Məhkəmə qərarları › İş №2-1(107)-188/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-188/2020

04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-188/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “müharibə veteranı üçün sosial müavinətin 1995-ci ilin 22 sentyabr tarixindən etibarən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-311/2020nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq Təsviri hissə: Müharibə veteranı kimi iddiaçıya pensiya təyin edilmişdir. Lakin həmin pensiya cəmi 3 il üçün hesablanmış, 2001-ci ildən 2016-cı il tarixədək pensiya hesablanmamış, əsas olaraq pensiyanın son 3 il üçün hesablandığına dair normaya istinad edilmişdir. İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Rusiya Federasiyası, Novosibirsk vilayəti, Tolquçin şəhəri İK-14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, 2019-cu ilin yanvarın sonunda Azərbaycan Respublikasına qayıda bilmişdir. Üzrlü səbəbdən pensiya üçün müraciət etmək imkanı olmadığı müddət də nəzərə alınmaqla 2001-ci ilin yanvarın 01-dən etibarən pensiyanın hesablanıb ona verilməsinə göstəriş verilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. xx xxxx 2019-cu il tarixli cavab məktubu ilə cavabdeh təqaüdün xx.xx.2016-cı il tarixdən təyin edildiyini ümumi məbləğin ötən dövrdəki ayların sayına bölünərək aylıq təqaüdün üzərinə əlavə edilməlkə ödənildiyini göstərmiş, xx.xx.2016-cı il tarixə qədərki təqaüdün ödənilməsindən faktiki olaraq imtina etmişdir. Hesab etmişdir ki, cavabdehin hərəkəti qanunsuzdur. Belə ki, sosial müavinətlər 1995-ci il 22 sentyabr 216 saylı əsasnamə əsasında hesablanıb verilməlidir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələbləri ona münsaibətdə tətbiq edilməsi qanunsuz olmuşdur. Belə ki, 2008-ci ilin dekabr ayının 24-dən 2018-ci ilin dekabr ayının 21-dək Rusiya Federasiyası, Novosibirsk vilayəti, Tolquçin şəhəri İK-14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, 2019-cu ilin yanvarın sonunda Azərbaycan Respublikasına qayıda bilmişdir. Bu barədə cavabdehə bildirsə də nəzərə alınmamışdır. Cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası ilə əlaqə saxlamaq, dövlət orqanları ilə yazışmaq, pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək imkanında olmamışdır. Nəticədə mülkiyyət hüquqları pozulmuşdur. DSMF-in Zərdab rayon şöbəsi xx.xx.2020-ci il tarixli məktubla iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və sənədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. İddiaçı xx.xx.2001-ci il tarixdə (keçmiş Əzizbəyov RHK) Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsi tərəfindən müharibə veteranı vəsiqəsi verilmişdir. Vətəndaş şöbəyə xx.xx.2018-ci il tarixdə şifahi olaraq müraciət etmişdir. Vətəndaşa qanunvericilik izah olunmuş və tələb olunan sənədləri şöbəyə rəsmi olaraq təqdim etdikdən sonra şöbədə yaradılmış komissiyada baxılaraq məlumat veriləcəyi bildirilmişdir. Tələb olunan sənədləri xx.xx.2019-cu il tarixdə şöbəyə təqdim etmiş və ona DSMF-in Zərdab rayon şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli 07 saylı qərarı ilə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinəti təyin edilmişdir. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət etməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 50,00 (əlli) manat, xx.xx.2018-dən xx.xx.2019-cu il tarixədək 55.00 (əlli beş) manat, xx.xx.2019dan müddətsiz hər ay 80,00 (səksən) manat Prezident təqaüdü təyin olunmuş və ödənişi xx.xx.2019-cu il tarixdə tam ödənilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X3 iddianın təmin olunmamasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hаkim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-311/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh DSMF-in Zərdab rayon şöbəsinə qarşı “müharibə veteranı üçün sosial müavinətin 1995-ci ilin 22 sentyabr tarixindən etibarən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin təmin edilməməsiqərara alınmışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-311/2020 nömrəli qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-311/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-311/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən və cavabdeh DSMF-in Zərdab rayon Şöbəsinin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-311/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, DSMF-in Zərdab rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli **********4 nömrəli, xx.xx.2019-cu il tarixli **********7 nömrəli, xx.xx.2019-cu il tarixli ********** nömrəli məktubları və xx.xx.2020-ci il tarixli **********2 nömrəli etirazı, 16051 nömrəli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli arayışlar, Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2019-cu il tarixli 07 nömrəli qərarı, xx.xx.2019-cu il tarixli Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim edilən ərizə və s. aiddir. Əsaslandırma hissəsi: İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-311/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: -4.0.1.6–cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir; -7.0-ci maddəsinə əsasən, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6.müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; -9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (...) müraciət edilmə vaxtından asılı olmayaraq bu qanununqüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; -10.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2020-ci il tarixli **********2 nömrəli etirazına əsasən, iddiaçı xx.xx.2019cu il tarixdə veteranlığa görə müraciət etmiş və müraciətinə qanunamüvafiq olaraq xx.xx.2016-cı il tarixdən müavinət ödənilmişdir. İddiaçıya müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün müavinətin ödənilməsi, həmçinin, sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2019-cu il tarixli 07 nömrəli qərarından da müəyyən olunur. Göründüyü kimi, iddiaçı xx.xx.2019-cu il tarixində ona müavinətin ödənilməsi üçün müraciət etmiş və həmin tarixdən əvvəlki 3 il üçün ona müavinət ödənilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, göstərilmiş müddəaların mənasından bəlli olur ki, əgər həmin qanunun qüvvəyə minməsindən sonra şəxsin müvafiq müavinət almaq hüququ yaranırsa, bu halda onun müraciət etdiyi vaxtdan ən çoxu üç il üçün ödənilməmiş müavinətin (aylıq müavinətin) məbləği ona ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-311/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar