Məhkəmə qərarları › İş №2-1(107)-184/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-184/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-184/2022 21.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxslər: X5 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı “X2 adına verilmiş **********89-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 6 may 2008-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda adının torpaq mülkiyyətçisi kimi mülkiyyətçi qrafasına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2-1(116)-702/2020 nömrəli qərarından iş üzrə üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “X2 adına verilmiş **********89-1-301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 6 may 2008-ci il tarixli, seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və onun üzərində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı, 66.05 kv.metr yaşayış, 62.17 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi DƏDRX-nin 9 saylı Ərazi İdarəsində tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 153 nömrəli vərəqində qeydə alınmışdır və bu barədə onun adına **********89-1-301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 6 may 2008-ci il qeydiyyat tarixli, seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

3. Həmin fərdi yaşayış evinin yerləşdiyi 0.06 hektar həyətyanı torpaq sahəsi Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 03 saylı 28 fevral 2001-ci il tarixli qərarı ilə X2 və iddiaçının ümumi birgə mülkiyyətinə verilmişdir və bu barədə adlarına 815 nömrə ilə qeydiyyat kitabında qeydə alınmış JN-850F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir.

4. Lakin bütün bunlara baxmayaraq iddiaçının qeyd etdiyi ünvanda yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi qanunsuz olaraq 6 may 2008-ci il tarixdə vahid daşınmaz əmlak kimi yalnız anası X2 adına qeydə alınmışdır və adına çıxarış verilmişdir. Bu barədə iddiaçının yalnız anasının ona qarşı evdən çıxarılma tələbinə dair işə baxılan zaman məlumatı olmuşdur. Bununla bağlı iddiaçı çıxarışın ləğv edilməsi məqsədi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan çıxarışın ləğv edilməsinin onların səlahiyyətində olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə "xxxx" ASC iş üzrə üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilmişdir.

6. İddiaçı məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olmuş ərizəsində iddia tələbində dəqiqləşdirmə apararaq “X2 adına verilmiş **********89-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 6 may 2008-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda adının torpaq mülkiyyətçisi kimi mülkiyyətçi qrafasına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

8. Cavabdeh orqan iddia tələbinə etiraz məktubunda qeyd etmişdir ki, X1 iddia etdiyi X3 adına verilmiş 6 may 2008-ci il tarixli, ********* qeydiyyat nömrəli verilmiş reyestrdən çıxarışın ləğv edilməsi DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəbə görə də müraciətinin icrası cavabdeh tərəfindən mümkün olmamışdır. Qeyd edilmişdir ki, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq səhəsi üzərində yerləşən fərdi yaşayış evi iddiaçı X1 notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında X2 adına rəsmiləşdirilmişdir. X2 adına dövlət qeydiyyatına alınmış daşınmaz əmlak "xxxx" ASC-nin Ağdaş filialında ipoteka ilə yüklü edilmiş və hal-hazırda da həmin yüklülük qüvvədədir. Bu səbəbdən də məhkəmə prosesinə "xxxx" ASC-nin Ağdaş filialı da 3-cü şəxs kimi cəlb edilməlidir.

9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs iddia tələbinə etiraz etmədiyini bildirmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 25 noyabr 2020-ci il tarixli 2- 1(116)-702/2020 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.

13. Üçüncü şəxs "xxxx" ASC həmin qərardan apellyasiya şikayəti vermişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək, çıxarışın ləğv olunmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən isə iddiaçının ərizəsinin təmin olunmasından imtina edilmiş və iddiaçı da ilk öncə cavabdeh inzibati orqandan tələb etdiyi xahişinə uyğun olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə gedişində iddiaçı iddia ərizəsinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edərək, adının mülkiyyətçi qrafasına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Lakin, iş materiallarından göründüyü kimi, qərarda inzibati orqana iddiaçının sonuncu tələbi ilə bağlı müraciət edilməsi müəyyən olunmur. İddiaçının belə bir müraicəti olmadığı halda məhkəmə tələbin dəyişdirilməsinə dair ərizəni icraata qəbul edərək mövcud həmin tələb üzrə işə baxılmasında prosessual pozuntuya yol vermişdir. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair ərizə məhkəməyə təqdim edildikdən sonra məhkəmə həmin ərizə ilə bağlı ayrıca akt formasında qərardad qəbul etməli və həmin qərardadın surəti tərəflərə, həmçinin, üçüncü şəxslərə göndərilməli idi. Lakin belə bir qərardad LPO "xxxx" ASC-yə daxil olmamış və bunun əksinə qərardan görünür ki, həmin qərar ayrıca akt formasında deyil, protokol qaydasında dəqiqləşdirilmişdir ki, bu da növbəti prosessual pozuntudur. Bundan başqa LPO "xxxx" ASC-yə məhkəmə iclasında iştirak etməklə bağlı hər hansı bildiriş gəlməmişdir. Bank iş üzrə üçüncü şəxs kimi işə cəlb olunsa da məhkəmə iclasında iştirak etmək və məhkəmə müdafiəsindən istifadə etmək hüququ pozulmuşdur. Göründüyü kimi, iddiaçı X1 adının mülkiyyətçi qrafasına əlavə edilməsi bankın hüquqlarını pozur. Qeyd edilən 0,06 ha torpaq sahəsi üzərindəki evlə birlikdə LPO "xxxx" ASC-də ipoteka ilə yüklü edilmişdir. Hal-hazırda cavabdehlər X4, X5, X6 və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia Şəki Kommersiya Məhkəməsində icraatdadır. İddiaçının adının mülkiyyətçi qrafasına yazılması bankın hüquqlarını pozaraq, işin icrasına maneçilik yaradacaqdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2- 1(116)-702/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2- 1(116)-702/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2- 1(116)-702/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi və üçüncü şəxs "xxxx" ASC nümayəndəsinin iştirakını təmin etməmişdir.

19. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

20. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Onlara AZE seriyalı 08315599 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2019-cu il tarixli **********67 nömrəli imtina məktubu, cavabdehin xx.xx.2019-cu il tarixli **********96 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri, cavabdehin xx.xx.2020-ci il tarixli **********89 nömrəli etiraz məktubu, xx.xx.2008-ci il tarixli ərizənin təsdiq edilmiş surəti aiddir. - Həyətyanı torpaq sahələrinə aid “Cədvəl”in təsdiq edilmiş surətindən müəyyən edilir ki, həmin cədvəldə 850-ci sırada üçüncü şəxslə yanaşı iddiaçının da adı qeyd edilmişdir. - JN-850F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi X5 və onun ailə üzvü İddiaçı mülkiyyətinə verilmişdir. - xx.xx.2008-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı mənzilin üçüncü şəxsin (anası) adına sənədləşdirilməsinə razılıq vermişdir. - RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 56 nömrəli fərdi yaşayış evi X2 mülkiyyətində olmaqla "xxxx" ASCnin Ağdaş filialının xeyrinə hüquq yüklü edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

22. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

25. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir.

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

27. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

28. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

29. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

30. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi X5 və onun ailə üzvü X1 mülkiyyətinə verilmişdir. Bundan sonra iş üzrə iddiaçı xx.xx.2008-ci ildə mülkün anasının adına sənədləşdirilməsinə razılıq vermiş, cavabdeh inzibati orqan isə fərdi yaşayış evi ilə birlikdə torpaq sahəsini də 3-cü şəxsin adına qeydiyyata almışdır. Halbuki, qeyd olunan torpaq sahəsinin yarısı iddiaçının mülkiyyətində olmuş, həmin torpaq sahəsinin onun tərəfindən anasına bağışlanması və ya alqı-satqı qaydasında verilməsi baş tutmamışdır. İddiaçı yanlız evin anasının adına sənədləşdirilməsinə razılıq vermişdir.

33. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

34. Bundan başqa məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, Şəki İnzibati Məhkəməsinin 5 avqust 2020-ci il tarixli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Lakin 31 may 2022-ci il tarixli məktubdan görünür ki, Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2-1(116)-702/2020 nömrəli qərarı həmin tarixdə üçüncü şəxs "xxxx" ASC-yə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi əsasında birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilməməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir. Həmçinin, üçüncü şəxs apellyasiya şikayətində iddiaçının ilkin iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etdiyini, lakin sonradan iddia tələbini dəqiqləşdirdiyini və bununla bağlı cavabdeh inzibati orqana müraciət etmədiyini göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə də münasibət bildirərək qeyd edir ki, iddiaçının ilkin iddiası X2 adına verilmiş **********89-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 6 may 2008-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, sonrakı iddiası isə X2 adına verilmiş **********89-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 6 may 2008-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda adının torpaq mülkiyyətçisi kimi mülkiyyətçi qrafasına əlavə edilməsindən ibarət olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə hər iki halda da X2 adına verilmiş **********89-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 6 may 2008-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ya iddiaçının adının torpaq mülkiyyətçisi kimi əlavə edilməsi mahiyyətcə iddiaçının hüquqlarının müdafiəsi ilə bağlıdır.

35. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, X2 adına verilmiş **********89-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 6 may 2008-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda adının torpaq mülkiyyətçisi kimi mülkiyyətçi qrafasına əlavə edilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2-1(116)-702/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar