Məhkəmə qərarları › İş №2-1(107)-191/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-191/2021

24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-191/2021 24.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialına (hazırda 13 saylı regional ərazi filialı) qarşı “Ağdaş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzində işlədiyi 1992-2006-cı illərin sosial sığorta stajı kimi hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2-1(116)- 96/2021 nömrəli qərarından iş üzrə cavabdeh DSMF-nın Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1955-ci il tarixində Ağdaş rayonunda anadan olmuşdur. 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Bir neçə müəssisədə müxtəlif işlərdə işləmişdir. 1987-ci ildən 27.03.2018-ci ilədək Ağdaş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin direktoru vəzifəsində işləmişdir. İddiaçı əmək pensiyasının təyin olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialına müraciət etmiş, cavabdeh bundan imtina etmişdir. Cavabdehin etirazı: İddiaçı Ağalı oğlunun 1992-2006-cı illərdə Ağdaş istehsal və Xidmət Müəssisəsində işlədiyi dövrün əməkhaqqı cədvəllərini yoxlamaq mümkün olmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsi Qaydalara ziddir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2-1(116)-96/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialının üzərinə (hazırda 13 saylı regional ərazi filialı) İddiaçı Ağdaş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzində 01.01.1992-ci il tarixdən 01.01.2002-ci ilə qədər işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh DSMF-nın Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyuiun 1dətı başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Lakin, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq şöbəyə verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə baxılaraq müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. Həmçinin onun 1992-2006-cı illər arasında Ağdaş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzində çalışması faktı əmək kitabçasında qeyd edilsə də, X1 16 mart 2020ci il tarixdə keçirilən qarşılıqlı yoxlama aktında müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı 03.11.1980-ci ildə X7 kombinatına 174 nömrəli əmrlə təhlükəsizlik texnikası mühəndisi vəzifəsinə daxil olmuş, 06.03.1981-ci ildə baş mühəndis vəzifəsinə keçirilmiş, 13.07.1987-ci ildə 56 nömrəli əmrlə X2 direktor vəzifəsinə təyin edilmiş, 27.03.2018-ci ildə AR ƏM-nin 68ci maddəsinin 2-ci hissəsinin a bəndinə uyğun olaraq, tutduğu vəzifəsindən azad edilmişdir. 1992-2006-ci illər üzrə əməkhaqqı cədvəllərini yoxlamaq mümkün olmamışdır. Aktdan da göründüyü kimi iddiaçının işlədiyi illər ərzində əməkhaqqı almasına dair məlumat yoxdur. Vətəndaşların pensiya təminatı haqqında” qanunun 67-ci maddəsinə görə, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmçinin, həmin qanunun yaşa görə əmək pensiyalarının məbləği barədə 17-ci maddəsi, pensiyaların hesablanması ilə bağlı 71-ci maddəsinin mətnindən aydın olur ki, vətəndaşa pensiya təyin edilməsi üçün əməkhaqqı alması zəruridir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Qeyd olunan maddə 3 dekabr 2002-ci il tarixli 398- İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında" qanunun 67-ci maddəsinə səkkizinci hissə kimi əlavə edilmişdir. Əlavə olaraq, Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 2-1(116)-96/2021 saylı, 25.01.2021-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-96/2021 saylı, 25.01.2021-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-96/2021 saylı, 25.01.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 25.01.2021-ci il tarixli, 2-1(116)-96/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. SHXÇDX-nin 05.03.2020-ci il tarixli 367 nömrəli Arayışından görünür ki, İddiaçı 13.11.1977-ci il tarixdən 14.06.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. B-İ seriyalı 002396 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 1972ci il tarixdə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1977-ci il tarixdə X3 və Avadanlıqları ixtisası üzrə tam kursu bitirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialının 16.03.2020-ci il tarixli Aktından görünür ki, İddiaçı 03.11.1980-ci ildə X7 Kombinatına 174 nömrəli əmrlə təhlükəsizlik texnikası mühəndisi vəzifəsinə daxil olmuş, 06.03.1981-ci il tarixdə baş mühəndis vəzifəsinə keçirilmiş, 13.07.1987-ci ildə 56/k nömrəli əmrlə X2 direktor vəzifəsinə təyin edilmiş, 27.03.2018-ci ildə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə uyğun olaraq tutduğu vəzifəsindən azad edilmişdir. Əməkhaqqı cədvəllərini yoxlamaq mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialının 31.08.2020-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki, İddiaçı Ağalı oğlunun mübahisələndirilməyən sosial sığorta stajı Azərbaycan Politexnik İnstitunda 1972-1977-ci illərdə təhsil aldığı illər, 13.11.1977- 14.06.1979-cu illərdə həqiqi hərbi xidmətdə olduğu illər və 01.01.1992-ci ilədək Ağdaş İstehsal və Xidmət Müəssisəsində işlədiyi dövrdür. İddiaçının mübahisələndirilən müddətlər nəzərə alınmaqla malik olduğu sosial sığorta stajı 32 il 11 ay və hüququ yarandığı 04.03.2020-ci il tarixə 24401.37 manat penisya kapitalı təşkil edəcəkdir. 01.01.1992-ci ildən 01.01.2006-cı ilədək olan dövrün mübahisələndirilməsinin səbəbi həmin dövrlərin əməkhaqqı cədvəllərinin mövcud olmamasıdır. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı tələbində qeyd olunan müddətin stajına daxil ediləcəyi təqdirdə yaşa görə pensiya hüququnun yaranmasından ibarətdir. 1 yanvar 2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 01.01.1992-ci il tarixindən 01.01.2006cı il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi müddətlər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi ilə bağlı cavabdehin dəlilləri əsassızdır. Belə ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X6) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajısığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə bu məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına görə həll edilməlidir. Çünki iddiaçının əmək fəaliyyəti (01.01.1992-ci ildən 01.01.2006-cı ilədək) məhz həmin qanunun qüvvədə olduğu dövrə aiddir və müvafiq olaraq onların pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi məsələsi də həmin Qanunun tələblərinə görə həll olunmalıdır. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1992-2002-ci illərdə işlədiyi dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. Ona görə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 01.01.2002-01.01.2006-cı illərdə olan əmək fəaliyyəti yuxarıda qeyd olunan normalara əsasən təmin oluna bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 1992-2002-ci illər ərzində Ağdaş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzində çalışması, həmin müəssisənin direktoru olması, iddiaçının özünü və müəssisədə çalışan işçilərin müvafiq əmək haqqı alması faktı iş materiallarına əlavə edilmiş Ağdaş İstehsal və Xidmət Müəssisənin əmr kitabı ilə öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqan iddiaçının 01.01.1992-ci ildən 01.01.2006-cı ilə qədər olan stajını mübahisələndirir və onun mübahisələndirilən müddətlə birlikdə cəmi 32 il 11 ay stajının olduğunu qeyd edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, təmin olunmayan hissə nəzərə alınmadıqda iddiaçının yenə də qanunla tələb olunan stajı tamamlanır. (32 il 11 ay – 4 il = 28 il 11 ay) Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin üzərinə iddiaçının Ağdaş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzində 01.01.1992-ci il tarixdən 01.01.2002-ci ilə qədər işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini qismən təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2-1(116)-96/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdeh DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-96/2021 saylı, 25.01.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar