Məhkəmə qərarları › İş №2-1(107)-190/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-190/2022

13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-190/2022 13.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçılar Qəribova (Hüseynova) Elmira Əfsər qızı və İddiaçı2 cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2012-ci il tarixli, 77 saylı sərəncamın dəyişdirilərək X3 ilə yanaşı Qəribova (Hüseynova) Elmira Əfsər qızı və İddiaçı2 adının həmin sərəncama daxil edilməsinin cavabdehin üzərinə qoyulması” barədə inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş “buraxılmış müddətin üzürlü hesab edilməsi haqqında” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli 2-1(116)-808/2022 nömrəli qərardadından iş üzrə iddiaçılar və onların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Qəribova (Hüseynova) Elmira Əfsər qızı cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “xx.xx.2012-ci il tarixli, 77 saylı sərəncamın dəyişdirilərək X3 ilə yanaşı İddiaçı1 və İddiaçı2 adının həmin sərəncama daxil edilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin e-2-1(116)-808/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişdir.

3. Birinci instansiya məhkəməsinin e-2-1(116)-808/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakı adi cəlb etmədən zəruri cəlb etməyə dəyişdirilmiş, həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı vəsatət təmin edilməmişdir.

4. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya dinlənilmə hüququnun təmin edilməsi məqsədilə xx.xx.2011-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, hazırkı iddia tələbi müddətlə bağlı mümkünlük şərtinə cavab vermir. Belə ki, iddia tələbi inzibati orqanın xx.xx.2012-ci ildə qəbul edilmiş sərəncamını dəyişdirilməsi barədədir. Yəni hazırkı iddia İPM-nin 2.2.1-ci və 32-ci maddələri anlamında “mübahisələndirmə haqqında” iddiadır.

5. İddiaçılar, məhkəməyə “buraxılmış müddətin üzürlü hesab edilməsi haqqında” ərizə təqdim etmişlər.

6. Ərizə aşağıdakı kimi əsaslandırılmışdır: - İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 77 saylı sərəncam qəbul etməsi ilə bağlı iddiaçıların məlumatı olmamışdır. Həmin sərəncam iddiaçılara aid olmadığı üçün onlara təqdim və elan edilməmişdir. Buna görə də onların 2020-ci ildə İsmayıllı Rayon Məhkəməsində işə baxılana qədər həmin sərəncam barədə heç bir məlumatları olmamışdır. Həmin sərəncamın mövcudluğu ilə bağlı ilk dəfə İsmayıllı Rayon Məhkəməsində işə baxılarkən məlumat almışlar. Həmin vaxt İsmayıllı Rayon Məhkəməsi onların iddiasını təmin edərək həmin sərəncam əsasında verilmiş çıxarışları tam şəkildə ləğv etmişdi. Bu səbəbdən də onlar həmin qətnamənin qüvvəyə minməsini gözləmişdirlər ki, sonra İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 77 saylı sərəncamını mübahisələndirsinlər. Lakin, X1 şikayətləri nəticəsində məhkəmə aktı qüvvəyə minməmişdir. Sonda isə uzun məhkəmə proseslərindən sonra qeyd edilən qətnamə 2021-ci ildə Şəki Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddia qismən təmin edilmişdir. Həmçinin, həmin vaxt Şəki Apellyasiya Məhkəməsi qətnamə çıxararkən bu məsələni həll etmədiyi üçün İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 77 saylı sərəncamının ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı ayrıca iddia ilə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsini aldıqdan sonra, onlar İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət edərək xx.xx.2012-ci il tarixli 77 saylı sərəncamın ləğv edilməsi və ya dəyişdirilməsini xahiş etmişlər. Lakin İsmayıllı Rayon İcra Hakimiyyəti 15 oktyabr 2021ci il tarixli məktubu ilə onlara həmin sərəncamın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olan hüquqmüəyyənedici sənədləri təqdim edildiyi təqdirdə həmin məsələyə baxıla biləcəyini bildirmişdir. Bundan sonra onlar təkrarən hazırkı iş üzrə bütün sənədlərin və məhkəmə aktlarının surətlərini əlavə etməklə yenidən İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət edərək xx.xx.2012-ci il tarixli 77 saylı sərəncamın ləğv edilməsi və ya dəyişdirilməsini xahiş etmişlər. Lakin, təqdim edilən sənədlər və məhkəmə aktlarından onların da mübahisə predmeti olan torpaq sahəsi və evə hüquqlarının olmasının müəyyən edilməsinə baxmayaraq İsmayıllı Rayon İcra Hakimiyyəti xx.xx.2012-ci il tarixli 77 saylı sərəncamın ləğv edilməsi və ya dəyişdirilməsindən imtina etmişdir. Bundan sonra onlar pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmişlər. Göründüyü kimi, İsmayıllı Rayon Məhkəməsində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 77 saylı sərəncamı ilə bağlı məlumat aldıqdan sonra onların həmin sərəncamın ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etməmələrinin səbəbi yekun məhkəmə aktının nəticəsini gözləmələri olmuşdur. Bundan sonrakı müddətdə isə həmin sərəncamın ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinə etdikləri müraciətə cavab almaq üçün gözlədikləri müddətdir. Çünki, onlar İsmayıllı Rayon İcra Hakimiyyətinin bu məsələ ilə bağlı məhkəmə aktlarında müəyyən etdiyi halları nəzərə alacağını və ədalətli qərar qəbul edəcəyinə ümid etmişlər. Buna görə də hesab etmişlər ki, yuxarıda qeyd edilən hallar onların İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 77 saylı sərəncamı haqqında məlumat aldıqdan sonra məhkəməyə müraciət etməmələri üçün üzürlü hal hesab edilməli və buraxılmış prosessual müddət bərpa edilməlidir. Qeyd olunanlar nəzərə alınaraq buraxılmış iddia müddətinin üzürlü hesab edilməsi haqqında qərardad çıxarılması xahiş edilmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iddisçıların etibarnamə üzrə nümayəndəsi və vəkili ərizə ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, faktiki olaraq mübahisələndirilən sərəncamın məzmunundan məlumatlı olsa da, iş üzrə mülki qaydada müxtəlif məhkəmə instansiyalarında mübahisəyə baxıldığına görə onun müvafiq sərəncamı mübahisələndirmək imkanı olmamışdır. Belə ki, yuxarı instansiya məhkəmələri müvafiq sərəncamla bağlı inzibati mübahisəyə toxunmaya və mübahisənin qaldırılmış iddia çərçivəsində də həll edə bilərdilər. Buna görə də o, baxılan iş üzrə yekun məhkəmə aktının nəticəsini gözləməli olmuşdur. Cavabdeh orqan isə müraciətinə qədər həmin sərəncamı onlara təqdim etməmiş, məhkəmə iclaslarından kənar hər hansı digər formada mübahisələndirdikləri sərəncamdan məlumatları olmamışdır. Buna görə də hesab etmişdir ki, əslində ümumiyyətlə həmin müddət ötürülməmişdir. Yalnız prossesual baxımdan həmin müddətin bərpa olunmasını xahiş etmişdir.

8. Üçüncü şəxs X3 birinci instansiya məhkəməsinin iclasında izahat verərək ərizənin qanuna müvafiq qaydada həll edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 13 may 2022-ci il tarixli 2- 1(116)-808/2022 nömrəli qərardadı ilə iddiaçılar Qəribova (Hüseynova) Elmira Əfsər qızı və İddiaçı2 “buraxılmış müddətin üzürlü hesab edilməsi haqqında” ərizəsi təmin edilməmiş, iddiaçılar Qəribova (Hüseynova) Elmira Əfsər qızı və İddiaçı2 cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2012-ci il tarixli, 77 saylı sərəncamın dəyişdirilərək X3 ilə yanaşı İddiaçı1 və İddiaçı2 adının həmin sərəncama daxil edilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamışdır.

10. İddiaçılar və onların nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar iddia müddətini ötürməmişlər. Belə ki, baxılan mübahisə üzrə yekun məhkəmə aktının nəticəsini gözləmək məcburiyyətində qalmışlar. Yekun məhkəmə aktı çıxarıldıqdan sonra isə məhkəməyə müraciət etmişlər. Belə ki, həmin məhkəmədə baxılan iş üzrə yekun məhkəmə aktı çıxarılmadan bu işə baxılması qeyri-mümkün idi. Çünki yekun məhkəmə aktı ilə onların vərəsə olub-olmama məsələsi öz həllini tapırdı. Yekun məhkəmə aktı ilə onlar vərəsə kimi tanınmaya da bilərdilər. Belə olan halda bu iddianı da qaldırmaq hüquqları olmazdı. Necə ki, həmin iş üzrə iddiaçı olan bacı və qardaşlarından üçünün iddiası məhkəmə tərəfindən təmin edilmədiyi üçün onlar vərəsələr siyahısından çıxarılmışdır. Həmin nəticə onlara münasibətdə ola bilərdi. Buna görə də onlar məhkəmənin yekun aktını gözləmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almamışdır. Bundan başqa birinci instansiya məhkəməsi yekun məhkəmə aktı çıxdıqdan sonra məhkəməyə gec müraciət etmələrinə istinad etmişlər. Onlar bununla bağlı buraxılmış müddətin üzürlü hesab edilməsi haqqında ərizələrində ətraflı izahat vermişlər. Əlavə olaraq məhkəmə prosesində də bildirdikləri kimi qeyd etmişlər ki, əgər cavabdeh onların ərizələrini təmin etsəydi o zaman heç bu məhkəmə prosesi də olmayacaqdı. Ona görə də onlar əvvəlcə rəsmi şəkildə cavabdehə müraciət edərək onun ərizələrinə mnüasibətini və rəsmi cavabı gözləyərək imtina cavabı aldıqdan sonra müraciət etmişlər. Ona görə Şəki İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli 2-1(116)-808/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli 2-1(116)-808/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X1 nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli 2-1(116)-808/2022 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. 14 . Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar Qəribova (Hüseynova) Elmira Əfsər qızı və İddiaçı2, üçüncü şəxs X3 məhkəmə iclasına gəlməmiş, cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyəti nümayəndəsinin iştirakını təmin etməmişdir.

15. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

16. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 77 nömrəli sərəncamından görünür ki, İsmayıllı şəhəri K.Əhmədov küçəsində hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışa uyğun 0.07 ha həyətyanı torpaq sahəsində X2 məxsus tikinti altı sahəsi 135.58 kv.m, ümumi sahəsi 113.42 kv.m, yaşayış sahəsi 66.7 kv.m olan 1 mərtəbəli, kürsülü, 3 otaqlı fərdi yaşayış evinin istismar olunduğunu nəzərə alaraq müvafiq qaydada sənədləşdirilməsinə və kommunikasiya (elektrik, qaz, rabitə, su və kanalizasiya) xətlərinin qoşulmasına icazə verilmişdir. - İsmayıllı Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(037)27/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar Qəribova (Hüseynova) Elmira Əfsər qızı, İddiaçı2, X9, X10 və X5 cavabdeh İsmayıllı rayon Notariat Ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışların ləğv edilməsi, torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin bərabər payda olmaqla bölünməsi tələbi qismən təmin edilərək, İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən X1 adına verilmiş 31 yanvar 2012-ci il tarixli 2V-1/18N nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv ediməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X1 adına verilmiş 20 aprel 2012-ci il tarixli MA seriyalı - ******* nömrəli və 27 mart 2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışların ləğv edilməsi qət edilmiş. Qətnamənin 5-cı səhifəsində (2-ci abzas) hazırkı iddia tələbində mübahisələndirilən sərəncamın məzmunu, tarixi və nömrəsi qeyd edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)- 953/2020 nömrəli qətnaməsindən görünür ki, X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(037)- 27/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin 6-cı səhifəsində (2-ci abzas) hazırkı iddia tələbində mübahisələndirilən sərəncamın məzmunu, tarixi və nömrəsi qeyd edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-407/2021 nömrəli qərarında görünür ki, üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-953/2020 nömrəli iş üzrə qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Qərarın 8-ci səhifəsində (3-cü abzas) hazırkı iddia tələbində mübahisələndirilən sərəncamın məzmunu, tarixi və nömrəsi qeyd edilmişdir. -Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)1099/2021 nömrəli qətnaməsindən görünür ki, X3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(037)-27/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş üzrə yeni qətnamə çıxarılmışdır. İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən X1 adına verilmiş 31 yanvar 2012-ci il tarixli, 2V-1/18 N reyestr nömrəli Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında Şəhadətnamə ləğv edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 20 aprel 2012-ci il tarixli, MA seriyalı ******* nömrəli Çıxarış tam və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 mart 2013-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarış qismən, yəni torpaq sahəsinə dair hissədə ləğv edilmiş, mübahisə predmeti olan - İsmayıllı şəhəri K.Əhmədov küçəsi 10 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi İddiaçı2, Qəribova (Hüseynova) Elmira Əfsər qızı və X1 arasında hər birinin payı 1/3 hissə olmaqla bölünmüş, iddia qalan hissədə rədd edilmişdir. Qətnamənin 5-ci və 8-səhifələrində hazırkı iddia tələbində mübahisələndirilən sərəncamın məzmunu, tarixi və nömrəsi qeyd edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 24.1. Müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

20. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddia tələbi inzibati orqanın xx.xx.2012-ci il tarixli, 77 saylı sərəncamının dəyişdirilməsi barədədir. Yəni, iddia “mübahisələndirmə haqqında” iddiadır. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Dəyişdirilməsi tələb edilən inzibati akt 2012-ci ildə qəbul edilmişdir və iddianın müddətlər baxımından həllində 01 yanvar 2011-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin tələbləri rəhbər tutulmalıdır.

21. İnzibati aktın təqdim edilməsi və ya elan edilməsi ilə bağlı mübahisə yarandığı halda hər bir halda maraqlı şəxsin hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir.

22. İş materiallarından görünür ki, hazırda mübahisələndirilən, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 77 saylı sərəncamından iddiaçıların, ilkin mübahisəyə İsmayıllı Rayon Məhkəməsində baxılarkən məlumatları olmuşdur (iddiaçılar ərizələrində də bunu etiraf edirlər). Belə ki, xx.xx.2020-ci il tarixdə qəbul edilmiş həmin qətnamədə işdə mövcud olan sübutlar sadalanarkən hazırkı iş üzrə dəyişdirilməsi tələb edilən sərəncamdan bəhs olunur. Müvafiq qətnamə apellyasiya qaydasında mübahisələndirilmişdir. Müəyyən edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)-953/2020-ci il tarixli qətnaməsində də hazırkı iş üzrə dəyişdirilməsi tələb edilən sərəncam iş üzrə mövcud olan sübut qismində qeyd edilmişdir.

23. Daha sonra mübahisəyə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılmış və xx.xx.2021-ci il tarixli 2(102)-407/2021 nömrəli qərarda bir daha müvafiq sərəncamdan ətraflı bəhs olunmuş, həmin sərəncamın mübahisəli tikili ilə bağlı verilməsi, məzmunu, tarixi və nömrəsi qeyd edilmişdir. Növbəti dəfə isə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında mübahisəyə baxılmış və xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, 2(107)-1099/2021 nömrəli qətnamədə yenə də həmin sərəncamdan ətraflı bəhs olunaraq iddiaçılar məlumatlandırılmışlar. Həmin qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Lakin iddiaçılar xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə müraciət etmişlər.

24. Apellyasiya və kassasiya instansiyası məhkəmələri həmin fərdi yaşayış evinin miras kütləsinə aid olmamasını qeyd etməklə, həmin fərdi yaşayış evinin İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 77 saylı sərəncamı əsasında sənədləşdirildiyini dəfələrlə vurğulamışlar.

25. Bu isə onu deməyə əsas verir ki, iddiaçıların ilkin olaraq İsmayıllı Rayon Məhkəməsində iddia tələbinə baxılarkən 2020-ci ilin yanvar ayından müvafiq sərəncamdan və onun məzmunundan məlumatları olmuş (sonrakı məhkəmə aktlarında da (ən geci 2021-ci ilin iyun ayı) İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 77 saylı sərəncamının məzmununa dəfələrlə istinad olunmuşdur), ən sonuncu məhkəmə qətnaməsi xx.xx.2021-ci il tarixə qəbul edilmiş, lakin iddiaçılar təxminən 6 ay sonra birinci instansiya məhkəməsinə müraciət edərək, xx.xx.2012-ci il tarixli, 77 saylı sərəncamın dəyişdirilərək X3 ilə yanaşı Qəribova (Hüseynova) Elmira Əfsər qızı və İddiaçı2 adının həmin sərəncama daxil edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

26. İddia ərizəsinə əlavə olunmuş, iddiaçının cavabdehə müraciətinə və cavabdehin xx.xx.2021-ci il tarixdə iddiaçıya təqdim etdiyi məktuba münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müvafiq sənədlər iddiaçıların dəyişdirilməsini tələb etdikləri sərəncamın məzmunundan məlumatsız olması qənaətinə gəlmək üçün əsas vermir. Müvafiq müraciətə qədər iddiaçıların yuxarıda qeyd olunduğu kimi xx.xx.2012-ci il tarixli, 77 saylı sərəncamdan məlumatlarının olması müəyyən edildiyindən, cavabdehin müvafiq məktubu xx.xx.2021-ci il tarixdə iddiaçılara göndərməsi - 30 günlük iddia müddətinin həmin məktubun təqdim edildiyi gün əsas götürülməklə hesablanmasına səbəb olmur.

27. Sənədin maraqlı şəxsə təqdim olunmasında qanunvericinin əsl məqsədi şəxsin, onun barəsində çıxarılmış inzibati aktın qəbul olunmasının faktiki və qanuni əsasları, eləcə də hüquqi müdafiə vasitələri barədə tam, dəqiq və dürüst məlumatın əldə edilməsindən ibarətdir... (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1909/2019 xx.xx.2019-cu il tarixli qərarında əks olunmuş hüquqi mövqe).

28. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, inzibati orqanın xx.xx.2012-ci il tarixli, 77 saylı sərəncamının mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddəti ötürülmüşdür.

29. İPM-in 24-cü maddəsinin tələblərinə əsasən, prosessual müddətlər buraxıldığı təqdirdə onların bərpa edilməsi imkanı nəzərdə tutulsa da, bunun üçün müddəti buraxmış şəxs müddətin onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Yəni, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş, o cümlədən, müddətin buraxılması təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmuşdur və bu hallar bilavasitə onun iradəsindən asılı olmamışdır.

30. Lakin, ötən müddət ərzində iddiaçılar İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin buraxılmasının səbəblərinin təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına, habelə iddia müddətinin iddiaçının təqsiri olmadan buraxılmasına dair sübutlar təqdim etməmişlər.

31. İddiaçılar tərəfindən təqdim edilmiş “buraxılmış müddətin üzürlü hesab edilməsi barədə” ərizədən görünür ki, iddiaçılar iddia müddətinin bərpa edilməsini xahiş etsələr də, əslində müddətin buraxılması ilə bağlı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmır və müddətin buraxılmasının üzürlü səbəbləri ilə bağlı heç bir sübut təqdim etməmişlər. Birinci instansiya məhkəməsinin iclasında izahat verərkən iddiaçının nümayəndəsi ərizə ilə eyni məzmunlu izahat verməklə iddia müddətini buraxmış hesab etmədiyini, yalnız prossesual baxımdan bərpa edilməsi üçün həmin ərizəni təqdim etdiyini bildirmişdir.

32. İddiaçılar apellyasiya şikayətlərində, müddətin ötürülməsinə əsas olaraq müvafiq məhkəmə proseslərinin yekunlaşmasını gözlədiyini bildirsələr də, nəzərə alınmalıdır ki, iddiaçıların gözlədiklərini iddia etdikləri sonuncu məhkəmə prosesi 2021-ci ilin iyun ayında yekunlaşmışdır. Yəni, iddiaçılar, müvafiq məhkəmələrdə iddialara baxılmasını - müddətə əməl olunmasına mane olan hal kimi qeyd edirlərsə, onda ən azından hazırkı iddia tələbini sonuncu məhkəmə qətnaməsinin qəbul edilməsindən 15 gün ərzində məhkəməyə təqdim etməli idilər. Halbuki, müvafiq iddia ərizəsi sonuncu məhkəmə qətnaməsinin qəbul edilməsindən 6 ay keçdikdən sonra məhkəməyə təqdim edilmişdir.

33. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq “iddia müddətinin bərpası barədə” ərizədə qeyd olunmuş hüquqi məsələlərlə bağlı iddiaçının mövqeyini buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi üçün yetərli hesab etməmiş və hazırkı iddia tələbinin irəli sürülməsi üçün İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin iddiaçıların təqsiri üzündən buraxılması və müddətin bərpası üçün hər hansı üzürlü halın olmaması qənaətinə gəlmişdir.

34. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mümkünsüz hesab edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən “iddia müddətinin bərpası barədə” ərizəyə baxıldığından və ərizə təmin edilmədiyindən, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan iddianın mümkünlüyü məsələsinə baxılması və iddianın İPM-in 38.1-ci maddəsinin şərtləri baxımından mümkünlüyünün yoxlanılmasına zərurət qalmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən “iddia müddətinin bərpası barədə” ərizə təmin edildiyi halda iddianın mümkünlüyü yoxlanılmalı və qiymət verilməli idi.

35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, MPM-in 385.2-ci maddəsinin tələbləri baxımından, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilmədiyindən, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli 2-1(116)-808/2022 nömrəli qərardadı iddiaçılar Qəribova (Hüseynova) Elmira Əfsər qızı və İddiaçı2 “buraxılmış müddətin üzürlü hesab edilməsi haqqında” ərizəsinin təmin edilməməsi hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

37. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçılar və onların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli 2-1(116)-808/2022 nömrəli qərardadı iddiaçılar Qəribova (Hüseynova) Elmira Əfsər qızı və İddiaçı2 “buraxılmış müddətin üzürlü hesab edilməsi haqqında” ərizəsinin təmin edilməməsi hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar