Məhkəmə qərarları › İş №2-1(107)-193/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-193/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-193/2023 09.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X1rşı “müharibə veteranı üçün sosial müavinətin 10 fevral 2014-cü il tarixdən 10 fevral 2017-ci il tarixə kimi hesablanıb bir dəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2- 1(116)-2287/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı üçün sosial müavinətin 10 fevral 2014-cü il tarixdən 10 fevral 2017-ci il tarixə kimi hesablanıb bir dəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2017-ci ildə M/V 058589 №-li “Müharibə veteranı” vəsiqəsi verilmiş, həmin tarixdən ona müavinət təyinatı aparılmışdır. O, əvvəlki dövrlər üzrə müavinət almamış, buna görə də müavinətin xx.xx.2017-ci ildən hesablanaraq ona ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Buna görə də hazırkı mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçıya müharibə veteranı statusunu aldığı tarixdən (xx.xx.2017-ci il) “Sosial müavinətlər haqqında Qanuna əsasən müavinət təyin edilməsi, 01,04.2019-cu il tarixədək ödənilməsi, həmin tarixdən sonra müavinət Prezidentin Fərmanına uyğun olaraq təqaüdlə əvəz edilməsi, qanunvericilikdə müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsinin buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüququnun yarandığı günlə şərtləndirilməsi ilə əsaslandırmış və qeyd etmişdir ki, iddiaçının veteran vəsiqəsi olmadığı dövrdə, yəni xx.xx.2017-ci il tarixdən əvvəlki dövrdə sözügedən sosial müavinətə hüququ yaranmamışdır. Ancaq veteran statusunu almaq hüququnu sosial müavinət almaq hüququndan fərqləndirmək lazimdır. Belə ki, veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Buna müvafiq olaraq, hazırki ış üzrə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi, veteran statusu almaq hüququnun həmin tarixdən yaranması işin mübahisəsiz halıdır, lakin iddiaçının “Veteranlar haqqında” Qanunun 3-cü maddəsində göstərilən fəaliyyəti həyata keçirmiş olması - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş olması onun bəhs edilən sosial müavinəti alması üçün deyil, ona veteran vəsiqəsinin verilməsi üçün hüquqi əsasdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarfnm 7 nömrəli əlavəsinin- Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısını 2.2-ci bəndinə görə, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Eləcə də siyahının hazırki redaksiyasının 2.33.1-ci bəndinə əsasən, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti tələb olunur. Odur ki, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - MV 058589 №-li vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya “Müharibə veteranı” adı xx.xx.2017-ci il tarixdə verilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cavadeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(116)-2287/2022 nömrəli saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı müharibə veteranı üçün sosial müavinətin 10 fevral 2014-cü il tarixdən 10 fevral 2017-ci il tarixə kimi hesablanıb bir dəfəyə ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə X7 İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(116)-2287/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı vətəndaşa müharibə veteranı statusunu aldığı tarixdən (xx.xx.2017-ci il) “Sosial müavinətlər haqqında” Qanuna əsasən müavinət təyin etmiş, xx.xx.2019-cu ıl tarixədək ödəməyə davam etmişdir. Həmin tarixdən sonra müavinət Prezidentin Fərmanına uyğun olaraq təqaüdlə əvəz edilmiş, iddiaçının əvvəlki illər üçün müavinət ödənilməsi tələbinə isə müraciətin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. İşə baxan məhkəmələr adı çəkilən Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına əsaslanmaqla, həmin müavinətlərin şəxsin müharibə veteranı statusunu aldığı vaxtdan, yəni müvafiq müavinəti almaq hüququnun yarandığı gündən əvvəlki üç il üçün də ödənilməli olmasını qət edirlər ki, bu da aşağıda qeyd edilən səbəb və əsaslara görə sözügedən maddi hüquq normasının məhkəmələr tərəfindən düzgün təfsir və tətbiq edilməməsinin nəticəsidir. Maddənin dispozisiyasından göründüyü kimi, qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüququnun yarandığı günlə şərtləndirmişdir. Bu müddəadan da göründüyü kimi, qanunverici sosial müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. 28 iyun 1994-cü il tarixli “Veteranlar haqqında” AR Qanununun 7-ci maddəsində və Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bəndində təsbit olunmuşdur ki, “veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir”. Bu da onu göstərir ki, vətəndaşın veteran vəsiqəsi olmadığı dövrdə, yəni xx.xx.2017-ci il tarixdən əvvəlki dövrdə sözügedən sosial müavinətə hüququ yaranmamışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin- Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısını 2.2-ci bəndinə görə, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Eləcə də siyahının hazırki redaksiyasının 2.33.1- ci bəndinə əsasən, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti tələb olunur. Ancaq veteran statusunu almaq hüququnu sosial müavinət almaq hüququndan fərqləndirmək lazimdır. Beləki veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Buna müvafiq olaraq, hazırki iş üzrə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi, veteran statusu almaq hüququnun həmin tarixdən yaranması işin mübahisəsiz halıdır, lakin iddiaçının “Veteranlar haqqında” Qanunun 3-cü maddəsində göstərilən fəaliyyəti həyata keçirmiş olması-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş olması onun bəhs edilən sosial müavinəti alması üçün deyil, ona veteran vəsiqəsinin verilməsi üçün hüquqi əsasdır. Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüd təsis edilmişdir. Və İddiaçı ödənilən sosial müavinət təqaüdlə əvəz edilərək hər ay ona ödənilmişdir. Etirazımızı irəli sürərkən vurğuladığımız normativ hüquqi aktlara əsaslanaraq, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan təqaüdü qanunauyğun hesab edərək qeyd edirik ki, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(116)-2287/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(116)-2287/2022 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(116)- 2287/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını iddiaçının mübahisələndirdiyi iddia predmeti, cavabdehin isə apellyasiya şikayətində irəli sürdüyü dəlillər həddində araşdırmalıdır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.0.1.6–ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir; - 7.0-ci maddəsinə əsasən, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6.müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; - 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (...) müraciət edilmə vaxtından asılı olmayaraq bu qanununqüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; - 10.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Göstərilmiş müddəaların mənasından bəlli olur ki, əgər həmin qanunun qüvvəyə minməsindən sonra şəxsin müvafiq müavinət almaq hüququ yaranırsa, bu halda onun müraciət etdiyi vaxtdan ən çoxu üç il üçün ödənilməmiş müavinətin (aylıq müavinətin) məbləği ona ödənilməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3-cü maddəsinə əsasən, aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; - 7-ci maddəsinin ikinci hissəsinə əsasən, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu müddəalardan göründüyü kimi, müharibə veteranı adını almış şəxsin müəyyənləşdirilmiş məbləğdə aylıq sosial müavinət almaq hüququ veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Həmin vəsiqəni təqdim etməklə şəxs özünün müharibə veteranı olması faktının müəyyən ediməsinə əsaslanır. Yəni, vəsiqə şəxsin yalnız müvafiq müharibə iştirakçısı olması faktını təsdiq edir. İşin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və bu səbəbdən ona Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2017-ci ildə MV 058589 №-li “Müharibə veteranı” vəsiqəsi verilmişdir. İddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2017-ci il tarixində verilsə də, onun müharibə veteranı olması faktı həmin müddətdən əvvəldə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müəyyən edilmişdir. Belə ki, Azərbaycanın Dağlıq Qarabağ vilayətinin və daha 7 rayonun erməni işğalçılarından azad edilməsi ilə və aparılan döyüş əməliyyatları ilə bağlı 1994-cü il may ayından tərəflər arasında atəşkəs razılaşması əldə edilməsi hamıya bəlli olan haldır. İddiaçı da məhz həmin tarixədək olan döyüşlərdə iştirakına görə müharibə veteranı adı və vəsiqəsi almışdır. Bu halda iddiaçının yuxarıda istinad edilmiş qanunvericiliyin müddəalarına əsasən, cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün müavinətin hesablanıb ödənilməsi hüququ yaranmış olur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, artıq formalaşmış məhkəmə təcrübəsində də analoji mübahisələr üzrə aparılmış bu qiymətləndirməyə uyğun olaraq nəticə əldə edilir. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Göründüyü kimi, qanunverici orqan müəyyən etmişdir ki, sosial müavinət, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegoyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(116)-2287/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar