Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-186/2025 30.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFP-nın müddətsiz üçüncü dərəcə məhdudlaşması halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2-1(116)-759/2024 nömrəli qərarından iş üzrə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əlilliyin təyin edilməsi ilə bağlı imtina barədə qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.Məhkəmə icasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFP-nin müddətsiz üçüncü dərəcə məhdudlaşması halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Vətən Müharibəsi (İİ Qarabağ müharibəsi) iştirakçısıdır və müharibə zamanı müxətlif bədən xəsarətləri, güllə yarası və travmalar almışdır. Hazırda, təkcə başında və boynunda Vətən Müharibəsi (İİ Qarabağ müharibəsi) zamanı minaatanın mərmisinin partlayışından aldığı xəsarətlərdən qalma təqribən 10(on) ədəd qəlpə var və onların çıxarılması mümkün deyil. Bundan başqa da bədənində onlarla qəlpə var və onlarla yaşayır. 4.Müharibədən sonra dəfələrlə əlilliyin müəyyən edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, lakin, bu günədək heç bir cavab ala bilməmişdir. 5.Hətta 28 iyul 2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab X5 rayonunda vətəndaş qəbulu zamanı qəbulda da olmuşdur. Həmin zaman ona deyilmişdi ki, 1 həftə ərzində onunla əlaqə saxlayacaqlar və əlilliyi ilə bağlı müraciətinə müsbət cavab verəcəklər. Lakin, 1 aya yaxın müddət keçməsinə baxmayaraq, onunla heç kim əlaqə saxlamamış və müraciətinə baxılmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəziyyətini əyani olaraq görmüşdür. Evlidir və 3 övladı var. Övladlarından biri də "onurğa beynində yırtığı" xəstəliyindən əziyyət çəkir, aşağı ətraflarını hiss etmir və hazırda əl arabasındadır. 6.Sonuncu dəfə də müraciəti əsasında araşdırma aparan tibbi-sosial ekspert komissiyası əsassız və qanunsuz olaraq qərarla əlliyin təyin olunmasından imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na Əlavənin 2.4, 6.3.1 və 13.6-cı maddələrinə əsasən onda olan xəsarətlərin (M-79.5, L-90, G-71) əlilliyin təyin edilməsi üçün əsas olduğu müəyyən olunur. 7.Qeyd olunanlardan da göründüyü kimi, hazırki rəyi qəbul etmiş tibbi-sosial ekspert komissiyası məsələyə formal yanaşmış və qərəzli olaraq ədalətli rəyin verilməsindən yaınmışdır. 8.Cavabdeh inzibati orqan qaydada nəzərdə tutulmayan əsaslarla əlilliyin təyin edilməsindən imtina etmişdir ki, bununla da "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməmişdir. Buna görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
9. Cavabdehin iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması.Sağtərəfli süst hemiparez. Sağ aşağı ətrafın dayaq hərəkət və yeriş funksiyasının pozulması. Sağ budun iç yan qrup əzələlərinin yaralanmasından sonrakı defekti. Əzələlərarası diastaz.Sağ diz oynağının ağrılı sinoviti.Sağ diz oynağının qeyri stabilliyi.Sağ bud çanaq oynağın uzaqlaşdırıcı konturakturası 15 dərəcə. Sağ əlin İV-V barmaqların daraq sümüklərinin əsasının qeyri düzgün bitişmiş sınığı.Əl daraq sümüklərinin çoxsaylı sınıqları Yumşaq toxumalarda qalmış yad cisim. Daimi ağrı sindromu.Üzün boyunun sağ yarısının sağ yuxarı və sağ aşağı ətrafın odlu silah kor qəlpə sol bazunun orta 1/3 nin partlayış və güllə yaralanmasından sonrakı çapıqları."; Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. 10.Bundan əlavə. Zaqatala rayon sakini xx.xx.1989-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. 11.İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. 12.Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 2636 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə Partlayış travması (xx.xx.2020). Üzün. boynun sağ yarısının, sağ yuxarı və sağ aşağı ətrafın odlu silah kor qəlpə, sol bazunun orta 1/3-nin sürtülüb keçən güllə yaralanmasından sonrakı tam bərkimiş dəri çapıqları və çıxarılmamış metal qəlpələr. Sağ budun iç yan qrup əzələlərinin yaralanmadan sonrakı defekti, əzələarası diastaz. Sağ bud-canaq oynağının uzaqlaşdırıcı kontrakturası 15°. Sağ diz oynağının qeyri-sabitliyi, ağrılı sinoviti, bükücü kontrakturası 90°. Sağ budun iç yan səthinin orta və aşağı 1/3-nin dartıcı çapıq toxuması. Sağ aşağı ətrafın funksiyasının pozulması. Sağ əlin İV-V barmaqların daraq sümüklərinin əsasının qeyri-düzgün bitişmiş sınığı, sağ əlin İV-V barmaqlarının kontrakturası. Daimi ağrı sindromu, diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. 13.Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ aşağı ətrafında ağrılardan, hərəkət məhdudluğundan şikayətlənmişdir. 14.Sağ diz oynağında sinovit əlamətləri qeyd olunmuş, hərəkət məhdudluğu aşkar edilməmişdir. 15.Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
16. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 10 dekabr 2024-cü il tarixli 2- 1(116)-79/2023 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixindən 2 il müddətinə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFP-nın birinci dərəcə məhdudlaşması halının təyin edilməsi öhdəliyi qoyulması qərara alınmışdır.
17. Məhkəmə qeyd etmişdir ki, bir çox hallarda “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4” cavabdeh orqanın təsiri altında olmaqla qoyulmuş suallar üzrə konkret rəy vermir, yaxud verilmiş cavabları cavabdeh orqanın hüquqi mövqeyinə uyğunlaşdırmaqla mübahisə ilə bağlı konkret tibbi bilikləri ortaya qoymaqdan çəkinir. Bu həm də, müvafiq müəssisənin məhkəmə tərəfindən qoyulmamış suallara münasibətdə cavabdeh orqanla eyni tipli cavablar verməsində və bu cavabların bir qayda olmaqla iddiaçının ziyanına olmasında da, müşahidə olunur. Qeyd olunan hal “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4”-nin ekspertlərinin tibbi biliklərinin səthi olması, baxılan məsələyə laqeyd münasibəti, cavabdeh orqanın təsiri altına düşməsi və s. ilə izah oluna bilər. Bununla belə müvafiq tibbi rəyin əldə edilməsi üçün alternativ ekspertiza müəssisəsi olmadığından və işin hallarının araşdırılması baxımından ekspertizanın təyin edilməsi zəruri olduğundan məhkəmə müvafiq tibbi ekspertizanı məhz həmin quruma həvalə etmişdir.
18. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 2636 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə Partlayış travması (xx.xx.2020). Üzün. boynun sağ yarısının, sağ yuxarı və sağ aşağı ətrafın odlu silah kor qəlpə, sol bazunun orta 1/3-nin sürtülüb keçən güllə yaralanmasından sonrakı tam bərkimiş dəri çapıqları və çıxarılmamış metal qəlpələr. Sağ budun iç yan qrup əzələlərinin yaralanmadan sonrakı defekti, əzələarası diastaz. Sağ bud-canaq oynağının uzaqlaşdırıcı kontrakturası 15°. Sağ diz oynağının qeyri-sabitliyi, ağrılı sinoviti, bükücü kontrakturası 90°. Sağ budun iç yan səthinin orta və aşağı 1/3-nin dartıcı çapıq toxuması. Sağ aşağı ətrafın funksiyasının pozulması. Sağ əlin İV-V barmaqların daraq sümüklərinin əsasının qeyri-düzgün bitişmiş sınığı, sağ əlin İV-V barmaqlarının kontrakturası. Daimi ağrı sindromu, diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. İşin yuxarıda sadalanan halları ilə iddiaçıya qoyulmuş diaqnozla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 2636 nömrəli Şəhadətnaməsində qeyd edilmiş diaqnoz arasında səbəbli əlaqənin mövcudluğu aşkar müəyyən edilmişdir
19. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2-1(116)-759/2024 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh apellyasiya şikayətini etiraz məktubu ilə eyni məzmunda əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun öz təsdiqini tapmaması İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ aşağı ətrafında ağrılardan, hərəkət məhdudluğundan şikayətlənmişdir. Sağ diz oynağında sinovit əlamətləri qeyd olunmuş, hərəkət məhdudluğu aşkar edilməmişdir. Bundan əlavə məhkəmə tərəfindən ekspertiza idarəsinin cavabdeh qurumun təsiri altında olması kimi heç bir sübuta əsaslanmayan fikir bildirilməsi taməsassız və qanunsuzdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir
Tərəflərin izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsdə olan xəsarətlər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təqdiq etdiyi qaydalara uyğun əlilliyi müəyyən edən hallardır. Birinci instansiya məhkəməsinin qərarı qanuni və ədalətlidir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2-1(116)-759/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, o müharibə vaxtı Füzuli rayonu istiqamətində 2 dəfə yaralanmışdır. Ona 2 il müddətinə 3-cü qrup əlillik təyin edilib. O 2 dəfə, yəni 29 aprel 2023-cü il və 05 iyul 2023-cü illərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə müraciət etmişdir.
24. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
26. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
27. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
29. Əlilliyin səbəb əlaqəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa;
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra - Meyarlar) "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.
31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
32. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
37. Belə ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən birincisi ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır.
38. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə bağlı qeyd edir ki, iddiaçının sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.3.1.1-ci bəndi əsasında qiymətləndirilməlidir. 39.Belə ki, iddiaçının sağ əlinin İV-V barmaqlarının daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınıqları və kontrakturası qeyd edilmişdir. Qeyd olunan hal əlin tutma qabiliyyətini birbaşa məhdudlaşdıran hal kimi nəzərə alınmalıdır. İddiaçının anamnez məlumatlarında digər diaqnozlarla yanaşı, onun sağ əlinin tutma funksiyasının pozulması qeyd edilmişdir. Belə olan halda iddiaçının sağlamlıq vəziyyətinin "orta dərəcəli əzələ zəifliyi" və "xırda cisimlərin tutulmasının çətinləşməsi" qiymətləndirmə halına uyğunluğu müəyyən edilir. Digər tərəfdən iddiaçının sağ əlinin tutma funksiyasının pozulması, həmçinin "sağ əlin İV-V barmaqlarının kontrakturası" və "yuxarı və aşağı ətraf oynaqlarında hərəkət amplitudasının məhdudlaşması" ilə əlaqəlidir. Bu vəziyyət, əzələ zəifliyinin və ya əzələ hipotrofiyasının nəticəsidir. Tutma funksiyasının pozulması, əl əzələlərinin zəifliyi ilə əlaqəli olmaqla "böyük barmağın distal falanqasının 4-cü barmağın əsasına qədər çatması" və "barmaqların yumruğa yığılmasının məhdudlaşması" simptomlarına uyğunluğu müəyyən edir. 40.Eyni zamanda iddiaçının anamnez məlumatlarında "daimi ağrı sindromu"-nun qeyd edilməsi onu deməyə əsas veri ki, bu vəziyyət hərəkət pozuntularını və tutma qabiliyyətinin azalmasını daha da ağırlaşdırır. Belə ki, ağrı sindromu əzələ və oynaq hərəkətlərini məhdudlaşdıran əsas faktorlardan biridir və iddiaçının "mülayim statodinamik pozuntular" diaqnozu ilə uyğun gəlir. Bu pozuntular həm əzələ zəifliyi, həm də ağrının təsiri ilə mövcud olan hərəkət çətinliklərini əks etdirir. 41.Məhkəmə xüsusilə qeyd edir ki, cavabdeh orqan iddiaçıya “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı versə də, apardığı inzibati icraat çərçivəsində iddiaçıya qoyulan diaqnozda hansı funksional məhdudiyyətlər və ya tibbi göstəricilər mövcud olmadığı üçün həmin diaqnozun əlillik əlaməti təyin etməməsini əsaslandırmamış, həmçinin, bu diaqnozun iddiaçının həyat fəaliyyətinin əsas kateqoriyalarına (özünə qulluq, hərəkət etmə, ünsiyyət və s.) təsirini hansı qaydada qiymətləndirilməsinə dair hər hansı sübut təqdim etməmişdir. İşin yuxarıda sadalanan halları iddiaçının sağlamlıq vəziyyəti istinad olunan “Meyarlara” Əlavənin 6.3.1.1-ci bəndində sadalanan hallara uyğun olduğundan məhkəmə hesab edir ki, faktiki olaraq iddiaçıya qoyulmuş diaqnoza münasibətdə - 2 il müddətinə orqanizmin funksiyalarının pozulmasının İ dərəcə məhdudlaşması halı müəyyən edilməlidir.
42. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən ikincisi ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın.
43. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə bağlı qeyd edir ki, İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 2636 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə Partlayış travması (xx.xx.2020). Üzün. boynun sağ yarısının, sağ yuxarı və sağ aşağı ətrafın odlu silah kor qəlpə, sol bazunun orta 1/3-nin sürtülüb keçən güllə yaralanmasından sonrakı tam bərkimiş dəri çapıqları və çıxarılmamış metal qəlpələr. Sağ budun iç yan qrup əzələlərinin yaralanmadan sonrakı defekti, əzələarası diastaz. Sağ bud-canaq oynağının uzaqlaşdırıcı kontrakturası 15°. Sağ diz oynağının qeyri-sabitliyi, ağrılı sinoviti, bükücü kontrakturası 90°. Sağ budun iç yan səthinin orta və aşağı 1/3-nin dartıcı çapıq toxuması. Sağ aşağı ətrafın funksiyasının pozulması. Sağ əlin İV-V barmaqların daraq sümüklərinin əsasının qeyri-düzgün bitişmiş sınığı, sağ əlin İV-V barmaqlarının kontrakturası. Daimi ağrı sindromu, diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. İşin yuxarıda sadalanan halları ilə iddiaçıya qoyulmuş diaqnozla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 2636 nömrəli Şəhadətnaməsində qeyd edilmiş diaqnoz arasında səbəbli əlaqənin mövcudluğu aşkar müəyyən edilmişdir.
44. Eyni zamanda iddiaçının anamnez məlumatlarında "daimi ağrı sindromu"-nun qeyd edilməsi onu deməyə əsas veri ki, bu vəziyyət hərəkət pozuntularını və tutma qabiliyyətinin azalmasını daha da ağırlaşdırır. Belə ki, ağrı sindromu əzələ və oynaq hərəkətlərini məhdudlaşdıran əsas faktorlardan biridir və iddiaçının "mülayim statodinamik pozuntular" diaqnozu ilə uyğun gəlir. Bu pozuntular həm əzələ zəifliyi, həm də ağrının təsiri ilə mövcud olan hərəkət çətinliklərini əks etdirir.
45. Cavabdehin apellyasiya şikayətinin sonuncu dəlili ondan ibarətdir ki, göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bundan əlavə məhkəmə tərəfindən ekspertiza idarəsinin cavabdeh qurumun təsiri altında olması kimi heç bir sübuta əsaslanmayan fikir bildirilməsi taməsassız və qanunsuzdur.
46. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilinin də birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
47. "İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
48. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir. 49.Bir çox hallarda “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4” cavabdeh orqanın təsiri altında olmaqla qoyulmuş suallar üzrə konkret rəy vermir, yaxud verilmiş cavabları cavabdeh orqanın hüquqi mövqeyinə uyğunlaşdırmaqla mübahisə ilə bağlı konkret tibbi bilikləri ortaya qoymaqdan çəkinir. Bu həm də, müvafiq müəssisənin məhkəmə tərəfindən qoyulmamış suallara münasibətdə cavabdeh orqanla eyni tipli cavablar verməsində və bu cavabların bir qayda olmaqla iddiaçının ziyanına olmasında da, müşahidə olunur. Qeyd olunan hal “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4”-nin ekspertlərinin tibbi biliklərinin səthi olması, baxılan məsələyə laqeyd münasibəti, cavabdeh orqanın təsiri altına düşməsi və s. ilə izah oluna bilər. 50.Bununla belə müvafiq tibbi rəyin əldə edilməsi üçün alternativ ekspertiza müəssisəsi olmadığından və işin hallarının araşdırılması baxımından ekspertizanın təyin edilməsi zəruri olduğundan məhkəmə müvafiq tibbi ekspertizanı məhz həmin quruma həvalə etmişdir.
51. Odur ki, hazırkı işdə də, məhkəmə ekspertin cavabdeh orqanın mövqeyinə uyğunlaşdırmaqla tərəddüd içərisində verdiyi rəyini işin digər halları ilə kompleks şəkildə yoxlayaraq qiymətləndirmə aparmışdır
52. Göründüyü kimi, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və ona qoyulmuş həmin diaqnozlar əlillik dərəcəsinin təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri, həmçinin imtinası əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını təmin etməkdə haqlı olmuşdur.
54. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
55. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2-1(116)-759/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.