Məhkəmə qərarları › İş №2-1(107)-194/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-194/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-194/2023 09.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01750 saylı əmrin dəyişdirilərək xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmanın öz arzusu ilə ehtiyata buraxılma ilə əvəz edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(116)-977/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01750 saylı əmrdən iddiaçının xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmasının götürülməsi tələbinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-977/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01750 saylı əmrdən iddiaçının xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmasının götürülməsi tələbinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinin verilməsi üçün buraxılmış müddət üzürlü hesab edilərək bərpa edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə tələbini dəqiqləşdirərək “cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01750 saylı əmrin dəyişdirilərək xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmasının öz arzusu ilə ehtiyata buraxılma ilə əvəz edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx.xx.1992-ci ildə Yevlax rayonu Kövər kəndində anadan olmuşdur. H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini 2014-cü ildə bitirdikdən sonra AR Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən əlahiddə ümumqoşunları hərbi hissəsində taqım komandiri kimi xidmətə başlamış, 2018-ci ilin may ayından 2020-ci ilin aprel ayına kimi baş leytenant hərbi rütbəsində bölük komandiri vəzifəsində olmuş, 2021ci ildə mart ayında əsassız olaraq bir rütbə aşağı salınaraq leytenant rütbəsində olmuşdur. AR Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli, 01750 saylı əmri ilə xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Hazırda Yevlax rayonu Kövər kəndində valideynlərinin yanında yaşayır və AR SHXÇDX-nin Yevlax rayon şöbəsində ehtiyatda olan kimi qeydiyyata alınmışdır. O, kadr hərbi qulluqçu olduğu üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə yenidən Müdafiə Nazirliyinin nəzdində olan hərbi hissələrdən hər hansı birinə ordu sıralarına qaytarılmağı barədə dəfələrlə özü və valideynləri ərizə ilə müraciət etmişdir. Lakin onun müraciətindən imtina edilmiş, komandanlıq tərəfindən yenidən həqiqi hərbi xidmətə qəbul olunmaq barədə müsbət qərar qəbul edilməmişdir. Həmin məktubu poçt vasitəsi ilə xx.xx.2022-ci ildə almış və prosessual müddəti ötürmədən məhkəməyə iddia ərizəsi ilə müraciət edərək əmrdən onun xidmətə uyğunsuzluq kimi ehtiyata buraxılmanın götürülməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. O, sağlam olmaqla ehtiyata buraxılmış hərbi kadrdır. Hərb üzrə ali təhsil almışdır. N ildən artıq hərbi hissələrdə müxtəlif vəzifələrədə iş stajı vardır. Hərbi sahədə ondan zabit kimi istifadə edilməsindən imtina edilməsinə baxmayaraq, o, mülki sahədə (FHN, DİN, SHXÇDX) işləyə bilər. Lakin onun xidmətə uyğunsuzluq kimi ehtiyata buraxılması digər mülki sahələrdə işləməyinə mane olur. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etirazını aşağıdakı kimi əsaslandırmışdır. - iddiaçı xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət keçmiş, 0503-cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri olmuşdur. Onun haqqında verilən təqdimatda qeyd olunur ki, xidmət etdiyi müddət ərzində xidmətini düzgün təşkil etməyi bacarmayan, işgüzar kefiyyətləri və şəxsi intizamı aşağı olan, verilən tapşırığlara məsuliyyətsiz yanaşan, zabitə yaraşmayan hərəkətlərə yol verərk digər hərbi qulluqçulara pis nümunə olan bir zabit kimi göstərmiş, tabeliyində olan şəxsi heyəti vəzifəsindən kənar işlərə cəlb olunmasına şərait yaratdığına görə 27 mart 2021 -ci il tarixdə hərbi rütbəsi bir pillə aşağa salınmış, onun rütbəsinin bir pillə aşağı salınmasına baxmayaraq, o, yenə də tabeliyində olan şəxsi heyətə nəzarət etməyi bacarmamış, taqımda olan uçot sənədlərini vaxtında düzgün işləməmiş, verilən tapşırıqlara məsuliyyətsiz, biganə yanaşmış və şəxsi heyətlə kobud rəftar etmişdir. İddiaçı ilə söhbət aparılmış, aparılan söhbətlərdən, verilən intizam cəzalarından heç bir nəticə çıxarmamış, dəfələrlə intizam məsuliyyətinə cəlb olunmuşdur. Verilən intizam cəzaları öz tərbiyəvi təsirinə çatmadığından iddiaçının məsələsinə xx.xx.2021-ci ildə kiçik zabitlərin şərəf məhkəməsində baxılmış, onun həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İddiaçının göstərilən əsasla ehtiyata buraxılması barədə təqdimat verilmiş, Azərbaycan Respublikası müdafiə nazirinin 09 dekabr 2021-ci il tarixli, 01750 nömrəli əmri ilə leytenant İddiaçı 50-ci Motoatıcı birqadanın (N nömrəli hərbi hissə) 0503-cü motoatıcı taboru motoatıcı bölüyünün motoatıcı taqımının komandiri vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı, söhbət vərəqələrində xidmət müddəti ərzində özündən aslı olmayaraq nöqsanlara yol verdiyini və xidmətdən uyğunsuzluğa görə çıxmaq istədiyini bildirmişdir. İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. İddiaçı həmin əmri, yəni inzibati aktın qəbul eilməsindən 2 (iki) ay sonra onu mübahisələndirmişdir. Birinci instansiya məhkəməsinə şikayət vermək üçün qanunla müəyyən edilmiş müddətin axımı inzibati aktın elan edildiyi, təqdim edildiyi vaxtdan başlayır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunana əsasən iddiaçı inzibati-prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürmüşdür. Göstərilənlər nəzərə alınaraq, birinci instansiya məhkəməsindən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və onun vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, cavabdeh orqan iddiaçının yenidən həqiqi hərbi xidmətə qəbul olunması ilə bağlı müraciətinin təmin edilməsindən imtina etmişdir. - Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - cavabdehin xx.xx.2022-ci il tarixli etirazına qoşma kimi əlavə edilmiş xx.xx.2021ci il tarixli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, aşağıda adları çəkilən zabitlər həqiqi hərbi xidmətdən Ehtiyata Buraxılsınlar: 2. Leytenant İddiaçı, 50-ci Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 0503-cü motoatıcı taborun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri. - cavabdehin xx.xx.2022-ci il tarixli etirazına qoşma kimi əlavə edilmiş xx.xx.2021ci il tarixli təqdimatdan görünür ki, leytenant İddiaçı, A-015497 N nömrəli hərbi hissə, 0503-cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri, xx.xx.2021-ci il tarixdən, “baş leytenant”, ******* Kiçik zabitlərin şərəf məhkəməsinin vəsatətinə əsasən həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün təqdim olunur. xx.xx.2021-ci il tarixdə MNM-ƏÜOK-nın 022 r nömrəli əmri ilə hərbi rütbəsi aşağı salınıb. - 07.10.2021-ci il tarixli iddiaçı ilə aparılmış birinci söhbət vərəqəsindən görünür ki, iddiaçının xidmətində yol verilmiş nöqsanlar onun nəzərinə çatdırılmış, xidmətində dönüş yaratmayacağı halda həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılacağı bildirilmişdir. Söhbət vərəqəsi iddiaçı tərəfindən imzalanmışdır. - 11.11.2021-ci il tarixli iddiaçı ilə aparılmış ikini söhbət vərəqəsindən görünür ki, iddiaçının xidmətində yol verilmiş nöqsanlara görə kiçik zabitlərin şərəf məhkəməsində dindirilərək həqiqi həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırılması bildirilmiş,söhbət vərəqəsi iddiaçı tərəfindən imzalanmışdır. - iddiaçının xidməti vərəqəsindən çıxarışdan görünür ki, ona xx.xx.2020-ci ildə “şiddətli töhmət”, xx.xx.2020-ci ildə “şidətli töhmət”, xx.xx.2021-ci ildə “şidətli töhmət” intizam cəzaları verilmişdir. - N nömrəli hərbi hissənin kiçik zabitlərin şərəf məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, 3-cü motoatıcı taborun motoatıcı bölüyün motoatıcı taqım komandiri leytenant İddiaçı xidmətində ciddi nöqsanlara yol verdiyini, xidmətini düzgün təşkil etməyi bacarmadığını, işgüzar keyfiyyətləri və şəxsi intizamı aşağı olduğunu, verilən tapşırıqlara məsuliyyətsiz yanaşdığını, zabitə yaraşmayan hərəkətlərə yol verərək digər hərbi qulluqçulara pis nümunə olduğunu, taqımda olan uçot sənədlərini düzgün vaxtında işləməyi bacarmadığını və aparılan söhbətlərdən heç bir nəticə çıxarmadığını nəzərə alıb, onun Azərbaycan Ordusundan “həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması” barədə komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. - SHXÇDX-nin Yevlax rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 1102 nömrəli məktubuna qoşma kimi əlavə edilmiş iddiaçının şəxsi işindən görünür ki: • iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2014-cü il tarixli 0474 nömrəli əmri ilə leytenant rütbəsi verilmiş, • 26.06.2017-ci il tarixli 016r nömrəli əmri ilə baş leytenant rütbəsi verilmiş, • xx.xx.2021-ci il tarixli 022r nömrəli əmri ilə leytenant rütbəsi verilmiş, • xx.xx.2018-ci il tarixli 0159t nömrəli əmri ilə, Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı təltif edilmiş, • xx.xx.2020-ci il tarixli təqdimatda tutduğu vəzifəyə uyğun olmaması, Silahlı Qüvvələrin İntizam Nizamnaməsinə uyğun olaraq intizam cəzası qaydasında ixtisasına uyğun başqa hərbi hissədə aşağı vəzifəyə təyin olunması barədə vəsatət qaldırıldığı qeyd edilmişdir. • xx.xx.2021-ci il tarixli təqdimatda Silahlı Qüvvələrin İntizam Nizamnaməsinə uyğun olaraq intizam cəzası qaydasında hərbi rütbəsinin bir pillə “leytenant” rütbəsinədək aşağı salınması barədə vəsatət qaldırıldığı qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli təqdimatda Kiçik zabitlərin şərəf məhkəməsinin vəsatətinə əsasən Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırıldığı qeyd edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 24 noyabr 2022-ci il tarixli, 2- 1(116)-977/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01750 saylı əmrin dəyişdirilərək “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmanın “öz arzusu ilə” ehtiyata buraxılma ilə əvəz edilməsi” barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(116)-977/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1392/2022 saylı qərarı ilə onun hüquqları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Heydər Əliyev adına Ali Hərbi Məktəbi 2014-cü ildə bitirdikdən sonra AR Müdafiə Nazirliyinin Naxçıvan MR-da yerləşən Əlahiddə Ümumqoşunları hərbi hissəsində taqım komandiri kimi xidmətə başlamış, 2018-ci ilin may ayından 2020-ci ilin aprel ayına kimi baş leytenant hərbi rütbəsində bölük komandiri vəzifəsində olmuş, 2021-ci ilin mart ayında əsassız olaraq bir rütbə aşağı salınaraq leytenant rütbəsində olmuş, Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli, 01750 saylı əmri ilə xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Hazırda Yevlax rayonunun Kövər kəndində valideynlərinin yanında yaşayır və AR SHXÇDX-nin Yevlax rayon şöbəsində ehtiyatda olan kimi qeydiyyata alınmışdır. O, kadr hərbi qulluqçu olduğu üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə yenidən Nazirliyin nəzdində olan hər hansı hərbi hissələrdən birinə qayıtmağı barədə dəfələrlə özü və valideynləri ərizə ilə müraciət etmişlər. Lakin bu müraciətlərə imtina edilmişdir. Ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət edərək əmrdən onun xidmətə uyğunsuzluq kimi ehtiyata buraxılmanın götürülməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Hazırda ehtiyata buraxılmış hərbi kadrdır. Hərbi iş üzrə ali təhsil almışdır. N ildən artıq hərbi hissələrdə hərbçi kimi iş stajı vardır. Zabit kimi istifadə edilməyindən imtina edilməsinə baxmayaraq mülki sahədə FHN, DİN, SHXÇDX-də, işləyə bilər. Lakin xidmətə uyğunsuzluq kimi ehtiyata buraxılmağı digər mülki sahələrdə işləməyinə maneəçilik törədir. Ona görə də məhkəməyə iddia ilə müraciət edərək əmrin dəyişdirilərək xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmanın öz arzusu ilə ehtiyata buraxılma ilə əvəz edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Lakin məhkəmə onun bu iddiasını əsassız olaraq təmin etməmişdir. Cavabdeh olan AR Müdafiə Nazirliyi onun 2016-cı ilin avqust ayında düşmənə məxsus bir ədəd pilotsuz uçuş aparatı tağımın dayaq məntəqəsindəonun əmri ilə məhv edilib və halhazırda N nömrəli hərbi hissənin muzeyində saxlanılır. İş materiallarindan göründüyü kimi o, xx.xx.2018-ci il tarixli əmri ilə Azərbaycan Ordusunun "100 illiyi" yubiley medalı təltif edilmişdir. Komandanlıq tərəfindən 2018-ci ilin mart ayında ona bölük komandiri vəzifəsi üçün kursa getməyi təklif edilmiş, o isə özünü o vəzifəyə hazır olmadığını hiss etdiyi üçün yazılı və şifahi şəkildə N nömrəli hərbi hissənin qərargahına müraciət etmişdir. Buna baxmayaraq o, bölük komandiri hazırlıq kursuna göndərilmişdir. İşin materialında qeyd olunmuşdur ki, “tağımda olan uçot sənədlərini düzgün vaxtında işləməyi bacarmadığı qeyd olunmuşdur. Halbuki bunun əsl səbəbi araşdırılmamışdır. Belə ki, uçot sənədlərini vaxtında aparılmamasının səbəbi onun xidmətlə əlaqəli 2018-ci ilin əvvələrində digər hərbi qulluqçunun yerinə ön xətdə “Yağlı dərə” adlanan mövqeye göndərilməyidir. Uçot apardığı sənədlər isə tabor mərkəzində qaldığına görə vaxtında işlənilməmişdir. Qərarda qeyd olunub ki, N nömrəli hərbi hissənin kiçik zabitlərin şərəf məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərarında görünür ki, motoatıcı tağım komandiri kimi xidmətdə ciddi nöqsanlara yol vermiş və xidmətimi düzgün təşkil etməyi bacarmamış, nizam inzitazmım aşağı olmuşdur. Halbuki sonuncu xidmət etdiyi hərbi hissədə N dəfəyə yaxın hərbi hissənin tabor növbətçisi, N dəfəyə yaxın isə hərbi hissə növbətçisinin köməkçisi növbəsinə təyin olunmuş və layiqincə xidmət etmişdir. Hərbi hissədə keçirilən imtahanlardan (taktiki hazırlıq, fiziki hazırlıq, topoqrafıya) müsbət qiymət almışdır. Hərbi hissədə daxili növbəyə xüsusilə də zabitlərdən təyin edilən növbətçiliyə daha hazırlıqlı və nizam-intizamlı hərbi qulluqçular təyin edilir. Əgər onun nizam-intizamı aşağı idisə bu növbətçiliyə və fəaliyyətlərə cəlb olunmazdı. Qərarda həmçinin qeyd edillib ki, o, xidmət müddəti ərzində özündən aslı olmayaraq nöqsanlara yol verdiyinə və xidmətdə uyğunsuzluğa görə çıxmaq istədiyini bildirmişdir. Onunla söhbət aparan şəxs qanunla bilavasitə rəisləri olduğu halda qanunsuz olaraq hərbi hissənin kadrlar rəisinin köməkçisi olubdur. Onunla aparılan söhbətlərin sonunda atdığı imzalar təzyiq nəticəsində olmuşdur. Belə ki, onu qanunsuz yerə nə isə yazmağına çağrılan zaman getmədiyi halda taborda olan digər zabit yoldaşları ona görə narahat edilirdi. Ona görə də Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(116)-977/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(116)-977/2022 nömrəli iş üzrə qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin əmri ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin əmri mübahisələndirmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-977/2022 nömrəli qərardadı ilə hazırkı iddia ərizəsinin verilməsi üçün buraxılmış müddət üzürlü hesab edilərək bərpa edilmişdir. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(116)-977/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Bu baxımdan, cavabdehin mübahisəli əmri formal-hüquqi baxımdan qanunidir. Belə ki, həmin əmrin (inzibati aktın) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlumdur, həmin orqan buna müvafiq səlahiyyəti olan inzibati orqandır, əmr qanunvericiliyə əsasən müəyyən rəsmi sənəd formasında qəbul edilmə tələbinə cavab verən inzibati aktdır, əmrin icrası mümkündür və kimə ünvanlandığı aydındır. Mübahisəli inzibati aktın qanuniliyi maddi-hüquqi baxımdan yoxlanılarkən isə ilk növbədə hərbi qulluqçuların öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması prosedurunu tənzimləyən qanunvericiliyin müvafiq müddəaları təhlil edilməlidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X1»nin 61-ci bəndinin «z)» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -146-cı bəndinə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosialiqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar. Hərbi xidmət şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu, hərbi Nizamnamələr, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri və bu Əsasnamə ilə müəyyənləşir. Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə hazırlığını daim möhkəmləndirmək. Əsgəri borcunu yerinə yetirərkən özünün bütün qüvvəsini və hətta həyatını əsirgəməmək, hərbi xidmətin ağırlıq və məhrumiyyətlərinə mətanətlə dözmək, vətənin mənafeyi və yuxarı rəislərin əmrləri harada tələb edirsə orada vicdanla xidmət etmək, hərbi, texniki və ixtisas biliklərini daim təkmilləşdirmək, tabeliyində olanlara nümunə olmaq, ona tapşırılan silah və döyüş texnikasını bilmək və ondan bacarıqla istifadə etmək, döyüş və ictimai siyasi hazırlığını təkmilləşdirmək, nizamnamə qaydalarını qorumaq, hərbi intizamı möhkəmləndirmək, həmişə və hər yerdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, öz hərbi hissəsinin şərəfini, döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini və ləyaqətini qorumaq, qanunların, hərbi andın və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etmək, dövlət və ictimai mülkiyyətin qorunmasına qayğı ilə yanaşmaq, yüksək sayıqlıq göstərmək, dövlət sirlərini ciddi qorumaq, vəzifə tapşırıqlarının həllində təşəbbüs və yaradıcılıq, döyüş şəraitində bacarıq nümayiş etdirmək, yüksək şəxsi icraçılıq, böyük komandirlərin və rəislərin əmr və sərəncamlarının vaxtında yerinə yetirilməsi üçün şəxsi cavabdehlik nümunəsi olmaq hərbi qulluqçunun vəzifəsidir. - 156-cı bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: (-) e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); - 162-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir; Əsasnamənin 168-ci bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156–158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Məlum olduğu kimi iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021ci il tarixli, 01750 №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, hərbi qanunvericiliyin sadalanan normalarının mənasına görə, hərbi qulluqçuların öz arzusu ilə yaxud xidməti uyğunsuzluqla həqiqi hərbi xidmətdən ehtiyata buraxılması müxtəlif faktiki və qanuni əsaslara söykənir. Bu eyni zamanda buraxılmağa təqdim olunmazdan qabaq bilavasitə rəis tərəfindən tərtib olunan buraxılma haqqında təqdimatın (raportun) əsaslarının da fərqli olması deməkdir. Birincin instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, iddiaçının iddia ərizəsinin dəlillərinin, iş üzrə verdiyi izahatların təhlili onu göstərir ki, iddiaçı “xidməti uyğunsuzluğa görə” hərbi xidmətdən buraxılması ilə razılaşmır və bunu qanunsuz hesab edir. Bununla belə iddiaçının mübahisələndirilən əmr verilməmişdən öncə, öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün bilavasitə rəisinə raportla müraciət etməsi, sonuncunun isə həmin əsasla yuxarı komandanlıq qarşısında təqdimatla çıxış etməsi (bu barədə vəsatət qaldırması) iş materialları ilə təsdiqini tapmır. İlkin iddia tələbinə görə iddiaçı, cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01750 saylı əmrdən xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmasının götürülməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirinə ünvanlanan müraciətlərindən görünür ki, o faktiki olaraq ordu sıralarına geri qaytarılmasını cavabdeh orqandan xahiş etmişdir. Yəni, iddiaçının ilkin hüquqi marağı xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması barədə əmrin ləğv edilərək, həqiqi hərbi xidmətə bərpa edilməsi olmuşdur. Sonradan isə iddiaçı xx.xx.2021-ci il tarixli 01750 saylı əmrin “xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması” hissəsinin dəyişdirilərək “öz arzusu ilə” ehtiyata buraxılma ilə əvəz edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Lakin, iş materiallarından görünür ki, iddiaçı “xidmətə uyğunsuzluğa görə” ehtiyata buraxılanadək ümumiyyətlə cavabdeh orqana “öz arzusu ilə” ehtiyata buraxılma ilə bağlı müraciət etməmişdir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının ilkin olaraq hüquqi marağı həqiqi hərbi xidmətə bərpa edilmək olmuşdur. Odur ki, iddiaçının “öz arzusu ilə” ehtiyata buraxılma ilə bağlı cavabdeh orqana müraciət etmədiyi halda xx.xx.2021-ci il tarixli 01750 saylı əmrin “xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması” hissəsinin dəyişdirilərək “öz arzusu ilə” ehtiyata buraxılma ilə əvəz edilməsini tələb etməsi anlaşılan deyil. Digər tərəfdən işdə olan iddiaçı barəsində tərtib edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçı xx.xx.2015-ci il tarixdən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlamış, xx.xx.2016-cı il tarixdən N №-li hərbi hissədə 5-ci motoatıcı taborun 15-ci motoatıcı bölüyün 3-cü motoatıcı tağım komandiri, xx.xx.2018-ci ildən həmin hərbi hissənin 1-ci mexanikləşdirilmiş taborun qərargah bölüyünün komandiri, xx.xx.2019-cu ildən N №-li hərbi hissənin 2-ci taborun 6-cı bölüyün komandiri, xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissənin 5-ci taborun 16-cı bölüyünün 2-ci taqım komandiri, 3-cü taborun 9-cu bölüyünün 2-ci taqımının komandiri vəzifəsində işləmişdir. Ona hərbi hissə komandiri, qərargah rəisi və tabor komandiri tərəfindən dəfələrlə töhmət və şiddətli töhmətlər verilmişdir. N nömrəli hərbi hissə tərəfindən iddiaçı barəsində verilmiş xidməti xasiyyətnamədə o, mənfi xarakterizə edilmiş, onun şəxsi və iş keyfiyyətləri qənaətbəxş hesab edilməyərək bildirilmişdir ki, o, xidmət etdiyi müddət ərzində xidməti vəzifəsini nizamnamələr çərçivəsində yerinə yetirməyi bilmir. O, şəxsi heyətin xidmətinə düzgün nəzarət etməyi bacarmır, zabitə yaraşmayan hərəkətlərə yol verir və bununlada başqa hərbi qulluqçulara pis nümunə olur. Leytenant Abbasov tabeliyində olan şəxsi heyətin işgüzarlıq və mənəvi keyfiyyətlərini, həçinin adını, soyadını və təvəllüdünü, ailə vəziyyətini, döyüş və ictimaisiyasi hazırlıq üzrə müvəffəqiyyət və çatışmazlıqlarını bilmir. Taqımda hərbi intizamın və daxili qayda-qanunun möhkəmləndirilməsində çətinlik çəkir. Verilən tapşırıqların yerinə yetirilməsi zamanı üzərində nəzarət olunmasına ehtiyac var. Ətrafındakıları inandırmaq qabiliyyəti zəifdir. Bilik səviyyəsini və bacarığını artırmaq üçün öz üzərində çalışmır. Təşkilatçılıq qabiliyyəti yoxdur. Xidmət etdiyi kollektivdə nisbətən hörmətə malikdir. İddiaçı barəsində xx.xx.2020-ci il tarixli təqdimatla tutduğu vəzifəyə uyğun olmaması, Silahlı Qüvvələrin İntizam Nizamnaməsinə uyğun olaraq intizam cəzası qaydasında ixtisasına uyğun başqa hərbi hissədə aşağı vəzifəyə təyin olunması barədə, xx.xx.2021-ci il tarixli təqdimatla Silahlı Qüvvələrin İntizam Nizamnaməsinə uyğun olaraq intizam cəzası qaydasında hərbi rütbəsinin bir pillə “leytenant” rütbəsinədək aşağı salınması barədə və xx.xx.2021-ci il tarixli təqdimatla kiçik zabitlərin şərəf məhkəməsinin vəsatətinə əsasən Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Sözügedən vəsatətlərə əsasən Əlahiddə Ümumqoşun Ordu Komandanının xx.xx.2020-ci il tarixli 04N №-li əmri ilə N №-li hərbi hissənin 2-ci taborun 6-cı bölüyün komandiri vəzifəsindən – aşağı vəzifəyə N nömrəli hərbi hissənin 5-ci taborun 16-cı bölüyünün 2-ci taqım komandiri vəzifəsinə təyin edilmiş, X2 Komandanının xx.xx.2021-ci il tarixli 022r №-li əmri ilə hərbi rütbəsi “leytenant” hərbi rütbəsinədək bir pillə aşağı salınmış, həmçinin xx.xx.2021-ci il tarixdə iddiaçının xidmətində ciddi nöqsanlara yol verməsi, xidmətini düzgün təşkil etməyi bacarmaması, işgüzar keyfiyyətləri və şəxsi intizamının aşağı olması, verilən tapşırıqlara məsuliyyətsiz yanaşması, zabitə yaraşmayan hərəkətlərə yol verərək digər hərbi qulluqçulara pis nümunə olması, taqımda olan uçot sənədlərini düzgün vaxtında işləməyi bacarmaması və aparılan söhbətlərdən heç bir nəticə çıxarmaması məsələlərinə kiçik zabitlərinin şərəf məhkəməsində baxılmış, kiçik zabitlərinin şərəf məhkəməsində iştirak edən iddiaçının zabit yoldaşları iddiaçının iş və şəxsi keyfiyyətlərini mənfi xarakterizə edərək onun “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması təkliflərini irəli sürmüşlər. Eyni zamanda iddiaçının tutduğu vəzifəyə uyğun olmaması və intizam cəzası qaydasında ixtisasına uyğun başqa hərbi hissədə aşağı vəzifəyə təyin olunması barədə xx.xx.2020-ci il tarixli təqdimatın əsaslandırılmasında onun xx.xx.2020-ci il tarixdə hərbi qulluqçunun ləyaqətini ləkələyərək zabit yoldaşının ailəsinə zəng vuraraq onları narahat etməsi qeyd edilmişdir. N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsi qeyd olunanları nəzərə alaraq “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən iddiaçının Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını qərara almışdır. N nömrəli hərbi hissənin komandiri tərəfindən iddiaçının xidməti vəzifəyə uyğun olmaması əsası ilə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün vəsatət qaldırılmış və təqdimat verilmişdir. Qeyd edilənlərə əsasən iddiaçının xidməti və şəxsi keyfiyyətləri barədə hərbi hissənin mənfi mülahizəsi, şərəf məhkəməsinin iclasında zabit yoldaşları tərəfindən bildirilən hallar və barəsində tətbiq edilmiş intizam cəzalarının həqiqiliyi şübhə doğurmur. İnzibati orqanın qərar qəbul edərkən işin mahiyyətinə yad olan aspektləri nəzərə alıbalmamasını yoxlayarkən, məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini həmin səlahiyyətin məqsədinə (şübhə mövcud olduğu təqdirdə bu məqsəd təfsir vasitəsilə araşdırılır) uyğun həyata keçirib keçirmədiyinə nəzər yetirir. İnzibati orqanın diskresion səlahiyyət daxilində qəbul etdiyi qərar inzibati icraatın gedişində lazımi qaydada və tam şəkildə müəyyən edilmiş faktlara əsaslanmalıdır. Diskresion səlahiyyət əsasında qəbul edilmiş və işin mahiyyətinə uyğun əsaslandırılmış qərarın yoxlanılması zamanı inzibati orqanın inzibati icraatın ümumi prinsiplərini nəzərə alması da həlledici əhəmiyyət kəsb edir. Buraya, həmçinin bərabərlik prinsipinə riayət edilməsi (İİQ-nin N-ci maddəsi) və mütənasiblik prinsipinin nəzərə alınması (İİQ-nin 17-ci maddəsi) aiddir. Mütənasiblik prinsipinə müvafiq olaraq, inzibati orqanın hüquqlara müdaxilə edən tədbirləri inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, eləcə də həmin məqsədə çatmaq üçün zəruri və yararlı olmalıdır. Mütənasiblik yararlılıq, zərurilik və uyğunluq kimi üç əlamətdən ibarətdir. Şəxsin subyektiv hüquqlarına müdaxilə o halda qeyri-mütənasib hesab olunur ki, o, güdülən məqsədə çatmaq üçün yararsız və ya qeyri-zəruri olsun (məsələn, həmin məqsədə çatmaq üçün daha yumşaq vasitənin olması səbəbindən). Bundan başqa, konkret müdaxilə güdülən məqsədə qeyri-mütənasib ola bilməz. İnzibati orqanın diskresion səlahiyyəti həyata keçirə bildiyi və ya həyata keçirməli olduğu şəraitdə qəbul etdiyi qeyri-mütənasib inzibati akt, təkcə qeyri-mütənasib hissəyə münasibətdə deyil, bütövlükdə qanunsuz hesab olunur. Qeyd olunanlar ayrı-ayrılıqda aşağıdakıları bildirir: İnzibati orqan yararlı olan tədbiri həyata keçirmiş olmalıdır. Bu, o deməkdir ki, inzibati orqan hər hansı bir müdaxilə tədbiri həyata keçirməklə icazə verilən, qanuni məqsəd güdür və həmin tədbir bu məqsədə çatmanı təmin etməlidir. İnzibati orqanın hərəkəti həmçinin zəruri olmalıdır. Dövlətin adından edilən hərəkətin zəruriliyi ona görə vacib amil hesab olunur ki, kiçik problemlərin böyük tədbirlər vasitəsilə aradan qaldırılması hüquqi dövlətin tələblərinə uyğun sayılmır. Tədbir o zaman zəruri olur ki, inzibati orqan mümkün olan bir neçə yararlı davranış variantından maraqlı şəxsə münasibətdə ən yumşağını seçsin. İnzibati orqanın hərəkəti eyni zamanda mütənasib, yəni uyğun olmalıdır. Əgər yararlı və digər vasitələrlə müqayisədə, hətta ən yumşaq olan vasitə belə, vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli olmazsa, tətbiq edilə bilməz. Məqsəd və vasitə arasındakı mütənasiblik İİQnin 17-ci maddəsində təsbit edilən və bütün inzibati orqanların davranışına şamil edilməli olan prinsipdir. Yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, hazırkı halda mübahisələndirilən əmr “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, xidməti vəzifələrinin icrasına laqeydlik nümayiş etdirən, xidməti vəzifələrinin öhdəsindən gələ bilməyən, xidməti və şəxsi keyfiyyətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətini davam etməyə imkan verməyən iddiaçının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən xidmətdən ehtiyata buraxılması qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01750 saylı əmrin dəyişdirilərək xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmanın öz arzusu ilə ehtiyata buraxılma ilə əvəz edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(116)-977/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar