Məhkəmə qərarları › İş №2-1(107)-187/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-187/2025

27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-187/2025 27.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X6 və X4 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçıya verilmiş 0.60 ha pay torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2-1(116)-2175/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçıya verilmiş 0.46 ha pay torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Qax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçıya verilmiş 0.60 ha pay torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə təmin edilmişdir.

3. İddia ərizəsinin əsaslarına görə, X16 Komissiyasının qəraraına əsasən iddiaçıya həyətyanı və pay torpaq sahəsi ayrılmışdır. Həyətyanı torpaq sahəsinə dair iddiaçıya JN- 016F saylı Çıxarışı verilmişdir. Pay torpaq sahəsinə dair Çıxarışı isə əldə edə bilmir. Bunula bağlı o "xxxx" MMC-yə müraciət etdi. Həmin orqanın məlumatına əsasən iddiaçının pay torpaq sahəsinə dair subyektlər siyahısında adının mövcudluğunu öyrəndi. Hazırda torpaq sahəsi iddiaçının istifadəsində olsa da, cavabdeh orqan həmin sahənin çıxarışını və plan-ölçü sənədini iddiaçıya verməkdən boyun qaçırır. Xələftala üzrə üzrə subyektlərə verilmiş pay torpaq sahəsinin norması 0,46 hektardır. İddiaçı həmin torpaq sahəsinə çıxarışın və plan ölçü sənədinin alınması məqsədilə cavabdehə müraciət etmişdir.Cavabdeh daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahəsinin plan ölçüsü sənədi və çıxarışın verilməsindən imtina etmişdir.

4. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, ərizəyə əlavə olunan sənədlərin yoxlanılması zamanı təqdim edilmiş Qax rayon Ş.Rustaveli adına kolxozun yerli aqrar islahat komissiyasının 10 iyul 2000-ci il tarixli 3 nömrəli iclas protokolunda və həmin protokolun təsdiq edilməsi barədə Qax rayon aqrar islahat komissiyasının xx.xx.2000-ci il tarixli 07 nömrəli iclas protokolundan çıxarışda kolxozun əmlakından pay almaq hüququ olan təsərrüfat üzvləri İddiaçı və arvadı X3 pay torpaq sahəsinin ayrılması barədə hər hansı bir qeyd olmadığından, İddiaçı və X3 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılması barədə rayon və yerli aqrar islahat komissiyasının hər hansı qərarı təqdim olunmadığından, aqrar islahat komissiyasının qərarına əsasən əlavə verildiyi iddia olunan cəmi 0,58 ha torpaq sahəsi ilə bağlı İddiaçı və X1 adına “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” verilməsi barədə məlumat aşkar edilmədiyindən, o cümlədən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsində iddiaçı tərəfindən tələb olunun ölçüdə torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilmədiyi müəyyən edildiyindən ərizəçilərə xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-KOL-020-8/2023 No-li imtina məktubu verilmişdir.

5. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir.

6. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 03 dekabr 2024-cü il tarixli 2- 1(116)-2175/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsində müvafiq iş icraatda olduğu vaxt Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Şəki Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən onun mübahisəli torpaq sahəsinə baxış keçirilmişdir və mütəxəssis naturada göstərilən torpaq sahəsinin faktiki olaraq 1466 kv.metr olması barədə rəy vermişdir. Ölçmə işlərinə gəlmiş mütəxəssisə əlavə ölçülməli olan torpaq sahəsinin olmasını bildirsə də, həmin torpaq sahəsini tam ölçməmişdir. Lakin müvafiq torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. O dəfələrlə birinci instansiya məhkəməsində bildirmişdir ki, mütəxəssis onun istifadəsində olan torpaq sahəsini doğru ölçməmiş, həmçinin ölçülən sahənin yaxınlığında onun istifadəsində olan başqa torpaq sahəsi də vardır. Bu isə məhkəmənin gəldiyi nəticəyə ciddi təsir göstərmişdir. Məhkəmə həmin məqamı nəzərə almamışdır. Ümumiyyətlə o hesab edir ki, məhkəmənin gəldiyi nəticə doğru deyildir. Məhkəmə Aqrar islahatı vaxtı onun mülkiyyətinə həyətyanı sahə verliməsini bilərək, kənd təssərrüfatı təyinatı torpaq sahəsi almamağıyla bağlı onun hüquqlarının pozulmasını nəzərə almamışdır. Düşünürəm ki, hazırda onun mülkiyyətində kənd təssərüfatı təyinatlı torpağın olması barədə cavabdeh orqanın verdiyi məlumatı yetərli saymışdır.Lakin məhkəmə həmin torpaq sahəsinin arvadı tərəfindən iddiaçıya bağışlanmasını nəzərdən qaçırmışdır. Məhkəmə onun faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi olan 1466 kv.metr torpaq sahəsini də mütəxəss tərəfindən aşkarlanmasına baxmayaraq çıxarışın verilməsini təmin etməmişdir. Belə ki, əgər Şəki İnzibati Məhkəməsi onun təqdim etdiyi sübutlara şübhə edirdisə, özü "xxxx" MMC-ni sorğu edib məlumatları əldə etməli idi. Etmədiyi təqdirdə belə qərarın çıxarılması iddiaçının qanuni hüquqlarımı pozur. İddiaçı hazırda islahat komissiyasının ona nə qədər torpaq sahəsi verdiyini bilmir. Cavabdeh orqan imtina məktubunda onun barəsində pay torpağının olmaması barədə məlumat verir. Lakin "xxxx" MMC-nin məktubundan görünür ki, islahat vaxtı ona pay torpağı verilmişdir. Məhkəmə bu xüsusatı da nəzərdən qaçırıb. Ümumiyyətlə Məhkəmə işə formal olaraq baxmış və bununla da yanlış nəticəyə gəlmişdir. Ümumiyyətlə inzibati məhkəmələr iş üzrə Arxiv arayışları əsasında nəticəyə gəlirlər. Hazırda rayonlarında bir neçə kənd üzrə idarələr tərəfindən materiallar ötürülməməsi səbəbindən məlumatlar alınması mümkün deyildir. Bu da vətəndaşların ziyanına qiymətləndirilir. O, “Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi" MMC-yə müraciət etməsə idi ona torpaq sahəsi verilməsi barədə məlumat nə rayon arxivindən, nədə ki cavabdeh orqanın məlumat bazasından məlumat əldə edə bilməyəcəkdi. Odur ki, verilmiş apellyasiya şikayəti təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2175/2024 nömrəli qərarının ləğv edilməsini və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “X16 komissiyasının qərarı ilə mənim mülkiyyətimə verilmiş 0.60 ha pay torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi cavadehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nüamyəndəsi və üçüncü şəxs X8 tərəflərindən verilmiş apellyasiya şikayətində dəlillərini ətraflı şəkildə qeyd etdiklərini bildirmişdir. Onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmamış, əsassız olaraq qanunazidd qərar qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Bundan əlavə sədirlik edənin suallarına cavab olaraq apellyasiya şikayətininin dəlillərini müdafiə etdiyini və sözügedən torpaq sahəsindən istifadə etdiklərini bildirmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X9 birinci instansiya məhkəməsi tərəfindən işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılaraq iş üzrə qanunamüvafiq qərar qəbul edildiyini və əsaslı olaraq iddia tələbinin təmin edilmədiyini bildirmişdir. Bundan əlavə sədirlik edənin suallarına cavab olaraq apellyasiya şikayətininin dəlillərini əsassız hesab etdiyini bildirmişdir.

13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində dəlillərini ətraflı şəkildə qeyd etdiyini bildirmişdir. Onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmamış, əsassız olaraq qanunazidd qərar qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Bundan əlavə sədirlik edənin suallarına cavab olaraq apellyasiya şikayətininin dəlillərini müdafiə etdiyini bildirmişdir.

14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

15. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

16. İş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Rustavelli adına kolxozunun xx.xx.2000-ci il tarixli 07 nömrəli iclas protokolunun surəti.

3. Qax rayon Dövlət Arxivinin xx.xx.20244-cü il tarixli məktubuna əlavə etdiyi Qax rayonu Qaxingiloy kənd ƏİN-nin (Xələftala kəndi üzrə) 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabınlarından görünür ki, İddiaçı adı qeyd edilmişdir.

4. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1056/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.

5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-214/2023 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş və Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 1056/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək yenidənn baxılması üçün göndərilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 saylı və Ş.Rustavelli adına kolxozun yerli Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 3 saylı qərarının surəti.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-3176/2024 nömrəli məktubuna əlavə edilmiş məktubundan görünür ki, ərazi idarəsinin mütəxəssisləri xx.xx.2024-cü il tarixdə Qax rayonu Xələftala kəndində yerləşən İddiaçı iddiasında qeyd etdiyi 0.46 ha pay torpaq sahəsinə naturada baxış keçirərkən məlum olmuşdur ki, sözügedən əraziyə Qax Rayon Məhkəməsinin 2(024)-720/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkarlar X5 və X2, X3 və İddiaçı qarşı “JN-26F, kod:40309088 saylı torpağa mülkiyyət hüququna dair Şəhadətnaməyə əsasən onlara məxsus olan 0.29 ha torpaq sahəsinin istifadəsi üçün yaradılan maneələrin aradan qaldırılması və cavabdehlərin həmin torpaq sahəsində məcburi çıxarılması tələbinə dair mülki iş üzrə 0.29 ha torpaq sahəsinin naturada koordinantları tanıdılmışdır, iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi faktiki olaraq 1466 kv.metrdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 240.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd;

20. “İnzibati icraat haqqında” Qanun: İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

27. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı təsərrüfatbaşına kitaba əsasən ona verilmiş 0.60 ha pay torpaq sahəsi qeydiyyata alınaraq Çıxarışın və plan-ölçü sənədinin verilməsinə nail olmaqdır.

28. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, Qax rayon AİK-in xx.xx.2000-ci il tarixli 3 saylı qərarı ilə ayrılmış torpaq sahələrindən istifadə etmiş, ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsinə JN-016F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Lakin, tələbdə qeyd edilmiş 0.60 ha pay torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd tərtib edilməmiş, sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. İddiaçı iddia olunan 0,60 ha torpaq sahəsinin təsərrüfatbaşına kitabda qeydiyyatına istinad edərək həmin qeyd əsasında mülkiyyət hüququnun qeydə alınmasını tələb edir ki, məhkəmə “təsərrüfatbaşına kitablardan çıxarış” ifadəsi bütün torpaq sahələrini deyil, yalnız yaşayış məntəqəsi təyinatlı torpaq sahələrinin mülkiyyətə verilməsininin nəzərdə tutulduğunu bildirmişdir.

29. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların qeydə alınması üçün əsas olaraq müəyyən edilmişdir.

30. İş materiallarında olan 1996-2000-ci illər Xırxatala kəndi üzrə olan təsərrüfatbaşına kitaba əsasən İddiaçı adına 0,60 ha torpaq sahəsi işlənmişdir. Yuxarıda istinad olunan Siyahının 2.3-cü bəndinin tələbləri baxımından iddia olunan torpaq sahəsi 2001-ci il yanvarın 1-dək iddiaçıya verilmişdir. Belə olan halda cavabdeh orqan təsərrüfatbaşına kitabdan çıxarış məlumatına istinad etməklə sözügedən daşınmaz əmlak obyekti üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını təmin etməli idi.

31. Bundan başqa, iş materiallarında olan Qax rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, iddiaçının uçotda olduğu təsərrüfat üzrə 1996-2000-ci illər üzrə təsərrüfatbaşına kitabda torpaq sahəsinin verildiyi il 1999-cu il qeyd olunmuş, həmçinin iddiaçının ailə üzvü (X7) və istifadəsində olan torpaq sahəsi ilə bağlı məlumatlar öz əksini tapmışdır.

32. Bundan əlavə kollegiya onu da qeyd edir ki, iş materiallarında olan 10 iyul 2000ci il tarixli Qax rayon Rustaveli adına kolxozun Yerli AİK-in iclas protokolunda Kiçik Alatəmir kəndinin ərazisinin 60%-nin gürcülərə, 40%-nin azərbaycanlılara verilməsi qərar alınmışdır.

33. Məhkəmə kollegiyası işin hallarınının obyektiv, tam və hərtərəfli araşdırılması üçün xx.xx.2025-ci il tarixdə 2-1(107)-187/2025 saylı qərardadı ilə cavabdeh DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə təsərrüfatbaşına kitaba əsasən iddiaçıya verilmiş 0,60 ha torpaq sahəsinin koordinatlarının, harada yerləşməsinin və başqa şəxslərin torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi həvalə edilmişdir.

34. DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3- 39/2-2284/2025 saylı mütəxəssis rəyində göstərilmişdir ki, mübahisə predmeti olan təsərrüfatbaşına kitaba əsasən iddiaçıya verilmiş və vətəndaşın istifadəsində olan pay torpaq sahəsi 0.60 ha olmağına baxmayaraq həm DWG, həm də TEKUİS məlumat bazasına əsasən 0.3595 ha hissəsi DMF (Dövlət meşə fondu torpaqları) torpaqları kateqoriyasına aiddir. Həmin ərazidə yerdə qalan 0.2405 ha hissə DWG və TEKUİS baza məlumatlarına əsasən yaşayış məntəqəsi çoxillik əkmələr kateqoriyasına aiddir və vətəndaşın istifadəsində olan torpaq sahəsi digər şəxslərə məxsus deyil, üst-üstə düşmə yoxdur.

35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

36. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

37. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmişdir.

38. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 31.5-ci və Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən meşələr və meşə fondunun torpaqlarına aid oldugundan, iddiaçının iddia etdiyi 0,60 ha torpaq sahəsinin mütəxəssis rəyində qeyd edilən 0.3595 ha hissəsi DMF (Dövlət meşə fondu) torpaqları kateqoriyasına aid olduğu üçün torpaq sahəsinin qeyd edilən hissəsinə çıxarışın və plan-ölçü sənədinin verilməsi mümkün olmayacaqdır. Mübahisə predmeti olan torpaq sahəsinin qalan digər 0.2405 ha hissəsi yaşayış məntəqəsi çoxillik əkmələr kateqoriyasına aidd olan digər şəxslərə məxsus olmadığı və üst-üstə düşmə mövcud olmadığından torpaq sahəsinə bu hissədə qeydiyyata alınmaqla, çıxarışın və plan-ölçü sənədinin verilməsi mümkündür. Belə olan halda cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

39. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadan iddia tələbini təmin etməmiş, bununla da İPM-in 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.

40. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə iddiaçıya verilmiş təsərrüfatbaşına kitaba əsasən 0.60 ha pay torpaq sahəsinin 0.2405 ha hissəsi üzərində İddiaçı və onun ailə üzvü olan X1 birgə mülkiyyətində olan torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinə çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulmalı, iddia tələbi qalan hissədə, 0.3595 ha torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməməlidir.

41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2-1(116)-2175/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə təsərrüfatbaşına kitaba əsasən 0.60 ha pay torpaq sahəsinin 0.2405 ha hissəsi üzərində İddiaçı və onun ailə üzvü olan X1 birgə mülkiyyətində olan torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinə çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulsun. İddia tələbi qalan hissədə, 0.3595 ha torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar