Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-194/2022 02.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “1976-1980-ci illərdəki əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 aprel 2022ci il tarixli 2-1(116)-507/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “1976-1980-ci illərin pensiya stajı hesablanmasında nəzərə alınmasını” xahiş etmişdir.
2. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək 1976-1980-ci illərdəki əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə avtomatlaşdırılmış qaydada 262.75 manat pensiya təyin edilmiş, daha sonra iddiaçının müraciəti əsasında təyin olunmuş əmək pensiyası xx.xx.2006-cı ildən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 19320,19 manat pensiya kapitalına əsasən xx.xx.2021-ci il tarixdən 266.46 manat məbləğində yenidən hesablanmışdır. Cavabdeh orqan iddiaçının sosial sığorta stajına xx.xx.1981-xx.xx.2006-cı ilədək Orta Zəyzid kənd orta məktəbində işlədiyi dövr daxil etdiyindən iddiaçı, Orta Zəyzid kəndi “Lenin adına” kolxozda işlədiyi 1976-1979-cu illərin və analıq məzuniyyətində olduğu 1980-ci ilin sosial sığorta stajına daxil edilərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.
5. İddiaçı tələb hüququnu əmək fəaliyyəti ilə məşğul olduğu müddətin və digər müddətin təqdim etdiyi sənədlərlə (arayış, doğum haqqında şəhadətnamə) sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazını iddia olunan dövrlərin əmək kitabçasında öz əksini tapmaması, həmçinin arxiv arayışında əmək günü minimumunun qeyd olunmaması ilə əsaslandırmışdır.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 27 aprel 2022-ci il tarixli 2- 1(116)-507/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə İddiaçı 1976-1980-ci illər üzrə əmək fəaliyyəti və körpə uşaqlara qulluq etdiyi müddəti nəzərə almaqla, ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması qərara alınmışdır.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının yaşa görə əmək pensiyasına hüququ xx.xx.2021-ci il tarixdə yaranmış və xx.xx.2021-ci il tarixli qərar ilə avtomatik təyinat üzrə pensiya təyin edilmişdir. PAS-dan çıxarışa əsasən vətəndaşın 2006-cı ildən sonra sosial sığorta stajı və müəyyən miqdarda (19320.15 manat) pensiya kapitalı olduğu üçün təyinat aparılarkən 2006-cı ilə qədər olan ümumi iş stajı 25 il üzərindən hesablanmışdır. Hazırda vətəndaşın pensiya statusu “ödənişdə” olaraq müəyyən olunur. İddiaçının təqdim etdiyi Milli Arxiv İdarəsi X6 Filialının xx.xx.2016-cı il tarixli arxiv arayışında qeyd olunan əmək fəaliyyəti dövrü əmək kitabçasında qeyd edilməmişdir. Həmçinin, qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2003cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən idarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Beləliklə, iddiaçının Şəki rayonu sabiq “Lenin kolxozu”nda işlədiyini iddia etdiyi 1976-1980-ci illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2- 1(116)-507/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2-1(116)-507/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2-1(116)- 507/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Respublika X6 Filialının xx.xx.2016-cı il tarixli 63 №-li arayışından, xx.xx.2022-ci il tarixli 38 №-li məktubundan və Orta Zəyzid kəndi “Lenin adına kolxoz”un “əməyin ödənişi üzrə hesablaşma kitabı”ndan çıxarışlardan görünür ki, iddiaçı, Orta Zəyzid kəndi “Lenin adına kolxoz”da 1976-cı ildə 167 gün, 1977-ci ildə 294 gün, 1978-ci ildə 146 gün, 1979-cu ildə 198 gün əmək fəaliyyəti ilə məşğul olmuşdur. Staj kitabında iddiaçının minimum norması 160 gün qeyd edilmişdir. - 06.12.1984-cü il tarixdə tərtib edilmiş əmək kitabçasında iddiaçının əmək fəaliyyəti müddəti xx.xx.1981-xx.xx.1990-cı illər olaraq qeyd edilmişdir. - HB 955396 №-li diplomdan görünür ki, iddiaçı 1978-xx.xx.1984-cü il tarixlərdə Azərbaycan Dövlət Universitetində təhsil almışdır. - Cavabdeh orqan tərəfindən təqdim edilmiş, iddiaçıya aid pensiya işindən və xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçıya avtomatlaşdırılmış qaydada 266.46 manat pensiya təyin edilmişdir. İddiaçının sosial sığorta stajına xx.xx.1981-xx.xx.2006-cı ilədək Orta Zəyzid kənd orta məktəbində işlədiyi dövr daxil edilmişdir. - Vİ-ЖГ 397367 №-li “Doğum haqqında şəhadətnamədən” görünür ki, X1 və İddiaçı birgə nikahından xx.xx.1979-cu il tarixdə X2 doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1979-cu il tarixdə 85 № ilə qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin olunmasından imtina edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
16. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
17. Mülki Prosessual Məcəllə: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
18. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bəndi. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndi. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
20. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
21. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir.
22. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
23. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 67-ci maddəsinə əsasən iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
25. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2-1(116)-507/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək xx.xx.2021-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdır.
30. İddiaçıya avtomatlaşdırılmış qaydada xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, bu zaman iddiaçının 1981-ci ildən sonrakı əmək fəaliyyəti müddəti nəzərə alınmışdır. Yəni, iddiaçının Orta Zəyzid kəndi “Lenin adına” kolxozda işlədiyi 1976-1979-cu illər və körpə uşağa qulluq etdiyi 1980-ci il pensiya hesablanarkən sosial sığorta stajı kimi nəzərə alımamışdır.
31. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 1976, 1977 və 1979-cu illərdə minimum adam günü normasını (160 gün) yerinə yetirib və həmin illər tam əmək stajı kimi nəzərə alınmalıdır. 1978-ci ildə isə iddiaçı minimum adam günü normasından az işləmiş və işlədiyi 146 adam günü 11 aya bərabərdir. Beləliklə, iddiaçının Orta Zəyzid kəndi “Lenin adına” kolxozda işlədiyi 1976-1979-cu illər üzrə əmək stajı 3 il 11 aya bərabərdir.
32. Bundan başqa iddiaçının 1979-cu ildə övladı doğulmuş və o, 1981-ci ildə əmək fəaliyyətinə başlayanadək analıq məzuniyyətində olmuşdur.
33. İddiaçı 1979-cu ildə və 1981-ci ildə əmək fəaliyyəti ilə məşğul olduğundan, onun işləmədiyi 1980-ci il körpə uşağa qulluq etdiyi müddət kimi nəzərə alınaraq sosial sığorta stajına daxil edilməlidir.
34. Belə olan halda iddiaçının 1976-1980-ci illər üzrə sosial sığorta stajı 4 il 11 aya bərabər olur ki, cavabdeh orqan həmin müddəti iddiaçıya pensiya təyin edərkən və onun pensiyasının məbləğini hesablayarkən nəzərə almalı idi.
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi də izahatında bildirdi ki, iddiaçının 1976-1980-ci illər üzrə sosial sığorta stajı iddiaçıya əmək pensiyası hesablanarkən nəzərə alınmamışdır.
36. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinın 11 dekabr 2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 17 №-li qərarının 4.2.2-ci bəndinə əsasən yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır.
37. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.
38. Qeyd olunan normaları hazırkı işə tətbiq etdikdə müəyyən olunur ki, cavabdeh orqan iddiaçının 1981-2006-cı illərdə olan əmək fəaliyyəti müddətini, yəni 25 il müddəti nəzərə alaraq yaşa görə əmək pensiyasının məbləğini hesablayarkən 25 il tam stajı hər il üçün 306 manatdan hesablamışdır. Halbuki, iddiaçının yuxarıda qeyd edilən sosial sığorta stajı nəzərə alınmaqla hesablanma aparıldıqda 29 il 11 ay müddət hər il üçün 306 manatdan hesablanmaqla sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı müəyyən edilməli idi. ((29 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 11 ay) =9154.5 manat).
39. Göründüyü kimi, hazırkı iş üzrə müəyyən edilmiş iddiaçının 4 il 11 ay sosial sığorta stajının nəzərə alınmaması onun fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalının düzgün müəyyən edilməməsinə, bu isə pensiya kapitalı indeksləşdirilərkən məbləğin az hesablanmasına gətirib çıxarmışdır. Odur ki, iddiaçı pensiyasının yuxarıda qeyd edilən müddətlər nəzərə alınmaqla yenidən hesablanmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.
40. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının iddiaçının 1976-1980-ci illərdəki əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanmasından imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2-1(116)-507/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.