Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-186/2021 27.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2- 1(116)-239/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 1992-1995-ci illər ərzində Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda döyüşmüşdür. Bir neçə dəfə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, onun aidiyyatı qurumuna müraciət edərək müharibə veteranı statusunun və vəsiqəsinin verilməsini istəmişdir. 1992-1993-cü illərdə könüllü, 01 yanvar 1994-cü ildən 01 sentyabr 1995-ci ilə kimi isə Hərbi Polisin nəzdində Qarabağ müharibəsində iştirak etmişdir. Əsasən Ağdam, Şuşa, Ağdərə və s. rayonlar uyğunda gedən döyüşlərdə iştirak etmişdir. Bu müddət ərzində ona silah təhkim olunmuş, özü də atıcı olmuşdur. Bununla bağlı sübut və şahidləri var. Lakin Müdafiə Nazirliyi 10 iyul 2020-ci il tarixli məktubu ilə müharibə veteranı adını və vəsiqəsini verməkdən imtina etmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, 1992-ci ildən 1995-ci ilədək Qarabağ müharibəsində döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-İİİ QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli 4 №-li əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının 1,6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991ci il oktyabrın 9-dək erməni milliyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində, keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə,1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinnin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Belə ki, Mərkəzi Arxivin 18.09.2017-ci il tarixli 9/16228 nömrəli arayışına əsasən İddiaçı xidmət keçdiyi Yevlax Hərbi Polis İdarəsi Silahlı Qüvvələrin Baş Qərargah rəsinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona Müharibə Veteranı” adının verilməsindən imtina edilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa və Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olmuşdur. Buna görə də, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivin 18.09.2017-ci il tarixli 9/2- 16228 nömrəli Arxiv Arayışından görünür ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 31.12.1993-cü il tarixli müvafiq əmrinə əsasən Yevlax Hərbi Polis şöbəsinin tağım komandiri vəzifəsinə təyin edilərək kiçik gizir hərbi rütbəsi verilməklə, İddiaçı Hərbi Polis İdarəsi rəisinin 28 yanvar 1994-cü il tarixli 25 №-li əmrilə (əsas: §12, səh-43) 01 yanvar 1994-cü il tarixdən sayılmaqla hissənin şəxsi heyətinə və bütün növ təminatlara daxil edilməklə xidməti vəzifəsinin icrasına başlamışdır. Müdafiə nazirinin 27.08.1995-ci il tarixli müvafiq əmrinin “Q” bəndinə əsasən (ştatların ixtisara düşməyilə əlaqədar olaraq) ehtiyata tərxis olunmuş, 13.07.1995-ci ildən ştatdan kənar edilmiş tağım komandiri kiçik gizir İddiaçı Hərbi Polis İdarəsi rəisinin 01 sentyabr 1995-cı il tarixli 144 №-li əmrilə (əsas: § 3, səh-54, sıra-3) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Yevlax RHK-nın sərəncamına göndərilmişdir. İddiaçı yanvar-may 1994-cü il tarixlərində ezamiyyətdə olması barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan H3 seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 1974-1976-cı il tarixlərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Şəki Şəhər Rayon Polis Şöbəsinin 17.10.2020-ci il tarixli 189-25888-1220 nömrəli məktubundan görünür ki, İddiaçı 17.06.1995-ci il tarixdə CM-nin 70-2 maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan Qarabağ Hərbi Prokurorluğunun 14.10.2020-ci il tarixli 18/3624 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun 03.11.2020-ci il tarixli 16/3729 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində təqsirləndirici material və cinayət işi yoxdur. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun 19.11.2020-ci il tarixli 22HP5278 nömrəli məktubundan görünür ki, 1956-cı il təvəllüdlü, Yevlax Hərbi Polis şöbəsində xidmət etmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 28 yanvar 2021-ci il tarixli 2- 1(116)-239/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2-1(116)-239/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, o, 1992-1995-ci illər ərzində Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda döyüşmüşdür. Hazırda o da bir Azərbaycan vətəndaşı olaraq dövlət rəhbərimizin biz müharibə iştirakçıları üçün vermiş olduğu imtizaylardan istifadə etmək istəyir. O, bir neçə dəfə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, onun aidiyyatı qurumuna müraciət edərək müharibə veteran statusunun və vəsiqəsinin ona verilməsini istəmişdir. Bildirir ki, 1992-1993-cü illərdə könüllü, 01 yanvar 1994-cü ildən 01 sentyabr 1995-ci ilə kimi isə Hərbi Polisin nəzdində Qarabağ müharibəsində iştirak etmişdir. Əsasən Ağdam, Şuşa, Ağdərə və s. rayonları uyğunda gedən döyüşlərdə iştirak etmişdir. Bu müddət ərzində ona silah təhkim olunmuş, özü də atıcı olmuşdur. Bununla bağlı sübut və şahidləri var. Lakin Nazirliyin 10 iyul 2020-ci il tarixli məktubu ilə ona müharibə veteranı adını və vəsiqəsini verməkdən imtina edilmişdir. Lakin Şəki inzibati Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2-1(116)-239/2021 nömrəli qərarı ilə onun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteran adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, iddiaçı döyüşlərdə iştirak etməsini sübut edə bilmədiyi üçün inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmas doğru olmuşdur. Lakin bu absurd bir yanaşmadır və o, bunu qəbul edə bilmər. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəz Arxivinin 18 sentyabr 2017-ci il tarixli 9/2-16228 məktubundan görünür ki, İddiaçı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 31 dekabr 1993-cü il tarixli müvafiq əmrinə əsasən, Yevlax Hərbi Polis Şöbəsinin tağım komandiri vəzifəsinə təyin edilərək kiçik gizir hərbi rütbəsi verilməklə o, Hərbi Polis İdarəsinin rəsinin 28 yanvar 1994-ci il tarixli 25 №-li əmrilə 01 yanvar 1994-cü il tarixdən sayılmaqla hissənin şəxsi heyətinə və bütün növ təminatlara daxil edilməklə xidməti vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirinin 27 avqust 1995ci il tarixli müvafiq əmrinin «Q» bəndinə əsasən, (ştatların ixtisara düşməsi ilə əlaqədar) ehtiyata tərxis olunmuş, 13 iyul 1995-ci ildən ştatdan kənar edilmiş tağım komandiri kiçik gizir Həsənov Hərbi Polis İdarəsi rəisinin 01 sentyabr 1995-ci il tarixli 144 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Yevlax RHK-nın sərəncamına göndərilmişdir. Yuxarıda göstərilən sənədlərlə onu döyüşdə olmağını təsdiq və sübut olunur. Həmçinin onun döyüşdə olduğunu sübut edən çoxsaylı şahidlərim (döyüş yoldaşlarım vardır). Həmin şahidlərin də məhkəmə iclasında dindirilmələrini xahiş edir. Hesab edir ki, hazırda o, veteran adının və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə mövcud iddia tələbi ilə müraciət etməkdə haqlı və bu haqlı tələbi təmin edilməlidir. Ona görə də məhkəmə tərəfindən ona “müharibə veteranı adı və vəsiqəsinin" verilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Kollegiyadan, Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2-1(116)-239/2021 saylı qərarının ləğv edilməsi və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2-1(116)-239/2021 nömrəli qərarının ləğv edilməsi və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2-1(116)-239/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə kollegiyası həmçinin formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd edir ki, oxşar işlər üzrə kollegiyanın 2-1(102)-331/2020 saylı 4 fevral 2020-ci il tarixli və 2- 1(102)555/2020 saylı 24 iyun 2020-ci il tarixli qərarları ilə də iddiaçıların qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması aidiyyəti dövlət orqanının arayışı və əmri ilə birgə təsdiq olunmaması səbəbi ilə onların kassasiya şikayətləri təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2-1(116)-239/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-186/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-186/2021
27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver