Məhkəmə qərarları › İş №2-1(107)-19/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-19/2020

22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-19/2020 22.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X13 (bundan sonra cavabdeh və ya DƏDRX-in 12 saylı X15) qarşı “Şəki şəhəri Axundov küçəsində hazırda Kommunal Təsərrüfat İstehsalat Birliyinin yerləşdiyi bina üzərində babası X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq adına çıxarış verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2- 1(84)-1030/2019 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-5408/17 nömrəli qətnaməsi ilə xx.xx.1935-ci il tarixdə vəfat etmiş X8 iddiaçının babası olması faktı müəyyən edilmiş və qətnamə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İddiaçının müraciəti əsasında X6 ölməsi ilə bağlı X17 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən vərəsəlik işi açılmışdır. İddiaçı Şəki şəhəri Axundov küçəsində hazırda Kommunal Təsərrüfat İstehsalat Birliyinin yerləşdiyi binanın babası X8 mülkiyyətində olduğunu və babasının ölümündən sonra ona miras qaldığını əsas gətirərək sözügedən bina üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2019cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli məktublarla daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün tələb edilən sənədlərin təqdim edilmədiyini, sözügedən obyektdə onun istifadəsində olmamaqla Şəki şəhər Kommunal Təsərrüfat İstehsalat Birliyinin yerləşməsini bildirmiş və bu səbəbdən hüquqların dövlət qeydiyyatından imtina etmişdir. Bununla razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, babası 1850-ci ildə Nixa şəhərində doğulmuş və 1935-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət X14 qəzası xəzinədarlığı fondunun sənədlərindən Nuxa şəhəri üzrə daşınmaz əmlaklara görə 1912- 1915-ci illərdə dövlət vergisi ödəyən şəxslərin siyahısından məlum olur ki, onun babası və babasının qardaşının Nuxa şəhərinin Bazar adlanan hissəsində xəzinədarlığın 4128, 4163, 4202, 4213, 4320, 4562 və 4567 nömrəli inventar siyahısına görə daşınmaz əmlakları olmuşdur. Həmin əmlaklar üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etmişdir. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxxxx 2019-cu il tarixli 2-1(84)-1030/2019 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. X11-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2-1(84)-1030/2019 nömrəli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmışdır. Əlavə olaraq göstərilmişdir ki, işin gerçək halları birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, nəticədə qanunsuz, əsassız və ədalətsiz qərar çıxarılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil Babalı oğlu izahatlarında apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2-1(84)-1030/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq DƏDRX-in 12 saylı X15 nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: X3 və X9 aid Ölüm haqqında şəhadətnamələrin surətləri; Doğum haqqında şəhadətnamənin surəti; Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-5408/17 nömrəli qətnaməsinin surəti; Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışın surəti; Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışının surəti; Cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli **********84 nömrəli, xx.xx.2019-cu il tarixli **********72 nömrəli və xx.xx.2019-cu il tarixli **********19 nömrəli imtina məktubları. Məhkəmə kollegiyasının sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli **********62 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, dövlət əmlakının Registrindəki məlumatlara əsasən ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli ümumi sahəsi 75,9 kv.m olan bina Şəki Şəhər İcra Hakimiyyətinin Şəki Şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olmuş və həmin binanın 32,5 kv.m hissəsi X1 və 43,4 kv.m hissəsi X4 tərəfindən özəlləşdirilmişdir. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları göstərməyi zəruri hesab edir. İşin hallarından görünür ki, İddiaçı Şəki şəhəri Axundov küçəsində hal-hazırda Kommunal Təsərrüfat İstehsalat Birliyinin yerləşdiyi binanın babası X8 mülkiyyətində olduğunu və babasının ölümündən sonra ona miras qaldığını əsas gətirərək sözügedən bina üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli məktublarla daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün tələb edilən sənədlərin təqdim edilmədiyini, sözügedən obyektin onun istifadəsində olmamaqla Şəki şəhər Kommunal Təsərrüfat İstehsalat Birliyinin yerləşməsini bildirmiş və bu səbəbdən hüquqların dövlət qeydiyyatından imtina etmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi onun iddiasını rədd etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İddiaçı mübahisə predmeti olan Şəki şəhəri Axundov küçəsində hazırda Kommunal Təsərrüfat İstehsalat Birliyinin yerləşdiyi binanın babası X8 mülkiyyətində olduğunu iddia etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı mübahisə predmeti olan tikilinin iddiaçının babasının mülkiyyətində olması öz təsdiqini tapmamış və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(102)- 196/18 nömrəli qərarından müəyyən olunmuşdur ki, X8 adına DƏDRX-in 12 saylı X12 qeydiyyata alınmış daşınmaz əmlak mövcud deyildir. Bundan əlavə iddiaçının Azərbaycan Respublikası Dövlət X14 qəzası xəzinədarlığı fondunun sənədlərindən Nuxa şəhəri üzrə daşınmaz əmlaklara görə 1912-1915-ci illərdə dövlət vergisi ödəyən şəxslərin siyahısına istinad edərək babası və babasının qardaşının Nuxa şəhərinin Bazar adlanan hissəsində xəzinədarlığın 4128, 4163, 4202, 4213, 4320, 4562 və 4567 nömrəli inventar siyahısına görə daşınmaz əmlaklarının olması barədə iddia dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, arxiv arayışında qeyd olunan daşınmaz əmlakların iddiaçının hazırda iddia etdiyi Şəki şəhəri Axundov küçəsində hal-hazırda Kommunal Təsərrüfat İstehsalat Birliyinin yerləşdiyi bina olması barədə sübutlar mövcud deyil. Bundan başqa Nuxa şəhərinin Bazar adlanan hissəsinin hazırda hansı ərazi olması və həmin əmlakların hazırda mövcud olmasına dair də sübut mövcud deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, mübahisə predmeti olan tikili üzərində iddiaçının babasının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanuna uyğun, iddiaçının dəlilləri isə əsassız olduğundan iddia tələbi rədd edilməlidir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.4-cü maddəsinə əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-cı maddəsində deyilir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6-cı maddəsinə görə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7-ci maddəsinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9-cu maddəsinə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1- maddəsinə görə, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1-ci maddəsinə görə, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2-ci maddəsinə görə, məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2-ci maddəsinə görə, çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10-cu maddəsinə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1-ci maddəsinə görə, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2-ci maddəsinə görə, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. 23-cü maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri idarəsi dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qanunvericiliyin istinad olunan normalarından göründüyü kimi, daşınmaz əmlakın mülkiyyət kimi qeydə alınması üçün əsas bu Qanundan irəli gəlməlidir. Daşınmaz əmlakın dövlət reyestri idarəsi dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimatın: 7.1-ci bəndinə əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına çıxarış tərtib edilir. 7.2-ci bəndinə əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbi baxımından iddiaçının babası ölmüş olsa da, vərəsələrin müraciətləri əsasında cavabdeh ölmüş şəxsin hüquqlarını dövlət qeydiyyatına almalı və hüquqların dövlət qeydiyyatından çıxarış verməlidir. Lakin iddiaçı mübahisə predmeti olan Şəki şəhəri Axundov küçəsində hazırda Kommunal Təsərrüfat İstehsalat Birliyinin yerləşdiyi binanın babası X8 mülkiyyətində olduğunu iddia etsə də, bunu təsdiq edən sübutları nə məhkəmə kollegiyasına, nə də birinci instansiya məhkəməsinə təqdim etməmişdir. İddiaçı iddianın predmeti olan daşınmaz əmlakla bağlı, o cümlədən həmin binanın hansı ünvanda yerləşməsi barədə hə hansı sübut təqdim edə bilmir, yalnız həmin binanın Şəki şəhəri Axundov küçəsində (binanın nömrəsi göstərilmir) hazırda Kommunal Təsərrüfat İstehsalat Birliyinin yerləşdiyi bina olduğunu bildirir. Məhkəmə kollegiyasının araşdırması ilə müəyyən edilmişdir ki, iddia tələbinin predmeti olan Şəki Şəhər İcra Hakimiyyətinin Kommunal Təsərrüfat İstehsalat Birliyinin yerləşdiyi bina iddia ərizəsində göstərildiyi kimi Şəki şəhəri Axundov küçəsində deyil, ünvan 1 ünvanında yerləşir. Kollegiyanın sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli **********62 nömrəli cavab məktubundan görünür ki, dövlət əmlakının Registrindəki məlumatlara əsasən ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, ümumi sahəsi 75,9 kv.m olan bina Şəki Şəhər İcra Hakimiyyətinin Şəki Şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olmuş və həmin binanın 32,5 kv.m hissəsi X1 və 43,4 kv.m hissəsi X4 tərəfindən özəlləşdirilmişdir. Göründüyü kimi, iddiaçı Şəki Şəhər İcra Hakimiyyətinin Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olmuş binanın onun babasının mülkiyyətində olduğunu bildirsə də, qeyd olunan məktubdan görünür ki, həmin mübahisəli bina digər şəxslər tərəfindən özəlləşdirilmişdir. Kollegiya hesab edir ki, cavabdeh inzibati orqan idiaçının tələbinə münasibətdə qanunazidd hərəkətlər etməmişdir. Belə olan halda, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh DƏDRX-in 12 saylı X15 İddiaçı Şəki şəhəri Kommunal Təsərrüfat İstehsalat Birliyinin yerləşdiyi bina üzərində babası X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2-1(84)-1030/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar