Məhkəmə qərarları › İş №2-1(107)-186/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-186/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-186/2023 05.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 1561F Kod 40601004 nömrəli və JN-1561G kod 40601004 nömrəli şəhadətnamələrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2-1(116)-1062/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi və üçüncü şəxs X10 tərəfindən apellyasiya şikayətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarının onlara aid hissədə və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1561F Kod 40601004 nömrəli və JN-1561G kod 40601004 nömrəli şəhadətnamələrin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1062/2022 nömrəli qərardadı ilə X10, X13 və Sadıqova (Qasımova) Dilbər Arif qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.

3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi, “tələbin həcminin azaldılması barədə” ərizə təqdim edərək “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1561F və JN-1561G kod 40601004 nömrəli şəhadətnamələrin ləğv edilməsi" barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir.

5. İşin qısa mahiyyəti ondan ibarətdir ki, 964 inventar nömrəli, sentyabr 1977-ci il tarixli fərdi yaşayış evinə dair texniki pasportda hüquq subyektləri olaraq X14 və İddiaçı adı qeyd edilməsinə baxmayaraq, həmin torpaq sahəsinə dair tərtib edilmiş JN-1561G və 1561F nömrəli şəhadətnamələrdə 0.16 ha və 0.13 ha torpaq sahələrinin Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə X14, X2, X10, X15 və X3 ümumi birgə mülkiyyətinə verilməsi ilə bağlı qeydiyyat aparılmışdır. İddiaçı sözügedən torpaq sahəsi ilə bağlı Əhməd Sadıqovdan başqa digər şəxslərin adlarının texniki pasportda qeyd edilmədiyini və onların həmin torpaq sahəsinə aidiyyətinin olmadığını bildirərək hər iki şəhadətnamənin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

6. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçı tərəfindən təqdim edilmiş fərdi yaşayış evinə dair texniki pasportda özünün və mərhum atasının adları qeyd olunsa da, həmin texniki pasportun Ərazi İdarəsinin arxivində saxlanılan nüsxəsində yalnız mərhum atasının adı qeyd olunması, təqdim edilmiş sənədlərlə Ərazi İdarəsinin arxivində saxlanılan sənədlər arasında uyğunsuzluğun olması, qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə AİK-nın qərarı ilə başqa vətəndaşların adına JN-1561G saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanması, həmin fərdi yaşayış evinin sözügedən şəhadətnamənin mülkiyyətçiləri tərəfindən istifadə olunması və fərdi yaşayış evi üzərində mübahisə olduğundan texniki inventarlaşdırma işlərinin aparılmasının mümkün olmaması ilə əsaslandırmışdır

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin nümayəndəsi izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 noyabr 2022-ci il tarixli 2- 1(116)-1062/2022 nömrəli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi qərara alınmışdır.

11. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi və üçüncü şəxs X10 həmin qərardan apellyasiya şikayəti vermişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Qəbələ şəhərində yerləşən fərdi yaşayış evinə dair təqdim etdiyi texniki pasportda özünün və mərhum atası X7 adı qey olunsa da həmin texniki pasportun Ərazi İdarəsinin arxivində saxlanılan nüsxəsində isə yalnız mərhum atası X7 adı qeyd olunmuşdur. Təqdim edilmiş sənədlərlə Ərazi İdarəsinin arxivində saxlanılan sənədlər arasında uyğunsuzluqlar var. Ərazi İdarəsinin arxivində saxlanılan X7 adına tərtib edilmiş texniki pasportda torpaq sahəsi ilə bağlı hər hansı qeyd yoxdur. Eyni zamanda qeyd olunan fərdi yaşayış evi Aqrar İslahat Komissiyasının qərarı ilə tərtib edilmiş JN-1561F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X14 və digər ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.16 ha torpaq sahəsində yerləşir. 0,13 ha torpaq sahəsinə dair tərtib edilmiş JN 1561G saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi isə tamamilə əsassızdır. Qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə isə Aqrar İslahat Komissiyasının qərarı ilə X14 və digər ailə üzvlərinin adına JN-1561F Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Həmin fərdi yaşayış evi JN-1561F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mülkiyyətçiləri tərəfindən istifadə olunur, fərdi yaşayış evinin üzərində mübahisə var. Mütəxəssis rəyində qeyd edilən məlumatlar birinci instansiya məhkəməsinə təqdim edilmiş, lakin işin halları məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qəbələ Rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 sayl qərarı əsasında verilmiş JN-1561F və JN-1561G nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin mülkiyyətçiləri X10, X13, Sadıqova (Qasımova) Dilbər Airf qızı və X1 aid hissədə ləğvi mümkün olmadığından Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarımım icrası praktiki olaraq mümkün deyil. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2-1(116)- 1062/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

13. Üçüncü şəxs X10 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən iddianı təmin etmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2-1(116)-1062/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2-1(116)-1062/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2-1(116)-1062/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, üçüncü şəxslər X10, X13 və Sadıqova (Qasımova) Dilbər Arif qızı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs X10 teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

18. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: JN-1561F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, X14, X2, X10, X15 və X5 Qəbələ rayon AİK-nın xx.xx.2001ci il tarixli 03 saylı qərarı ilə Qəbələ şəhərində 0.16 ha torpaq sahəsi ayrılmışdır. JN-1561G (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, X14, X2, X10, X15 və X5 Qəbələ rayon AİK-nın xx.xx.2001ci il tarixli 03 saylı qərarı ilə Qəbələ şəhərində 0.13 ha torpaq sahəsi ayrılmışdır. 964 inventar nömrəli, sentyabr 1977-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportdan görünür ki, ünvan 1 ünvanı üzrə ev sahibi barədə məlumatlarda X14 və İddiaçı adı qeyd edilmişdir. AZ-1 212848 №li “Ölüm haqqında şəhadətnamədən” görünür ki, X14 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş arayışdan görünür ki, X4 xx.xx.2008-ci ildə vəfat etmişdir cavabdeh orqanın xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, JN-1561G və 1561F nömrəli şəhadətnamələrdə qeyd edilmiş 0.13 ha və 0.16 ha torpaq sahələri 964 inventar nömrəli sentyabr 1977-ci il tarixli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. cavabdeh orqanın təqdim etdiyi mübahisəli fərdi yaşayış evinin texniki pasportunun Ərazi İdarəsinin arxivində saxlanılan nüsxəsindən görünür ki, texniki pasport dekabr 1997ci il tarixdə tərtib edilmiş, inventar nömrəsi 964 B qeyd edilmiş, ünvan - Qəbələ şəhəri Nəsimi küçəsi, ev sahibi – X14 qeyd edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

25. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.

26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçı Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarını yox, cavabdeh orqanın müvafiq şəhadətnamənin hazırlanmasında ifadə olunan faktiki xarakterli hərəkətlərini mübahisələndirir. Belə ki, iddiaçı hesab edir ki, təqdim etdiyi texniki pasporta əsasən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi atasının və özünün mülkiyyətində olmasına baxmayaraq, tərtib edilmiş şəhadətnamələrə digər şəxslərin də adları daxil edilmiş, bununla da onun mülkiyyət hüququ pozulmuşdur. JN-1561G və 1561F nömrəli şəhadətnamələrdəki torpaq sahələri 964 inventar nömrəli, sentyabr 1977-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bu isə onu deməyə əsas verir ki, JN-1561G və 1561F nömrəli şəhadətnamələr tərtib edilərkən faktiki olaraq 964 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi üzrə hüquq subyekti olmayan şəxslərin adlarının həmin şəhadətnaməyə daxil edilməsi qanunsuz olmuşdur. Yəni, cavabdeh orqan mübahisələndirilən şəhadətnamələri tərtib edərkən sözügedən torpaq sahəsindən qanuni istifadə edən subyektlərin dairəsini müəyyən edilməli və həmin şəxslərin adlarını da müvafiq şəhadətnamələrə daxil etməli idi. Torpaq sahəsindən qanuni istifadə anlayışı isə həmin torpaq sahəsinin ayrılmasının və faktiki istifadənin hüquqi əsasının mövcudluğunu nəzərdə tutur.

31. Bundan başqa işin halları ilə müəyyən olunur ki, iddia olunan torpaq sahəsinə dair sentyabr 1977-ci il tarixli texniki pasportda X14 və İddiaçı, dekabr 1997-ci il tarixli texniki pasportda isə hüquq subyekti kimi X7 adı qeyd edilmiş, sözügedən şəhadətnamələrdə adları qeyd edilən digər şəxslər isə ümumiyyətlə göstərilməmişdir. Belə olan halda cavabdeh orqanın Əhməd Sadıqovdan başqa digər şəxslərin sözügedən torpaq sahəsinin qanuni istifadəçiləri olmasını hansı qaydada müəyyən etməsi anlaşılan deyil. Digər tərəfdən torpaq sahəsindən faktiki istifadə edən şəxslərin həmin istifadənin həyata keçirilməsinə hüquqi əsası olmalı, torpaq sahəsinin onlara ayrılması hüquqmüəyyənedici və texniki sənədlərin məzmunundan aşkar görünməlidir.

32. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar, həmçinin üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) (2.4) hüquqların əldə edilməsini təsdiq edən sənədlər olaraq qeyd edilmişdir.

33. Cavabdeh orqanın “iddiaçı tərəfindən təqdim edilən texniki pasportla Ərazi İdarəsinin arxivində saxlanılan texniki pasportun arxiv nüsxəsi arasında zidiyyətin olması” ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərtib edilmə tarixləri müxtəlif olan texniki pasportlardan sentyabr 1977ci il tarixli texniki pasportun Ərazi İdarəsinin arxivində olmamasını bildirsə də, həmin texniki pasportun mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən Ərazi İdarəsinin arxivində olan dekabr 1997-ci il tarixli texniki pasportda da, mübahisləndirilən şəhadətnamədə adları qeyd edilən şəxslərdən yalnız Əhməd Sadıqovun adı olduğundan hər bir halda həmin şəhadətnamələrə digər şəxslərin adlarının qeyd edilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

34. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Lakin, JN-1561G və 1561F nömrəli şəhadətnamələr tərtib edilərkən qanunvericiliyin həmin tələbi tam nəzərə alınmamış və 964 inventar nömrəli texniki pasportdan torpaq sahəsinin qanuni istifadəçiləri aydın görünməsinə baxmayaraq, həmin torpaq sahəsinə aidiyyəti olmayan digər şəxslərin adları daxil edilməklə şəhadətnamələr hazırlanmışdır.

35. İddiaçı JN-1561G və 1561F nömrəli şəhadətnamələrin tam ləğvini tələb etsə də, müəyyən edilmişdir ki, iddiaçının tələb hüququnun əsası olaraq təqdim etdiyi sentyabr 1977-ci il tarixli və cavabdeh orqanın təqdim etdiyi dekabr 1997-ci il tarixli texniki pasportlarda X7 adı hüquq subyekti kimi qeyd edilmişdir. Odur ki, mübahisləndirilən şəhadətnamələrdə Əhməd Sadıqovun adının qeyd edilməsi “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə uyğun olmuşdur. Yəni, cavabdeh orqan X9 haqlı olaraq torpaq sahəsinin qanuni istifadəçisi kimi müəyyən etmiş və mübahisələndirilən şəhadətnaməyə adını daxil etmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, JN-1561G və 1561F nömrəli şəhadətnamələr X6 başqa digər şəxslərə münasibətdə ləğv edilməlidir.

36. Məhkəmə kollegiyası istinad edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Belə ki, istinad olunmuş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qəbul edildiyindən və mübahisələndirilən şəhadətnamələrdəki torpaq sahəsi məhz 964 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyündən cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

37. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

38. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi və üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2-1(116)-1062/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar