Məhkəmə qərarları › İş №2-1(107)-19/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-19/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-19/2024 18.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “alğısatqı yolu ilə bələdiyyədən əldə etdiyi, ünvan 1 ünvanında yerləşən, Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış A seriyalı 423249 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinin hazırda istifadə etdiyi yerdə, yəni tikdiyi mağazanın yerləşdiyi yerdə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 avqust 2023-ci il tarixli, 2-1(116)- 540/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alğı-satqı yolu ilə bələdiyyədən əldə etdiyi, ünvan 1 ünvanında yerləşən, Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış A seriyalı 423249 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinin hazırda istifadə etdiyi yerdə, yəni tikdiyi mağazanın yerləşdiyi yerdə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, ünvan 1 ünvanında yerləşən 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsini iddiaçı alğı-satqı yolu bələdiyyənin xx.xx.2004-cü il tarixli 11 saylı protokol qərarı ilə almışdır. İddiaçı bələdiyyənin həmin qərarını İcra Hakimiyyətinə təqdim edərək, memarlıq şöbəsinin razılığı əsasında onların göstərdiyi smeta sənədi və layihə əsasında həmin torpaq sahəsi üzərində mağaza tikmişdir. Həmin tarixdən indiyədək iddiaçı həmin mağazadan istifadə edir. Həmin torpaq sahəsi üçün A seriyalı 423249 saylı Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, həmin sənəd xx.xx.2013-cü il tarixdə 33 nömrəsi ilə Dövlət torpaq kadastr kitabında uçota alınmış və X2 Komitəsinin Balakən rayon şöbəsinin müdiri tərəfindən təsdiq olunmuşdur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********52 nömrəli imtina məktubunda qeyd etmişdir ki, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara əsasən yerləşmə yeri ilə faktiki istifadə olunan yer fərqlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15.1.1-ci maddəsinə əsasən müraciətin təmin olunmasından imtina edilmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(116)-2472/2022 nömrəli qərardadı ilə Balakən bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdirdi.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(116)-540/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin imtina məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 10 avqust 2023-ci il tarixli, 2-1(116)-540/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

8. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 10 avqust 2023-ci il tarixli, 2-1(116)-540/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin vətəndaşa verdiyi imtina səbəbi ilə məhkəməyə verdiyi mütəxəssis rəyinin arasında olan fərqin nədən əmələ gəlməsi, hansı səbəbə görə cavabdeh iddiaçıya başqa səbəbli imtina verdiyini məhkəməyə isə başqa cavab verdiyini aydınlaşdırmamışdır. Mütəxəssis rəyində qeyd olunmuşdur ki, həmin torpaq TEKUİS (bu hərflərin açıqlanması məlum deyil) məlumat bazasına əsasən mülkiyyət növü Dövlət mülkiyyəti kimi işlənmişdir. Məhkəmə “Dövlət mülkiyyəti kimi işlənmişdir” sözünü araşdırmamış, TEKUİS məlumat bazasının nə vaxt yaradılması, bu torpaq sahəsinin nə vaxt Dövlət mülkiyyəti kimi işlənməsi, həmin məlumat bazasının kim tərəfindən yaradılması, həmin torpaq sahəsinin kim tərəfindən dövlət mülkiyyəti kimi işlənməsi, hansı qərara əsasən vətəndaşın şəxsi mülkiyyəti yerləşən əmlakın altındakı torpaq sahəsini Dövlət mülkiyyətinə işlənməsinin əsasını məhkəmə araşdırmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 avqust 2023-ci il tarixli, 2-1(116)-540/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 avqust 2023ci il tarixli, 2-1(116)-540/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 10 avqust 2023-ci il tarixli, 2-1(116)-540/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslər nümayəndələrinin iştirakını təmin etməmişlər.

13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin 76 nömrəli xx.xx.2004-cü il tarixli rəyinin notariat qaydada təsdiq olunmuş surətində qeyd olunur ki, Balakən bələdiyyəsinin mülkiyyətinə aid olan sahədən Balakən şəhər sakini İddiaçı alqısatqı yolu ilə sahibkarlıq məqsədi üçün 9 kv.m torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsi Balakən bələdiyyəsinin mülkiyyətində olan ərazidir. Balakən bələdiyyəsinin müraciətini, mütəxəssis rəyini nəzərə alaraq mövcud qanunvericiliyə əsasən alqı-satqı yolu ilə sahibkarlıq məqsədi üçün 9 kv.m torpaq sahəsinin Balakən şəhər sakini İddiaçı verilməsini DTXK-nın Balakən rayon şöbəsi məqsədə müvafiq hesab etmişdir. - Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı iclas protokolundan çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iclasın gündəliyi bələdiyyəyə daxil olan ərizə və şikayətlərə baxılması barədə olmuşdur. İddiaçının xx.xx.2004-cü il tarixli 149 saylı ərizəsi nəzərə alınmış, H.Əliyev küçəsində İddiaçı mağaza tikmək üçün 3x3 metr ölçüdə 9 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. - Balakən bələdiyyəsinin sədrinin xx.xx.2004-cü il tarixli 102 nömrəli sərəncamının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, vətəndaşın ərizəsinə, komissiyanın rəyinə və xx.xx.2004-cü il tarixli 11 saylı protokol qərarına əsasən H.Əliyev küçəsində İddiaçı mağaza tikmək üçün 3x3 metr ölçüdə 9 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. - DTXK-nın Balakən rayon şöbəsində xx.xx.2004-cü il tarixə 278 nömrə ilə qeydiyyata alınmış “Torpaqların alqı-satqısına dair” Aktın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 nömrəli qərarı ilə iddiaçıya 9 kv.m torpaq sahəsi satılmış, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmiş və Akt xx.xx.2004-cü il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq olunmuşdur. - A seriyalı 423249 nömrəli DTXK tərəfindən verilmiş, Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı qərarı ilə 9 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi üçün iddiaçıya verilmişdir. - 26.10.2004-cü il tarixli 121 nömrəli kassa mədaxil orderinin qəbzinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmişdir. - Balakən bələdiyyəsi xx.xx.2022-ci il tarixli 212 nömrəli məktubunda qeyd etmişdir ki, İddiaçı 9 kv.m torpaq sahəsinin ayrılmasına dair Balakən bələdiyyəsində heç bir sənəd qalmamışdır. - Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 141 nömrəli məktubuna əlavə olunmuş Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı iclas protokolunun arxiv nüsxəsindən görünür ki, iclasın gündəliyi bələdiyyəyə daxil olan ərizə və şikayətlərə baxılması barədə olmuşdur. İddiaçının xx.xx.2004-cü il tarixli 149 saylı ərizəsi nəzərə alınmış, İddiaçı azad sahibkarlıqla məşğul olmaq üçün torpaq sahəsinin satılması qərara alınmışdır. İclas protokolunda satılmalı olan torpaq sahəsinin ölçüsü və yeri göstərilməmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-2092/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, Balakən rayonu Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı iclas qərarı ilə İddiaçı ünvan 2 ünvanında ayrılmış 9 kv.m torpaq sahəsinin naturada ölçüləri 12 kv.m olmaqla Balakən şəhərinin hüdudları daxilində TEKUİS məlumat bazasına əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və digər Sosial və İctimai Tikinti altında olan torpaqlara və mülkiyyət növü isə dövlət mülkiyyəti kimi işlənilmişdir, iddia olunan torpaq sahəsinin faktiki istifadəçisi İddiaçıdır. Həmin torpaq sahəsinin ölçüləri yerləşmə vəziyyəti koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilkin torpaqayırma sənədlərində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi A seriyalı 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. İlkin torpaqayırma sənədlərində göstərilən torpaq sahəsi ilə A seriyalı 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi eyni torpaq sahəsidir. - Məhkəmə kollegiyasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə verdiyi 17 noyabr 2023-cü il tarixli sorğusuna əsasən verilmiş 14 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında öz əksini tapan Balakən bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planına əsasən İddiaçı adına verilmiş ünvan 1 ünvanında yerləşən, Dövlət torpaq kadastr kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış A seriyalı 423249 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsi Balakən şəhərinin hüdudları daxilində kateqoriyası yaşayış məntəqələri torpaqları, mülkiyyət növü isə dövlət mülkiyyətinə aid ərazi kimi işlənilmişdir. Həmin torpaq sahəsinin dövlət mülkiyyətinə nə vaxt keçməsi barədə məlumat 18 saylı Zaqatala Ərazi İdarəsində aşkar edilməmişdir. - Məhkəmə kollegiyasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə verdiyi 16 yanvar 2024-cü il tarixli sorğusuna əsasən verilmiş 17 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı adına verilmiş ünvan 1 ünvanında yerləşən, Dövlət torpaq kadastr kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış A seriyalı 423249 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinin iddiaçıya veridiyi tarixdə kimin mülkiyyətində olması barədə məlumatlar idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında öz əksini tapmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi.

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

19. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 9.6-cı maddəsinin qüvvədə olmuş mətninə görə bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqısatqı aktı tərtib edilir.

20. Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir;

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

22. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

23. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Hazırkı qərarın 17-ci bəndində qeyd olunan torpaq qanunvericiliyinin normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir.

29. O cümlədən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə iddiaçı ilə bələdiyyə arasında mövcud mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş qanunvericilik normaların tətbiqi baxımından hazırkı qərarın 18-20-ci bəndlərində qeyd olunan müdəalara istinad olunmalıdır.

30. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kolegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, bələdiyyələr yalnız bələdiyyə mülkiyyətində olan torpaq sahələrini qanunvericiliklə nəzərdə tutulmuş qaydada mülkiyyətə, istifadəyə və ya icarəyə vermək hüququna malikdirlər.

31. Lakin məhkəmə araşdırması nəticəsində və müvafiq mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Mütəxəssis rəyində qeyd olunmuşdur ki, Balakən rayonu Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı iclas qərarı ilə İddiaçı ünvan 2 ünvanında ayrılmış 9 kv.m torpaq sahəsinin naturada ölçüləri 12 kv.m olmaqla Balakən şəhərinin hüdudları daxilində TEKUİS məlumat bazasına əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və digər Sosial və İctimai Tikinti altında olan torpaqlara və mülkiyyət növü isə dövlət mülkiyyəti kimi işlənilmişdir. Belə olan halda iddiaçının istinad etdiyi qərarı qəbul etmiş bələdiyyə, yəni daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmamamışdır.

32. Məhkəmə kollegiyası tərəfindən mütəxəssis rəyinə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə sorğu edilmiş və müəyyən edilmişdir ki, idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında öz əksini tapan Balakən bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planına əsasən İddiaçı adına verilmiş ünvan 1 ünvanında yerləşən, Dövlət torpaq kadastr kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış A seriyalı 423249 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsi Balakən şəhərinin hüdudları daxilində kateqoriyası yaşayış məntəqələri torpaqları, mülkiyyət növü isə dövlət mülkiyyətinə aid ərazi kimi işlənilmişdir. Həmin torpaq sahəsinin dövlət mülkiyyətinə nə vaxt keçməsi barədə məlumat 18 saylı Zaqatala Ərazi İdarəsində aşkar edilməmişdir.

33. Həmçinin məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, İddiaçı adına verilmiş ünvan 1 ünvanında yerləşən, Dövlət torpaq kadastr kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış A seriyalı 423249 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinin iddiaçıya veridiyi tarixdə kimin mülkiyyətində olması barədə məlumatlar idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında öz əksini tapmamışdır.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

35. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “alğısatqı yolu ilə bələdiyyədən əldə etdiyi, ünvan 1 ünvanında yerləşən, Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış A seriyalı 423249 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinin hazırda istifadə etdiyi yerdə, yəni tikdiyi mağazanın yerləşdiyi yerdə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 10 avqust 2023-ci il tarixli, 2-1(116)-540/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar