Məhkəmə qərarları › İş №2-1(107)-183/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-183/2022

07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-183/2022 07.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə qarşı "X4 şəhid statusunun, ailəyə isə şəhid ailəsi adının verilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2-1(116)-681/2022 nömrəli qərarından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı mərhum oğlu X7 xx.xx.2001-ci ildə İsmayıllı rayonu Quşencə kəndində anadan olmuş və 2020-ci ildə İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır.

2. X7 xx.xx.2021-ci ildə N nömrəli hərbi hissədə hərbi xidmət vəzifəsinin icrası zamanı göldə boğularaq vəfat etmişdir.

3. Füzuli Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarı ilə X3 göldə boğulması nəticəsində ölməsi faktında cinayət hadisəsi olmadığına və onun ölümündə digər şəxslərin əməllərində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci və 39.1.2-ci maddələrinə əsasən, cinayət işinin başlanılması rədd edilmişdir.

4. İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən X3 xx.xx.2021-ci ildə ölməsi barədə xx.xx.2021-ci il tarixli AZ-İİ seriyalı 205727 nömrəli "Ölüm haqqında şəhadətnamə" verilmiş, həmin sənəddə onun ölümünün səbəbi kimi təbii su hövzəsində olarkən boğulma göstərilmişdir.

5. İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə ərizə ilə müraciət edərək X1 şəhid statusunun verilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli 1218 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı ilə təsdiq olunur. X3 hərbi hissə tərəfindən verilmiş bildirişində Azərbaycan Respublikasının xx.xx.1994-cü il tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar öz əksini tapmadığına görə ona şəhid statusunun verilməsi mümkün deyildir.

6. Bundan sonra İddiaçı hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.

7. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, X7 hərbi xidmət vəzifələrini icra edərkən vəfat etdiyinə görə ona şəhid statusu, ailəsinə isə şəhid ailəsi statusu verilməlidir.

8. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi iddiaya qarşı xx.xx.2022-ci il tarixli 43 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 15 fevral 2022-ci il tarixli 2- 1(116)-681/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

10. İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X7 17 iyun 2021-ci il tarixdə döyüş mövqeyində döyüş tapşırığının yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrasına, yəni döyüş növbətçiliyinin aparılmasına cəlb olunmuşdur. Xidmətdə olarkən əsgərlər Mürsəlov Ağamürsəl və X6 ilə birlikdə hər zaman yuyunduqları, paltarlarını yuduqları 405 nömrəli döyüş mövqeyindən təxminən 100 metr məsafədə yerləşən böyük ölçülü gölə yuyunub bir qədər təmizlənmək və həmin gün hər üçü ayrı-ayrılıqda səhər və axşam yeməyini gətirmək üçün getdiklərinə görə tərləyərək pis qoxu gələn paltarlarını yumaq üçün mövqe başçısı gizir X5 icazə alaraq gölə getmişlər. X7 göldə yuyunarkən boğularaq ölmüşdür. Həmin xidmət etdikləri döyüş mövqeyi işğaldan yeni azad olunmuş ərazi olduğu üçün əsgərlərin məişət şəraiti çox aşağı olmuşdur. Həmin ərazidə hərbi infrastruktur tam bərpa olmadığı üçün əsgərlər yuyunmaq və paltarlarını yumaq kimin tələbatlarını göl vasitəsi ilə təmin edirmişlər. Nicat Əkbərovun göldə yuyunarkən ölməsinin səbəbi, hərbi hissənin məişət şəraitinin olmamasıdır. Çünki normal şərait olsaydı əsgərlərin göl hövzəsində yuyunmaqlarına ehtiyac olmazdı və bu cür hallar baş verməzdi. Mövqe başçısı gizir X5 icazə alaraq gölə getmələri bir daha onu göstərir ki, onların orada yuyunması oradakı şəraitə görə normal haldır, çünki başqa seçimləri olmamışdır. Nicat Əkbərovun ölüm səbəbinin araşdırılması ilə bağlı aparılan istintaq zamanı gizir R.E.Əliyev, izahatında göstərmişdir ki, mövqeyə təminat kimi içməli su gətirilsə də, məişət ehtiyaclarını qarşılamaq üçün əlavə suya ehtiyacları olmuş, ona görə də bədənlərini və paltarlarını yumaq üçün göldən istifadə etməyi şəxsi heyətə qadağa edilməmişdir. Nicat Əkbərov 2020-ci ilin sentyabr ayının 27-də başlamış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaətlə, ləyaqətlə iştirak etmişdir. Döyüşlər başlayandan sonuna kimi, aktiv iştirak etmişdir. Buna görə Nicat Əkbərov “Laçının azad olunmasına görə” medalı ilə də təltif edilmişdir. Nicat Əkbərovun göldə yuyunarkən boğularaq ölməsi xidmət etdiyi ərazidə məişət şəraitinin olmadığı üçün baş verdiyini nəzərə alsaq Nicat Əkbərova “Şəhid statusu” verilməlidir. Nicat Əkbərova “Şəhid statusu”nun verilməsi ölkəmizdə vətənpərvərlik ruhunun daha da yüksəlməsinə xidmət edəcəkdir. Heç təsadüfi deyildir ki, cənab prezidentimiz öz çıxışlarının birində qeyd etmişdir ki, “Mən ilk dəfə Azərbaycan Prezidenti seçiləndə təzə doğulmuş uşaqlar Qarabağı azad etdi”. Halbuki cənab Prezidentin istinad etdiyi gənclər Qarabağı ümumiyyətlə canlı şəkildə görməmişdirlər. Bu dövlətin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, ölkəmizdə Vətənpərvərlik ruhu ən yüksək səviyyədədir. Ola bilər ki, cavabdeh orqanın Nicat Əkbərova “Şəhidlik statusu” verilməsindən imtina etməsi fərdi təşkilati bir məsələ kimi qiymətləndirilsin. Ancaq məhkəmə qərarı dövlətin adından çıxarıldığı üçün dövlət də cavabdehin mövqeyi ilə eyni mövqedən çıxış edərək iddia tələbini təmin etməzsə bu zaman dövlətimizin illərdi apardığı məqsədyönlü siyasətə, insanlarda olan vətənpərvərlik hislərinin inkişafına böyük bir zərbə olacaqdır. Nicat Əkbərov özü çox vətənpərvər, dövlətinə, xalqına, millətinə bağlı bir gənc olmuşdur. Vətənpərvərlik mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğu millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır. Burada vətəninin xarakterini və mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir. Vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət-ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumimilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir. Nicat Əkbərovda yuxarıda qeyd edilən şəxsi kefıyyətlərin hamısı cəmlənmişdir. Nicat Əkbərova veriləcək “Şəhidlik statusu” nəinki onun valideynlərində, hətta cəmiyyətdə dövlətimizə güvəncini daha da artıracaq və gələcəkdə vətəndaşlarımız öz şəxsi maraqlarını vətən maraqlarına qurban verməyə hər an hazır olacaqdır ki, bu da dövlət və dövlətçiliyin möhkəmlənməsinə xidmət edəcəkdir. Əksi olarsa isə həm Nicat Əkbərovun valideynləri, yaxın qohumları və cəmiyyətdə dövlətə ciddi şəkildə güvəncə azalacaqdır. Eyni iddia tələblərinə daxil olan işlər üzər məhkəmə təcrübəsi tərəfindən araşdırılaraq təhlil edilərkən müəyyən edilmişdir ki, Ali Məhkəmə əksər hallarda (90%) bu tipli iddiaları qəbul etmişdir. Məhkəmələrin bu tipli iddiaları əksər vaxtı qəbul etməsinin səbəbi dövlətin vətəndaşlarının mənəvi və psixoloji cəhətdən dövlətə olan güvəncinin itməməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu tipli işlərlə bağlı mövqeyi aşağıda qeyd edilmiş faktlarla tamamilə üst üstə düşür. Azərbaycan Respublikasının vətəndaşı kimi vətənə hərbi borcunu yerinə yetirərkən Azərbaycan Respublikasının suverenliyi, azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəxslə, həmin döyüşlərdə ağır yaralanmış və sonradan aldığı yaralardan vəfat etmiş şəxsləri fərqləndirmək hüquqi müəyyənlik prinsipinin kriteriyalarına ziddir. Çünki hər iki halda - həlak olma və ya vəfat etmə - ölümlə onun baş verməsinin səbəbləri arasında (Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlər) birbaşa əlaqə vardır. Hesab etmişlər ki, hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün MDB dövlətlərinin, o cümlədən Azərbaycan Respublikasının da imzaladığı “Əfqanıstanda və hərbi əməliyyatlar aparılmış digər dövlətlərdə həlak olmuş hərbçilərin ailə üzvlərinə dövlət sosial yardımı haqqında xx.xx.1994-cü il tarixli saziş” in müddəaları da təfsir edilməlidir. Belə ki, həmin müqavilənin 1, 2 və 3-cü maddələrinin məzmunundan görünür ki, iştirakçı dövlətlər Əfqanıstanda və hərbi əməliyyatlar aparılan digər ölkələrdə hərbi əməliyyatlar aparılan zaman həlak olmuş və yaralanma, kontuziya, xəstəlik nəticəsində vəfat etmiş şəxsləri eyni kateqoriyaya aid etməklə X8 həlak olmuş şəxslərin ailələrinə verilən güzəştləri həmin şəxslərin ailələrinə də şamil edirlər. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü hər bir Azərbaycan vətəndaşı üçün yuxarıda qeyd edilən müqavilədə nəzərdə tutulan məqsədlərdən daha üstün olmaqla Azərbaycan dövlətçiliyinin mövcudluğuna xidmət etdiyindən və respublikanın azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması Azərbaycan dövlətinin vəzifəsi olduğundan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında qanunda döyüş əməliyyatlarında həlak olma anlayışı” ilə “döyüş əməliyyatlarında aldığı yaralardan vəfat etmə ifadəsi” arasında məzmunca heç bir fərq yoxdur. Yəni, Azərbaycanın azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı Azərbaycan Respublikasının vətəndaşına Azərbaycan Dövləti tərəfindən verilən güzəştlər, xarici dövlətlərin azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına Azərbaycan Dövləti tərəfindən verilən güzəştlərdən aşağı ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinə görə “Şəhid və şəhid ailəsi statusu”nun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. İddiaçının oğlu X4 “Şəhid statusu”nun verilməsindən imtina edilməsi ilə bağlı məhkəmənin mövqeyi onun ‘’Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respubilkasının Qanunununda göstərilən şəhid adının verilə biləcəyi şəxslərin kateqoryalarına Nicat Əkbərovun həlak olduğu şərait uyğun gəlməməsi ilə bağlı olduğunu göstərmişdir. Lakin, Nicat Əkbərovun həlak olmasının hərbi hissənin məişət şəraitinin olmamasına görə baş verdiyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. İşin mübahisələndirilməyən və təkzibolunmayan hallarına əsasən; Nicat Əkbərov xidmətdə olarkən komandirinin icazəsi əsasında yuyunmaq üçün nəzərdə tutulmuş göldə yuyunarkən bataraq ölmüş; Nicat Əkbərovun göldə yuyunmasının səbəbi məişət şəraitinin olmamasıdır; Nicat Əkbərovun bataraq öldüyü ərazi xidməti ərazi olmuşdur və həmin göldə yuyunmağa icazə verilmişdir; Göründüyü kimi, Nicat Əkbərovun ölümü “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun təsir dairəsinə düşmüşdür ki, ona da “Şəhid adı”nın verilməsi qanuni və əsaslıdır. Məhkəmə mövqeyində daxili inamına əsasən qərar qəbul etdiyini deyir. Bu Qanunun ona verdiyi hüquqdur. Ancaq məhkəmə daxili inamını əsaslandırmağa da borcludur. Qərarda heç bir əsaslandırma yoxdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2-1(116)-681/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2-1(116)-681/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2-1(116)-681/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1460 nömrəli bildirişdən görünür ki, N nömrəli hərbi hissənin qumbaraatanı əsgər X7 xx.xx.2021-ci ildə hərbi xidmət vəzifəsinin icrası zamanı göldə boğularaq vəfat etmişdir. - AZ-İİ seriyalı 205727 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən X3 xx.xx.2021-ci ildə ölməsi barədə xx.xx.2021ci il tarixli "Ölüm haqqında şəhadətnamə" verilmiş, həmin sənəddə onun ölümünün səbəbi kimi təbii su hövzəsində olarkən boğulma göstərilmişdir. - Füzuli Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X3 göldə boğulması nəticəsində ölməsi faktında cinayət hadisəsi olmadığına və onun ölümündə digər şəxslərin əməllərində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.1 və 39.1.2 maddələrinə əsasən, cinayət işinin başlanılması rədd edilmişdir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 277 nömrəli əmrindən çıxarışdan görünür ki, X7 təbii su hövzəsində olarkən boğulma nəticəsində vəfat etdiyinə görə, xx.xx.2021ci ildən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış və sənədləri qeydiyyata alınması üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə göndərilmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli 1218 nömrəli imtina məktubundan görünür ki, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı ilə təsdiq olunur. X3 hərbi hissə tərəfindən verilmiş bildirişində Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar öz əksini tapmadığına görə ona şəhid statusunun verilməsi mümkün deyil.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

16. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 8. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın 1.1-ci bəndinə əsasən, şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2-ci bəndinin mərhum X3 həlak olduğu vaxt qüvvədə olmuş redaksiyasında deyilir ki, aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Həmin Qaydaların 4.1-ci bəndinin mərhum X3 həlak olduğu vaxt qüvvədə olmuş redaksiyasına görə, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Qaydaların 4.2-ci bəndinə əsasən, şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2-1(116)-681/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, İddiaçı mərhum oğlu X7 xx.xx.2001-ci ildə İsmayıllı rayonu Quşencə kəndində anadan olmuş və 2020-ci ildə İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. X7 xx.xx.2021-ci ildə N nömrəli hərbi hissədə hərbi xidmət vəzifəsinin icrası zamanı göldə boğularaq vəfat etmişdir. Füzuli Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarı ilə X3 göldə boğulması nəticəsində ölməsi faktında cinayət hadisəsi olmadığına və onun ölümündə digər şəxslərin əməllərində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci və 39.1.2-ci maddələrinə əsasən, cinayət işinin başlanılması rədd edilmişdir. İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən X3 xx.xx.2021-ci ildə ölməsi barədə xx.xx.2021-ci il tarixli AZ-İİ seriyalı 205727 nömrəli "Ölüm haqqında şəhadətnamə" verilmiş, həmin sənəddə onun ölümünün səbəbi kimi təbii su hövzəsində olarkən boğulma göstərilmişdir. İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə ərizə ilə müraciət edərək X1 şəhid statusunun verilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli 1218 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı ilə təsdiq olunur. X3 hərbi hissə tərəfindən verilmiş bildirişində Azərbaycan Respublikasının xx.xx.1994-cü il tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar öz əksini tapmadığına görə ona şəhid statusunun verilməsi mümkün deyildir.

23. İddiaçı öz tələbini mərhum oğlu X4 şəhid statusunun, ailəyə isə şəhid ailəsi adının verilməsi kimi ifadə etsə də, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın 4.1-ci bəndinin tələblərinə əsasən, gizir və zabit olmayan digər hərbi qulluqçulara şəhid ailəsi statusu hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələrinin verdiyi arayışlarla təsdiq olunduğuna görə, məhkəmə hesab edir ki, iddiaçının tələbinin mahiyyəti məhz həmin arayışın verilməsi barədədir. 24.Qeyd olunanlarla baglı Məhkəmə kollegiyası qeyd edir ki, şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları qanunvericilikdə dəqiq müəyyən edilmişdir. X1 şəhid adının verilməsi üçün onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmasının müəyyən edilməsi tələb olunur. Lakin iş materialları ilə bu halların heç biri müəyyən edilmir.

25. Göründüyü kimi, X3 həlak olmasının səbəbi döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası vaxtı olmamışdır.

26. Belə olan halda X4 şəhid statusunun, ailəyə isə şəhid ailəsi adının verilməsinin mümkün hesab edilməməsi haqqında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin hərəkəti qanunauyğun olmuşdur.

27. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, mərhum X3 həlak olduğu şəraiti təsdiq edən sənədlər onun şəhid sayılmasına əsas vermir. Belə olan halda isə, mərhumun ailəsi şəhid ailəsi sayılmır.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

29. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2-1(116)-681/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar