Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-181/2023 09.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,38 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(116)-1955/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,38 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən, İddiaçı, onun ailə üzvləri X2, X6, X4 mülkiyyətinə 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və onların adına bu barədə JN-127 kod 40108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə ərizə ilə müraciət edərək, JN-127 kod 40108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən 0,38 ha torpaq sahəsinə özünün və ailə üzvlərinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış verilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********03 nömrəli məktubla imtina edərək bildirmişdir ki, JN-127 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd olunan 0,38 ha torpaq sahəsinin sənəd üzrə və faktiki sahələri arasında uyğunsuzluq vardır. Sənəd üzrə 0,38 ha torpaq sahəsinin 0,2909 ha hissəsi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin üzərinə, qalan 0,0891 ha hissəsi isə başqa mülkiyyətçilərin istifadəsində olan torpaq sahələrinin üzərinə düşür. Fiziki sərhədlər daxilində İddiaçı istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,2909 ha təşkil edir. Şəki İnzibati Məhkəməsinin 27 fevral 2020-ci il tarixli 2-1(116)71/2020 saylı qərarı ilə Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvləri X1, X6, X4 ümumi mükiyyətinə verilmiş 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onların adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İddiaçı həmin qərar əsasında xx.xx.2020-ci il tarixdə 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, lakin həmin torpaq sahəsinə torpaq sahəsinin plan-ölçü sənədi verilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********92 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizənin icrası ilə bağlı daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, 0,38 ha torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında fərq vardır. Belə ki, sərhəd daxilində torpaq sahəsi sənəd üzrə torpaq sahəsindən 0,0891 ha azdır. Bundan əlavə torpaq sahəsinin kadastr ekspertizası zamanı məlum olmuşdur ki, 0,38 ha kənd təsərrütatı təyinatlı torpaq sahəsinin 175 kv.m hissəsi daşınmaz əmlakın dövlət reyestrində başqa mülkiyyətçilərin adına qeydiyyata alınmış torpaq sahələrinin cizgiləri ilə üst-üstə düşür. Qeyd olunan uyğunsuzluqları nəzərə alaraq Balakən şəhəri, Mirvari Dilbazi küçəsində yerləşən 0,38 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması mümükün olmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********93 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri əsas gətirərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1955/2022 nömrəli qərardadı ilə X8, X12 və X3 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb olunmuşdur. Tərəflər birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 17 noyabr 2022-ci il tarixli, 2- 1(116)-1955/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,38 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2- 1(116)-1955/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qeyd olunan işə baxarkən imtina və etiraz məktubunda göstərilən dəlillərlə bağlı araşadırma aparmamışdır. Həmin torpaq sahəsinə müvafiq texniki sənədin hazılmasında daşınmaz əmlakın dövlət reyestrində maneə vardır. Belə ki, həmin torpaq sahəsinin 175 kv.m hissəsi daşınmaz əmlakın dövlət reyestrində başqa mülkiyyətçilərin adına qeydiyyata alınmış torpaq sahələrinin cizgiləri ilə üst-üstə düşür. Bundan başqa 0.38 ha torpaq sahəsinin sənəd üzrə ölçülən ilə faktiki ölçülən arasında fərq də vardır. Belə ki, sərhəd daxilində torpaq sahəsi sənəd üzrə torpaq sahəsindən 0,0891 ha azdır. Məhkəmə qeyd olunan məsələləri aydınlaşdırmaq üçün işi xüsusi biliyə malik olan ekspert və mütəxəssislərə həvalə etməmişdir. Məhkəmə qanunla müəyyən edilmiş qaydada sözügedən qərarını iş üzrə cavabdeh olan ərazi idarəsinə məlumat üçün göndərmədən, prosessual qanunvericiliyin tələblərini pozaraq birbaşa icra edilməsi üçün göndərmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(116)-1955/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(116)-1955/2022 nömrəli iş üzrə qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(116)- 1955/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-71/2020 nömrəli qərarından görünür ki, həmin iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvləri X2, X6, X4 ümumi mükiyyətinə verilmiş 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onların adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. JN-127 kod 40108018 nömrəli Dövlət aktından görünür ki, Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir; 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi cavabdeh imtinasını mübahisəli torpaq sahəsinin faktiki ölçüsü ilə sənəd üzrə ölçüsü arasında fərq olması, həmçinin digər mülkiyyətçilərin adına qeydə alınmış torpaq sahələrinin cizgiləri ilə üst-üstə düşməsi ilə əsaslandırmışdır. Lakin torpaq sahəsi iddiaçının və ailə üzvlərinin adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Göstərilən mövqedən çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-84/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarında qeyd etmişdir ki, qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh inzibati orqanda onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır. Odur ki, cavabdeh tərəfindən iddia tələbinin təmin edilməsindən imtina olunması əsaslı olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, belə sənədi tərtib edib vermək cavabdehin vəzifəsidir. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, iddia təmin edilməli, cavabdehin üzərinə İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,38 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə cavabdehin nümayəndəsi apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(116)-1955/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-181/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-181/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver