Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-189/2023 07.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayon İcra Hakimiyyəti aparatının xx.xx.2015-ci il tarixli 69 saylı icazə məktubu əsasında tikintisinə icazə verilmiş, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 9 mart 2022-ci il tarixli, 2-1(116)-80/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********87 saylı imtina aktının ləğvi edilməsi, Göyçay rayon İcra Hakimiyyəti Aparatının xx.xx.2015-ci il tarixli 69 saylı icazə məktubundan yaranan hüquqi münasibətlərin tanınması, Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Göyçay rayon İcra Hakimiyyəti aparatının xx.xx.2015-ci il tarixli 69 saylı icazə məktubu əsasında tikintisinə icazə verilmiş, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən müvafiq olaraq 0.0097 ha və 0.00562 ha torpaq sahələri iddiaçının tam xüsusi mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu tikilinin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətində olması, tikilinin inşası üçün Göyçay RİHB-nin icazəsinin olması, tikilinin memarlıq-planlaşdırma bölməsinin tərtib edilməsi və Göyçay RİH tərəfindən istismara qəbul edilməsi ilə əsaslandırmışdır. Cavabdeh müraciətin təmin olunmasından imtinasını qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə qərarın yox, Göyçay RİH-nin məktubunun təqdim edilməsi, Göyçay rayon İHB-nın xx.xx.2019-cu il tarixli, 17 №-li tikinti obyektinin istismarına icazə sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsinin qeyd edilməməsi, qeyri-yaşayış binasının qərb hissəsindən 5.70 metr məsafədən 10kV-luq yüksək gərginlikli hava elektrik xəttinin keçməsi və qeyri yaşayış binası həmin xəttin mühafizə zolağında yerləşməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: "xxxx" ASC “Mərkəzi Aran” regional Enerji Təchizatı və satış İdarəsi Göyçay Elektrik şəbəkəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının 5.7 metr məsafəsindən 110/35/10kV-luq Göyçay y/st-dan qidalanan 10 kV-luq iki dövrəli 6-cı şəhər və RRS-7 hava xətləri keçir.10 kV-luq 6-cı şəhər hava xətti işlək vəziyyətdə, RRS-7 hava xətti isə işlək vəziyyətdə deyildir. Qeydiyyatın aparılmasına etiraz edilmir. X2 Agentliyi Kürdəmir filialının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış obyektinin ön divarına paralel şəkildə avtomobil yolunun kənarı ilə 10 kV-luq ikidövrəli hava elektrik veriliş xətti keçir. İkidövrəli xəttin sol tərəfində olan (avtomobil yoluna tərəf) 10kV-luq “RRS-7” hava xətti şəbəkədən açıqdır və hazırda istismarda deyildir. İkidövrəli xəttin sağ tərəfində yerləşən (obyektə tərəf) 10kV-luq “6-cı şəhər” hava xəttinin kənar naqillərinin yer səthindəki proyeksiyasından (şaquli müstəvidən) sözügedən obyektin çöl divarınadək olan məsafənin təqribən 5.2 m, obyektin giriş (ön) hissəsinin dam örtüyünədək olan məsafənin isə təqribən 3.2m olması müəyyən olunmuşdur. Vətəndaşa məxsus obyektin ön tərəfinin təqribən 4.8m (xəttə paralel) hissəsi ərazidən keçən 10 kVluq hava elektrik veriliş xəttinin mühafizə zonasında yerləşir. Eyni zamanda müəyyən olunur ki, sözügedən 10 kV-luq hava xəttinin mühafizə zonasında onlarla fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri mövcuddur. Göyçay rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, iddiaçıya Göyçay şəhəri, Ə.Kərim küçəsi 56 ünvanda mülkiyyətində olan torpaq sahəsində müasir üslubda tərtib edilmiş layihə əsasında 14mx7m ölçüdə 1 mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. Göyçay şəhəri, Ə.Kərim küçəsi 56 ünvanda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış obyektinin memarlıq-planlaşdırma layihəsindən görünür ki, müvafiq qeyri-yaşayış sahəsinin layihəsi Göyçay rayon İcra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılaraq möhürlə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli 004141 №-li istismara hazırlıq aktından görünür ki, tikintinin başlanması tarixi xx.xx.2015-ci il, tikintinin qurtarması tarixi isə xx.xx.2015-ci il qeyd edilmişdir. Obyektin əsas göstəriciləri olaraq: 1 mərtəbəli binanın ümumi sahəsi 98.0 kv.m, tikintialtı sahəsi 115.4 kv.m, həcmi 550.0 kub.m göstərilmişdir. xx.xx.2019-cu il tarixli tikinti obyektinin istismarına icazə sənədindən görünür ki, Göyçay şəhəri, Ə.Kərim küçəsi 56 ünvanda yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışlardan görünür ki, ünvan 2 ünvanında yerləşən müvafiq olaraq 0.0097 ha və 0.00562 ha torpaq sahələri iddiaçının tam xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli rəydən görünür ki, inşa olunmuş qeyri-yaşayış binasının bir hissəsi-56.64 kv.m tikintialtı sahəsi-0.0097 ha torpaq sahəsi üzərində inşa olunmuşdur. İnşa olunan qeyri yaşayış binası vətəndaşa məxsus, **********52 və **********74 reyestr nömrəli 0.0097 ha və 0.00562 ha torpaq sahələrinin üzərində inşa olunmuşdur. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 09 mart 2022-ci il tarixli, 2- 1(116)-80/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayon İcra Hakimiyyəti aparatının xx.xx.2015-ci il tarixli 69 saylı icazə məktubu əsasında tikintisinə icazə verilmiş, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış obyekti üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibаti kollegiyаsının 26 may 2022-ci il tarixli 2- 1(107)-148/2022 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(116)- 80/2022 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayon İcra Hakimiyyəti aparatının xx.xx.2015-ci il tarixli 69 saylı icazə məktubu əsasında tikintisinə icazə verilmiş, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibаti kollegiyаsının 26 may 2022-ci il tarixli 2- 1(107)-148/2022 saylı qərarından İddiaçı tərəfindən kassasiya şikayəti verilmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 11 noyabr 2022-ci il tarixli 2-1(102)-1672/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibаti kollegiyаsının 26 may 2022-ci il tarixli 2-1(107)-148/2022 nömrəli qərarını ləğv edib işi yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. apelyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının izahatları: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(116)-80/2022 nömrəli qərarının ləğv edilməsini və İddiaçı iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 9 mart 2022-ci il tarixli, 2-1(116)-80/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). əsaslandırma hissəsi: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İnzibati-Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 85.2 və 85.3cü maddələri). Apellyasiya şikayəti mümkündür. Lakin cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Bu aşağıdakı mülahizələrdən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 11 oktyabr 2022-ci il tarixli 2-1(102)-1672/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli 2-1(107)-148/2022 nömrəli qərarını ləğv edib işi yeni apellyasiya baxışına qaytararkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə hazırkı iş üzrə 11 oktyabr 2022-ci il tarixli 2-1(102)-1672/2022 nömrəli qərarında qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, onlara hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarına istinad edərək qeyd etmişdir ki, iddiaçının qeyri-yaşayış binası yüksək gərginlik hava elektrik daşıyıcısının mühafizə zolağı altındadır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini və bununla bağlı əsaslandırmalarını İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 5-ci bəndinə əsasən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq... Oxşar məzmunlu müddəa “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 12-ci bəndində də nəzərdə tutulmuşdur (12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi;). İş materiallarında olan (iş v.24) 5 yanvar 2016-cı il tarixli Aktda komissiya üzvü olan Göyçay rayon Paylayıcı Elektrik şəbəkəsinin rəhbəri sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya ünvan 4 ünvanda mülkiyyətdə olan sxem üzrə 14 m x 7 m ölçüdə 1 mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi məqsədəmüvafiq hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin məktubun məzmununa istinad etsə də, həmin razılığın “elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan” məzmunda normativ tələbə məhz hansı səbəblərə görə zidd olduğunu əsaslandırmamışdır. Həmçinin iş materiallarında olan (iş v.23) "xxxx" ASC “Mərkəzi Aran” regional Enerji Təchizatı və Satışı İdarəsi Göyçay Elektrik şəbəkəsinin 29 dekabr 2021-ci il tarixli, 824 nömrəli məktubunda qeyd edilir ki, “ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının 5.7 metr məsafəsindən 110/35/10kV-luq Göyçay y/st-dan qidalanan 10 kV-luq iki dövrəli 6-cı şəhər və RRS-7 hava xətləri keçir. 10 kV-luq 6-cı şəhər hava xətti işlək vəziyyətdə, RRS-7 hava xətti isə işlək vəziyyətdə deyildir. Qeydiyyatın aparılmasına etiraz edilmir.” Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, cavabdehin imtinasının digər əsasları apellyasiya instansiyası məhkəməsində icraat zamanı araşdırma predmeti olmamışdır. İşin təkrar apellyasiya baxışı zamanı, həmçinin cavabdeh inzibati orqana “tikintiyə icazə verilməsi barədə qərarın deyil, Göyçay RİH-nin məktubunun təqdim edildiyinə” dair dəlilə münasibət bildirilərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqe də nəzərə alınmalıdır. Həmin mövqeyə görə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin göstərişləri ilə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdır. Belə ki, məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuni deyildir. İddia əsaslıdır. Bu səbəbdən də təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə kollegiyası tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10-cu maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə əsas hesab olunur. İş materiallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi 2015-ci ildən sonra tikilmişdir, tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının tam xüsusi mülkiyyətindədir, tikilinin inşa edilməsinə Göyçay RİH-nin xx.xx.2015-ci il tarixli məktubu ilə icazə verilmiş və xx.xx.2019-cu il tarixli tikinti obyektinin istismarına icazə sənədi əsasında qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. Həmçinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi tərtib edilmiş və Göyçay RİH-nin memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilmişdir. Müraciətin təmin edilməsindən imtina məktubundan və iddia tələbinə etirazdan görünür ki, cavabdeh orqanın iddia tələbinə etirazının dəlilləri aşağıdakılardır: - İddiaçı, qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə qərarı yox, Göyçay RİH-nin məktubunu təqdim etmişdir. - Göyçay rayon İHB-nın xx.xx.2019-cu il tarixli, 17 №-li tikinti obyektinin istismarına icazə sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. - Qeyri-yaşayış binasının qərb hissəsindən 5.70 metr məsafədən 10kV-luq yüksək gərginlikli hava elektrik xətti keçir və qeyri yaşayış binası həmin xəttin mühafizə zolağında yerləşir. Cavabdehin etirazının “qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə qərarın yox, məktubun təqdim edilməsi ilə bağlı dəlilinə münasibətdə birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, Göyçay şəhəri, Ə.Kərim küçəsi 56 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 2015-ci ildə, yəni Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilmişdir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Göründüyü kimi qanunverici icazənin verilməli olması ilə bağlı normanı həmin icazənin məhz qərar formasında olması ilə məhdudlaşdırmamışdır. Hər bir halda Göyçay rayon İHB-nın xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, iddiaçıya Göyçay şəhəri, Ə.Kərim küçəsi 56 ünvanda mülkiyyətində olan torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. Yəni, iddiaçıya icazə buna səlahiyyətli olan inzibati orqan tərəfindən verilmiş, müvafiq məktub inzibati orqanın iradə ifadəsi olmuşdur. İnzibati praktikaya əsasən tikintiyə icazə sənədi adətən qərar formasında tərtib edilsə də, hazırkı halda icazənin məktub fomasında tərtib edilməsi heç də tikintiyə icazənin verilməməsi kimi qiymətləndirilməməlidir (yaxud tikilinin özbaşına tikili hesab edilməsinə səbəb olmamalıdır). İcazə sənədinin hansı formada verilməli olmasına cavabdehliyi Göyçay RİH daşımış və iddiaçının inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Odur ki, Göyçay rayon İHB-nın xx.xx.2015-ci il tarixli məktubu məzmunu etibarilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati aktın əlamətlərini daşıdığından müvafiq məktub iddiaçının müraciətinin cavabdeh tərəfindən təmin edilməsi üçün yetərli olmuşdur. Cavabdehin etirazının-“xx.xx.2019-cu il tarixli, 17 №-li tikinti obyektinin istismarına icazə sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 103.1.6-cı maddəsinə əsasən tikinti obyektinin istismarına icazədə qeyd edilməli olan məlumatlardan biri Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsidir. Bundan başqa müvafiq icazə sənədinə tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; tikinti obyektinin istismar təyinatı; tikinti obyektinin əsas texniki göstəriciləri qeyd olunur. Müvafiq məlumatların qeyd olunması aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə məlumatların qeyd edilməməsi və ya düzgün qeyd edilməməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Odur ki, müvafiq kodun göstərilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazənin vahid forması” təsdiq edilmişdir. Formaya görə təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, hansı tarixdən tikinti obyektinin istismarına icazə verilməsi rayon icra hakimiyyətinin başçısına həvalə edilmişdir. Göründüyü kimi tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aparılmalı olan icraata görə Göyçay RİH cavabdehlik daşımış və sonuncu tərəfindən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. Cavabdehin vəzifəsi təqdim edilmiş sənədlər əsasında daşınmaz əmlak obyekti barədə məlumatları dövlət reyestrinə daxil etmək olmuşdur. Həmin məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olubolmamasına hüquqi qiymət vermək isə Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəsi olmuş, yuxarıda istinad olunan sənədlərin məzmunundan göründüyü kimi tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı sənəd ötən müddət ərzində mübahisələndirilməmişdir. Odur ki, müvafiq sənədin düzgün tərtib edilməməsinin hüquqi nəticələri iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının pozulmasına səbəb ola bilməz. Cavabdehin etirazının 10kV-luq yüksək gərginlikli hava elektrik xətti ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3cü bəndinə əsasən torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 445/2021 nömrəli qərarında yuxarıda qeyd olunan hüquqi mövqe əks olunmuşdur). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdı. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Beləliklə, məhkəmə kollegiyаsı аpellyаsiyа şikаyətinin dəlillərini birinci instаnsiyа məhkəməsinin qərаrının ləğv edilməsi üçün yetərli hesаb etmir və bu nəticəyə gəlir ki, Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən аpellyаsiyа şikаyəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərаrı dəyişdirilmədən qüvvədə sаxlаnmаlıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin 9 mart 2022-ci il tarixli, 2-1(116)-80/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.