Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-192/2021 26.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X5, X6) “onun adına hazırlanmış 4699 kv.m torpaq sahəsinə dair A seriyalı 485600 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi və JN- 554 KOD 40214018 saylı Dövlət Aktının 2-ci səhifəsində 8500.38 kv.m torpaq sahəsinin bir hissəsinə dair X5 və X1 adına işlənmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədlərin ləğv edilməsi, Zaqatala rayonu, Muxax kəndində yerləşən qanuni və faktiki istifadəsində olan JN 554 KOD 40214018 saylı Dövlət Aktının 2-ci səhifəsində göstərilən 0.85 ha torpaq sahəsinə dair onun adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması və həmin torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(116)-230/2021 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçıya aparılan ilkin torpaq islahatı zamanı 1.23 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0.85 ha hissəsi bir sahədən, qalan hissəsi isə başqa sahədən verilmişdir. Qeyd olunan 1.23 ha torpaq sahəsinə dair JN-554 nömrəli Dövlət Aktı tərtib edilərək verilmişdir. Sonradan aparılan təkrar islahat zamanı iddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsi iki hissəyə bölünərək 3500 kv.m hissəsi iddiaçıya, qalan hissəsi isə səhvən Muxax kənd sakinləri X5 və X1 adına rəsmiləşdirilmişdir. Əvəzində iddiaçıya başqa sahədən 4699 kv.m torpaq sahəsi verilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, digər şəxslərin adına işlənmiş sənədlərin və səhvən özünün adına işlənmiş plan və ölçü sənədlərinin ləğv edilməsi və ilkin islahat zamanı verilmiş 0.82 ha torpaq sahəsinə dair yeni sənədin hazırlanmasını xahiş etmiş, lakin cavabdeh orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Cavabdeh orqan imtina və etiraz məktublarında qeyd etmişdir ki, iddiaçının hazırkı tələbinin təmin edilməsi onların səlahiyyətləri daxilində deyildir. Cavabdeh orqan bildirir ki, tərtib edilmiş Dövlət Aktı haqqında məlumatlar ərazi idarəsinin arxiv fondunda və İdarənin xidməti istifadəsində olan xəritələrdə öz əksini tapmamış və JN-554 nömrəli Dövlət Aktının nüsxəsi Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir. Həmçinin Zaqatala rayonu Muxax kəndi üzrə vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə dair tərtib edilmiş Dövlət Aktlarının, o cümlədən JN-554 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın qeydiyyatı barədə “Qeydiyyat kitabları” ləğv edilmiş DTXK-nın Zaqatala rayon Şöbəsi tərəfindən İdarəyə təhvil verilmiş arxiv fondunda aşkar edilməmişdir. Zaqatala rayonu, AİKnın 25.09.2003-cü il tarixli 110 saylı qərarı ilə Zaqatala rayonu, Muxax kəndində yenidən islahat aparılmış və həmin qərara əsasən vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə ləğv edilmiş DTXK tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. İdarənin arxiv fondunda 3-cü şəxs X4 məxsus torpaq sahələrinə dair hər hansı bir məlumat və sənəd aşkar edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 04.02.2021-ci il tarixli, 2-1(116)-230/2021 saylı qərarı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X5, X6) “onun adına hazırlanmış 4699 kv.m torpaq sahəsinə dair A seriyalı 485600 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi və JN- 554 KOD 40214018 saylı Dövlət Aktının 2-ci səhifəsində 8500.38 kv.m torpaq sahəsinin bir hissəsinə dair X5 və X1 adına işlənmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədlərin ləğv edilməsi, Zaqatala rayonu, Muxax kəndində yerləşən qanuni və faktiki istifadəsində olan JN 554 KOD 40214018 saylı Dövlət Aktının 2-ci səhifəsində göstərilən 0.85 ha torpaq sahəsinə dair onun adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması və həmin torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Qeyd etmişdir ki, 1996-cı ildə ilkin islahat zamanı Muxax kənd ərazisində “Qımırbaşı” adlanan sahədən mənə və ailə üzvlərimə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə cəmi 1,23 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0,85 ha hissəsi bir sahədən, qalam isə başqa sahədən verilmişdir. Həmin torpaq sahəsinə JN:554, KOD: 40214018 nömrəsi ilə Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X12 ləğvinə dair heç bir məhkəmə qərarı yoxdur. Dövlət Aktını isə yalnız məhkəmə ləğv edə bilər. Həmin torpaq sahəsi həmin vaxtdan indiyədək mənim və ailə üzvlərimin qanuni istifadəsindədir və hal-hazırda torpaq sahəsindən biz istifadə edirik. Lakin sonradan təkrar islahat zamanı mənə və ailə üzvlərimə məxsus torpaq sahəsi iki yerə bölünərək 3500 kv.m hissəsi mənə və ailə üzvlərimə, qalan hissəsi isə səhvən Muxax kənd sakinləri X2 və X3 adına işlənmişdir. Onların adına işlənmiş torpaq sahələrinin əvəzinə isə ona başqa sahədən 4699 kv.m torpaq sahəsi verilmişdir, hansı ki, o həmin torpaq sahəsindən heç istifadə etməmişdir. Dövlət Aktında qeyd olunmuş 0,85 ha torpaq sahəsində o və ailə üzvləri fındıq ağacları əkərək torpağı münbitləşdirmiş və halhazırda oradan məhsul yığırlar. Yazdıqlarımı Zaqatala rayonu Muxax bələdiyyəsinin 12.08.2020-ci il tarixi 652 nömrəli arayışı da təsdiq edir. Rayonumuzda aparılmış təkrar islahat Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli 110 saylı qərarı ilə aparılmışdır. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, torpaq islahatı vaxtı qanuni torpaq payı almaq hüququ olan vətəndaşların mülkiyyətinə verilən torpaqlar verildiyi yerdə saxlanılsın, artıq olarsa kəsilsin, əlavə olarsa digər boş qalan yararlı sahədən verilməsi nəzərdə tutulsun. İddiaya əlavə etdiyi Torpaq sahəsinin planı və ölçüsü sənədlərindən görünür ki, səhv işlənmiş Torpaq sahəsinin planı və ölçüsünə dair sənədlər və torpaq sahələri Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli 110 saylı qərarının icrası olaraq verilmişdir. X13 və Xəritəçəkmə Komitəsinin əməkdaşlarının səhlənkarlığı nəticəsində Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli 110 saylı qərarı düzgün icra olunmamışdır. Bunun nəticəsində onun və ailə üzvlərinin mülkiyyət hüquqları pozulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(116)-230/2021 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 04.02.2021-ci il tarixli, 2-1(116)-230/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi məlumat verərək onların iştirakı olmadan işə baxılmasını bildirmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: İşə əlavə edilmiş JN-554 KOD 40214018 nömrəli Dövlət Aktının surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 21.05.1998-ci il tarixli 69 saylı qərarı ilə 1.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Dövlət Aktı qeydiyyat kitabında 16967 nömrə ilə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş A seriyalı 485600 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli 110 saylı qərarı ilə 4699 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş və X11 kitabında 20.02.2014-cü il tarixdə 421 nömrə ilə uçota alınmışdır. İşə əlavə edilmiş A seriyalı 485532 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli 110 saylı qərarı ilə 3499 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş və X11 kitabında 20.02.2014-cü il tarixdə 353 nömrə ilə uçota alınmışdır. İşə əlavə edilmiş A seriyalı 242999 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 21.05.2098-ci il tarixli 69 saylı qərarı ilə 1498.82 kv.m həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş A seriyalı 247813 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 21.05.1998-ci il tarixli 69 saylı qərarı ilə 140 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş A seriyalı 247814 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 21.05.1998-ci il tarixli 69 saylı qərarı ilə 2646 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş A seriyalı 246748 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 21.05.1998-ci il tarixli 69 saylı qərarı ilə 1198.99 kv.m həyətyanı torpaq sahəsi X1 mülkiyyətinə verilmiş və X11 kitabında 25.12.2009-cu il tarixdə 1728 nömrə ilə uçota alınmışdır. İşə əlavə edilmiş A seriyalı 249395 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 21.05.1998-ci il tarixli 69 saylı qərarı ilə 175 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş A seriyalı 485533 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli 110 saylı qərarı ilə 1200 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş A seriyalı 485605 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli 110 saylı qərarı ilə 799 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 02.11.2020-ci il tarixli məktubuna əlavə edilmiş “Zaqatala rayonunun Muxax kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid Cədvəl”in təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı və onun ailə üzvlərinin adına 0.15 ha, X1 adına isə 0.12 ha torpaq sahəsi verilmişdir. İddiaçının adına tərtib edilmiş Dövlət Aktı haqqında məlumatlar ərazi idarəsinin arxiv fondunda və İdarənin xidməti istifadəsində olan xəritələrdə öz əksini tapmamış və JN-554 nömrəli Dövlət Aktının nüsxəsi Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir. Həmçinin Zaqatala rayonu Muxax kəndi üzrə vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə dair tərtib edilmiş Dövlət Aktlarının, o cümlədən JN-554 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın qeydiyyatı barədə “Qeydiyyat kitabları” ləğv edilmiş DTXKnın Zaqatala rayon Şöbəsi tərəfindən İdarəyə təhvil verilmiş arxiv fondunda aşkar edilməmişdir. Zaqatala rayonu, AİK-nın 25.09.2003-cü il tarixli 110 saylı qərarı ilə Zaqatala rayonu, Muxax kəndində yenidən islahat aparılmış və həmin qərara əsasən vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə ləğv edilmiş DTXK tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. Plan ölçü sənədlərindən müəyyən olunur ki, iddiaçıya ümumilikdə 10984 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı isə onun adına hazırlanmış 4699 kv.m torpaq sahəsinə dair A seriyalı 485600 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi və müvafiq olaraq JN 554 KOD 40214018 saylı Dövlət Aktının 2-ci səhifəsində göstərilən 0.85 ha torpaq sahəsinə dair onun adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanmasını tələb edir. Halbuki iddiaçının hüququnun əsası kimi istinad etdiyi aktda ona 1.23 ha torpaq sahəsinin verildiyi qeyd olunmuşdur. Onun tələbi təmin ediləcəyi təqdirdə onun yekunda 14785 kv.m torpaq sahəsi olacaq ki, bu da ona iddia etdiyi kimi ilkin olaraq verilmiş 1.23 ha-dan çoxdur. Həmçinin İddiaçı Zaqatala rayon Muxax kəndində yerləşən 0,85 ha torpaq sahəsinə dair işin materiallarına hər hansı sənəd əlavə etməmiş, həmçinin məhkəmə araşdırması zamanı da aşkar olunmamışdır. Məhkəmə araşdırması nəticəsində torpaq sahəsinin 3-cü şəxslərə aid olduğu məlum olmuşdur. Həmin torpaq sahəsindən iddiaçının istifadə etməsi onun qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququ əldə etməsinə əsas vermir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin l-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur.Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçının adına tərtib edilmiş Dövlət Aktı haqqında məlumatlar ərazi idarəsinin arxiv fondunda və İdarənin xidməti istifadəsində olan xəritələrdə öz əksini tapmadığı, JN-554 nömrəli Dövlət Aktının nüsxəsinin Ərazi İdarəsinin arxivində aşkar edilmədiyi, həmçinin Zaqatala rayonu Muxax kəndi üzrə vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə dair tərtib edilmiş Dövlət Aktlarının, o cümlədən JN-554 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın qeydiyyatı barədə “Qeydiyyat kitabları” ləğv edilmiş DTXK-nın Zaqatala rayon Şöbəsi tərəfindən İdarəyə təhvil verilmiş arxiv fondunda aşkar edilmədiyi üçün hazırki vəziyyətdə həmin sənədə münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə deyildir. Eyni zamanda, 3-cü şəxslərin adına tərtib edilmiş plan və ölçü sənədləri, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquqmüəyyənedici sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 04.02.2021-ci il tarixli, 2-1(116)-230/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 04.02.2021-ci il tarixli, 2-1(116)-230/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-192/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-192/2021
26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver