Məhkəmə qərarları › İş №2-1(107)-188/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-188/2021

26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-188/2021 26.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2-1(116)- 80/2021 qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində N saylı hərbi hissənin tərkibində xidmət keçərkən hərbi hissə komandirinin əmri ilə döyüş bölgələrinə döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam edilmişdir. Belə ki, 12.05.1992-ci il tarixdən 04.04.1993-cü il tarixinədək Laçın, Kəlbəcər bölgələrində döyüşlərdə iştirak etmişdir. İddiaçı döyüşlərdə iştirak etdiyini təsdiq edən sənədlərini Komissiyaya təqdim edərək, Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddiaçının tələbinə etirazını belə əsaslandırmışdır ki, iddiaçının döyüş əməliyyatları aparılan bölgələrə ezamiyyətinin məqsədi döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. Bu səbəblə də iddiaçıya “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 27.01.2021-ci il tarixli, 2-1(116)-80/2021 saylı qərarı ilə, iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmuşdur. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1 -ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti, hərbi hissələr, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Müdafiə nazirinin 06.01.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteram”, “Silahlı qüvvələr veteranı”, və “Əmək veteranı” adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Araşdırmanın nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin əmrlərində ezam olunması yalnız yanacaq sürtgü materiallarının təminatı ilə bağlı olmuşdur. İddiaçının döyüş əməliyyatları aparan bölgələrə ezamiyyətinin məqsədi döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. Göstərilənlərə əsasən hesab etmişdir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə əsasən döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara “Müharibə veteranı” adı verilir. Müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməlliyatları aparan hərbi hissəyə ezam olunması faktının sübuta yetirilməsi kifayət deyildir.Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissəyə döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunması faktı da tam sübuta yetirilməlidir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 27.01.2021-ci il tarixli, 2- 1(116)-80/2021 nömrəli qərarının ləğv edilməsi və iddanın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş sübutlardan görünür ki: N saylı hərbi hissənin 21.06.2019-cu il tarixli 465 nömrəli məktubuna əlavə edilmiş çıxarışların təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, iddiaçı 1992-1993-cü illərdə xidmət etdiyi hərbi hissə tərəfindən dəfələrlə döyüş bölgələrinə ezam edilmişdir. Şəki şəhər (rayon) polis şöbəsinin 25.05.2020-ci il tarixli 18912637-1220 nömrəli məktubu və ona əlavə edilmiş “2 saylı əlavə”dən görünür ki, İddiaçı barəsində cinayət məsuliyyətinə cəlb olunma barədə heç bir məlumat yoxdur. Qarabağ Hərbi Prokurorluğunun 22.05.2020-ci il tarixli 16/1764 nömrəli və Füzuli Hərbi Prokurorluğunun 30.05.2020-ci il tarixli 17/1995 nömrəli məktublarından görünür ki, İddiaçı barəsində qeyd edilən hərbi prokurorluqlarda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. N nömrəli hərbi hissə komandirinin 12.05.1992-ci il tarixli 63 nömrəli əmrindən çıxarışda iddiaçının 12.05.1992-ci il tarixdən döyüş tapşırığının yerinə yetirilməsi üçün Laçın rayonuna getdiyi qeyd edilir. N nömrəli hərbi hissə komandirinin 15.05.1992-ci il tarixli 66 nömrəli əmrindən çıxarışda iddiaçının 14.05.1992-ci il tarixdə ezamiyyətdən qayıtdığı qeyd edilir. N nömrəli hərbi hissə komandirinin 08.06.1992-ci il tarixli 84 nömrəli əmrindən çıxarışda iddiaçının 08.06.1992-ci il tarixdə Cəbrayıl rayonuna döyüş tapşırığının yerinə yetirilməsi üçün texniki təminat aparması və ezam müddətinin 3 gün olması qeyd edilir. N nömrəli hərbi hissə komandirinin 17.06.1992-ci il tarixli 90 nömrəli əmrindən çıxarışda iddiaçının 17.06.1992-ci il tarixdən Ağcabədi-Füzuli rayonlarına döyüş tapşırığının yerinə yetirilməsi üçün 3 gün müddətinə ezam edildiyi qeyd edilir. N nömrəli hərbi hissə komandirinin 12.01.1993-cü il tarixli 4 nömrəli əmrindən çıxarışda iddiaçının 12.01.1993-cü il tarixdən döyüş tapşırığının yerinə yetirilməsi üçün 16 gün müddətinə Ağdam şəhəri, N nömrəli hərbi hissəyə ezam edildiyi qeyd edilir. N nömrəli hərbi hissə komandirinin 27.01.1993-cü il tarixli 7 nömrəli əmrindən çıxarışda iddiaçının 27.01.1993-cü il tarixdə ezamiyyətdən qayıtdığı qeyd edilir. N nömrəli hərbi hissə komandirinin 30.01.1993-cü il tarixli 9 nömrəli əmrindən çıxarışda iddiaçının 30.01.1993-cü il tarixdən döyüş tapşırığının yerinə yetirilməsi üçün 14 gün müddətinə Ağdam şəhərinə ezam edildiyi qeyd edilir. N nömrəli hərbi hissə komandirinin 30.03.1993-cü il tarixli 30 nömrəli əmrindən çıxarışda iddiaçının 30.03.1993-cü il tarixdən Kəlbəcər rayonu, N nömrəli hərbi hissəyə döyüş tapşırığının yerinə yetirilməsi üçün 6 gün müddətinə ezam edildiyi qeyd edilir. N nömrəli hərbi hissə komandirinin 04.04.1993-cü il tarixli 31 nömrəli əmrindən çıxarışda iddiaçının ezamiyyətdən qayıtdığı qeyd edilir. N nömrəli hərbi hissənin 18.11.2020-ci il tarixli 670 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı məhkəməyə təqdim edilən əmrlərdən çıxarışlarında qeyd edilən müddətdə ezam olunmasının məqsədi döyüş təminatı ilə bağlı tapşırığın yerinə yetirilməsi olmuşdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Cavabdeh orqan etirazında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə istinad edərək, iddiaçıya Müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Cavabdeh orqan etirazında qeyd edir ki, iddiaçının döyüş əməliyyatları aparılan bölgələrə ezamiyyətinin məqsədi döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. İş materiallarına əlavə edilmiş N saylı hərbi hissənin 18.11.2020-ci il tarixli 670 nömrəli məktubunda qeyd edilir ki, iddiaçının ezamiyyətinin məqsədi döyüş tapşırığının və döyüş təminatı ilə bağlı tapşırıqlarının yerinə yetirilməsi olmuşdur. Elə cavabdeh orqanın istinad etdiyi Əsasnamənin 1-ci bəndində döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara “Müharibə veteranı” adının verilməsi nəzərdə tutulmuşdur. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət əleyhinə cinayət törətməməsi, hərbi xidmət dövründə cinayət məsuliyyətinə cəlb olunmaması, döyüş əməliyyatları aparılan hərbi hissələrə ezam olunması, döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla ordudan tərxis olunması yuxarıda qeyd olunan arxiv arayışları ilə təsdiq olunur. Göründüyü kimi, iddiaçıya veteran adının verilməsi üçün hüquqi əsaslar vardır, bunu istisna edən hallar mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsi İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasını təmin etməkdə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2-1(116)-80/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar