Məhkəmə qərarları › İş №2-1(107)-190/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-190/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-190/2023 22.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “15 mart 2006-cı il tarixli JN-142F KOD 50508018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi və ünvan 1i ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 0,19 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2-1(116)-270/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 15 mart 2006-cı il tarixli JN-142F KOD 50508018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi və ünvan 1i ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 0,19 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddianın əsaslarına görə, Oğuz rayonunda aqrar islahat aparılan zaman iddiaçıya və onun ailə üzvlərinə 2,04 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN- 163 kod 50508018 nömrəli dövlət aktı tərtib olunmuşdur. Bundan başqa iddiaçıya məxsus evin həyətyanı torpaq sahəsinə mərhum atası Vahid Əbdürrəhimovun adına JN-142F kod 40508018 nömrəli şəhadətnamə hazırlanmışdır. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, həmin şəhadətnamə onun və ailə üzvlərinin əvəzinə digər qardaşı Rüstəm Əbdürrəhimov və ailə üzvlərinin adına tərtib olunmuşdur. Hazırda iddiaçının yaşadığı evin texniki pasportu və həmin evin yerləşdiyi 0,19 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-142F nömrəli şəhadətnamənin əsli iddiaçıdadır. İddiaçı cavabdehə müraciət edərək JN-142F nömrəli şəhadətnamənin ləğv edilməsini və 0,19 ha torpaq sahəsinin onun adına dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

3. Cavabdeh xx.xx.2021-ci il tarixli **********85 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, X4 və ailə üzvlərinin adına verilmiş 12 mart 1998-ci il tarixli, JN-142 F saylı Şəhadətnamənin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətinin icrası mümkün olmamışdır.

4. Eyni zamanda qeyd edilmişdir ki, torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı və ailə üzvləridir. Torpaq sahəsi yaşayış məntəqələri torpaqları olmaqla həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Faktiki istifadədə olan torpaq sahəsi 0,19 hektar təşkil edir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi və digər həyət tikililəri mövcuddur.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

6. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçıya və onun nümayəndəsi və vəkilinə xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərlərinə çatdırılmışdır ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ləğv olunması tələb edilən JN-142F nömrəli Şəhadətnamə Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 nömrəli qərarı əsasında verilmişdir. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Qeyd olunanlardan belə nəticə hasil olur ki, inzibati orqanların 30 iyun 2011-ci ilədək qəbul edilmiş qərarlarının (sərəncamlarının) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən də mümkün sayılmamalıdır.

8. Hüquqi yardım məktubunda həmçinin qeyd olunmuşdur ki, iddiada qeyd olunan digər tələb iddia tələbinin birinci hissəsi ilə bağlı olduğuna görə həmin hissədə də iddianın mümkünlüyü məsələsinə qiymət verilməlidir.

9. İddiaçıya və onun nümayəndəsi və vəkilinə yardım məktubunda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün vaxt verilmiş, lakin bununla bağlı münasibət bildirilməmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 23 iyun 2022-ci il tarixli 2- 1(116)-270/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2-1(116)-270/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2022-ci il tarixli 2-1(107)-240/2022 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsi birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Həmin maddənin hazırkı işə heç bir aidiyyatı yoxdur. Çünki iddiaçı qanuni istifadəsində olan və islahat zamanı adına yazılmış və Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün cavabdehə müraciət etmişdir. Bundan başqa həmin torpaq sahəsi torpaq islahatı zamanı dövlət tərəfindən əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilmişdir. Təbii ki, həmin torpağa iddiaçının adına mülkiyyət sənədi hazırlanmış olsaydı o, cavabdeh inzibati orqana və birinci instansiya məhkəməsinə müraciət etməzdi. Digər tərəfdən iddiaçı cavabdeh inzibati orqandan və birinci instansiya məhkəməsindən Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 nömrəli qərarının deyil, onun mülkiyyətində olan evin həyətyanı torpaq sahəsinə texniki səhv olaraq qardaşı X1 adına hazırlanmış şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir. Çünki Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 nömrəli qərarı X14 Komissiyasının qərarının təsdiq olunması barədə ümumi bir qərardır. Qeyd edilən qərarlardan heç biri iddiaçının hüquq və mənafeyinə toxunmur. Həmin qərarlardan heç birində iddiaçının evinin həyətinə qardaşının adına şəhadətnamə hazırlanması qeyd edilmir. Şəhadətnamə isə hazırkı iş üzrə cavabdehin hüquq varisi olduğu, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən səhvən hazırlanmışdır. Həmin şəhadətnamə Aqrar İslahat Komissiyasının qərarından 8 (səkkiz) il sonra tərtib olunmuşdur. Lakin qeyd edilən şəhadətnamənin nə vaxt təqdim olunduğu da məlum deyil. Aqrar İslahat Komissiyasının qərarı isə vətəndaşlara, hazırkı halda isə ona ümumiyyətlə təqdim olunmamışdır.Birinci instansiya məhkəməsi qərardadda uzun illər istifadəsində olan torpaq sahəsinin onlara verilməsinə əsas olmuş sənədləri sübut kimi qiymətləndirməmiş, digər faktiki halları araşdırmadan şikayət edilən qanunsuz və əsassız qərardad qəbul etmişdir. Birinci instansiya məhkəməsi qardaşına və ailəsinə verilmiş 0,25 ha torpaq sahəsi, hal-hazırda yaşadığı evin (122 nömrəli texniki pasport) həyətyanı torpaq sahəsi və xx.xx.2007-ci il tarixli 65 nömrəli arayışda qeyd edilən xx.xx.1988-ci il tarixli 17/6120 nömrəli bağışlama müqaviləsi barədə sorğu verməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2-1(116)-270/2022 qərardadının ləğv edilməsini və yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər.

18. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

19. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - JN-142F kod 40508018 nömrəli şəhadətnamədən görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 saylı qərarı ilə 0,19 ha həyətyanı torpaq sahəsi X5, X6, X7, X2 və X3 verilmişdir. - 1988-ci ilin oktyabr ayında tərtib olunmuş, 38 inventar nömrəli, Oğuz rayonunun Xalxal kəndində yerləşən fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportdan görünür ki, həmin ev iddiaçının mülkiyyətindədir, evin yerləşdiyi faktiki torpaq sahəsi 1134,0 kv.m-dir. - Cavabdehin etiraz məktubuna əlavə olunmuş subyektlər siyahısının təsdiq olunmuş surətindən görünür ki, 0,25 ha həyətyanı torpaq sahəsi X5, X7, X6, X2 və X3 verilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 21.1. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir.

22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. - 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. - 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5).

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

24. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.

26. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, inzibati orqanların 30 iyun 2011-ci ilədək qəbul edilmiş qərarlarının (sərəncamlarının) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən də mümkün sayılmamalıdır.

27. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2022-ci il tarixli qərardadını ləğv edərək işi təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, hazırkı halda, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi və torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq dövlət reyestrindən çıxarışın verilməsi, habelə həmin məzmunda tələblərə məhkəmədə baxılmasının prosessual-hüquqi əsaslarına dair məhkəmə təcrübəsində vahid yanaşma formalaşmışdır. İddiaçı tərəfindən də hazırkı məzmunda tələblərə baxılmasında fərqli yanaşmaların olduğunu təsdiq edən, buradan, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən hallara dair hər hansı sübut təqdim etməmişdir. Bilavasitə şikayətin dəlilərinə gəldikdə, işin hallarına görə, iddiaçı öhdəliyin icrası haqqında tələblər irəli sürmüşdür. İddiaçı bəyan edir ki, o, AİK-in qərarınımübahisələndirmir. Belə ki, həmin qərar onun maraqlarına toxunmur. Çünki həmin qərarda ona məxsus həyətyanı torpaq sahəsinin qardaşı Vahid Əbdürrəhimova və onun ailəsinə verildiyi təsbit olunmamışdır. İddiaçı hesab edir ki, məhz cavabdehin hüquq sələfi (DTXK) tərəfindən torpaq sahəsinə dair sənədlər düzgün hazırlanmamışdır. Beləliklə, İPM-dən öhdəliyin icrası ilə bağlı tələblərin irəli sürülməsi üçün müddət nəzərdə tutulmadığı halda, apellyasiya instansiyası məhkəməsi iddiaçının öhdəliyin icrası haqqında tələbinə müddətin tətbiq edilməli olduğunu işin həqiqi halları nəzərə alınmaqla əsaslandırmalı idi. İddiaçının tələblərindən biri torpaq sahəsinin və həmin torpaq sahəsindəki evin vahid əmlak kimi qeydə alınması ilə bağlıdır. Beləliklə, mübahisələndirilən sənəddə göstərilən və iddia olunan torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan həyətyanı sahənin eyni olub-olmadığı müəyyən deyil. Eyni ilə, iddiaçının təqdim etdiyi arayışlara görə təsərrüfatbaşına kitabda göstərilən evin və torpaq sahəsinin iddia olunan daşınmaz əmlaklara aid olubolmadığı da müəyyən deyil.

28. Ali Məhkəmənin qərarındakı göstərişləri nəzərə alan kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.

29. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

30. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

31. Belə ki, iş materiallarından görünür ki, JN-142F kod 40508018 nömrəli şəhadətnaməyə əsasən, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 saylı qərarı ilə 0,19 ha həyətyanı torpaq sahəsi X5, X6, X7, X2 və X3 verilmişdir. İddiaçı bildirmişdir ki, o, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 saylı qərarını mübahisələndirmir. Belə ki, həmin qərar onun maraqlarına toxunmur. Çünki həmin qərarda ona məxsus həyətyanı torpaq sahəsinin qardaşı Vahid Əbdürrəhimova və onun ailəsinə verildiyi təsbit olunmamışdır. Hazırkı iddia tələbi ləğv edilmiş DTXK-nin hərəkəti ilə bağlıdır. Belə ki, DTXK tərəfindən torpaq sahəsinə dair sənədlər düzgün hazırlanmamışdır.

32. Halbuki, İPM-in 12-ci və 48-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsi bu hala diqqət yetirmədən, inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkünsüz saymışdır.

33. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, işin materiallarına görə, iddiaçının adına 1983-cü ildə inşa edilmiş fərdi yaşayış evi vardır. İddiaçının adına 12 ha torpaq sahəsinin və həmin torpaq sahəsində fərdi yaşayış evinin olduğuna dair Xalxal kəndi üzrə icra nümayəndəliyinin 1№-li təsərrüfatbaşına kitabında da qeyd vardır. 1988-ci ildə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportuna əsasən, evin həyətyanı torpaq sahəsi 1134.0 kv.m təşkil edir. Eyni ilə, keçmiş DTXK Oğuz rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 65 №-li arayışında iddiaçının Xalxal kəndi ərazisində yerləşən evinin həyətyanı torpaq sahəsinin 0.12 ha olduğu qeyd edilir. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə münasibət bildirilmiş və göstərilmişdir ki, torpaq sahəsinin faktiki istifadəçisi Əbdürrəhimov Möhlüd Vahid oğlu və ailə üzvləridir. Torpaq sahəsi yaşayış məntəqələri torpaqları olmaqla həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Faktiki istifadədə olan torpaq sahəsi 0,19 hektar təşkil edir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi və digər həyət tikililəri mövcuddur.Cavabdeh tərəfindən tərtib edilmiş torpaq sahəsinin yerləşmə sxeminə görə, 0.19 torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki yerləşmə vəziyyəti fərqlidir. Beləliklə, mübahisələndirilən sənəddə göstərilən və iddia olunan torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan həyətyanı sahənin eyni olub-olmadığı müəyyən deyil. Eyni ilə, iddiaçının təqdim etdiyi arayışlara görə təsərrüfatbaşına kitabda göstərilən evin və torpaq sahəsinin iddia olunan daşınmaz əmlaklara aid olubolmadığı da müəyyən deyil. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar araşdırılmalı idi.

34. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2-1(116)-270/2022 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar