Məhkəmə qərarları › İş №2-1(107)-184/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-184/2021

16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-184/2021 16.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və üçüncü şəxslər X12 və X13 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X21 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X12, X20, X3 və X18) “Zaqatala rayonu Bəhmətli kəndində yerləşən X17 Komitəsinin Zaqatala rayon Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə hazırlanmış 582 nömrə ilə uçota alınmış A 434511 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunmuş 15000 kvm torpaq sahəsinin 0,96 ha hissəsinin ləğv edilməsi, X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmış və Çıxarış verilmiş qeydiyyatın, həmin qeydiyyatın aparılmasına əsas olmuş X17 Komitəsinin Zaqatala rayon Şöbəsinin verdiyi xx.xx.2013-cü il tarixli 577 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, hazırda mövcud vəziyyətə uyğun yeni torpağın mülkiyyət sənədlərinin hazırlanmasını və həmin 0.96 ha torpaq sahəsinin və ailə üzvlərinin mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-243/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Aparılmış torpaq islahatı zamanı, yəni, 1996-cı ildə qəbul olunmuş X19 Qanuna əsasən Zaqatala rayonu Bəhmətli kənd ərazisində iddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1,71 ha əkinə yararlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə” hazırlanaraq verilmişdir. Həmin şəhadətnamə Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1995-ci il tarixli 14 saylı qərarı ilə təsdiq edilmişdir. Verilmiş şəhadətnamə Dövlət qeydiyyat kitabında xx xxxxxx 1996-cı ildə 2002 saylı nömrə ilə qeydiyyata alınmışdır. Həmin şəhadətnamənin qeyd hissəsində yazılmışdır ki, torpaqdan istifadə hüququna aid şəhadətnamə torpaq mülkiyyətçisinə şəhadətnamə verilən müddətə qədər etibarlıdır. Eyni zamanda həmin şəhadətnamədə qeyd olunmuşdur ki, torpaq başqa torpaq istifadəçisinə ancaq qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qayda üzrə verilə bilər. Həmin torpaq sahəsi həmin vaxtdan indiyədək onun və ailə üzvlərinin qanuni istifadəsindədir və hal-hazırda da torpaq sahəsindən onlar istifadə edirlər. Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarı ilə Zaqatala rayonunda aparılmış torpaq islahatında yol verilmiş nöqsanların aradan qaldırılması və aparılmış torpaq islahatında qismən dəyişiklik edilməsi məqsədi ilə yenidən torpaq islahatı aparılmış və mülkiyyətlərində olan torpaq sahələrinə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 nömrəli fərmanı ilə təsdiq edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanmışdır. Həmin sənədlər 2013-cü ildə hazırlanmış, lakin vətndaşlara 2018-ci ildə paylanmışdır. Mülkiyyətlərində olan torpaq sahələrinə dair Torpaq sahəsinin planı və ölçüsü sənədlərini əldə etdikdən sonra məlum olmuşdur ki, 1996-cı ildən istifadədə olan 1,7 ha torpaq sahəsinin 0,96 ha hissəsi Bəhmətli kənd sakini X7 və onun ailə üzvülərinin adına işlənmiş və onun adına hüquqi sənədlər hazırlanmışdır. Onun və ailə üzvlərimin adına isə istifadə etmədiyi yerdə sənədlər hazırlanmışdır. X6 adına işlənmiş 0,96 ha torpaq sahəsində 1996-cı ildə o və ailə üzvləri fındıq ağacları əkərək torpaq münbitləşdirərək bağ halına gətirmiş və oradan məhsul yığaraq, hazırda da ondan istifadə edirlər. O, hazırda X17 Komitəsi ləğv edildiyindən və Prezidentin fərmanına əsasən ləğv edilmiş X17 Komitəsinin hüquqi varisi X21 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdməti olduğundan o, sonuncu adı çəkilən təşkilatın 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş. Lakin cavabdeh təşkilat onun müraciətinə imtina cavabı vermişdir. Cavabdehin etirazının dəlilləri: Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 0,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iş üzrə 3-cü şəxslərə (4 nəfərə) Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı qərarı ilə verilmiş və həmin qərara əsasən Ləğv edilmiş DTXK tərəfindən AN 434506 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin torpaq sahəsi iş üzrə 3-cü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı 3-cü şəxs X6 əmisi olduğunu, sənəd üzrə torpaq sahəsindən istifadə etmədiyini, sənəd üzrə ona verilən torpaq sahəsinin 0.96 ha hissəsini əmisinə verməyə razı olduğunu, faktiki istifadəsində olan sahədə fındıq bağı saldığını bildirib iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında 3-cü şəxslər mübahisəli torpaq sahəsinin onlara məxsus olduğunu, iddiaçının orada fındıq bağı saldığını, fındıq ağaclarının oradan çıxarılaraq torpaq sahəsinin onlara təhvil verilməli olduğunu bildirib iddianın təmin edilməməsini xahiş etdilər. İş materiallarında olan A seriyalı 434511 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiqlənmiş surətindən görünür ki, X24 Komissiyasının xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarı ilə Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 15000 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X1 adına qeydiyyata alınmışdır. X25 kitabında xx.xx.2013-cü il tarixdə 582 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli A seriyalı 404373 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********66 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X16 və ailə üzvləri X20, X3 və X18 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bəhmətli Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 168 nömrəli Arayışndan görünür ki, X16 və onun ailə üzvülərinə, mülkiyyətinə dair işlənmiş 0.96 ha torpaq sahəsi 1996-cı ildə aparılmış islahat zamanı X2 və onun ailə üzvülərinə, mülkiyyətinə və istifadəsinə verilmiş torpaq sahəsidir. Şahvələd İsgəndərov həmin torpaq sahəsində 1996-cı ildən fındıq bağı salmış və bu günədək həmin torpaq və fındıq bağı Şahvələd İsgəndərovun və ailəsinin istifadəsindədir. Həmin torpaq sahəsinə dair sənədlər 2003-cü ilin islahatında mexaniki səhv olaraq Əli İsgəndərovun adına işlənmişdir. Bu məsələ 2019-cu ildə sənədləşmə aparılan zaman tərəflərə məlum olmuşdur. İş materiallarında olan Bəhmətli Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 17 nömrəli Arayışından görünür ki, Bəhmətli kəndində 1996-cı ildə islahatlar getdiyi zaman Mosulhənd çölündə İddiaçı göstərilən 1.50 ha əkin sahəsinə həmin ildən bəri fındıq topaları salmışdır. Lakin 2003-cü ilin islahatları zamanı hər hansısa bir mexaniki səhvə görə yerdəyişməsi etmişlər. Buna görə İddiaçı istifadəsində olan həmin sözü gedən sahənin 1.20 ha X10 və oğlu X11 DT və XK Torpaq sahəsinin plan və ölçüsünə işləmişlər. Hal-hazırda həmin sözü gedən sahə 2018-ci ildə bilinmişdir və tərəflər arasında mübahisəyə səbəb olmuşdur, hələ də davam etməkdədir. Hal-hazırda həmin fındıq bağı İddiaçı Vəlyyədin oğlunun istifadəsindədir və onun şəxsi mülküyyətındədir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2021-ci il tarixli 2- 1(116)-243/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X21 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X12, X20, X3 və X18) “Zaqatala rayonu Bəhmətli kəndində yerləşən X17 Komitəsinin Zaqatala rayon Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə hazırlanmış 582 nömrə ilə uçota alınmış A 434511 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunmuş 15000 kvm torpaq sahəsinin 0,96 ha hissəsinin ləğv edilməsi, X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmış və Çıxarış verilmiş qeydiyyatın, həmin qeydiyyatın aparılmasına əsas olmuş X17 Komitəsinin Zaqatala rayon Şöbəsinin verdiyi xx.xx.2013-cü il tarixli 577 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, hazırda mövcud vəziyyətə uyğun yeni torpağın mülkiyyət sənədlərinin hazırlanmasını və həmin 0.96 ha torpaq sahəsinin və ailə üzvlərinin mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-243/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-243/2021 saylı qərarı ilə onun cavabdeh Azərbaycan Respublikası X21 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X12, X20, X4 və X18) “Zaqatala rayonu Bəhmətli kəndində yeləşən X17 Komitəsinin Zaqatala rayon Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə hazırlanmış 582 nömrə ilə uçota alınmış A434511 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş 15000 kvm torpaq sahəsinin 0,96 ha hissəsinin ləğv edilməsi, X9 və ailə üzvlərinin mülkiyyətinə verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmış və Çıxarış verilmiş qeydiyyatın, həmin qeydiyyatın aparılmasına əsas olmuş X17 Komitəsinin Zaqatala rayon Şöbəsinin verdiyi xx.xx.2013-cü il tarixli 577 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, hazırda mövcud vəziyyətə uyğun yeni torpağın mülkiyyət sənədlərinin hazırlanmasını və həmin 0,96 ha torpaq sahəsinin və ailə üzvlərinin mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Çıxarışla rəsmiləşdirlməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi”nə dair iddiam təmin edilməmişdir. Həmin qərarla razı deyil. Belə ki, məhkəmə qərarını düzgün əsaslandırmamışdır. Məhkəmə qərarının əsaslandırma hissəsində Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununa istinad etmişdir. Lakin onun iddia ərizəsi həmin qanuna əsasən deyil, X19 Qanuna, Torpaq Məcəlləsinə və həmin Qanun və Məcəllənin icrasını həyata keçirən inzibati orqanların qəbul etdiyi Normativ hüquqi aktlara əsaslanaraq həl edilməli idi. 1996-cı ildə qəbul olunmuş X19 Qanuna əsasən Zaqatala rayonu Bəhmətli kənd ərazisində onun və ailə üzvlərinin mülkiyyətinə 1,71 ha əkinə yararlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə” hazırlanaraq verilmişdir. Həmin şəhadətnamə Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1995-ci il tarixli 14 saylı qərarı ilə təsdiq edilmişdir. Verilmiş şəhadətnamə Dövlət qeydiyyat kitabında xx xxxxxx 1996-cı ildə 2002 saylı nömrə ilə qeydiyyata alınmışdır. Həmin şəhadətnamənin qeyd hissəsində yazılmışdır ki, torpaqdan istifadə hüququna aid şəhadətnamə torpaq mülkiyyətçisinə şəhadətnamə verilən müddətə qədər etibarlıdır. Eyni zamanda həmin şəhadətnamədə qeyd olunmuşdur ki, torpaq başqa torpaq istifadəçisinə ancaq qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qayda üzrə verilə bilər. Həmin torpaq sahəsi həmin vaxtdan indiyədək onun və ailə üzvlərinin qanuni istifadəsindədir və hal-hazırda da torpaq sahəsindən onlar istifadə edirlər. Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarı ilə Zaqatala rayonunda aparılmış torpaq islahatında yol verilmiş nöqsanların aradan qaldırılması və aparılmış torpaq islahatında qismən dəyişiklik edilməsi məqsədi ilə yenidən torpaq islahatı aparılmış və mülkiyyətində olan torpaq sahələrinə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 nömrəli fərmanı ilə təsdiq edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanmışdır. Həmin sənədlər 2013-cü ildə hazırlanmış, lakin biz vətəndaşlara 2018-ci ildə paylanmışdır. Mülkiyyətində olan torpaq sahələrinə dair Torpaq sahəsinin planı və ölçüsü sənədlərini əldə etdikdən sonra ona məlum olmuşdur ki, 1996-cı ildən istifadəsində olan 1,7 ha torpaq sahəsinin 0,96 ha hissəsi Bəhmətli kənd sakini X7 və onun ailə üzvülərinin adına işlənmiş və onun adına hüquqi sənədlər hazırlanmışdır. Onun və ailə üzvlərinin adına isə istifadə etmədiyi yerdən sənədlər hazırlanmışdır. X7 adına işlənmiş 0,96 ha torpaq sahəsində 1996-cı ildə o, və ailə üzvləri fındıq ağacları əkərək torpağı münbitləşdirərək bağ halına gətirmişik və oradan məhsul yığaraq, hazırda da ondan istifadə edirlər. Zaqatala rayonunda aparılmış təkrar islahat Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə aparılmışdır. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, torpaq islahatı vaxtı qanuni torpaq payı almaq hüququ olan vətəndaşların mülkiyyətinə verilən torpaqlar verildiyi yerdə saxlanılsın, artıq olarsa kəsilsin, əlavə olarsa digər boş qalan yararlı sahədən verilməsi nəzərdə tutulsun. İddiaya əlavə etdiyi Torpaq sahəsinin planı və ölçüsü sənədlərindən görünür ki, səhv işlənmiş Torpaq sahəsinin planı və ölçüsünə dair sənədlər və torpaq sahələri Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarının icrası olaraq verilmişdir. X31 və Xəritəçəkmə Komitəsinin əməkdaşlarının səhlənkarlığı nəticəsində Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı düzgün icra olunmamışdır. Bunun nəticəsində onun və ailə üzvlərinin mülkiyyət hüquqları pozulmuşdur. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-243/2021 saylı qərarının ləğv edilməsinin və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-243/2021 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X12 və X20 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021ci il tarixli 2-1(116)-243/2021 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası X21 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxslər X3 və X18 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh Azərbaycan Respublikası X21 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub göndərərək işə onlarının iştirakı olmadan baxılmasını xahiş etmişdilər. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-243/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Zaqatala rayon Bəhmətli kəndində yerləşən 0,96 ha torpaq sahəsinə dair işin materiallarına hər hansı sənəd əlavə etməmiş, həmçinin birinci instabnsiya məhkəməsinin araşdırması zamanı da aşkar olunmamışdır. Birinci instansiya məhkəməsinin araşdırması nəticəsində torpaq sahəsinin 3-cü şəxslərə aid olduğu məlum olmuşdur. Həmin torpaq sahəsindən iddiaçının istifadə etməsi onun qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququ əldə etməsinə əsas vermir. İddiaçıya “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə” hazırlanaraq verilmişdir. Həmin şəhadətnamə Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1995-ci il tarixli 14 saylı qərarı ilə təsdiq edilmişdir. Verilmiş şəhadətnamə Dövlət qeydiyyat kitabında xx xxxxxx 1996-cı ildə 2002 saylı nömrə ilə qeydiyyata alınmışdır və həmin şəhadətnamənin qeyd hissəsində yazılmışdır ki, torpaqdan istifadə hüququna aid şəhadətnamə torpaq mülkiyyətçisinə şəhadətnamə verilən müddətə qədər etibarlıdır. Göründüyü kimi iddiaçının adına Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı qərarı ilə A seriyalı 434511 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış, onun verilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə” qüvvədən düşmüşdür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin üst-üstə düşməməsi 3-cü şəxslərin adına tərtib olunmuş sənədlərin ləğvinə səbəb ola bilməz. Həmçinin yuxarıda qeyd olunduğu kimi 0.96 ha torpaq sahəsinə dair iddiaçının adına heç bir hüquqmüəyyənedici sənəd tərtib olunmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-243/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar