Məhkəmə qərarları › İş №2-1(107)-192/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-192/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-192/2022 02.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı “xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət edərkən həlak olmuş oğlu X9 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)- 576/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı “xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət edərkən həlak olmuş oğlu X9 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-391/2020 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.

3. Həmin qərardaddan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-315/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamışdır.

4. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı ərizə ilə məhkəməyə müraciət edərək DSMF PHŞnin 13 saylı RƏF-nın üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-391/2020 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

5. Şəki İnzibati Məhkəməsinin həmin qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)455/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-391/2020 nömrəli qərardadı ləğv edilmiş və inzibati iş DSMF PHŞ-nin 13 saylı Regional Ərazi Filialı üçüncü şəxs qismində zəruri cəlb edilməklə təkrar baxılması üçün məhkəməyə qaytarılmışdır.

6. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-1760/2021 nömrəli qərardadı ilə məhkəmənin 2-1(116)-391/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir.

7. Həmçinin, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)- 1760/2021 nömrəli qərardadı ilə, DSMF PHŞ-nin 13 saylı Regional Ərazi Filialı hüquq varisi - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum oğlu X16 4 yanvar 1980-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. Oğlu 15 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi (keçmiş Ağdaş rayon Hərbi komissarlığı) tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq hərbi xidmət keçmək üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Gədəbəy rayonunun Şurabad kəndi ərazisində yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. Hərbi hissə döyüş bölgəsində yerləşir. Hərbi hissənin hərbi qulluqçusu, gizir X4 17 oktyabr 2005-ci il tarixdə işçi qrupunun rəhbəri kimi tabeliyində olan işçi qrupunun tərkibinə daxil edilmiş əsgərləri, o cümlədən də oğlu X11 odun tədarükü məqsədi ilə meşəyə göndərmiş, gizir işçi qrupunun başçısı kimi qrupla getməmiş, oğlu odun tədarükündən qayıtmadığı təqdirdə onun axtarışını təşkil etməmiş, nəzarətdən kənar qalmış oğlu naməlum şəraitdə, daha doğrusu qar uçqununa düşərək “bronxernevmoniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizmin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri'' ilə bədənin ümumi soyuqlaması nəticəsində 19 oktyabr 2005-ci ildə vəfat etmişdir.

9. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N oktyabr 2005-ci il tarixli, 959 saylı arayışı ilə oğlu X9 19 oktyabr 2005-ci il tarixdə hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi təsdiqlənmişdir. Həmin arayışa əsasən mərhum oğlunun ölümü Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən 22 oktyabr 2005-ci il tarixli ölüm haqqında akt qeydləri kitabında 169 nömrə ilə qeyd edilmiş və bu barədə həmin tarixli, seriya AZ-İ, 138987 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə də oğlu X9 Gədəbəy rayonu, Şurabad kəndində bədəninin ümumi soyuması səbəbindən öldüyü göstərilmişdir. Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N oktyabr 2005-ci il tarixli, 959 saylı arayışına və Səfərbərlik və Hərbi xidmətə çağrış üzrə Dövlət Xidmətinin Ağdaş rayon Şöbəsinin 412 saylı 07 dekabr 2009cu il tarixli arayışına əsasən 09 dekabr 2009-cu ildə mərhum oğluna şəhid statusu verilmiş, o və 2013-cü ildə Ağdaş şəhərində vəfat etmiş arvadı X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında DSMF-nun Ağdaş rayon şöbəsi (keçmiş ƏSMM-nin Ağdaş rayon şöbəsi) tərəfindən şəhid ailəsi kimi tanınmışlar və bu barədə hər birinin adına müvafiq olaraq 003322 və 003323 saylı 9 dekabr 2009-cu il tarixli vəsiqə verilmiş və şəhid ailəsi kimi onlara şəhid oğullarına görə Prezident təqaüdü müəyyən edilmişdir.

10. Şəhid ailəsi kimi onlara təyin olunmuş Prezident təqaüdünü bir müddət aldıqdan sonra, yəni 2010-cu ilin avqust ayında təqaüd onlara məlum olmayan səbəblərdən dayandırılmışdır. Bunun səbəbini cavabdeh orqandan öyrənəndə onlara bildirilmişdir ki, guya onların oğullarına şəhid, onlara isə şəhid ailəsi statusu verilməyib. Həmin vaxt bir neçə aidiyyəti orqanlara müraciət etsə də, arvadı X7 mərhum oğlunun ölüm acısına dözməyərək ağır, sağalmaz xəstəliyə tutulduğuna, vaxtını onun müayinə və müalicəsinə sərf etdiyinə görə həmin vaxt mərhum oğlunun şəhid adının əbədiləşdirilməsi ilə əlaqədar hərəkət edə bilməmişdir. Son vaxtlar ona məlum olmuşdur ki, mərhum oğlunun şəhid adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı maddəsinə görə üzərindən götürülmüş və ona görə də şəhid ailəsi kimi onlara edilən güzəştlər dayandırılmışdır.

11. Cavabdeh orqan tərəfindən ona şifahi formada bildirilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı bəndində atəşkəs dövründə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxslər kateqoriyasına yalnız döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olanlar aid edildiyi üçün onun oğluna şəhid statusu verilə bilməz.

12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi tələbinin təmin olunmasını xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək mərhumun ölümün səbəbinin “Bədənin ümumi soyuması, aşağı temperaturun orqanizmə təsiri” olmasını, SHXÇDX-nin məktubunda Ağdaş rayon hərbi komissarlığı tərəfindən verilmiş arayışın nəzərə alınmaması və etibarsız hesab edilməsi ilə bağlı mövqeyinin ifadə edilməsini, mərhumun Ağdaş rayon şöbəsində mövcud uçot sənədlərində şəhid hesab edilən hərbi qulluqçu kimi yox, hərbi xidmət dövrü müxtəlif səbəblərdən həlak olmuş (vəfat etmiş) hərbi qulluqçu kimi qeydiyyatdan keçməsini bildirərək iddianın təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 26 aprel 2022-ci il tarixli 2- 1(116)-576/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

17. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-576/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-576/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-576/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-576/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir.

22. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

23. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 477 nömrəli məktubundan görünür ki, Qazax Hərbi Prokurorluğunun xx.xx.2010-cu il tarixli HP-3724 nömrəli məktubuna əsasən Elçin Hacıyev işçi qrupunun tərkibində odun tədarükünə göndərilmiş, lakin qərərgaha qayıtmamış və naməlum şəraitdə ölmüşdür. Meyitin məhkəmə-tibbi ekspertizası zamanı onun ölümünə bilavasitə səbəb onda olmuş ocaqlı bronxopnevioniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizmin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri ilə əlaqədar bədənin ümumi soyuması göstərilmişdir. Hərbi xidmət dövrü səhhəti ilə əlaqədar xəstəlikdən vəfat etmiş şəxslərin şəhid hesab edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmadığı üçün, mərhum Elçin Hacıyevə şəhid statusunun verilməsi hazırda mümkün deyil. - SHXÇDX-nin xx.xx.2019-cu il tarixli H/2804 nömrəli məktubundan görünür ki, aparılan araşdırmalara, Qazax Hərbi Prokurorluğunun xx.xx.2010-cu il tarixli 12/HP-3724 nömrəli məktubunda N saylı hərbi hissənin hərbi qulluqçusu, gizir X4 işçi qrupunun rəhbəri kimi tabeliyində işçi qrupunun tərkibinə daxil edilmiş əsgərlərin, o cümlədən xx.xx.2005-ci il tarixdə odun tədarük edilməsinə göndərdiyi əsgər X9 üzərində başçı kimi getməmiş, onun odun tədarükündən işçi qrupunun qərargahına qayıtmadığı təqdirdə axtarışını təşkil etməyərək xidməti borcuna səhlənkar yanaşmış və nəzarətdən kənarda qalmış Elçin Hacıyevin naməlum şəraitdə ölümünə səbəb hadisə baş vermişdir. Belə ki, məhkəmə tibbi ekspertizasının xx.xx.2005-ci il tarixli 26 nömrəli ölüm haqqında tibbi şəhadətnaməsinə əsasən, mərhum Elçin Hacıyev bronxopnevmoniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizmin ümumi müqavimətətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri ilə bədənin ümumi soyuqlaması nəticəsində vəfat etmişdir. Əlavə olaraq, Müdafiə Nazirliyinin Mərkəzi Arxivnin xx.xx.2010-cu il tarixli 10/2-2540 və xx.xx.2019-cu il tarixli 9/2- 7668 nömrəli arayışlarında X9 vəfat etməsinə dair məlumatın aşkar edilmədiyi bildirilmişdir. - DSMF-in Ağdaş rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********1 nömrəli məktubundan görünür ki, İddiaçı Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə müraciət edərək, oğlu X3nun şəhid ailəsinə verilən Prezident təqaüdünün 2009-cu ildə təyin olunub və 2010-cu ilin avqust ayında nə səbəbdən dayandırıldığı haqqında məlumat verilməsini xahiş etmişdir. Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən şəhidin anası mərhum X5 təyin olunmuş Prezident təqaüdü hansı əsaslara görə verildiyi və dayandırıldığını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan idarə 2016-cı ildə ləğv olunduğu üçün vəsiqəni təsdiq edən sənədlərin tapılması mümkün olmamışdır. - SHXÇDX-nin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 81 nömrəli məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində olan uçot sənədlərinə əsasən, 1980-ci il təvəllüdlü X16 xx.xx.2005-ci il tarixdə keçmiş Ağdaş rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissənin xx.xx.2005-ci il tarixli 959 nömrəli bildirişinə əsasən, X16 19 oktyabr 2005-ci il tarixdə hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etmişdir. Gəncə-Qazax Regional MTE-sının xx.xx.2005-ci il tarixli 26 nömrəli ölüm haqqında şəhadətnaməsinə əsasən, ölümün səbəbi “Bədənin ümumi soyuması, aşağı temperaturun orqanizmə təsiri” olmuşdur. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-7668 nömrəli məktubunda N nömrəli hərbi hissənin 2005-ci ilə aid sənədləri MN-nin Mərkəzi Arxivinə daxil olmadığı üçün X9 vəfat etməsi barədə araşdırmanın mümkün olmadığı bildirilir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2005-ci il tarixli 327 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, 3-cü minaatan batareyanın əsgəri X16 19 oktyabr 2005-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən bədənin ümumi soyuması, aşağı temperaturun orqanizmə təsiri nəticəsində həlak olduğuna görə 19 oktyabr 2005-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılsın. Ölümü hərbi xidmət borcunu yerinə yetirməsi ilə bağlıdır. 1980-ci il təvəllüdlü Ağdaş rayonunda anadan olmuş, Azərbaycanlı 15 aprel 2005-ci il tarixdə Ağdaş RHK tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 22 oktyabr 2005-ci il tarixdə Ağdaş rayon qəbristanlığında dəfn olunmuşdur. Atası İddiaçı, ünvan 1 ünvanında yaşayır. - Qazax Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünün surətindən səh. 4-5) görünür ki, məhkəmə-tibb ekspertizasının xx.xx.2005-ci il tarixli 26 saylı rəyi ilə təsdiq edilir ki, meyidin məhkəmə-tibbi və meyidə məxsus orqan tikələrinin histoloji müayinələri zamanı aşkar olunmuş ocaqlı bronxopnevmaniya xəstəliyi etiopatogenizinə görə mərhumun ölümündən az əvvəl xarici şərait amillərinin (soyuq hava şəraitinin və s.) təsirindən əmələ gəlməyə xarakterikdir. - Ağdaş RİH-nin xx.xx.2020-ci il tarixli 04-172 nömrəli məktubundan görünür ki, rayon üzrə 185 nəfər şəhid vardır, X16 şəhiddir və Ağdaş şəhəri şəhidlərinin siyahısında 32-cidir. - SHXÇDX-nin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 374 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdaş rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən 04 yanvar 1980-ci il təvəllüdlü, X3na xx.xx.2009-cu il tarixdə şəhidlik statusu verilmiş, lakin bu statusun nə vaxt və hansı səbəbdən ləğv edilməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində məlumat yoxdur. - DSMF-in Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinentinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına” uyğun olaraq Şəhid və şəhid ailəsi statusunun verilməsi qaydasının 4.1 hissəsini əsas tutaraq Ağdaş rayon Hərbi komissarlığının “xx.xx.2009”-cu il tarixli arayışına əsasən Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Ağdaş rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən şəhid X9 anasına və atasına şəhid ailəsi vəsiqəsi verilmişdir. Şəhidin anası X6 “003322” nömrəli vəsiqə, şəhidin atası Sədrəddin oğluna isə “003323” nömrəli vəsiqə “xx.xx.2009”-cu ildə verilmişdir. Səhid statusunun ləvğ edilməsi ilə bağlı şöbə tərəfindən heç bir məlumat tapılmamışdır. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 4917 №-li və xx.xx.2021-ci il tarixli 627 №-li məktublarında qeyd edilmişdir ki, keçmiş Ağdaş rayon Hərbi Komissarlığı tərəfindən X3nun adına verilmiş xx.xx.2009-cu il tarixli 4N №-li arayış N saylı hərbi hissənin xx.xx.2005ci il tarixli 959 №-li bildirişi əsasında tərtib olunmuşdur. X1 xx.xx.2005-ci il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirərəkən vəfat etməsi qeyd olunsa da, arayışda mərhumun ölüm səbəb və şəraitinə dair məlumatlar təhrif olunaraq “xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur” kimi göstərilmişdir. Bu səbəbdən keçmiş Ağdaş rayon hərbi komissarlığı tərəfindən verilmiş arayışın nəzərə alınmaması və etibarsız hesab edilməsi məqsədə uyğundur. X3 Xidmətin Ağdaş rayon şöbəsinin mövcud uçot sənədlərində şəhid hesab edilən hərbi qulluqçu kimi yox, hərbi xidmət dövrü müxtəlif səbəblərdən həlak olmuş (vəfat etmiş) hərbi qulluqçu kimi qeydiyyatdan keçir. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli 1327 №-li məktubundan görünür ki, keçmiş Ağdaş Rayon Hərbi Komissarlığı tərəfindən verilən 412 nömrəli, xx.xx.2009-cu il tarixli arayış hərbi hissə tərəfindən təqdim edilən bildirişə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 107 nömrəli, xx.xx.2009-cu il tarixli qərarına istinad edilərək verilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

25. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7).

26. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin tələblərinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

27. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-576/2022 nömrəli qərarı ləğv edilərək, iddia mümkün sayılmamalıdır.

29. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

30. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

31. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini və tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.

32. Belə ki, məhkəmə kollegiyası sadalanan qanunvericilik normalarının tələbindən məsələyə yanaşaraq hesab edir ki, X9 şəhid olması barədə arayışın və şəhid statusunun ləğv edilməsi barədə qərar möcud deyil, yəni iddiaçının mərhum oğlunun şəhid olması barədə arayışı və şəhid statusu ləğv edilməmişdir. Ağdaş Rayon Hərbi Komissarlığının xx.xx.2009-cu il tarixli arayışına əsasən Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Ağdaş rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən şəhid X9 anasına və atasına şəhid ailəsi vəsiqəsi verilmişdir.

33. Bununla bağlı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 və sonuncu iclasda iştirak edən üçüncü şəxsin nümayəndəsi X2 Elçin Tahir oğlunun şəhid olması barədə arayışın və şəhid statusu adının ləğv edilməsi barədə hər hansı qərar təqdim edə bilməmişdir.

34. Göründüyü kimi, X9 şəhid olması barədə arayış ləğv edilmədiyindən, qeyd edilən tələblə bağlı mübahisə mövcud deyildir. Belə olan halda xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət edərkən həlak olmuş X9 şəhid olması barədə arayışın verilməsinə zərurət yoxdur.

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

36. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-in normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.

37. Qeyd edilən Plenum Qərarının 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

38. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulduğundan, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-576/2022 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı “xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət edərkən həlak olmuş oğlu X9 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır.

39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-576/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı “xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət edərkən həlak olmuş oğlu X9 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar