Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-181/2025 04.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Ağdaş Bələdiyyəsinə qarşı “Ağdaş Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 204 nömrəli qərarının etibarsız hesab edilməsi” tələbinə dair Şəki İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2-1(116)-175/2024 nömrəli qərardadından iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ağdaş Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 204 nömrəli qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-1713/2023 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağdaş şəhəri XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 saylı qərarına əsasən İddiaçı Ağdaş şəhəri 42 №-li məhəllədəki torpaq sahəsindən yaşayış evi tikdirmək üçün 25 metr uzunluqda, 20 metr enində olmaqla 54 nömrəli yerdə 500 kv.m torpaq sahəsi verilmişdir. 17 fevral 1992-ci il tarixində Ağdaş Rayon İcra Hakimiyyətinin baş memarı və baş mühəndisinin iştirakı ilə Ağdaş şəhəri XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 nömrəli qərarının icra olunması ilə əlaqədar akt tərtib edilmişdir. 18 fevral 1992-ci il tarixində isə həmin torpaq sahəsinə dair müqavilə imzalanmış və bununla bağlı rüsum ödənilmişdir. Qeyd edilir ki, səlahiyyətli qurum tərəfindən xx.xx.1992-ci il tarixində ayrılmış torpağın üzərində evin tikintisinin aparılması üçün müəyyən işlər görmüşdür. xx.xx.1992-ci il tarixli sxematik planına uyğun olaraq bir mərtəbəli evin tikintisinə başlamışdır. Lakin iddiaçı 1996-cı ildə zərurət səbəbindən ölkənin hüdudlarını tərk etmiş, Rusiya Federasiyasının Nijniy Novqorod şəhərində yaşamışdır. İddiaçı həmin torpaq sahəsi mülkiyyət qeydiyyatına alınaraq çıxarışın alınması üçün qızı-Nümayəndə1 etibarnamə əsasında səlahiyyətlərini vermişdir. Ağdaş Bələdiyyəsi həmin müraciətə xx.xx.2018-ci il tarixli 244 saylı məktub cavabında bildirmişdir ki, 2000-ci ildə Bələdiyyənin baş kitabında İddiaçı adına 0,05 ha torpaq sahəsi qeydə alınmış, lakin heç bir torpaq vergisi ödənilmədiyindən sözügedən torpaq sahəsi X4 01 iyul 2006-cı il tarixli 204 nömrəli qərarı ilə Ağdam Rayon Qiyaslı kənd sakini X3 verilmişdir. Qeyd edilir ki, bələdiyyənin qeyd olunan qərarı tamamilə əsassızdır. Yəni, vətəndaşın zəruri səbəblərdən ölkənin hüdudlarını tərk etməsindən sui-istifadə edilərək iddiaçı mülkiyyətindən məhrum edilmişdir. Göründüyü kimi Ağdaş Bələdiyyəsi tərəfindən iddiaçı tamamilə qanunsuz və əsassız səbəbdən-torpaq vergisinin ödənilməməsi səbəbindən mülkiyyətdən məhrum edilmişdir. Bundan əlavə olaraq qeyd edilir ki, faktiki olaraq Bələdiyyənin balansında olmayan torpaq sahəsi X3 verilmişdir. Belə ki, İddiaçı tərəfindən qeyd olunan torpaq sahəsi xx.xx.1990-cı il tarixində Ağdaş Şəhər Xalq Deputatlar Sovetliyin İcraiyyə Komitəsinin 12 saylı qərarı ilə iddiaçıya ayrılmışdır. Beləliklə artıq 1990-cı il tarixində sözügedən torpaq sahəsi İcraiyyə Komitəsinin balansından çıxmışdır və bununla bağlı da iddiaçı dövlət rüsumu ödəmişdir. Faktiki olaraq cavabdeh balansında olmayan torpaq sahəsini X3 verilmişdir. Qeyd edilir ki, X4 01 iyul 2006-cı il tarixli 204 nömrəli qərarında qeyd edildiyi kimi, qərar “Torpaq alqı-satqısı qaydalarının 9-cu bəndinə Nazirlər Kabinetinin 20 iyun 2000-ci il tarixli 106 saylı qərarına əsasladırılmışdır, lakin qeyd olunan normativ hüququ aktları kobud surətdə pozmuşdur. Belə ki, X4 01 iyul 2006-cı il tarixli 204 nömrəli qərarı qəbul edildiyi anda qüvvədə olan "Torpaq alqı-satqısı qaydalar”nın 9-cu bəndinə əsasən “Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin hüdudları daxilində həyətyanı sahə, yaşayış evi, fərdi qaraj tikintisi, sahibkarlıq fəaliyyəti ilə əlaqədar, ənənəvi xalq sənətləri və s. ilə məşğul olmaq üçün torpaq almaq istəyən Azərbaycan Respublikasının fiziki və ya hüquqi şəxsləri müvafiq bələdiyyə orqanına ərizə ilə müraciət edir.
4. Cavabdeh orqan iddiaya münasibət bildirmişdir ki, İddiaçı cavabdeh Ağdaş rayonu Ağdaş Bələdiyyəsinə qarşı “Ağdaş rayonu Ağdaş Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 204 saylı qərarın etibarsız hesab edilməsi” tələbi Ağdaş Bələdiyyəsinin 19 may 2023-cü il tarixdə Ağdaş Bələdiyyəsi üzvlərinin 09 saylı protokolunun 7-ci bəndində geniş müzakirə olunmuş, X4 204 nömrəli Qərarına əsasən 01 iyun 2006-ci il tarixdə Ağdaş şəhəri 42-ci məhəllədə məskunlaşmış, Ağdam rayon Qiyaslı kənd köçkünü X3 həyətyanı məqsədilə verilmiş 500 kv metr torpaq sahəsinin qərarı ləğv edilmədən qüvvədə qalması barədə qərar qəbul olunmuşdur
5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin qeydiyyata alınması ilə bağlı vergi orqanın internet səhifəsindən çıxarışı; - Ağdaş şəhəri XDS İcraiyyə Komitəsinin 18 fevral 1992-ci il tarixli müqaviləsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş surəti; - Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixli baş memarı və baş mühandisi tərəfindən təsdiq edilmiş aktın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş surəti; - Ağdaş şəhəri XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 №-li qərarın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş surəti; - Evin tikilməsi ilə bağlı sxematik planın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş surəti; - Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivin xx.xx.2022-ci il tarixli məktubun surəti; - Ağdaş şəhəri XDS İcraiyyə Komitəsinə ödənilmiş dövlət rüsumun surəti; - Ağdaş Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 244 saylı məktubun surəti; - Ağdaş Bələdiyyəsinin 01 iyun 2006-cı il tarixli 204 nömrəli qərarın surəti; - Ağdaş Bələdiyyəsinin 19 may 2023-cü il tarixli 09 nömrəli qərarın surəti; - Ağdaş Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 nömrəli protokolunun surəti; - Ağdaş Bələdiyyəsinin torpaq ayırılması ilə bağlı aktın surəti; - Ağdaş Bələdiyyəsinin torpaq cizgisin planın surəti; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı Ağdaş XDS-in xx.xx.1990-cı il tarixli qərarına əsasən ayrılmış torpaq sahəsinin yerini müəyyənləşdirmək mümkün deyil. Elektron məlumat bazasında mövcud olan Ağdaş bələdiyyəsinin ilkin aqrar islahat xəritəsinə əsasən mübahisəli torpaq sahəsi Ağdaş Bələdiyyəsinin mülkiyyətindədir. Ağdaş Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 204 nömrəli qərarı ilə X3 ayrılmış torpaq sahəsinin, həmçinin Ağdaş XDS-in xx.xx.1990-cı il tarixli qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsinin sxemində (ilkin torpaqayırma sənədləri) ayrılmış torpaq sahələrinin koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından torpaq sahələrinin eyni olub-olmamasını və üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır.
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) xx.xx.2024-cü il tarixli, 2- 1(116)-175/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Ağdaş Bələdiyyəsinə qarşı “Ağdaş Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 204 nömrəli qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilir ki, iddiaçının nümayəndəsi Nümayəndə1 etibarnamə əsasında Ağdaş Bələdiyyəsinə müraciət etmiş, həmin müraciətə xx.xx.2018-ci il tarixli 244 saylı məktub cavabında bildirmişdir ki, 2000-ci ildə Bələdiyyənin baş kitabında İddiaçı adına 0,05 ha torpaq sahəsi qeydə alınmış, lakin heç bir torpaq vergisi ödənilmədiyindən sözügedən torpaq sahəsi X4 01 iyul 2006-cı il tarixli 204 nömrəli qərarı ilə Ağdam rayon Qiyaslı kənd sakini X3 verilmişdir.” Göründüyü kimi iddia tərəfinin həmin qərardan ən azı 2018-ci ildə məlumatı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
8. İddiaçı nümayəndəsi Nümayəndə1 həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-175/2024 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün hesab edilməsini və mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, bələdiyyə qərarının etibarsız hesab edilməsinə kifayət qədər əsas vardır və buna görə də məhkəmənin qərardadı qanunsuz və əsassızdır və tələb mümkün sayılaraq mahiyyəti üzrə baxılmalıdır. Mübahisəli torpaq sahəsi Ağdaş şəhəri XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 №-li qərarına əsasən İddiaçı mülkiyyətinə verilmişdir və qeyd olunan tarixdən artıq iddiaçının mülkiyyətində olmuşdur. Ağdaş rayon Ağdaş Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 204 saylı qərarı əsasında qeyd olunan torpaq sahəsi qanunsuz olaraq, iddiaçının mülkiyyətindən alınaraq cavabdehin mülkiyyətinə verilmişdir. Məhkəmə bu faktı nəzərə almamışdır. İşin hallarından və məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, Ağdaş rayon Ağdaş Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 204 saylı qərarı əsasında iddiaçı mülkiyyətində olan torpaq sahəsindən məhrum edilmişdir. Qeyd olunan torpaq sahəsinin faktiki olaraq iddiaçıya məxsus olduğu arxiv sənədləri ilə və işin materiallarında olan digər sənədlərlə sübut olunur, lakin hakim bu sənədləri nəzərə almamışdır və qanunsuz və əsassız olaraq iddia tələbini mümkün saymamışdır. Cavabdeh təqdim edilən xx.xx.2018-ci il tarixli, 244 saylı məktub cavabında bildirmişdir ki, 2000-ci ildə Bələdiyyənin baş kitabında İddiaçı adına 0,05 ha torpaq sahəsi qeydə alınmış, lakin heç bir torpaq vergisi ödənilmədiyindən sözügedən torpaq sahəsi X4 01 iyul 2006-cı il tarixli 204 nömrəli qərarı ilə Ağdam rayon Qiyaslı kənd sakini X3 verilmişdir. Göründüyü kimi, cavabdeh özü də təsdiq edir ki, qeyd olunan torpaq sahəsi iddiaçıya məxsus olubdur. Mübahisəli torpaq sahəsi Ağdaş şəhəri XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 №-li qərarına əsasən İddiaçı mülkiyyətinə verilmişdir və qeyd olunan tarixdən artıq iddiaçının mülkiyyətində olmuşdur. Beləliklə torpaq sahəsinin iddiaçının mülkiyyətində olması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq, hakim tərəfindən iddia tələbi təmin edilməmişdir. X4 01 iyul 2006cı il tarixli 204 nömrəli qərarı qəbul edildiyi anda torpaq sahəsi artıq Bələdiyyənin mülkiyyətində deyildi, artıq qeyd olunan torpaq İddiaçı mülkiyyətində idi, bunu təsdiq edən xx.xx.2018-ci il tarixli Ağdaş rayon Ağdaş Bələdiyyəsinin və 17 saylı Yevlax rayon Ərazi İdarəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidmətinin məktubu işin materiallarında vardır. Bundan başqa, vətəndaşın iddia tələbi qərarın etibarsız hesab edilməsi ilə bağlıdır, ləğv edilməsi ilə bağlı deyil və məhkəməyə iddiaçı tərəfindən təqdim edilən əsaslar və sübutlar əsas verir ki, cavabdeh orqanın qanunsuz qərarı etibarsız hesab edilsin. Lakin məhkəmə baxmayaraq ki, iddia tələbi etibarsız hesab edilməsi ilə bağlıdır, məhkəmə digər tələblərə aidiyyəti olan iddia müddətlərini tətbiq edərək iddia tələbini mümkünsüz hesab etmişdir. Məhkəmə qərardadında oxşar işlər üzrə qəbul edilmiş qərarlara istinad edərək öz qərardadını əsaslandırmışdır. Qeyd etmək istəyir ki, digər işlərdə qəbul edilən qərarlar faktiki olaraq qeyd olunan işlə fərqlidir və digər işlərdə məhkəmənin gəldiyi nəticənin hal-hazırda olan işə tətbiq edilməsini düzgün hesab etmir. Bildirmək istəyir ki, iddia tələbi ilə faktiki olaraq cavabdeh orqan tərəfindən inzibati icraat haqqında qanunun 65-ci maddəsini kobud surətdə pozaraq qərar qəbul edilməsi qeyd edilmişdir və bu faktı təsdiq edən sübütlar təqdim edilmişdir, lakin məhkəmə bu faktları nəzərə almamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-175/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi
12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
13. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 14 İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı:
Apellyasiya şikayətinin mümkünlüyü
15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
18. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
19. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
20. Belə ki, hazırkı iş üzrə iddiaçı, üçüncü şəxsə torpaq sahəsinin ayrılması haqqında inzibati aktı mübahisələndirir.
21. Qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
22. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur.
23. Plenum qərarında həmçinin qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
24. Yuxarıda qeyd edildiyi kimi, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Hazırkı iddia bələdiyyə qərarının etibarsız hesab edilməsi ilə bağlı olduğundan mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia növünün xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətidir.
25. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdehin 01 iyun 2006-cı il tarixdə qəbul edilmiş qərarının etibarsız hesab edilməsi ilə bağlı 10 aprel 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, iddia ərizəsində və apellyasiya şikayətində qeyd edilir ki, iddiaçının nümayəndəsi Nümayəndə1 etibarnamə əsasında Ağdaş Bələdiyyəsinə müraciət etmiş, həmin müraciətə xx.xx.2018-ci il tarixli 244 saylı məktub cavabında bildirilmişdir ki, 2000-ci ildə Bələdiyyənin baş kitabında İddiaçı adına 0,05 ha torpaq sahəsi qeydə alınmış, lakin heç bir torpaq vergisi ödənilmədiyindən sözügedən torpaq sahəsi X4 01 iyun 2006-cı il tarixli 204 nömrəli qərarı ilə Ağdam rayon Qiyaslı kənd sakini X3 verilmişdir.” Göründüyü kimi iddia tərəfinin həmin qərardan ən azı 2018-ci ildə məlumatı olmuşdur. İddiaçının mübahisələndirdiyi bələdiyyə qərarı xx.xx.2011-ci ilədək qəbul edilmişdir. Hazırkı iş üzrə mübahisələndirilən torpaq sahəsinin üçüncü şəxsə ayrılmasına dair qərarın iddiaçıya məlum olma tarixi konkret müəyyən olunmasa da, iddiaçının həmin qərarla ayrılmış torpaq sahəsinin üçüncü şəxsin istifadəsində olması barədə məlumatsız olması aradan keçən kifayət qədər uzun müddət nəzərə alındığında ağlabatan görünmür.
26. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, xx.xx.2011-ci ilədək qəbul edilmiş inzibati aktlar şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində mübahisələndirilə bilər (MPM-in xx.xx.2011-ci ilədək qüvvədə olan 298-ci maddəsi - şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir). Lakin qeyd olunan iddialar üzrə 01 aylıq müddət tələbinin MPM-in 298-ci maddəsinə əsasən tətbiq edilməsi üçün, "məlum olma” halı da baş verməlidir. Məlum olduğu gün dedikdə, şəxsin hüquqlarının pozulduğunu həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Bilməli olduğu anın müəyyənləşdirilməsi baxımından şəxsin ondan tələb olunan minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir.
27. Eyni zamanda qeyd edilməlidir ki, mübahisə açan tərəf qanunvericilik aktlarının (MPM-in 298-ci maddəsi) verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
28. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir.
29. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
30. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
31. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
32. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
33. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-175/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2-1(116)-175/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.