Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-19/2022 01.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və üçüncü şəxs İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı “İsmayıllı rayon Xalq X8 Heyətinin 22 may 1992-ci il tarixli 24 saylı Qərarına əsasən İsmayıllı rayon Mican inzibati ərazi bölgüsü üzrə mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tаrixli, 2-1(116)- 241/2021 saylı qərarından cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: İsmayıllı Rayon İcra Hakimiyyəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayon Xalq X8 Heyətinin 22 may 1992-ci il tarixli 24 saylı Qərarına əsasən İsmayıllı rayon Mican inzibati ərazi bölgüsü üzrə mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İsmayıllı Rayon Xalq X8 Heyətinin 22 may 1992-ci il tarixli 24 saylı qərarı ilə İddiaçı İsmayıllı rayon Mican inzibati ərazi bölgüsündən 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi üçün müəyyən işlər görülmüşdür. İddiaçı ötən dövr ərzində öz səhlənkarlığı ucbatından torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb çıxarış əldə edə bilməmişdir. Bundan sonra ailəsini dolandırmaq üçün X2 Respublikasına getmişdir. Daha sonra oranın vətəndaşlığını qəbul etmişdir. Nümayəndə qardaşı İddiaçı tərəfindən ona verilən etibarnamə üzrə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 16.09.2020-ci il tarixli, **********46 nömrəli imtina məktubunda qeyd etmişdir ki, sənədlərin kadastr ekspertizası zamanı məlum olmuşdur ki, təqdim oluann yerləşmə sxemində qeyd olunan koordinatlara əsasən torpaq sahəsinin yerləşdiyi ərazi, Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında JN-302A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında X5 və ailə üzvlərinə məxsus həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Rusiya Federasiyası vətəndaşıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər. 48.3cü maddəyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Xarici dövlətin vətəndaşının (əcnəbi) Azərbaycan Respublikasının ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün deyildir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 09.10.2020-ci il **********41 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, İddiaçı xarici ölkə vətəndaşıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilər. 48.3-cü maddəyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilər. Eyni zamanda bildirilir ki, mübahisəli torpaq sahəsinin faktiki sahəsi 0.1147 hektardır, torpaq sahəsi İsmayıllı rayonu Mican kəndinə aid olan yaşayış məntəqələri torpağıdır. Faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında fərq yoxdur. Torpaq sahəsinin istifadəçisi İddiaçıdur. Qeyd edilən torpaq sahəsində yarımçıq tikili mövcuddur. İddiaçı adına Ərazi İdarəsində mövcud olan subyektlər siyahısında JN-1302 A saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə qeyd edilmişdir. Ləğv edilmiş DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən qeyd edilən şəhadətnamə hazırlanmamışdır və Ərazi İdarəsinnin arxivində həmin şəhadətnamənin arxiv nüsxəsi mövcud deyil. Bu səbəbdən də şəhadətnamənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə də müraciətinin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hаkim İlqar Cabbarov) 23 iyun 2021-ci il tаrixli, 2-1(116)- 241/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı rayon Xalq X8 Heyətinin 22 may 1992-ci il tarixli 24 saylı Qərarına əsasən İsmayıllı rayon Mican inzibati ərazi bölgüsü üzrə mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması, mütəxəssis rəyinin verilməsinə çəkilən xərc cavabdeh orqana aid edilməsi, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 311 manat cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X13 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülməsi qərara alınmışdır. Şəki İnzibаti Məhkəməsinin 23 iyun 2021-ci il tаrixli, 2-1(116)-241/2021 saylı qərarından cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən Şəki İnzibati Məhkəməsinin iş üzrə qərarı ləğv olunmalıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 0.06 ha torpaq sahəsi o Azərbaycan Respublikasının vətəndaşı olduğu vaxt əldə edib. Bu səbdəndə həmin torpaq sahəsi onun mülkiyyətinə verilməlidir. İş materiallarından göründüyü kimi İddiaçı Rusiya Fedarasiyasının vətəndaşıdır. Eyni zamanda bildirlər ki, Şəki İnzibati Məhkəməsi 23 sentyabr 2020-ci il tarixli, 2-1(116)-1444/2020 saylı sərəncam qəbul etmişdir. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi həmin sərəcamın icrasını təmin etmək məqsədi ilə daxili imkanlardan istifadə edərək mübahisəli torpaq sahəsində müvafiq mərzçəkmə işləri apararaq əldə edilmiş məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə etmişdir. Aparılmış araşdırmanın nəticəsi barədə müvafiq olaraq totpaq sahəsinin koordinatları müəyyən edilmiş və müqayisəli sxem tərtib edərək məhkəməyə təqdim etmişdir. Torpaq sahəsinin təyinatı, uqodiyası və mülkiyyən növü haqqında da müvafiq məlumatlar təqdim edilmişdir. Bundan sonra məhkəmə öz təşəbbüsü ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-dən mütəxəssis rəyi istəmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC məhkəməyə müvafiq rəyin verilməsini təmin etmişdir. Mütəxəssis rəyinin verilməsinə çəkilmiş 311 manat xərcin də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına köçürülməsini qarara almışdır. Hesab edirlər ki, qeyd olunan mütəxəssis rəyinin verilməsinə çəkilmiş xərclərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən tutulması da əsassızdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(116)-241/2021 saylı qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini və mütəxəssis rəyinin verilməsinə çəkilmiş 311 manat xərcinin də iddiaçıdan tutulmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibаti Məhkəməsinin 23 iyun 2021-ci il tаrixli, 2-1(116)- 241/2021 saylı qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibаti Məhkəməsinin 23 iyun 2021-ci il tаrixli, 2-1(116)-241/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi hazırkı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır. Belə ki, baxılan işdə söhbət İnzibati Prosessuаl Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessuаl Məcəlləsinin 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İnzibati Prosessuаl Məcəlləsinin 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən İnzibati Prosessuаl Məcəlləsinin 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İnzibati Prosessuаl Məcəlləsinin 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. İddia, mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci madəsinin 2-ci bəndinə əsasən, islahatın vəzifələri torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlifnövlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsindən və təkmilləşdirilməsindən ibarətdir. 2-ci maddəsinə əsasən, aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması aqrar islahatın əsas istiqamətlərindən olmuşdur. 5-ci maddəsinin 1-ci bəndinə əsasən, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Göründüyü kimi, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmçinin qanunverici həmin torpaq sahələrin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İş materiallarında olan X14 filialının 29.10.2017-ci il tarixli, 753 nömrəli arxiv çıxarışından görünür ki, İsmayıllı rayon XDS rəyasət heyətinin 22.05.1992-ci il tarixli, 24 saylı qərarı ilə XDS-in xüsusi torpaq fondu hesabına Mican inzibati ərazi bölgüsü üzrə İddiaçı 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan İsmayıllı RİH başçısının məhkəməyə ünvanladığı 21.10.2020ci il tarixli 01/585 nömrəli məktubda qeyd edilir ki, İddiaçı istifadəsində olan 0,06 ha həyətyanı torpaq sahəsinin yerləşmə sxemi və nəzərdə tutulan torpaq sahəsinin koordinatları İsmayıllı Rayon İcra Hakimiyyətinin Memarlıq Şöbəsi və İsmayıllı bələdiyyəsi tərəfindən təsdiq edilmiş və iddiaçıya təqdim edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16.10.2020-ci il tarixli, **********89 nömrəli məktubuna təsdiq edilmiş surəti əlavə edilən “İsmayıllı rayonunun İsmayıllı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid” cədvəldən görünür ki, 1302-ci sırada İddiaçı adı qeyd edilmiş və ona 0.06 ha həyətyanı torpaq sahəsinin verildiyi göstərilmişdir. İş materiallarında olan JN-302A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı AİK-nın 20.02.2001-ci il tarixli, 120 saylı qərarı ilə 0.22 ha həyətyanı torpaq sahəsi X9, X10 və X7 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 04.05.2021-ci il tarixli **********68 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, işin araşdırılması üçün Şəki LTİ-nin mütəxəssisləri 11 mart 2021-ci il tarixdə sözügedən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasında öz əksini tapan İsmayıllı rayonu İsmayıllı şəhəri ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən araşdırma zamanı məlum olmuşdur ki, İsmayıllı rayonu X15 Rəyasət Heyətinin 22 may 1992-ci il tarixli 24 saylı Qərarına əsasən İsmayıllı rayon Mican inzibati ərazi bölgüsü üzrə iddiaçıya ayrılmış 0,06 hektar torpaq sahəsi məhkəmə tərəfindən təqdim edilmiş cizgiyə əsasən JN-302A seriyalı kod 40719028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşmür. JN-302A seriyalı kod 40719028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X4 adı qeyd edilmişdir. Tələbdə qeyd edilmiş və faktiki naturada ölçülmüş 0.06 hektar torpaq sahəsi Mərkəzin elektron məlumat bazasına əsasən İsmayıllı şəhəri ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində JN-1302 A seriyalı kod 40719028 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi ilə üstüstə düşür. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunduğu kimi, İsmayıllıı rayonunun İsmayıllı kəndində iddiaçının qanuni istifadələrində 0,06 ha həyətyanı torpaq sahəsi olmuşdur. İsmayıllı rayon AİK-nın 20.02.2001-ci il tarixli 120 nömrəli Qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş, adına Ərazi İdarəsində mövcud olan subyektlər siyahısında JN-1302 A saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə qeyd edilmişdir. Lakin ləğv edilmiş DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən qeyd edilən şəhadətnamə hazırlanmamışdır, bununla belə tələbdə qeyd edilmiş və faktiki naturada ölçülmüş 0.06 hektar torpaq sahəsi Mərkəzin elektron məlumat bazasına əsasən İsmayıllı şəhəri ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində JN-1302 A seriyalı kod 40719028 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı hal-hazırda əcnəbi vətəndaş olsa da islahat aparılan zaman Azərbaycan Respublikasının vətəndaşı olaraq, İsmayıllı rayonu İsmayıllı kəndində qeydiyyatda olmuşdur. Qeyd olunan kənddə iddiaçının qanuni istifadəsində olan 0.06 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Dövlət qeyd olunan torpaq sahəsini sonuncunun mülkiyyətinə əvəzsiz olaraq verməklə həmin torpaq sahəsini ona bağışlamışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 4-cü bəndinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarının qeydiyyatını istisna etmir. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər. Torpaq Məcəlləsinin 49-cu maddəsində əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır. Hazırkı halda, iddiaçı torpaq sahəsini Azərbaycan Respublikasının vətəndaşı olduğu vaxt qanuni əsaslarla – İsmayıllı rayon XDS-nin Rəyasət heyətinin qərarı əsasında əldə etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (indiki halda XDS-nin Rəyasət heyətinin qərarı) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla, sözügedən torpaq sahəsini əldə etdikdən sonra mülkiyyət hüquqlarının qeydə alınmasına onun qanuni gözləntisi yaranmış, lakin o, torpaq üzərində mülkiyyət hüquqlarını qeydə aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul etmişdir. Belə olan halda, məhkəmə tərəfindən qiymət verilməli olan məsələ, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına qanuni gözləntisinin hazırkı halda ona sözügedən torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmaq imkanı verib verməməsidir. Bu hala qiymət verilməsi isə mülkiyyət hüququnun anlayışının təhlilini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). Hazırkı halda, iddiaçı ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmadan vətəndaşlığını dəyişsə də, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından iddiaçının ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə almağa dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa hüquqi imkan verir. Belə ki, sözügedən torpaq sahəsi ona qanuni əsaslarla daimi istifadəyə verilmiş (bu hal tərəflər arasında mübahisələndirilmir), eyni zamanda torpaq islahatı zamanı iddiaçının həmin torpaq sahəsini özəlləşdirmək üçün qanuni imkanı olmuş, lakin iddiaçı həmin imkandan istifadə etmədən digər dövlətin vətəndaşlığını qəbul etmişdir. İddiaçının ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqların itirilməsi anlamına gəlməyə əsas verə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərin əsassız sayaraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu qənaətlə razılaşır. Lakin iddiaçının hal-hazırda xarici ölkənin vətəndaşı olması nəzərə alındıqda, Torpaq Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan 1 (bir) il ərzində özgəninkiləşdirmək öhdəliyi iddiaçıya da şamil olunmalıdır və bu məhdudiyyət legitim məqsəd daşıyır, o cümlədən “ədalətli balans”a xidmət edir. Odur ki, İsmayıllı rayon Xalq X8 Heyətinin 22 may 1992-ci il tarixli 24 saylı Qərarına əsasən İsmayıllı rayon Mican inzibati ərazi bölgüsü üzrə iddiaçının qanuni istifadəsinə verilmiş 0.06 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun, bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə, daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir. Lakin iddiaçı hal-hazırda xarici fiziki şəxs olduğu üçün onun mülkiyyətinə keçən torpaq sahəsi bir il müddətində özgəninkiləşdirməli olduğundan birinci instansiya məhkəməsinin qərarına “bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə” ifadəsi əlavə edilməlidir. Ona görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tаrixli, 2-1(116)-241/2021 saylı qərarı “bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə” ifadəsi əlavə edilməklə dəyişdirilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-1(107)-19/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-19/2022
01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver