Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-193/2021 26.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Yevlax şəhər bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X2) “Yevlax şəhərinin ünvan 1 ünvanına dair) həyətyanı torpaq sahəsinin X1 xüsusi mülkiyyətinə verilməsinə dair Yevlax Şəhər Bələdiyyəsinin 13 oktyabr 2004-cü il tarixli torpağın xüsusi mülkiyyətə verilməsinə dair 94 nömrəli qərarının ləğv edilməsi və Yevlax şəhəri Akif Xəlilov küçəsi 21 ünvanına dair X1 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 21.02.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(116)-518/2021 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mərhum qardaşı X4 məxsus olmuş və mərhum qardaşının sahibliyində və mülkiyyətində olmuşdur. V.Salahov 18.02.2004-cü ildə vəfat etmişdir. Mərhum V.Salahov heç bir şəxslə rəsmi nikah bağlamamış, həmçinin övladı olmamışdır. Bu səbəblə də mərhum V.Salahovun birinci növbəli vərəsəsi olmamış, iddiaçı isə mərhumun ikinci növbəli vərəsəsidir. Mərhumun mülkiyyətində olmuş daşınmaz əmlak hazırda iş üzrə üçüncü şəxs X1 mülkiyyətindədir. İddiaçı üçüncü şəxsin qeyd olunan əmlaka mülkiyyət hüququnu hansı əsaslarla əldə etdiyini öyrəndikdə məlum olmuşdur ki, 13 oktyabr 2004-cü il tarixdə Yevlax şəhər bələdiyyəsi tərəfindən torpağın xüsusi mülkiyyətə verilməsinə dair 94 nömrəli qərar qəbul edilmiş və həmin qərara əsasən torpaqların alqı-satqısına dair Akt tərtib edilmişdir. İddiaçı cavabdeh orqanlara müraciət edərək, bələdiyyə qərarı və çıxarışın ləğv edilməsini xahiş etmişdir. Lakin onun müraciəti təmin edilməmişdir. İş üzrə cavabdeh orqanların imtina məktublarına əsasən müəyyən edilir ki, Yevlax bələdiyyəsi iddiaçıya məhkəməyə müraciət etməsini tövsiyyə etmiş, Ərazi İdarəsi isə çıxarışın ləğv edilməsinin onların səlahiyyətində olmadığını bildirmişdir. Şəki İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(116)-518/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Yevlax şəhər bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X2) “Yevlax şəhərinin ünvan 1 ünvanına dair) həyətyanı torpaq sahəsinin X1 xüsusi mülkiyyətinə verilməsinə dair Yevlax Şəhər Bələdiyyəsinin 13 oktyabr 2004-cü il tarixli torpağın xüsusi mülkiyyətə verilməsinə dair 94 nömrəli qərarının ləğv edilməsi və Yevlax şəhəri Akif Xəlilov küçəsi 21 ünvanına dair X1 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 21.02.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərardad qanunsuz və əsassızdır. Bildirmişdir ki, Yevlax Şəhər Bələdiyyəsi tərəfindən Təranə Behbudovaya satılmış torpaq sahəsinin üzərində fərdi yaşayış evi vardır ki, həmin fərdi yaşayış evi mərhum qardaşına məxsus olmuş və yuxarıda qeyd etdiyi kimi, həmin fərdi yaşayış evinin bütün ödənişləri qardaşı Vidadi tərəfindən həyata keçirilmişdir. Ötən illər ərzində həmin fərdi yaşayış evi onun nəzarəti altında olmuşdur. Mərhum qardaşı X3 vərəsəsi olmasına dair bildirmişdir ki, qardaşı Vidadi Salahov vəfat edən günədək subay olmuşdur, eyni zamanda hər hansı faktiki nikahdan övladı olmamışdır. Hər iki valideynləri vəfat etdiyindən, hazırda mərhum qardaşı X3 qanun üzrə birinci növbəli vərəsəsi yoxdur. Həmçinin bildirmişdir ki, vəfat etmiş bacılarının ölüm haqqında şəhadətnamələrinin surətlərini iş materiallarına əlavə edir. Hesab edir ki, iddia tələbi üzrə subyektiv hüquqa malikdir. Mirası qəbul etmiş yeganə qanun üzrə ikinci növbəli vərəsədir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(116)-518/2021 nömrəli qərardadının ləğv edilməsini və inzibati işin baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasına dair qərardad qəbul edilməsinin xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(116)-518/2021 saylı qərardadının ləğv edilməsini və işin Şəki İnzibati Məhkəməsinə qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş iddiaçı məhkəməyə ünvanladığı və dəftərxana tərəfindən 22.02.2021-ci il tarixdə qəbul edilən ərizəsinə Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən mərhumun ailə tərkibinə dair arayışları əlavə etsə də, mərhumun qanuni vərəsi olmasını təsdiq edən müvafiq sənəd aşkar edilməmişdir. İddiaçının nəzərinə çatdırılır ki, “Qanun üzrə vərəsəlik şəhadətnaməsi”nin əldə edilməsi üçün müvafiq notariat kontoruna müraciət edə bilər. İddiaçının diqqətinə bir daha çatdırılır ki, o, onun mərhum V.Salahovun qanuni vərəsəsi olmasını təsdiq edən vərəsəlik hüququna dair müvafiq şəhadətnaməni əldə etdikdən sonra ilk öncə bələdiyyə qərarını, daha sonra həmin qərar əsasında verilən çıxarışı mübahisələndirə bilər. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsini və evi vərəsəlik qaydasında qəbul etməsi barədə sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı ümumiyyətlə mirası nə notarial, nə də faktiki qəbul etmədiyi üçün hazırki vəziyyətdə həmin əmlakla bağlı hər hansı iddia irəli sürmə hüququ istisna olunur. Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıqaşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Mülki Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Mülki Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunvericiliyinin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün daşınmaz əmlakın qeydiyyatını aparan orqana müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri onu təqdim edən vərəsənin adına rəsmiləşdirilməli, yəni, sonuncuya bu barədə vərəsəlik şəhadətnaməsi verilməli, bundan sonra həmin vərəsə vərəsəlik şəhadətnaməsini qeydiyyat orqanına təqdim etməli və daşınmaz əmlak üzərində hüquq onun adına dövlət qeydiyyatına alınmalıdır. Lakin işdən görünür ki, iddiaçı, mərhumun miras əmlakına dair vərəsəlik şəhadətnaməsinə malik olmadığı üçün, vəfat etmişin ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun öz adına dövlət qeydiyyatına alınması üçün əvvəlcə sözügedən arayışın verilməsindən ötrü cavabdehə müraciət etməli olduğu halda, bunu etməmişdir. Digər tərəfdən, o, yalnız bu arayış, ondan sonra vərəsəlik şəhadətnaməsini əldə etdikdən sonra hazırki iddianı irəli sürə bilərdi. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyasının qənaətinə görə,birinçi instansiya məhkəməsi haqlı oalaraq hesab etmişdir ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-ci bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-ci bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini mümkün saymamaqla prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir.Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(116)-518/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(116)-518/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-193/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-193/2021
26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver