Məhkəmə qərarları › İş №2-1(107)-186/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-186/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-186/2024 07.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X8 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayon Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı əsasında mərhum X1, Göyçay rayon Çayarxı kəndi ərazisində yerləşən 0.50 ha torpaq sahəsi üzərində mərhum X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, həmin qeydiyyatı təsdiq edən sənədin və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2-1(116)-2008/2023 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Göyçay rayon Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı əsasında mərhum X1, Göyçay rayon Çayarxı kəndi ərazisində yerləşən 0.50 ha torpaq sahəsi üzərində mərhum X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, həmin qeydiyyatı təsdiq edən sənədin və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2008/2023 nömrəli qərardadı ilə Göyçay rayon Qarabaqqal bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. İddia ərizəsinin əsaslarına görə, Göyçay rayon Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı ilə Göyçay rayon Çayarxı kəndi ərazisindən iddiaçının mərhum atası X4 0.50 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi ilə bağlı Göyçay rayon Çayarxı bələdiyyəsi ilə aralarında xx.xx.2004-cü il tarixli alqı-satqı aktı tərtib edilmişdir. Həmin gündən torpaq sahəsinə sahiblik etməklə, vergilərini mərhum X9 ödəmiş, atası vəfat etdikdən sonra isə iddiaçı sahiblik və istifadə etməklə, vergisini ödəyir. İddiaçı həmin torpaq sahəsinin dövlət qeydiyyatından keçirilməsinə çıxarışın alınması ilə bağlı cavabdehə müraciət etmiş və xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən imtina cavabı almışdır.

4. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsi ilə bağlı, ləğv edilmiş DTXK-nın Göyçay rayon Şöbəsi tərəfindən təqdim edilmiş torpaq sahəsinin plan və ölçüsü torpaq sahəsinin ayrılması barədə Göyçay rayon İHB-nın Memarlıq və Tikinti şöbəsinin və ləğv edilmiş DTXK-nın Göyçay rayon şöbəsinin rəyi təqdim edilməmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçı tərəfindən naturada mütəxəssisə göstərilən torpaq sahəsi elektron kadastr baza məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı ərazidə yerləşir. Bundan əlavə sözügedən torpaq sahəsinin 0.036 ha hissəsi **********0023 kadastr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ilə torpaq sahəsi ilə 0.0033 ha hissəsi isə **********0386 kadastr nömrəli plan və ölçü sənədi ilə üst-üstə düşür.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 14 dekabr 2023-cü il tarixli 2- 1(116)-2008/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

8. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbindən kənara çıxaraq, inzibati akt sayılan bələdiyyə qərarını özbaşına mübahisələndirməklə, qanun pozuntusuna yol vermiş, qüvvədə olan inzibati aktı şübhə altına almışdır. 20 ildən artıq müddətdir ki, torpaq sahəsi iddiaçı tərəfin istifadəsindədir və bələdiyyə qərarı verilib. Həmin bələdiyyə qərarı torpaq sahəsinin keçmiş mülkiyyətçisi olan bələdiyyənin hüquqlarını pozmuş olsaydı, onlar mübahisələndirərdilər. “Qeyd olunan qərarın bələdiyyənin iradə ifadəsini deyil, bələdiyyə sədrinin iradəsini ifadə etmişdir” ifadəsi əslində işə necə ədalətsiz yanaşıldığını sübut edir. Bu qərardan sonra həmin dövrdə dövlət qeydiyyatını aparan və hazırkı cavabdehin hüquqi varisi olduğu DT və XK-nın Göyçay rayon şöbəsi ilə razılaşdırılmış alqı-satqı aktı və yerquruluşu planından çıxarış tərtib olunmuşdur. Bu da öz növbəsində qərarın qanuni əsaslarla verildiyini təsdiq edir. “Sözügedən qərarda torpaq ayrılmasına dair ilkin müraciətə bələdiyyə iclasında baxılması, kollegial qərarın qəbul edilməsi, və.s hallara istinad edilməmiş, qərarda sahibkarlığın inkişafı məqsədi ilə mərhum X2 ərizəsini nəzərə alaraq torpaq sahəsi ona satılmışdır.” Göründüyü kimi iddia ərizəsinə əlavə olunan sənəd qərardan çıxarışdır və qərardan çıxarışı da bələdiyyənin möhürü ilə təsdiq edib veriblər. “Məhkəmə araşdırması zamanı həmin qərarın qəbul edildiyi bələdiyyənin iclas protokolu aşkar olunmamışdır.” Göyçay rayonunun Qarabaqqal bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 150 saylı cavab məktubunda Göyçay rayonu Çayarxı bələdiyyəsinin 2010-cu il tarixdə Qarabaqqal bələdiyyəsinə birləşdirilən zaman Çayarxı bələdiyyəsinin 2003, 2004, 2005-ci illərə aid alqı-satqı sənədlərinin Qarabaqqal bələdiyyəsinə və Göyçay Arxiv İdarəsinə təhvil verilmədiyi qeyd olunmuşdur. Bələdiyyə özü etiraf edir ki, 2003, 2004, 2005-ci illərə aid alqı-satqı sənədlərinin arxivi Qarabaqqal bələdiyyəsinə və Göyçay Arxiv İdarəsinə təhvil verilməyib. Vətəndaşın əlində qərardan çıxarış və həmin dövr üçün qeydiyyata əsas hesab olunan bütün sənədlər var, lakin həmin sənədlərin arxivini bələdiyyə arxivə təhvil verməyib. xx.xx.2004-cü il tarixdə qərar qəbul olunarkən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu hələ nə qəbul olunmuş, nə də qüvvəyə minmişdir. Yəni, məhkəmə açıq-aşkar Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq, vətəndaşın vəziyyətini ağırlaşdırmaq məqsədilə qanunu geriyə şamil etmiş və vətəndaşın inzibati orqan tərəfindən hüququnun pozulmasına haqq qazandırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun ilk cümləsində bu Qanunun məqsədinin inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaqdan ibarət olması qeyd olunub. Birinci instansiya məhkəməsi sübut kimi başqa işlə bağlı mütəxəssis rəyinə istinad etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Torpaq sahəsi 2004-cü ildə ayrılmış, TEKUİS isə məhkəmənin özünün də qeyd etdiyi kimi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanından sonra tərtib olunmuşdur. TEKUİS-də həmin torpaq sahəsini örüş kimi qeyd edən də cavabdeh orqandır. Birinci instansiya məhkəməsi yenə 2016-cı il tarixdən sonra tərtib olunmuş TEKUİS-ə istinad etməklə, 2004-cü ildə alqı-satqı əsasında alınmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatını aparmaq ödəliyini qoymamışdır. İddiaçı tərəfə məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən tikililərin və torpaq sahələrinin istifadəçilərinin və həmin tikililərin və torpaq sahələrinin mülkiyyətdə olub-olmaması barədə cavabdeh orqana sorğu verilməsi barədə məhkəməyə əsaslandırılmış yazılı vəsatət verilməsinə baxmayaraq, vəsatət nə məhkəmə iclasında müzakirə olunmuş, nə də qərarda bu barədə qeyd olunmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2- 1(116)-2008/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2-1(116)-2008/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdilər.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023cü il tarixli 2-1(116)-2008/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs nümayəndəsinin iştirak etməmişdir.

13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. Göyçay rayon Çayarxı bələdiyyəsinin sədrinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı ilə X4 Göyçay rayon Çayarxı bələdiyyəsi ərazisindən 0.50 ha torpaq sahəsi ayrılmış, iddiaçı 379500 manat bələdiyyənin hesabına ödəmişdir. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı “Göyçay rayon Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı iclas qərarı ilə X4 Göyçay rayon Çayarxı Bələdiyyəsi ərazisindən 0.50 ha torpaq sahəsi ayrılmış, 379500 manat bələdiyyənin hesabına ödəmişdir. AZ-İ 841903 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X9 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir; Göyçay rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli 546 nömrəli məktubundan görünür ki, X2 qanuni vərəsəsi İddiaçıdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-2970/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Göyçay rayon Çayarxı Bələdiyyəsi və ləğv edilmiş Dövlet Torpaq ve Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən tərtib edilən torpaq sahəsinin planında 0.50 ha torpaq sahəsinin koordinatları mövcud olmadığından sözügedən torpaq sahəsinin xüsusiyyətləri ( naturada sahəsi, təyinatı, (kənd təsərrüfatı təyinatlı olduqda yararlı və ya az yararlı olması) uqodiyası, statusu, mülkiyyətçisi, faktiki istifadəçisi, döndə nöqtələri, yerləşmə vəziyyəti və sair) müəyyən etmək mümkün olmadı.Baxış zamanı iddiaçı tərəfindən naturada göstərilən,mütəxəssisə göstərilən 0.56 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı ərazidə yerləşir Əlavə olaraq bildirilik ki, iddiaçıya naturada göstərdiyi 0.56 ha torpaq sahəsinin 0.036 ha hissəsi ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş **********0023 kadastr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ilə verilmiş torpaq sahəsi ilə 0.0033 ha hissəsi isə **********0386 kadastr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ilə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, Göyçay rayonu Çayraxı kəndində yerləşən 0.035 ha torpaq sahəsi X6 adına dövlət qeydiyyatına alınmışdır. xx.xx.2017-ci il tarixli çıxarışa əsasən, Göyçay rayonu Çayarxı kəndində yerləşən 0.15 ha torpaq sahəsi X12 adına dövlət qeydiyyatına alınmışdır. xx.xx.2017-ci il tarixli çıxarışa əsasən, Göyçay rayonu Çayraxı kəndində yerləşən 0.15 ha torpaq sahəsi X13 adına dövlət qeydiyyatına alınmışdır. xx.xx.2019-cu il tarixli çıxarışa əsasən, Göyçay rayonu Çayarxı kəndində yerləşən 0.035 ha torpaq sahəsi X7 adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, **********0023 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” arxivdə iki nüsxədən ibarət olmaqla mövcuddur. Plan-ölçünün bir nüsxəsi Göyçay rayon Çayarxı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə X11 adına (0.12 ha), digər nüsxəsi isə Göyçay rayon Çayarxı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə X3 adına (0.08 ha) verilmişdir. Lakin, “Torpaq sahəsinin plan və ölçüsü” sənədlərinin verilməsinə əsas olmuş sənədlər ləğv edilmiş DTXK-nin Göyçay rayon şöbəsi tərəfindən "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə təhvil verilməmişdir. **********0386 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” və həmin plan-ölçünün verilməsinə əsas olmuş sənədlər ləğv edilmiş DTXK-nin Göyçay rayon şöbəsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə təhvil verilməmişdir. Həmin məktuba əlavə edilmiş A seriyalı 016216 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Göyçay rayonu Çayarxı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə X5 800 kv.m torpaq sahəsi verilmişdir. A seriyalı 295223 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Göyçay rayonu Çayarxı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 04 saylı qərarı ilə 1200 kv.m torpaq sahəsi X14 verilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsində (yerli özünüidarə anlayışı) bələdiyyələr ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş üzvlərindən ibarət nümayəndəli kollegial orqan olaraq təsbit edilmişdir. 16-cı maddəsinin 4-cü və 6-cı bəndlərinə əsasən (Bələdiyyənin iclası) Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur.

17. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. 6.2-ci bəndinə müvafiq olaraq, “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır.

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərindəAzərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 16-cı maddəsinin 2-ci hissəsinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. 3-cü hissəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.

19. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

20. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;

21. Azərbaycan Respublikasının Konstitusiyasının 145-ci maddəsinə (bələdiyyələrin qərarları) əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İİ). Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir (İİİ).

22. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 65.1.3. Qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt etibarsız sayılır. Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

23. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

29. Qeyd edilməlidir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

30. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.

31. Lakin, hazırkı iş üzrə iddia olunan torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədin mövcudluğu müəyyən olunmur.

32. İddiaçı tərəfindən təqdim edilən Göyçay rayon Çayarxı bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas hesab edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan qərar bələdiyyənin iradə ifadəsini deyil, bələdiyyə sədrinin iradəsini ifadə etmişdir. Sözügedən qərarda torpaq ayrılmasına dair ilkin müraciətə bələdiyyə iclasında baxılması, kollegial qərarın qəbul edilməsi və s. hallara istinad edilməmiş, qərarda sahibkarlığın inkişafı məqsədi ilə mərhum X2 ərizəsini nəzərə alaraq torpaq sahəsi ona satılmışdır. Məhkəmə araşdırması zamanı həmin qərarın qəbul edildiyi bələdiyyənin iclas protokolu aşkar olunmamışdır.

33. Belə ki, iclas protokolunda müraciət edən subyektə müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı məlumatların mövcudluğunu təsdiq edən sənəddir. İlkin iclas protokolunda torpaq sahəsinin ayrılması ilə bağlı qeyd yoxdursa qərar ayrılıqda hər hansı hüquqi qüvvəyə malik deyildir.

34. Bununla bağlı qeyd edilməlidir ki, bələdiyyə sədrinin torpaq sahəsinin ayrılması ilə xüsusi səlahiyyəti qanunvericiliklə müəyyən edilmədiyindən, bələdiyyə kollegial orqan olduğundan, bələdiyyənin qərarları kollegial şəkildə qanunvericiliklə nəzərdə tutulmuş qaydada səs çoxluğu ilə qəbul edildiyindən torpaq sahəsinin ayrılması məsələsinə bələdiyyə iclasında baxılmalı və həmin məsələyə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərar qəbul edilməlidir. Müvafiq iclas protokolunda torpaq sahəsinin ayrılması məsələsi öz əksini tapmadığı halda bələdiyyə sədrinin ayrıca qərar verməklə torpaq sahəsini iddiaçıya satmaq səlahiyyəti yoxdur. Odur ki, Göyçay rayon Çayarxı bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı “İnzibati icraat haqqında” Qanunun 65.1.3cü maddəsinin tələbi baxımından etibarsız inzibati akt olmaqla, heç bir hüquqi nəticə yaratmır.

35. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 145-ci maddəsinə (bələdiyyələrin qərarları) əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İİ). Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir (İİİ).

36. Eyni zamanda Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələbinə görə (23-cü bənd) torpağın mülkiyyətə ayrılması haqqında qərar bələdiyyənin növbəti iclasında müzakirə edilərək qəbul edilməlidir.

37. İşin araşdırılan hallarında görünür ki, iddia olunan torpaq sahəsi 0.50 ha olduğu halda iddiaçının faktiki istifadəsində 0.56 ha torpaq sahəsi var. Həmin torpaq sahəsinin 0.036 ha hissəsi ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş **********0023 kadastr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ilə verilmiş torpaq sahəsi ilə, 0.0033 ha hissəsi isə **********0386 kadastr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ilə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd edir ki, iddia olunan torpaq sahəsinin koordinatları müəyyən edilməsi mümkün olmadığından üst-üst düşən torpaq sahələri iddia olunanla eyniliyini müəyyən etmək mümkün deyildir. Digər tərəfdən faktiki istifadəyə nisbətən ayrılan torpaq sahəsi az olduğundan həmin hissədə iddianın mümkünlüyünə qiymət vermək zərurəti yaranmamışdır.

38. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən sorğu edilmiş və təqdim edilmiş sorğuya cavab məktubuna əsasən, **********0023 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” arxivdə iki nüsxədən ibarət olmaqla mövcuddur. Plan-ölçünün bir nüsxəsi Göyçay rayon Çayarxı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə X11 adına (0.12 ha), digər nüsxəsi isə Göyçay rayon Çayarxı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə X3 adına (0.08 ha) verilmişdir. Lakin, “Torpaq sahəsinin plan və ölçüsü” sənədlərinin verilməsinə əsas olmuş sənədlər ləğv edilmiş DTXK-nin Göyçay rayon şöbəsi tərəfindən "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə təhvil verilməmişdir. **********0386 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” və həmin plan-ölçünün verilməsinə əsas olmuş sənədlər ləğv edilmiş DTXK-nin Göyçay rayon şöbəsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə təhvil verilməmişdir.

39. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə mütəxəssis rəyi əldə edilmiş, müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi Balakən rayonu Qazbinə kəndinin inzibati ərazi dairəsinin hüdudları daxilində Mahamalar bəldiyyəsinin mülkiyyətində olmaqla, ümumi istifadədə olan yollar və küçələr ərazisinə aiddir. Digər tərəfdən iddia olunan torpaq sahəsinə münasibətdə araşdırma zamanı müəyyən edilmilşdir ki, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı ərazidə yerləşir. Burada araşdırılma predmeti iki istiqamətdə aparılmışdır: 1.Ərazinin hazırkı hüquqi rejimi. 2.Torpaq sahəsi ayrılan zaman ərazinin hüquqi rejimi.

40. İş materialları ilə müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı ona Göyçay rayon Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı əsasında ayrılmış 0.50 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına aparılmasına nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması və bələdiyyənin qərarı ilə özünə satılması bildirir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi TEKUİS-ə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla, uqodiyası təmiz örüş (kənd təsərrüfatına yararlı) torpaq sahəsidir. Həmin kateqoriya torpaq sahəsinin iddiaçıya satılması barədə qəbul edilmiş qərar əsassız olmuşdur.

41. Göyçay rayon bələdiyyə sədrinin xx.xx.2004-cü il tarixli qərarında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 158 nömrəli qərarına mvafiq olaraq satılan torpaq sahəsinin normativ qiyməti barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xüsusi nümunədə arayış verilməsi göstərilsə də bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin alqı-satqı predmeti olub-olmaması və həmin torpaq sahəsinin normativ qiyməti barədə hər hansı sənəd mövcud deyildir.

42. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7.1-ci maddəsinin tələbləri baxımından bələdiyyənin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan, kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilməsinə səlahiyyətli vardır. İddia olunan torpaq sahəsi isə sözügedən torpaq sahələrinə aid olmadığından torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas ola bilməz.

43. 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

44. İddiaçının torpaq sahəsindən istifadə etməsi, ona həmin torpaq sahəsinə mülkiyyət hüququnun əmələ gəlməsinə əsas vermir. Həmçinin, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən bələdiyyə mülkiyyətində olan örüş olması müəyyən olunmuşdur ki, bu da yuxarıda qeyd olunan normalara əsasən də onun mülkiyyət hüququnun qeydə alınmasını istisna edir.

45. Bununla yanaşı iş üzrə apellyasiya şikayətinə baxılaraq qanuni və obyektiv qərar qəbul edilməsi baxımından məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinə daxil olan zaman sahə sağ tərəfində fəaliyyətdə olan ağac emalı sexi, qarşı tərəfində isə bir mərtəbəli tikili olan hasarlanmış ərazidir. Torpaq sahəsinin ərtafında da digər şəxslərə məxsus olan bir çox tikililər də mövcuddur.

46. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Belə olan halda iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

47. Beləliklə, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

48. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

49. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Göyçay rayon Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı əsasında mərhum X1, Göyçay rayon Çayarxı kəndi ərazisində yerləşən 0.50 ha torpaq sahəsi üzərində mərhum X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, həmin qeydiyyatı təsdiq edən sənədin və plan-ölçünün verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

50. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2-1(116)-2008/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar