Məhkəmə qərarları › İş №2-1(107)-181/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-181/2021

19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-181/2021 19.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyanın imtinası qeyri-qanuni hesab edilərək, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyanın xx.xx.2020-ci il tarixli cavab məktubunun rədd edilməsi və ona ”Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı N-ci ildə Ucar RHK tərəfindən hərbi xidmətə çağırılmış və Lənkəran şəhərində yerləşən N nömrəli hərbi hissədə xidmətə başlamışdır. Oradan döyüş bölgəsinə göndərilərək Füzuli, Laçın və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Laçın rayonunun Səfiyan kəndində gedən döyüşlərdə yaralanmış, qəlpə yarası və kəlləbeyin travması almışdır. İddiaçı helikopterlə Bakı şəhərinə hərbi hospitala gətirilmişdir. Orada müalicə aldıqdan sonra həkimlər hərbi xidmətə yararsız kimi onu evə buraxmışlar. İddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı keçirilən məhkəmə iclasında ərizə təqdim edərək, iddia tələbində dəqiqləşdirmə aparmış və “”Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan etirazında qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Əsasnamənin “Qeyd” hissəsində yazılır ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Cavabdeh orqan bildirir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçıya “Müharibə veteranı” adının verilməsi mümkün deyildir. Məhkəmə iclasında iddaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir və bildirdi ki, yaralandıqdan sonra Bakı şəhərində bir ay hərbi hospitalda müalicə almışdır. Bir aydan sonra Ucar rayonuna qayıtmış və Ucar Rayon Xəstəxanasında qeydiyyata düşmüşdür. Bir ay da Ucar rayonunda qaldıqdan sonra Lənkərana sanitar hissəyə getmiş, orada baxımsızlıqdan əziyyət çəkdiyi üçün yenidən Ucar rayonuna qayıtmışdır. Hərbi hissəyə ümumiyyətlə qayıtmamışdır. Amnistiya olandan sonra Lənkərandakı hərbi hissəyə getmiş, orada ona əlillik kağızı vermişlər. Daha sonra Hərbi Prokurorluğa getmiş və ona barəsində cinayət işinin olmadığına dair kağız vermişlər. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-195/2021 nömrəli qərarı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Bildirmişdir ki, birinci instansiya məhkəməsi əsas kimi qeyd edib ki, "məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək hospitalda müayinə və müalicə olunduqdan sonra xidmət yerinə qayıtmamışdır. Bu səbəblə də iddiaçının ordudan qanuni əsaslarla tərxis olunmasına dair müvafiq qeydlər aşkar edilməmişdir. Qeyd etmişdir ki, Azərbaycan Respublikasının suverenliyi, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə N-ci illərdə döyüşlərdə iştirak etmişdir. Həmin vaxt hərbi hissəni özbaşına tərk etməmişdir, barəsində cinayət işi olmayıb, heç bir qanun pozuntusuna yol verməmişdir. O, Azərbaycan Respublikasının suverenliyi, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə N-ci illərdə döyüşlərdə iştirak etmişdir. N-ci ildə Ucar rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Lənkəranda yerləşən N saylı hərbi hissəyə gətirilmişdir. Oradan da Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Qarabağ ərazisinə göndərilmişdir. Füzuli, Laçın və Qubadlı kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Laçın rayonunun, Səfiyan kəndində gedən döyüşlərdə yaralanmışdır, qəlpə yarası və kəllə-beyin travması almışdır. Buna görə helekopterlə Bakıya hərbi hospitala gətirilmişdir. Orada stasionar müalicə olunduqdan sonra həkimlər hərbi xidmətə yararsız kimi onu evə buraxıblar. Bütün bunları təsdiq edən sənədləri birinci instansiya məhkəməsinə təqdim etmişdir.Müdafiə Nazirliyinin Mərkəzi Arxiv idarəsinin xx.xx.2020-ci il tarixli arayışında Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyi qeyd edilmişdir. Arxiv arayışının sonunda qeyd edilib ki, “Bildiririk ki, N nömrəli hərbi hissənin Nci il tarixli müalicədə olanların qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil edilməmişdir” Ancaq qeyd etmişdir ki, onun Qarabağ müharibəsində yaralanıb müalicə olunmağına dair sənədlər var ki, Şəki İnzibati Məhkəməsinə təqdim etmişdir.Həmçinin o hərbidən qanuni qaydada tərxis edilmişdir. Barəsində heç bir cinayət işi olmamışdır. Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan verilmiş cavab məktubunda qeyd edilmişdir ki, "Respublika Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında cinayət işinin istintaq edilməsinə və ya təqsirləndirici material olmasına dair məlumat müəyyən edilməmişdir" Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-195/2021 nömrəli qərarının ləğv edilməsi və iddanın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(116)-195/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş MN İşlər İdarəsi Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/23081 nömrəli arxiv arayışında qeyd edilir ki, sıravi İddiaçı 820(704) nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 1 №-li əmrilə (əsas: §1, sıra- 209, qeyd: əmrdə atasının adı Dursun yazılmışdır) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq 9-cu motoatıcı bölüyün sürücü-mexaniki vəzifəsinə təyin olunmuşdur. 820(704) nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 25 №-li əmrində (əsas: səh.43, §1, sıra-249, qeyd: əmrdə atasının adı yazılmamışdır) İddiaçı döyüş əməliyyatı bölgəsinə Qarabağa göndərildiyi üçün xx.xx.N-ci il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. 820(704) nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 56 №-li əmrində (əsas: §1, sıra-161, qeyd) əmrdə atasının adı yazılmamışdır) 3-cü motoatıcı batalyonun sıravisi İddiaçı Qarabağ döyüş əməliyyatı bölgəsindən gəlməsi qazan təminatına qoyulması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin oktyabr, noyabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı müalicə alması, hərbi hissənin N-ci il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissənin N-ci il tarixli müalicədə olanların qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2013-cü il tarixli 256 nömrəli arayışında qeyd edilir ki, N saylı hərbi hissənin sabiq əsgəri İddiaçı xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək SQ BKH-da stasionar müayinə və müalicə olunmuşdur. İddiaçıya məxsus ******* nömrəli, xx.xx.2001-ci il tarixli hərbi biletin təsdiq edilmiş surətində iddiaçının müharibə dövründə məhdud yararlı, sülh dövründə yararsız olması göstərilsə də, iddiaçının ordudan qanuni əsaslarla tərxis olunmasına dair müvafiq qeydlər aşkarlanmamışdır. Tərtər Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 22HP3644 nömrəli məktubunda qeyd edilir ki, 1973-cü il təvəllüdlü, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amtistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 751 nömrəli məktubuna əlavə edilmiş arxiv arayışının təsdiq edilmiş surətində qeyd edilir ki, 820(704) saylı hərbi hissə komandirinin noyabr N-ci il tarixə aid olan əmrlərində İddiaçı hissədən xaric edilməsi barədə heç bir məlumat yoxdur. Lənkəran Hərbi Prokurorluğunun xx.xx.2014-cü il tarixli məktubunun təsdiq edilmiş surətində qeyd edilir ki, Ucar sayonu Bağman kənd sakini, 1973-cü il təvəllüdlü İddiaçı barəsində Lənkəran Hərbi Prokurorluğunda cinayət işi istintaq edilməmiş və heç bir təqsirləndirici material olmamışdır. Dövlət Xidmətinin məktubuna əlavə edilmiş MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli 543 nömrəli Qərarının təsdiq edilmiş surətində qeyd edilir ki, Ucar RHK tərəfindən N-ci ildə hərbi xidmətə çağırılmış, Lənkəran hərbi prokurorluğunun xx.xx.2014-cü il tarixli məktubuna əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı Dursunəli oğlunun döyüş zonasında hərbi xidmət keçərkən N-ci ildə aldığı, xx.xx.N-ci ildən xx.xx.N-ci ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travma - diaqnoz: «Zədələnmə əlaməti olmayan qapalı kəllə-beyin silkələnməsindən sonrakı vəziyyət» və xx.xx.N-ci ildən xx.xx.N-ci ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travmanın nəticəsi diaqnoz: «Üzvi zədələnmə əlamətlərinin olmaması ilə baş beyin silkələnməsinin nəticələri» (Ucar rayon şöbəsinin göndərişi, xx.xx.2013-cü il tarixli 256 nömrəli arayışı, xx.xx.2014cü il tarixli 107 saylı arayışı, SQ BKH-dan verilmiş xx.xx.2013-cü il tarixli 256 saylı arayış, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər (Rayon) Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 189-23936-1220 nömrəli məktubuna əlavə edilmiş 9 nömrəli Əlavədən müəyyən edilir ki, iddiaçı barəsində AR DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.N-ci il tarixdən xx.xx.N-ci ildədək Hospitalda müayinə və müalicə olunduqdan sonra xidmət yerinə qayıtmamışdır. Bu da apelyasiya şikayətində ordudan tərxis olunması baglı dəlil ilə razılaşmayan kollegiya qeyd edir ki, iddiaçının ordudan qanuni əsaslarla tərxis olunmasına dair müvafiq qeydlər aşkar edilməmişdir.Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanuni əsaslarla tərxis olunmamışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə,inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasını təmin etməməkdə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(116)-195/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar