Məhkəmə qərarları › İş №2-1(107)-193/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-193/2022

07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-193/2022 07.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “1971-1976 və 1978-1996-cı illərdə Ağdaş rayon Aralbir kənd sabiq “Azərbaycan” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-84/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin 13 saylı Regional Ərazi Filialına qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “1971-1976, 1978-1996-cı illərdə Ağdaş rayon Aralbir kənd sabiq “Azərbaycan” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iş üzrə cavabeh cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin 13 saylı Regional Ərazi Filialı – hüquq varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edilmişdir.

3. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək cavabdehin üzərinə “1971-1976 və 1978-1996-cı illərdə Ağdaş rayon Aralbir kənd sabiq “Azərbaycan” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.

5. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Ağdaş Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 53 №-li arayışında qeyd edilən 1971-1976 və 1978-1996-cı illərdə Ağdaş rayon Aralbir kənd sabiq “Azərbaycan” kolxozunda işlədiyi illərin sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.

6. İddiaçı, tələb hüququnu əmək fəaliyyəti ilə məşğul olduğu müddətin arxiv arayışı ilə sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazını staj kitablarının 182-ci səhifəsində İddiaçı kimi qeyd edilən vərəqdə 1971-1976, 1978-1990 və 1993-cü illər iş stajında göstərilməsi, lakin 1993-cü ilin sonra qaralanaraq 1991-ci ilə dəyişdirilməsi, həmçinin, həmin ilin əmək haqqı qrafasına qaralama edilməsi, kitabın mündəricat hissəsində vətəndaşın adının olmaması, kitabın üz qabığında kitabın 1956- 1987-ci illərə aid olması, lakin iddiaçının iş stajının 1987-ci ildən sonra da qeyd edilməsi, “Azərbaycan” kolxozunun əmək stajı və qazancının uçotunun kitabında İddiaçı 1992-1996cı illərə aid stajında vətəndaşın soyadında qaralamanın aşkar edilməsi ilə əsaslandırmışdır.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 26 aprel 2022-ci il tarixli 2- 1(116)-84/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı 1971-1976 və 1978-1996-cı illərdə Ağdaş rayon Aralbir kənd sabiq “Azərbaycan” kolxozunda əmək fəaliyyəti müddətinin sosial sığorta stajına daxil etməklə, ona hüququnun yarandığı– xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi xx.xx.2020-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin arayışı və fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməyə əsasən xx.xx.2006-cı il tarixə kimi sığorta stajı 2 il 3 ay 27 gün təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsaslar mövcud olmamışdır. Eyni zamanda DSMFin 13 saylı regioanl ərazi filialının baş mütəxəssisi və Ağdaş rayon Dövlət Arxiv müdirinin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, iddiaçıya Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 53 nömrəli arayışla 1971-1996-cı illərə aid olan stajının arxivdə saxlanılan əmək haqqı və staj kitablarına əsasən qarşılıqlı yoxlaması aparılmış və müəyyən edilmişdir ki, staj kitablarının 182-ci səhifəsində İddiaçı kimi qeyd edilən vərəqdə 1971, 1972, 1973, 1974, 1975, 1976, 1978, 1979, 1980, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1987, 1988, 1989, 1990 və 1993-cü illər iş stajında göstərilmişdir. Lakin 1993-cü ilin sonra qaralanaraq 1991-ci il ilə dəyişdirilmişdir. Həmçinin, həmin ilin əmək haqqı qrafasında qaralama edilmişdir. Digər tərəfdən kitabın mündəricat hissəsində vətəndaşın adı tapılmamışdır. Kitabın üz qabığında kitabın 1956-1987-ci illərə aid olması qeyd edilmişdir. həmçinin, “Azərbaycan” kolxozunun əmək stajı və qazancının uçotunun kitabında İddiaçı 1992-1996-cı illərə aid stajında vətəndaşın soyadında qaralama olduğu aşkar edilmişdir. Qeyd edilmişdir ki, 1993-cü ilin sonra qaralanaraq 1991-ci il kimi düzəlişin edilməsi, həmin ilin əmək haqqı qrafasında qaralama edilməsi,kitabın mündəricat hissəsində vətəndaşın adının tapılmaması, kitabın üz qabığında kitabın 1956-1987-ci illərə aid olmasının qeyd olunmasına baxmayaraq İddiaçı iş stajı kimi hələ 1987-ci ildən sonra 1988, 1989, 1990, 1991 (qaralamalarla), 1992, 1993, 1994, 1995 və 1996-cı illərin göstərilməsi, eyni zamanda “Azərbaycan” kolxozunun əmək stajı və qazancının uçotunun kitabında İddiaçı 1992-1996-cı illərə aid stajında vətəndaşın soyadında qaralama olması iddiaçı tərəfindən təqdim edilmiş və onun iddiasının əsasını təşkil edən arxiv arayışının mötəbərliyini şübhə altına alır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-84/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-84/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-84/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Ağdaş Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 53 №-li arayışından və kolxozun staj kitablarından çıxarışlardan görünür ki, iddiaçı, Ağdaş rayon Aralbir kənd sabiq “Azərbaycan” adına kolxozda 1971-1976, 1978-1996-cı illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1971, 1983-1996-cı illərdə minimum adam günü norması 200 gün, 1972-1982-ci illərdə minimum adam günü norması 240 gün olmuşdur. - DSMF PHŞ-nin 13 saylı RƏF-in xx.xx.2021-ci il tarixli iddiaçı barəsində məlumatlarında qeyd edilmişdir ki, iddiaçının xx.xx.1976-xx.xx.1978-ci il tarixlərdə 2 il 27 gün hərbi xidmət dövrü və xx.xx.2019-xx.xx.2020-ci illərdə 3 ay fiziki şəxs kimi stajı mübahisələndirilmir, iddiaçının 1971-1976, 1978-1996-cı illər üzrə 22 il 10 ay 24 gün kolxoz stajı mübahisələndirilir. - DSMF-in Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının 13 saylı RƏF-nın xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin olunmasından imtina edilmişdir

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

17. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

18. Mülki Prosessual Məcəllə: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

19. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bəndi. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndi. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

21. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

22. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir.

23. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

24. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi).

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

26. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-84/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

31. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1956-cı ildə doğulub).

32. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi sənədlərdə icra olunmuş qeydlərin hər biri ayrıayrılıqda ilkin sənədlərlə müqayisəli şəkildə təhlil edilməli və iddiaçının 25 il sığorta stajının yaranıb-yaranmaması müəyyən edilməlidir.

33. İş materiallarında olan Ağdaş Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 53 №li arayışında iddiaçının Ağdaş rayon Aralbir kənd sabiq “Azərbaycan” adına kolxozda 1971-1976, 1978-1996-cı illərdə əmək fəaliyyəti ilə məşğul olması, ona əmək haqqı və sairə hesablanması barədə qeydlər vardır.

34. Cavabdehin iddia tələbinə etirazı aşağıdakılardan ibarətdir: - staj kitablarının 182-ci səhifəsində İddiaçı kimi qeyd edilən vərəqdə 19711976, 1978-1990 və 1993-cü illər iş stajında göstərilmişdir. Lakin 1993-cü il sonra qaralanaraq 1991-ci ilə dəyişdirilmişdir. Həmçinin həmin ilin əmək haqqı qrafasına qaralama edilmişdir, - kitabın mündəricat hissəsində vətəndaşın adı tapılmamışdır, - kitabın üz qabığında kitabın 1956-1987-ci illərə aid olması, lakin iddiaçının iş stajı 1987-ci ildən sonra da qeyd edilməsi müəyyən edilmişdir. - “Azərbaycan” kolxozunun əmək stajı və qazancının uçotunun kitabında İddiaçı 1992-1996-cı illərə aid stajında vətəndaşın soyadında qaralama aşkar edilmişdir. Cavabdehin yuxarıda qeyd edilən etirazının dəlillərinin yoxlanılması məqsədilə Ağdaş rayon X3 rayon Aralbir kənd sabiq “Azərbaycan” kolxozunun əmək stajı və qazancının uçotunun kitablarının əsilləri tələb edilmiş və məhkəmə baxışı iclasında tərəflərin iştirakı ilə tədqiq edilmişdir.

35. Birinci instansiya məhkəməsi aşağıda qeyd edilən əsaslara görə cavabdehin etirazının dəlillərini əsassız hesab etmişdir.

36. Belə ki, müvafiq staj kitabının 1993-cü ilin sonradan qaralanaraq 1991-ci ilə dəyişdirilməsinə münasibətdə müəyyən edilir ki, xx.xx.1982-ci ildə tərtib edilmiş, “kolxozçunun əmək stajı və qazancının uçotu kitabı”nın 18-ci səhifəsində iddiaçının 1992- 1996-cı illərdə əmək fəaliyyəti ilə bağlı məlumatlar qeyd olunub. Həmin məlumatlarda 1993-cü ilin göstərilməsi onu göstərir ki, əvvəlki kitabda texniki səhvə yol verilərək 1993-cü il olaraq qeyd olunub, buna görə də sonradan düzəliş edilərək 1991-ci il qeyd olunur. Həmçinin, xx.xx.1982-ci ildə tərtib edilmiş istinad olunan kitabda iddiaçının 1992-ci ildə də həmin kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu müəyyən edilir. Buna görə də məhkəmə ilkin kitabda 1993-cü ilin üzərindən xətt çəkilərək 1991-ci il qeyd edilməsinin iddiaçının ziyanına şərh edilməsini düzgün hesab etmir. Hər bir halda iddiaçının 1990-cı ildən sonra qeyd edilən kolxozda fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olması müəyyən edildiyindən müvafiq qaralamanın mövcudluğu iddiaçının 1991-ci ildə həmin kolxozda işləməsini şübhə altına salmır. Əmək haqqı qrafasına qaralamanın edilməsinə münasibətdə isə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya ödənilən əmək haqqının məbləği ona pensiya təyini üçün zəruri olan sosial sığorta stajının hesablanmasına hər hansı təsir göstərmədiyindən etirazın həmin hissəsinin araşdırılmasına ümumiyyətlə lüzum yoxdur.

37. Kitabın mündəricat hissəsində iddiaçının adının olmamasına münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ümumiyyətlə həmin kitabın mündəricat hissəsində 108 nömrəsindən sonra adları qeyd edilən şəxslərlə bağlı səhifə yoxdur. İddiaçının adı kitabda 182-ci səhifədədir. Yəni, iddiaçının adı qeyd olunanadək 74 nəfərə aid digər şəxslərlə bağlı səhifə ümumiyyətlə mövcud deyil. Cavabdehin etirazının həmin dəlili yalnız iddiaçıya yox, ondan əvvəki digər şəxslərə münasibətdə də “kolxozçunun əmək stajı və qazancının uçotu kitabı”nın mötəbərliyinin şübhə altına alınması deməkdir. Cavabdehin etirazının həmin dəlili o zaman əsaslı olardı ki, kitabda adları olan bütün şəxslərin adlarının qeyd olunduğu siyahıda iddiaçının adı qeyd edilməmiş olardı. Hazırkı vəziyyət isə iddiaçının adının kitabın mündəricatında olmaması kimi yox, kitabın mündəricatının bütün səhifələrinin olmaması kimi qiymətləndirilməlidir. Həmin kitabın tamlığına nəzarət etmək iddiaçının vəzifəsi olmadığından iddiaçının adının siyahıda olmamasına istinad edilməsi tamamilə əsassızdır.

38. Kitabın üz qabığında kitabın 1956-1987-ci illərə aid olması, lakin iddiaçının iş stajı 1987-ci ildən sonra da qeyd edilməsinə və “Azərbaycan” kolxozunun əmək stajı və qazancının uçotunun kitabında İddiaçı 1992-1996-cı illərə aid stajında vətəndaşın soyadında qaralama aşkar edilməsinə münasibətdə isə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin kitabların üzərində aparılan qeydlərin düzgünlüyünü, lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından qeyd edilən hal iddiaçının ziyanına şərh edilməməlidir. Həmçinin, müvafiq kitablara baxış keçirilən zaman iddiaçının soyadında qaralamanın olması aşkar edilməmiş, cavabdehin qaralama hesab etdiyi hal isə “Xəlilov” soyadının birinci hərfində “X” hərfinin yazılışının fərqli qaydada icra edilməsindən ibarət olmuşdur.

39. Göründüyü kimi iddiaçı 1972-1975, 1979-1995-ci illərdə minimum adam günü normasını yerinə yetirmişdir ki, həmin müddət bütövlükdə 21 ilə bərabərdir.

40. 1971-ci ildə iddiaçı 43 gün, 1996-cı ildə isə 155 gün işləmişdir. Həmin illər üzrə minimum adam günü norması 200 gün olduğundan iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur və əmək stajı faktiki müddətə uyğun hesablanaraq 11 ay 29 gün müəyyən edilir.

41. Həmçinin, iddiaçı 1976-cı ildə 121 gün və 1978-ci ildə 101 gün işləmişdir. Həmin illər üzrə minimum adam günü norması 240 gün olduğundan iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur və əmək stajı faktiki müddətə uyğun hesablanaraq 11 ay 29 gün müəyyən edilir.

42. Beləliklə, iddiaçının kolxozda işlədiyi tam əmək normasını yerinə yetirmədiyi əmək stajı faktiki müddətlə hesablandıqda 1 il 11 ay 28 gün müəyyən edilir.

43. Beləliklə iddiaçının minimum adam günü normasında yerinə yetirdiyi 21 ilin üzərinə 1 il, 11 ay, 28 gün və iddiaçının hərbi xidmətdə olduğu 2 il 27 gün toplandıqda - 25 il, 25 gün əmək stajı müəyyən edilir ki, bu da tələb olunan 25 il müddətdən çoxdur və iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verir.

44. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.

45. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir.

46. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı iddiaçının 1971-1976 və 1978-1996cı illərdə Ağdaş rayon Aralbir kənd sabiq “Azərbaycan” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-84/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar