alınması barədə uçot məlumat bazasında heç bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən Qəbələ Rayon Aqrar X3 Ticarət Birliyi “Aqrookoop”un qeyd olunan dövr ərzində faktiki olaraq fəaliyyət göstərib-göstərməməsi barədə məlumat əldə edilməsi mümkün olmamışdır. - İddiaçının vəkili tərəfindən təqdim olunmuş yol vərəqələrindən görünür ki, İddiaçı 1995-1998-ci illərdə Qəbələ Aqrokoopun sifarişi ilə yükdaşımanı həyata keçirmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.

17. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

18. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

19. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddiaçının Qəbələ rayon Aqrar X3 Ticarət Birliyi “Aqrokoop”-da sürücü vəzifəsindən azad olunmasına dair xx.xx.2004-cü il tarixli 27 nömrəli əmrin surəti Qəbələ rayon Dövlət Arxivindən sorğu edilərək işə əlavə edilmiş və müəyyən edilmişdir ki, ümumiyyətlə həmin əmrdə işdən azad olunan şəxslər siyahısında iddiaçının adı yoxdur. Yəni, iddiaçının xx.xx.1995-ci ildə 37 №-li əmrlə xx.xx.1995-ci il tarixdən Aqrokoopda sürücü vəzifəsinə qəbul edilməsi müəyyən edilsə də, onun hansı tarixədək həmin müəssisədə işləməsi məlum deyil. Əmək kitabçasında iddiaçının işdən azad edilməsi barədə qeyd isə işdə olan əmrin məzmununa uyğun deyil və cavabdeh haqlı olaraq əmək kitabçasında icra edilmiş qeydin mötəbərliyini mübahisələndirmişdir. Belə olan halda iddiaçının ümumi sosial sığorta stajı 25 ildən az olduğundan cavabdeh orqan, iddiaçının xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək Qəbələ rayon Aqrar X3 Ticarət Birliyi “Aqrokoop”da sürücü vəzifəsində işlədiyi dövrün sosial sığorta stajının nəzərə alınmasından və iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

26. İddiaçı 25 ildən artıq sosial sığorta stajının olmasını ИТ-İ ******* nömrəli əmək kitabçası ilə sübuta yetirildiyini bildirir. Cavabdeh orqan isə sözügedən əmək kitabçasında iddiaçı barəsində sonuncu qeydi mübahisələndirir və həmin qeyd nəzərə alınmadan iddiaçının sosial sığorta stajı hesablandıqda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 25 il sosial sığorta stajının tamamlanmadığını bildirir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsasını birinci instansiya məhkəməsi tərəfindən onun əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olub-olmamasının araşdırılmaması, əmək kitabçasında olan qeydlərin şübhəli olması sübuta yetirilmədən əmək kitabçasının mötəbər sübut kimi nəzərə alınmaması və “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 69-cu maddəsinin tələblərinin pozulması təşkil edir.

28. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmadan iddiaçının əmək kitabçasındakı qeydlər nəzərə alınaraq onun xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək Qəbələ rayon Aqrar X3 Ticarət Birliyi “Aqrokoop”-da sürücü vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməli olduğu halda, həmin qeydlər nəzərə alınmamış və iddiaçının sosial sığorta stajının 25 ildən az olduğu müəyyən edilmişdir.

29. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə sorğu edilmiş və 28 mart 2023-ü il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, Qəbələ Rayon Aqrar X3 Ticarət Birliyi “Aqrookoop” 02 fevral 1999-cu il tarixdə ********* nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi uçotuna alınmışdır. Vergi ödəyicilərinə yeni eyniləşdirmə nömrələrinin verilməsi Qaydalarına Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişiliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 12 fevral tarixli Fərmanına uyğun olaraq birliyin 10 rəqəmli eyniləşdirmə nömrəsi ilə vergi orqanında uçota alınması barədə uçot məlumat bazasında heç bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən Qəbələ Rayon Aqrar X3 Ticarət Birliyi “Aqrookoop”un qeyd olunan dövr ərzində faktiki olaraq fəaliyyət göstərib-göstərməməsi barədə məlumat əldə edilməsi mümkün olmamışdır.

30. Bundan başqa iddiaçının vəkili tərəfindən kollegiyaya təqdim edilmiş yol vərəqələrindən müəyyən olunur ki, İddiaçı 1995-1998-ci illərdə Qəbələ Aqrokoopun sifarişi ilə yükdaşımanı həyata keçirmişdir.

31. Məhkəmə kollegiyası cavabdehin iddiaçının müraciətinə imtinasında göstərdiyi Qəbələ rayon Aqrar X3 Ticarət Birliyi “Aqrokoop”-da sürücü vəzifəsindən azad edilməsinə dair xx.xx.2004-cü il tarixdə əmrdə iddiaçının adının olmaması, buna görə də qeyd edilən dövrün yoxlanılmasının mümkün olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının adının xx.xx.2004-cü il tarixli 27 nömrəli əmrdə olmaması qeyd edilən hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçının vəzifəsi ona məxsus əmək kitabçasının lazımi qaydada saxlanılmasını təmin etmək olmuşdur və o, tələbini əsaslandırdığı halları əmək kitabçasındakı müvafiq qeydlərlə sübut edə bilir. Digər müəssisə və orqanların öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmaması isə, iddiaçının hüquqlarının pozulmasına və ona məxsus sənədlərdə icra edilmiş qeydlərin həqiqiliyinin şübhə altına salınmasına səbəb olmamalıdır.

32. İş materiallarında olan ИТ-İ ******* nömrəli əmək kitabçasından iddiaçının xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək Qəbələ rayon Aqrar X3 Ticarət Birliyi “Aqrokoop”da sürücü vəzifəsində işlədiyi müəyyən olunur. Bundan başqa iddia tərəfinin təqdim etdiyi yol vərəqələrindən 1995-1998-ci illərdə iddiaçının Qəbələ Aqrokoopun sifarişi ilə yükdaşımanı həyata keçirdiyi müəyyən olunur. Bu isə iddiaçının həqiqətən həmin illərdə Qəbələ rayon Aqrar X3 Ticarət Birliyi “Aqrokoop”-da sürücü vəzifəsində işlədiyini sübut edir.

33. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.

34. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, İddiaçı xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək Qəbələ rayon Aqrar X3 Ticarət Birliyi “Aqrokoop”-da sürücü vəzifəsində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2-1(116)-1558/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. İddiaçı xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək Qəbələ rayon Aqrar X3 Ticarət Birliyi “Aqrokoop”-da sürücü vəzifəsində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar