Məhkəmə qərarları › İş №2-1(107)-181/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-181/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-181/2024 07.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 4726,03 manat borcuna görə siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2024-ci il tarixli, 2-1(116)-418/2024 nömrəli qərarından iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 4726,03 manat borcuna görə fərqləndirici əlaməti - qiyməti 35000 manat, 2008-ci il buraxılışlı olan “RANGE ROVER” minik markalı (qara rəngli), **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmaqla, ümumilikdə 35000 manat məbləğdə siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanınının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə yaranan Dövlət Sosial Müdafiə Fonduna 5326,03 manat borcuna görə 35000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********2 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 4726,03 manat ödənilməmiş borcu qalmışdır. Borc ödənilmədiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 17 yanvar 2024-ci il tarixli, 2-1(116)-418/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

4. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

5. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2024-ci il tarixli, 2-1(116)-418/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

6. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər.

7. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

8. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - “Fiziki şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN **********) Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdadır. - İddiaçı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli, **********2 nömrəli qərar qəbul edilmişdir. - “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli **********2 nömrəli protokoldan görünür ki, 1 ədəd, “RANGE ROVER” markalı, **-ZR-*** dövlət nömrə nişanlı minik avtomobili iddiaçı tərəfindən siyahıya alınmışdır. - “Avtonəqliyyat vasitəsinin siyahıya alınmaya təqdim təqdim edilməməsi (imtina edilməsi) barədə” xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, vergi ödəyicisinə mülkiyyətində olan “RANGE ROVER” markalı **-ZR-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin siyahıya alınmaya təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli **********352900 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Vergi ödəyicisi mülkiyyətində olan avtonəqliyyat vasitəsini siyahıya alınmağa təqdim etməmiş və qərarın icrasını təmin etmək üçün xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin iştirakı olmadan ona məxsus **-ZR- *** dövlət nömrə nişanlı “RANGE ROVER” markalı avtonəqliyyat vasitəsi siyahıya alınaraq protokol tərtib edilmişdir. - Protokolda mütəxəssisin adı göstərilməmiş, onun dəvət olunmadığı qeyd edilmiş və beləliklə protokol mütəxəssis tərəfindən imzalanmamışdır. Əmlakın qiymətləndirilməsi zamanı mütəxəssisin cəlb edilməsi və ya hansı meyar əsasında qiymətləndirmənin aparılması barədə heç bir məlumat təqdim edilməmişdir. Həmçinin müəyyən olunur ki, protokol cavabdeh tərəfindən imzalanmamış, adının qarşısında “imtina” qeydi aparılmışdır. - Protokolun surətinin cavabdehə təqdim edilməsi barədə məktub iddia ərizəsinə əlavə edilsə də, həmin məktubun cavabdeh tərəfindən alınmasını təsdiq edən sübut təqdim olunmamışdır. - “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2023-cü il tarixli aktda qeyd olunur ki, siyahıya alınmış əmlak saxlanılması üçün cavabdehə təhvil verilmişdir. Lakin müəyyən olunur ki, akt cavabdeh tərəfindən imzalanmamış və adının qarşısında “imtina” qeydi aparılmışdır. Halbuki iddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktda avtonəqliyyat vasitəsinin siyahıya alınmasında vergi ödəyicisinin iştirak etmədiyi göstərilmişdir. Belə olan halda onun tərəfindən aktların və protokolun imzalanmaması imzalamaqdan imtina kimi qiymətləndirilə bilməz, odur ki, müvafiq sənədlərdə iştirak etməyib qeydi aparılmalı idi. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16-4/2-3820/23 nömrəli məktubunda qeyd olunmuşdur ki, “RANGE ROVER” markalı 99ZR036 dövlət qeydiyyat nişanlı avtomobil DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən Qəbələ rayonu Böyük Pirəlli kənd sakini Cavabdeh adında qeydiyyatdadır və avtomobilin üzərində məhdudiyyət (həbs) yoxdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

10. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 1.4.Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 23.1.15-1. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. Maddə 90.1 Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.

11. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

12. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

13. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.

14. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

15. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

16. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

18. Məhkəmə kollegiyası qeyd etməyi zəruri heab edir ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarilxi 393 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. 1.40-1-ci bəndinə görə həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

19. Məhkəmə kollegiyası işin faktiki hallarına yuxarıda qeyd olunan qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmaması barədə düzgün qənaətə gəlmişdir.

20. Belə ki, Vergi Məcəlləsinin 89.6-cı maddəsində vergi orqanı tərəfindən əmlakın siyahıya alınmasının həmin Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla ardıcıllığı müəyyən edilmişdir. Qeyd olunan müddəalara əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır.

21. Göstərilən müddəalara əsasən vergi orqanı yalnız vergi öhdəliyinin yerinə yetirilməsi üçün “zəruri və kifayət olan həcmdə” əmlakın satılması barədə məhkəməyə müraciət edə bilər. Vergi Məcəlləsinin 90.4-cü maddəsi də əmlakın satışından əldə edilən məbləğlərin hesablanmış vergilərdən sonra faizlərin və maliyyə sanksiyalarının ödənilməsinə yönəldilməsini nəzərdə tutur. Vergi orqanı tərəfindən elə həcmdə əmlak siyahıya alınmalı və satışa çıxarılmalıdır ki, onun satışından əldə edilən vəsait tələb olunan ödənişlərin və xərclərin qarşılanmasına kifayət etsin. Vergi orqanı məhz tələb olunan məbləğdə əmlakın siyahıya alınmasını həyata keçirməyə borcludur. Lakin məhkəməyə müraciət edənədək və ya müraciət edildikdən sonra vəziyyət dəyişərsə, vergi orqanı siyahıya aldığı bütün əmlakın yox, yalnız zəruri və kifayət olan əmlakın satışı barədə məsələ qaldıra bilər. Bununla yanaşı vergi orqanı tərəfindən əmlakın siyahıya alınması zamanı onun əmtəə xassələrinə malik olmasını təsdiq edən sübutlar da əlavə edilməlidir.

22. Hazırkı iş üzrə vergi ödəyicisinin əmlakının siyahıya alınması həyata keçirilərkən dəyəri vergi orqanı tərəfindən 35000 manat olaraq qiymətləndirilmiş nəqliyyat vasitəsi siyahıya alınmışdır ki, həmin əmlakın real dəyəri ilə cavabdehin borcu arasında kifayət qədər uyğunsuzluq mövcud olmuşdur. Vergi ödəyicisinin istifadəsində olan nəqliyyat vasitəsinin siyahıya alınması və satışa çıxarılması hazırkı iş üzrə qalıq borc məbləğinə nəzərən vergitutmanın adekvatlılıq prinsipi və qərarın icrasının təmin olunması baxımdan məqsədəmüvafiq deyildir.

23. Həmçinin iş materiallarına əsasən müəyyən olunmuşdur ki, vergi orqanının vəzifəli şəxslərinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə tərtib olunmuş **********2 nömrəli protokolda uyğunsuzluqlar mövcuddur. Belə ki, protokolda onun tərtibində iş üzrə Cavabdeh iştirak etdiyi, ona hüquq və vəzifələrinin izah edildiyi, o cümlədən protokolda qeyd olunan hərəkətlərə dair irad və təkliflərinin bildirilməsinin təklif edildiyi, həmçinin siyahıya alınmış əmlakın məsul saxlanmaya verilmək üçün Cavabdehn oğluna təhvil verildiyi qeyd olunmasına baxmayaraq, məhkəmə araşdırması ilə aşkar edilmişdir ki, protokol Cavabdeh iştirakı olmadan tərtib olunmuş, protokolda Cavabdeh adının qarşısında imza qrafasında “imtina” qeydi aparılmışdır. Cavabdehin siyahıya almada iştirak etməməsi iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda da öz əksini tapmışdır. Həmçinin əmlakın qiymətləndirilməsi üçün mütəxəssis cəlb edilməmiş, qiymətləndirmənin hansı meyarlar əsasında aparılması göstərilməmişdir. Siyahıya alınmış əmlaka münasibətdə reyestr məlumatları öz əksini tapsa da, nəqliyyat vasitəsinin əmtəə xüsusiyyətlərinə malik olub-olmaması ilə bağlı hər-hansı sübut nə əmlakın siyahıya alınması barədə protokola, nə də iddia ərizəsinə əlavə edilməmişdir.

24. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

25. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2023cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 4726,03 manat borcuna görə siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

26. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2024-ci il tarixli, 2-1(116)-418/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar