Məhkəmə qərarları › İş №2-1(107)-183/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-183/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-183/2024 31.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “məcburi dövlət sosial sığorta haqqları üzrə cəmi 2483.05 manat əsassız olaraq hesablanmış borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2-1(116)-72/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “məcburi dövlət sosial sığorta haqqları üzrə 2316.37 manat əsas borcun və faizlər üzrə 514.08 manat borcun, ümumilikdə isə 2830.45 manat əsassız olaraq hesablanmış borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək cavabdehin “məcburi dövlət sosial sığorta haqqları üzrə cəmi 2483.05 manat əsassız olaraq hesablanmış borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ona qarşı verilmiş müvafiq tələbə dair iş üzrə Şəki Kommersiya Məhkəməsi e-2-2(l17)-1118/2021 saylı qərar çıxarmış və xx.xx.2021-ci il tarixdə qərara almışdır ki, xx.xx.1968-ci ildə anadan olmuş İddiaçı ölkədən getmək hüququ vergi üzrə 349,29 manat, Dövlət Sosial Müdafiə Fonduna 2830,45 manat sosial sığorta haqları üzrə borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılsın, ondan 100 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun.

5. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində məhkəmənin yuxarıdakı nəticəyə gəlməsinin əsası kimi cavabdeh qurum tərəfindən ona göndərdildiyi iddia olunan bildiriş, xəbərdarlıq və digər sənədlərin məhkəmə araşdırmasının predmetini təşkil etməsi göstərilmişdir.

6. Cavabdehin müvafiq tələbləri, o cümlədən ona göndərdiyini iddia etdiyi bildiriş, xəbərdarlıq və digər sənədlər qanunsuz və əsassızdır. Belə ki, cavabdeh tərəfin iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında xəbərdarlıq adı qoyduğu və ona ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubu qanunvericiliyin tələblərinə uyğun deyildir.

7. Ona görə ki, cavabdehin iddia etdiyi borclarının konkret olaraq hansı illər, hansı aylar üzrə və hansı məbləğdə yarandığına, onların yaranma mənbəyinə və əsaslarına və digər hallara dair rəsmi bildirişlər göndərildiyini xatırlamır və onlarda da belə sübutların olmadığını əminliklə bildirir.

8. İddiaçı 2021-ci ilin 02 dekabr tarixində əsassız hesablanmış borcunun silinməsi tələbinə dair cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

9. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın təmin edilməməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh etirazını aşağıdakı kimi əsaslandırmışdır: - vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan İddiaçı Dövlət Sosial Müdafiə Fonduna 2830,45 manat, dövlət büdcəsinə 249,29 manat məbləğində (o cümlədən, maliyyə sanskiyası üzrə 349,29 manat) olmaqla, ümumlikdə 3179,74 manat borcu yaranmışdır.

11. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci mədəsinə əsasən xx.xx.2019-cu il tarixli **********120100 və xx.xx.2020-ci il tarixli **********908700 nömrəli bildirişlər göndərilmiş, lakin borc məbləği ödənməmişdir.

12. Qeyd olunan borc məbləği ödənilmədiyi üçün vergi ödəyicisinin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə vergi orqanı tərəfindən ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət olunmuş və Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(117)-1118/2021 saylı qərarına əsasən İddiaçı ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırlmışdır.

13. Vergi ödəyicisi İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə vergi orqanına müraciət edərək məcburi dövlət sosial sığorta haqları üzrə 2316,37 manat əsas borcun və faizlər üzrə 514,08 manat, ümumilikdə 2830,45 manat borcun əsassız olaraq hesablandığını və borc məbləğinin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Vergi ödəyicisinin müraciətinin araşdırılması məqsədilə vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********845300 nömrəli və xx.xx.2022-il tarixli **********112200 nömrəli sorğularla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə müraciət olunmuşdur.

15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli **********5 və xx.xx.2021-ci il tarixli **********1 nömrəli cavab məktublarında İddiaçı xx.xx.2018-ci il tarixə yaranmış borcu, məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə silinməli olan borc məbləği barədə məlumat təqdim edilmişdir (məktublar etiraza əlavə olunur).

16. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli **********843600 nömrəli cavab məktubuna əsasən qanunvericiliyə uyğun olaraq İddiaçı şəxsi hesab vərəqəsindən 331,24 (üç yüz otuz bir manat iyirmi dörd qəpik) manat sosial sığorta və 16,16 (on altı manat on altı qəpik) manat məbləğində işsizlikdən sığorta üzrə borcun silinməsi təmin edilmişdir.

17. Hazırda vergi ödəyicisinin baza məlumatlarına əsasən “Vergilər üzrə vərəqədə” 299,29 (iki yüz doxsan doqquz manat iyirmi doqquz qəpik) manat borcu, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə "Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə vərəqə”də 1123,20 (bir min bir yüz iyirmi üç manat iyirmi qəpik) manat əsas və 166,68 (bir yüz altmış altı manat altmış səkkiz qəpik) manat penya borcu, “Muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üzrə vərəqə”də isə 1193,17 (bir min bir yüz doxsan üç manat on yeddi qəpik) manat ödənilməmiş borcu vardır.

18. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydası (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.

19. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səlahiyyətləri Vergi Məcəlləsində göstərilmişdir.

20. Beləliklə, məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir.

21. Bu isə Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir.

22. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə Mülki Məcəllənin müddəaları tətbiq edilmədiyini qərarında qeyd etmişdir, başqa sözlə, mövcud qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcların alınması hər-hansı müddətlə məhdudlaşmır.

23. Vergi Məcəlləsinin 85.5-1-ci maddəsinə görə bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir.

24. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

25. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.

26. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

27. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

28. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 14 dekabr 2023-cü il tarixli 2-1(116)-72/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

29. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

30. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə 2-1(107)-183/2024 nömrəli inzibati iş üzrə məhkəmə-mühasibatlıq ekspertizаsı təyin edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan İddiaçı Dövlət Sosial Müdafiə Fonduna 2830,45 manat, dövlət büdcəsinə 249,29 manat məbləğində (o cümlədən, maliyyə sanskiyası üzrə 349,29 manat) omaqla, ümumlikdə 3179,74 manat borcu yaranmışdır. Vergi ödəyicisi İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə vergi orqanına müraciət edərək məcburi dövlət sosial sığorta haqları üzrə 2316,37 manat əsas borcun və faizlər üzrə 514,08 manat, ümumilikdə 2830,45 manat borcun əsassız olaraq hesablanığını və borc məbləğinin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vergi ödəyicisinin müraciətinin araşdırılması məqsədilə vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********845300 nömrəli və xx.xx.2022-il tarixli **********112200 nömrəli sorğularla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi xx.xx.2021-ci il tarixli **********5 və xx.xx.2021-ci il tarixli **********1 nömrəli cavab məktublarında İddiaçı xx.xx.2018-ci il tarixə yaranmış borcu, məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə silinməli olan borc məbləği barədə məlumat təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli **********843600 nömrəli cavab məktubuna əsasən qanunvericiliyə uyğun olaraq İddiaçı şəxsi hesab vərəqəsindən 331,24 (üç yüz otuz bir manat iyirmi dörd qəpik) manat sosial sığorta və 16,16 (on altı manat on altı qəpik) manat məbləğində işsizlikdən sığorta üzrə borcun silinməsi təmin edilmişdir. Hazırda vergi ödəyicisinin baza məlumatlarına əsasən “Vergilər üzrə vərəqədə” 299,29 (iki yüz doxsan doqquz manat iyirmi doqquz qəpik) manat borcu, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə “Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə vərəqə”də 1123,20 (bir min bir yüz iyirmi üç manat iyirmi qəpik) manat əsas və 166,68 (bir yüz altmış altı manat altmış səkkiz qəpik) manat penya borcu, “Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üzrə vərəqə”də isə 1193,17 (bir min bir yüz doxsan üç manat on yeddi qəpik) manat ödənilməmiş borcu vardır. Yuxarıda qeyd olunanlara əsasən bildirilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2-1(116)-72/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2-1(116)-72/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2-1(116)- 72/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

34. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) daxil olmuş sığortaedən İddiaçı (VÖEN: **********) məcburi dövlət sosial sığorta haqları üzrə borcunun yaranması ilə bağlı 2022-ci il 13 may tarixli 2-1(116)- 875/2022 nömrəli müraciətə baxılmışdır. Müraciətdə qeyd edilən məsələlərin sıra nömrəsinə uyğun araşdırmanın nəticəsi aşağıdakı kimidir: Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində olan məlumatlara əsasən sığortaedənin 2018-ci ilin 1 oktyabr tarixinə 0703 (Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər-rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə) və 0100 (Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növlərinə görə məcburi dövlət sosial sığorta haqqı və maliyyə sanksiyası (o cümlədən penya) üzrə borcları yaranmışdır. Həmin borcların yaranma səbəbləri barədə məlumatları qoşmadakı cədvəldə təqdim edirik. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində olan məlumatlara əsasən sığortaedənin 2018-ci ilin 1 oktyabr tarixinə 0703 fəaliyyət növünə görə məcburi dövlət sosial sığorta haqqı üzrə 1273 manat 20 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 497 manat 92 qəpik və 0100 fəaliyyət növünə görə məcburi dövlət sosial sığorta haqqı üzrə 1230 manat 67 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 16 manat 16 qəpik borcları yaranmışdır. Sığortaedənlər tərəfindən təqdim edilmiş hesabat məlumatları əsasında müvafiq göstəricilər Nazirliyin elektron proqram təminatlarına inteqrasiya edilir. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında“ Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsində qeyd edildiyi kimi sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə - gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya hesablanmışdır. Sığortaedənin dövrlər üzrə işçiləri barədə məlumatlar qoşmadakı cədvəldə əks olunmuşdur. Qeyd edilən dövrlərdə sığortaedənlər tərəfindən təqdim edilmiş hesabat məlumatları Fondun müvafiq struktur bölmələri tərəfindən kameral qaydada yoxlandıqdan sonra sığortaedənin elektron poçt ünvanına yaranmış uyğunsuzluqlar barədə xəbərdarlıqlar göndərilir. Sığortaedənlər tərəfindən “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumaflar (Forma B3) təqdim edilir və hesabatda həmin işçilər barədə məlumatlar (soyad, ad, ata adı, FİN, SSN, hesablanmış və ödənilmiş gəlirlər) əks olunur. Nazirliyin proqram təminatlarında olan məlumatlara əsasən sığortaedənin məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə silinməli olan borc məbləğləri barədə məlumatlarla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 2021-ci il 23 dekabr tarixli **********5 nömrəli məktub ünvanlanmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, sığortaedən İddiaçı Əhmədiyyə oğlunun (SUN:**********9) məcburi dövlət social sığorta haqqı, maliyyə sanskiyaları (o cümlədən penya) və inzibati cərimələrin hansı qaydada müəyyən edilməsi ilə bağlı sübutların təqdim edilməsi üçün müvafiq araşdırmalar aparılır. Aparılan araşdırmalar yekunlaşdırdan sonar əlavə məlumat veriləcəkdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubundan qeyd edilmişdir ki, sığortaedən İddiaçı Əhmədiyyə oğlunun (SUN:**********9) məcburi dövlət social sığorta haqqı, maliyyə sanskiyaları (o cümlədən penya) və inzibati cərimələrin hansı qaydada müəyyən edilməsi ilə bağlı sübutların təqdim edilməsi ilə bağlı məsələnin araşdırılması və cavablandırılması üçün Fonda xx.xx.2022-ci il tarixində **********7 nömrəli məktubla yenidən müraciət olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli **********68 nömrəli məktubundan qeyd edilmişdir ki, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilən məcburi dövlət sosial sığorta haqlarının hesablanması “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - Qanun) ilə tənzimlənir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan sığortaedənlər üzrə (0703 - Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər- rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə) məcburi dövlət sosial sığorta haqqı müvafiq dövrlərə uyğun minimum aylıq əməkhaqqına nisbətdə qüvvədə olan Qanunla müəyyən edilmiş faiz dərəcələri ilə, muzdlu işə aid olan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə (0100 - Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) məcburi dövlət sosial sığorta haqqı isə həmin dövrdə qüvvədə olan Qanuna əsasən sığortaedənin vəsaiti hesabına (hesablanmış əməyin ödənişi fondu və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlər) 22 faiz, sığortaolunanın vəsaiti hesabına (işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlər) 3 faiz miqdarında ödənilir. Qanunun 14-cü maddəsinə əsasən sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər üçün əmək fəaliyyətli dövrlərdə sığortaolunanların xeyrinə hər ay üçün hesablanan məcburi dövlət sosial sığorta haqlarını əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Müvafiq dövrdə qüvvədə olan Qanunun 21-ci maddəsində qeyd edildiyi kimi sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə - gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya hesablanmışdır. Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununa əsasən sığortaedənin məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə silinməli olan borc məbləğləri barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 2021-ci il 23 dekabr tarixli **********5 nömrəli məktubla təqdim edilmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-72/2023 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4096 nömrəli məktubuna əlavə olunmuş ekspert vəsatətindən görünür ki, təyin olunmuş məhkəmə-mühasibat ekspertizasının ilkin sənədlər əsasında aparılması üçün sahibkar İddiaçı fəaliyyətinə dair hesablanmış vergilərlə bağlı mühasibat sənədləri, əmək müqavilələri, əmək haqqına görə ödənilmiş məbləğlər barədə məlumatlar bank sənədləri və s. materialların təqdim olunması xahiş olunmuşdur.

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-9/4096/2023 nömrəli məktubuna əlavə olunmuş məlumatdan görünür ki, vəsatətdə qeyd edilən sənədlər təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir. - Məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2024-cü il tarixli 9/2815 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərildiyi kimi təqdim edilmiş iş materiallarında vergi ödəyicisinə hesablanmış 2483,05 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarını təsdiq edən ilkin mühasibat sənədləri öz əksini tapmamışdır. Yəni, təqdim edilmiş işdə olan hesabat məlumatları əsasında 2010-2015-ci illər üzrə 2483,05 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının hesablanması öz əksini tapsa da həmin hesablamaların hansı mühasibat sənədlərinə əsasən hesablandığı iş materiallarında mövcud deyil. Təqdim edilmiş iş materiallarında olan vergi orqanının sorğusu nəticəsinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilən vergi ödəyicisinə aid hesabat məlumatlarında qeyd edilənlər əsas götürüldüyü halda ekspert qarşısında qoyulmuş suallar üzrə vergi ödəyicisinin 2010-2015-ci illər üzrə 0703 koduna əsasən (Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər rayon mərkəzləri, digər şəhər və qəsəbə) məcburi dövlət sosial sığorta haqları üzrə 1123,20 manat əsas və 166,68 manat penya borcu, 0100 koduna əsasən “Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üzrə isə 1193,17 manat ödənilməmiş borc olduğu müəyyən edilir.

TƏTBİQ EDİLƏN HÜQUQ

35. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 29-1. Məhkəmə ekspertizası İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

37. “Sosial sığorta haqqında” Qanun: 11-ci maddəsinə əsasən, sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. 14.3.1-ci maddəsinə əsasən, sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 21-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər.

38. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 93.1-ci maddəsinə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: - 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; - 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. - 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.

39. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. 3.0-cı maddəsinə görə bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: - 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; - 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; - 3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir.

40. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

41. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

42. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

43. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

44. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

45. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, cədvəl formasında tərtib edilmiş həmin qeydlər iddiaçıya hesablanmış borc məbləğinin yaranmasını təsdiq edən tutarlı və mötəbər sübut olaraq qiymətləndirilə bilməz. Belə ki, sözügedən cədvələ daxil edilmiş məlumatların özlərinin də ilkin mühasibatlıq sənədləri, əmək müqavilələri, əmək haqqına görə ödənilmiş məbləğlər barədə məlumatlar, bank sənədləri əsasında əlavə sübut edilməsinə ehtiyac vardır. Hətta, həmin dövrdə bu hesablamaları aparan Dövlət Sosial Müdafiə Fondu belə, iddiaçıya məcburi dövlət sosial sığorta haqqı və maliyyə sanskiyalarının hansı qaydada hesablanması ilə bağlı sübutlar təqdim edə bilmir.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

47. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə vəsatət təqdim edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən vəsatətdə qeyd edilən sənədlər təqdim edilməmiş və bildirilmişdir ki, ekspertiza tərəfindən təqdim edilən sənədlər məhkəməyə təqdim edilməmişdir.

48. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, tələb olunan sənədlər məhkəmə tərəfindən təqdim edilmədiyindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.

49. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddiaçının məcburi dövlət sosial sığorta haqqları üzrə borcunun olub-olmaması barədə hərtərəfli araşdırma aparılmamış, ekspert vəsatətində qeyd edilən sənədlər tələb olunmamış, iş materiallarında olan sənədlər ətraflı tədqiq olunmamış, beləliklə də İPM-in 12-ci, 48-ci və 58-ci maddələrinin tələbləri pozulmuşdur. Həmin normalara görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

50. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq qanuni və obyektiv qərar qəbul edilməsi baxımından əlavə sənədlər tələb edilərək məhkəmə kollegiyasının təşəbbüsü ilə xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə məhkəməmühasibatlıq ekspertizаsı təyin edilmişdir.

51. Həmin qərardadın icrası ilə bağlı məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2024-cü il tarixli 9/2815 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərildiyi kimi təqdim edilmiş iş materiallarında vergi ödəyicisinə hesablanmış 2483,05 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarını təsdiq edən ilkin mühasibat sənədləri öz əksini tapmamışdır. Yəni, təqdim edilmiş işdə olan hesabat məlumatları əsasında 2010-2015-ci illər üzrə 2483,05 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının hesablanması öz əksini tapsa da həmin hesablamaların hansı mühasibat sənədlərinə əsasən hesablandığı iş materiallarında mövcud deyil. Təqdim edilmiş iş materiallarında olan vergi orqanının sorğusu nəticəsinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilən vergi ödəyicisinə aid hesabat məlumatlarında qeyd edilənlər əsas götürüldüyü halda ekspert qarşısında qoyulmuş suallar üzrə vergi ödəyicisinin 2010-2015ci illər üzrə 0703 koduna əsasən (Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər rayon mərkəzləri, digər şəhər və qəsəbə) məcburi dövlət sosial sığorta haqları üzrə 1123,20 manat əsas və 166,68 manat penya borcu, 0100 koduna əsasən “Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üzrə isə 1193,17 manat ödənilməmiş borc olduğu müəyyən edilir.

52. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, işin faktiki halları, məhkəmə kollegiyası tərəfindən tələb edilən əlavə sənədlər və təqdim edilən ekspert rəyi ilə iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə 1123,20 manat əsas və 166,68 manat penya borcu, 0100 koduna əsasən “Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üzrə isə 1193,17 manat ödənilməmiş borc olduğu müəyyən edilir.

53. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq və apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

54. Beləliklə, kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini tam təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

55. Ona görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməli, məhkəməmühasibatlıq ekspertizasının xərci olan 100 (bir yüz) manat İddiaçı tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir.

56. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2-1(116)-72/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “məcburi dövlət sosial sığorta haqqları üzrə cəmi 2483.05 manat əsassız olaraq hesablanmış borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 100 (bir yüz) manat İddiaçı tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) köçürülsün. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar