Məhkəmə qərarları › İş №2-1(107)-181/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-181/2022

13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-181/2022 13.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “Göyçay şəhəri, H.Əliyev prospekti, bina 67, mənzil 24 ünvanında yerləşən ümumi sahəsi 94.5 kv.m olan mənzildə və Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 91 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən evdə qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2-1(116)-160/2022 nömrəli qərarından iş üzrə üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Bank "xxxx" ASC Cavabdehnə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Göyçay şəhəri, H.Əliyev prospekti, bina 67, mənzil 24 ünvanında yerləşən ümumi sahəsi 94.5 kv.m olan mənzildə və Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 91 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən evdə qeydiyyatda olan bütün şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə tələbin dəqiqləşdirilməsi barədə hüquqi yardım edilmiş, iddiaçı nöqsanların aradan qaldırıldığı dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim edərək mülkiyyətində olan, Göyçay şəhəri, H.Əliyev prospekti, bina 67, mənzil 24 ünvanından X8 və ünvan 2 X1 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-1150/2022 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi icraata qəbul edilmişdir.

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Göyçay şəhəri, H.Əliyev prospekti, bina 67, mənzil 24 və Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 91 ünvanında yerləşən yaşayış sahələri tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı özünə məxsus yaşayış sahəsindən həmin əmlakla bağlı heç bir əmlak hüququ olmayan və orada yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.

5. İddiaçı tələb hüququnu mənzilin onun xüsusi mülkiyyətində olması, üçüncü şəxslərin həmin mənzildə faktiki olaraq yaşamaması və heç bir əmlak hüququnun olmaması ilə əsaslandırmışdır. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 17 mart 2022-ci il tarixli 2- 1(116)-160/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Cavabdeh üzərinə iddiaçı "xxxx" ASC-nin mülkiyyətində olan Göyçay şəhəri, H.Əliyev prospekti, bina 67, mənzil 24 ünvanından X8 və ünvan 3dan X1 qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması qərara alınmışdır.

7. Üçüncü şəxs X12 həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qərarda göstərilən nəticələr işin hallarına uyğun gəlməmişdir. Məhkəmə qərarını belə əsaslandırmışdır ki, üçüncü şəxslərdən X2 şəhəri, Heydər Əliyev prospekti ev 67, mənzil 24 ünvanında yerləşən mənzilin keçmiş mülkiyyətçisidir. Həmin mənzil Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)-15/2020 nömrəli qətnaməsinin icrası qaydasında 33/01 və 33/02 №-li Hərracın yekunları barədə protokollara əsasən iddiaçının xüsusi mülkiyyətinə keçmiş, bununla da üçüncü şəxs Pərviz Həmidov həmin mənzildə olan əmlak hüquqlarını itirmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Üçüncü şəxs X14 şəhəri, Heydər Əliyev prospekti ev 67, mənzil 24 ünvanında yerləşən mənzildə olan əmlak hüquqlarını itirməmişdir. Belə ki, ünvan 4 ünvanında yerləşən mənzil Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-15/2020 nömrəli qətnaməsinin icrası qaydasında 33/01 və 33/02 №-li Hərracın yekunları barədə protokollara əsasən iddiaçının xüsusi mülkiyyətinə keçəndən sonra, üçüncü şəxs Pərviz Həmidov iddiaçı Bank "xxxx" ASC ilə razılığa gəlmiş, üçüncü şəxs Pərviz Həmidov notariat kontorunda alqı-satqı müqaviləsi bağlamış və həmin mənzili almışdır. Bundan sonra iddiaçı Bank "xxxx" ASC Göyçay Rayon Məhkəməsində Pərviz Həmidova qarşı “mənzildən çıxarılma” barədə qaldırdığı iddianı geri götürmüşdür. Göyçay Rayon Məhkəməsinin 2(046)-162/2022-nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Bank "BTB” ASC-nin cavabdehlər X7, X9, X3, X4 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi hazırkı iddianın mümkünlüyünü yoxlamadan iddia tələbinə mahiyyəti üzrə baxıb yekun qərar qəbul etməklə səhvə yol vermişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2-1(116)-160/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər.

10. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

11. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)- 15/2020 nömrəli qətnaməsindən görünür ki, Göyçay Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tаrixli 2(046)-1406/2018 nömrəli qətnaməsi ... mülkiyyət hüququ üzrə X9 məxsus olan və ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 94,5 kv.m. olan mənzilin və mülkiyyət hüququ üzrə X3 məxsus olan və ünvan 7 ünvanda 0,06 ha torpaq sahsində yerləşən, ümumi sahəsi 136,7 kv.m. olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmetləri olan, ... mülkiyyət hüququ üzrə X9 məxsus olan və ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 94,5 kv.m. olan mənzilin ilkin satış qiyməti 54000 (əlli dörd min) manat, mülkiyyət hüququ üzrə X3 məxsus olan və ünvan 7 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,7 kv.m. olan fərdi yaşayış evinin ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat məbləğində müəyyən edilmişdir. Həmçinin müvafiq qətnamə ilə Göyçay rayon Məhkəməsinin tələbin ipoteka predmetinə yönəldilməsi, qeyd edilən əmlakların açıq hərracdan satılması, əldə edilən vəsaitdən 100899,84 (bir yüz min səkkiz yüz doxsan doqquz dollar 84 sent) ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı, məhkəməyə müraciət etmək üçün xərcin cavabdehə aid hissəsi 25,40 (iyirmi beş manat 40 qəpik) manatın iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun 25,40 (iyirmi beş manat 40 qəpik) manatının cavabdeh X7, 5 (beş) manatının iddiaçıBank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi, 80 (səksən) manat məhkəmə-mühasibatlıq ekspertizası xərcinin 70 (yetmiş) manatının cavabdeh X7, 10 (on) manatının iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi və iddia tələbinin “ipoteka predmetləri olan əmlaklar satıldıqdan sona əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması, cavabdehin ipotekaya qoyduğu mənzillərə tutmanın yönəldilməsi ilə bağlı həmin mənzillərdə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması hissəsi”ndə iddianın təmin edilməməsi ilə bağlı Göyçay Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tаrixli 2(046)-1406/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - 33/01 və 33/02 №-li Hərracın yekunları barədə protokollardan görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçı hər iki daşınmaz əmakla bağlı hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi bağlamaqla həmin əmlaklar üzərində mülkiyyət hüququ əldə etmişdir. - xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli DƏDRX-dən çıxarışdan görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının adına tam xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmışdır. - xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli DƏDRX-dən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil iddiaçının adına tam xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7894/2019 nömrəli qərarından görünür ki, Göyçay rayon məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdehlər Göyçay rayon notariat kontoruna və "xxxx" ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Cavabdeh xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir. - Göyçay rayon Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 1240 nömrəli məktubundan görünür ki, Göyçay şəhəri, H.Əliyev prospekti, bina 67, mənzil 24 ünvanında X12, Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 91 ünvanında X6 qeydiyyatdadır.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qərara almışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarda qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Maddə 9.1. Müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. Mülki Məcəllə: Maddə 27. Fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxsin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi və xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli DƏDRX-dən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən mənzil iddiaçının tam xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər hazırda həmin yaşayış sahələrində pasport qeydiyyatındadırlar.

23. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırkı iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Lakin, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarının hazırkı işə tətbiqi ilə bağlı birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, üçüncü şəxslərdən X2 şəhəri, Heydər Əliyev prospekti ev 67, mənzil 24 ünvanında yerləşən mənzilin keçmiş mülkiyyətçisidir. Həmin mənzil Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-15/2020 nömrəli qətnaməsinin icrası qaydasında 33/01 və 33/02 №-li Hərracın yekunları barədə protokollara əsasən iddiaçının xüsusi mülkiyyətinə keçmiş, bununla da üçüncü şəxs Pərviz Həmidov həmin mənzildə olan əmlak hüquqlarını itirmişdir.

25. Həmçinin, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan X1 iddiaçının mülkiyyətində olan yaşayış sahəsində hər hansı bir əmlak hüququnun olması müəyyən olunmur.

26. Bundan başqa müəyyən edilmişdir ki, üçüncü şəxslərin heç biri qeydiyyatda olduqları ünvanda faktiki yaşamırlar. İddiaçının isə həmin daşınmaz əmlaklar üzərində tam xüsusi mülkiyyət hüququ əldə etməsi işin mübahisəsiz halıdır.

27. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, üçüncü şəxslərin həmin yaşayış sahələrində qeydiyyatı tamamilə formal xarakter daşıyır. Bu o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin iddiaçının evində qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox iddiaçının evində yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, Qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir.

28. Məhkəmə kollegiyasının qənaətinə görə üçüncü şəxsin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Bundan başqa, qeydiyyat məsələsi həm də iddiaçının mülkiyyət hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, üçüncü şəxsin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.

29. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, cavabdeh inzibati orqan üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

30. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir.

31. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2-1(116)-160/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar