Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-195/2021 26.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs: X12) qarşı "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ünvan 1i ünvanında yerləşən, 0.0604 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq üzərində tam, fərdi yaşayış evi üzərində isə ½ hissə olmaqla X7, fərdi yaşayış evinin digər ½ hissəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında qəbul etdiyi qərarın ləğv olunması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(116)- 66/2021 nömrəli qərarından iş üzrə İddiaçı vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Zaqatala rayon məhkəməsinin 17 aprel 2018-ci il tarixli 2(033)-420/2018 nömrəli qətnaməsi ilə iddiaçı X3 ilə üçüncü şəxs X7 birgə nikahları dövründə əldə edilmiş, ünvan 2ində yerləşən, cavabdeh X8 verilmiş 641,94 kv.m torpaq sahəsi üzərində 1999-cu ildə tikilmiş, ümumi sahəsi 147 kv.m., yaşayış sahəsi 102 kv.m. olan fərdi yaşayış evi ərarvadın ümumi birgə mülkiyyəti sayılmış və həmin fərdi yaşayış evində tərəflərin payı bərabər hesab edilmişdir. Həmin qətnamənin icrası qaydasında cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 29.04.2019-cu il tarixdə iddiaçının həmin fərdi yaşayış evi və torpaq sahəsi üzərində ½ hissə ilə paylı mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona müvafiq çıxarış verilmişdir. Cavabdeh inzibati orqan 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən iddiaçıya 17 dekabr 2019-cu il tarixli **********86 saylı məktub göndərilərək bildirilmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Zaqatala rayonu, Çökəkoba kəndi ünvanından yerləşən, 0.0604 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qeydiyyatı zamanı buraxılmış texniki səhvlər daşınmaz əmlakın dövlət reyestrində aradan qaldırılaraq həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq üzərində tam, fərdi yaşayış evi üzərində isə 1/2 hissə olmaqla X7, fərdi yaşayış evinin digər 1/2 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, cavabdeh inzibati orqan qəbul etdiyi inzibati aktla 1/2 hissə ilə iddiaçının mülkiyyətində olan və ünvan 2i ünvanında yerləşən fərdi yaşayış sahəsinə aid 0,0604 ha torpaq sahəsinə mükiyyət hüququnun qeydiyyatını ləğv etmişdir. Cavabdehin etirazının dəlilləri: İş üzrə 3-cü şəxs X2 rayonu, Çökəkoba kəndi ünvanında 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Hudulova (Məmmədova) Gülüşən Məhəmməd qızının adına aparılmış qeydiyyatda düzəliş edilərək yalnız fərdi yaşayış evinin 1/2 hissəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Belə ki, Zaqatala rayonu, Çökəkoba kəndi ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0604 ha torpaq sahəsi Zaqatala rayonu, Çökəkoba kəndində aparılan torpaq islahatı zamanı yalnız X7 mülkiyyətinə verildiyini nəzərə alaraq, texniki səhv nəticəsində qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1/2 hissəsi üzərində İddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququnun qeydiyyatı zamanı buraxılan texniki səhv aradan qaldırılmış və münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə bildiriş göndərilmişdir. İddia ərizəsi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, Zaqatala rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(033)-420/2018 saylı qətnaməsinə əsasən Zaqatala rayonu, Çökəkoba kəndi ünvanında yerləşən cavabdeh X8 verilmiş 0,0641 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ər-arvadın ümumibirgə mülkiyyəti sayılmış və həmin fərdi yaşayış evində tərəflərin payının bərabər hesab edilməsi qət edilmişdir. Lakin, qeyd olunan fərdi yaşayış evi üzərində İddiaçı hüquqlarının dövlət reyestrində qeydiyyatı zamanı texniki səhv nəticəsində qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində də hüquqular daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı arxiv qovluğunda saxlanılan sənədlər təqdim olunur). Belə ki, iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətinə verilmiş, Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək, Hudulova (Məmmədova) Gülüşən Məhəmməd qızının adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2- 1(84)-19/2019 saylı işin araşdırılması zamanı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 12.07.2018-ci il tarixli, **********13 nömrəli məktubla təqdim olunmuş mütəxəssis rəyindən məlum olmuşdur ki, Kadastr və Yerqululuşu Layihə Tədqiqat X4 Məmmədovaya torpaq sahəsinin verilməsi barədə məlumat yoxdur. "Bakı fəhləsi” kolxozunun torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında yalnız X7 adı vardır. Məlumat üçün bildiririk ki, Zaqatala rayonu, Çökəkoba kəndi ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə keçmiş DTİ və MHQİ tərəfindən 03 nömrəli reyestr kitabının 43-cü səhifəsində X7 adına qeydiyyata alınmışdır. Sərəncamın 2-ci hissəsinin 3-cü bəndində qeyd olunan məsələ ilə bağlı bildiririk ki, Hudulova (Məmmədova) Gülüşən Məhəmməd qızı və onun vəkili Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(84)-19/2019 saylı işin araşdırılması ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 12.07.2018-ci il tarixli, **********13 nömrəli məktubla təqdim olunmuş mütəxəssis rəyindən məlumatlıydılar. Bundan başqa, Hudulova (Məmmədova) Gülüşən Məhəmməd qızı ərazi idarəsinə dəvət olunaraq qeyd olunan texniki səhv barədə ona məlumat verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında 3-cü şəxs iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 04.02.2021-ci il tarixli, 2-1(116)-66/2021 saylı qərarı ilə, iddia tələbi təmin edilməmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs: X12) qarşı "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ünvan 1i ünvanında yerləşən, 0.0604 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq üzərində tam, fərdi yaşayış evi üzərində isə 1/2 % hissə olmaqla X7, fərdi yaşayış evinin digər 1/2 % hissəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında qəbul etdiyi qərarın ləğv olunması" tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Qeyd etmişdir ki, üçüncü şəxsin torpaq sahəsinə iddiaçıdan əvvəl mülkiyyət hüququ olmamışdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, Zaqatala rayon Məhkəməsinin 17 aprel 2018ci il tarixli, 2(033)-420/2018 saylı qətnaməsinə əsasən Zaqatala rayonu, Çökəkoba kəndi ünvanında yerləşən cavabdeh X8 verilmiş 0,0641 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ər-arvadın ümumbirgə mülkiyyəti sayılmış və həmin fərdi yaşayış evində tərəflərin payının bərabər hesab edilməsi qət edilmişdir. Lakin, qeyd olunan fərdi yaşayış evi üzərində İddiaçı hüquqlarının dövlət reyestrində qeydiyyatı zamanı texniki səhv nəticəsində qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində də hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, Zaqatala Rayon Məhkəməsinin 17.04.2018-ci il tarixli, 2(033)-420/2018 saylı qətnaməsindən də görünür ki, iddiaçı X3 iddia ərizəsində Zaqatala rayonu, Çökəkoba kəndində X8 05.09.1995-ci il tarixində 0.06 ha həyətyanı torpaq sahəsi verildiyini, 3-cü şəxslə 26.10.1996-cı il tarixində nikaha daxil olduğunu, 1999-cu ildə 3-cü şəxsə məxsus torpaq sahəsində ev tikib ora köçmək qərarına gəldiklərini qeyd etmişdir. Göründüyü kimi iddiaçı mübahisəli torpaq sahəsinin 3-cü şəxsə məxsus olduğunu qəbul etmiş, əmlak bölgüsü tələbində torpaq sahəsinə dair iddia irəli sürməmişdir. Yanlız həmin torpaq sahəsi üzərində tikilmiş evə dair tələb irəli sürmüşdür ki, ona münasibətdə də iddiası təmin olunmuşdur. Cavabdeh inzibati orqan qətnaməni icra edərkən texniki səhvə yol verməklə iddiaçının mövcud olmayan hüququnu qeydə almış, bununla da 3-cü şəxsin torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu pozmuşdur. Qeyd olunan texniki səhvi inzibati orqan özü sonradan aradan qaldırmış, nəticədə hazırki mübahisə yaranmışdır.Məhkəmə Zaqatala rayon məhkəməsinin sözügedən qətnaməsini ya səhv şərh edib, ya da təhrif etmişdir. Çünki nə həmin qətnamədə, nə də ümumbirgə mülkiyyətin bölünməsinə qədər mövcud olan hər hansı bir başqa sənəddə mübahisəli torpaq sahəsinə üçüncü şəxs X7 mülkiyyət hüququ ifadə olunmamışdır. Sənədlərdə yalnız fərdi yaşayış evinin yerləşdiyi sahə kimi həmin torpaq sahəsi göstərilib. Torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququ isə dövlət reyestrində heç vaxt qeyd olunmayıb. İddia tələbi öhdəliyin icrası haqqında yox, inzibati aktın mübahisələndirilməsi qaydasında mümkün sayılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Halbuki, cavabdeh inzibati orqan tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyat yalnız mülki-hüquqi əqd və ya başqa inzibati orqanın qəbul etdiyi inzibati akt əsasında aparılmır. Belə qeydiyyat eləcə də onun özü tərəfindən qanunvericiliklə verilmiş səlahiyyətlər daxilində qəbul edilən və vətəndaşa daşınmaz əmlaka hüquqların yaranmasına və ya xitamına əsas olan inzibati akt əsasında da aparılır. Mübahisəli torpaq sahəsi 05.09.1995-ci il tarixli sərəncamla fərdi yaşayış evi tikilməsi məqsədilə üçüncü şəxs X8 ayrılsa da, torpaq sahəsi onun mülkiyyətinə verilməmişdir. Çünki həmin dövrdə torpağın vətəndaşın mülkiyyətinə verilməsinə dair qanunlar qəbul olunmamışdır. Yalnız 16.07.1996-cı ildə qəbul olunmuş “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Bu Qanunun 10-cu maddəsində göstərilmişdir ki, fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşin mübahisə olunmayan hallarından göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ nə nikahdan əvvəl, nə də nikah müddətində qeydiyyata alınmışdır. Üçüncü şəxs özü də bunun üçün qanunvericilklə nəzərdə tutulan müraciəti etməmişdir. İş materiallarında tarixsiz, cavabdeh inzibati orqan tərəfindən 13.03.2020-ci il tarixdə surəti təsdiq edilərək məhkəməyə təqdim olunmuş qeydiyyat vəsiqəsi vardır. Bu sənəddə yazılan qeydlərdən görünür ki, onun verilməsinə əsas olmuş sənədlərdən biri də Göyəm ərazi nümayəndəliyinin 09.04.2004 tarixli 577 №-li arayışı olmuşdur. Bu sənədin aid olduğu fərdi yaşayış evinin ilk texniki pasportu da 2004-cü ilin aprel ayında verilmişdir. Beləliklə, həmin sənədlər təsdiq edir ki, mübahisəli torpaq sahəsi üzərində fərdi yaşayış evi 1999-cu ildə tikilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestrində isə 2004-cü il aprel ayının 9-dan sonra qeydə alınmışdır. Sənədlər üçüncü şəxs Araz Məmmədovun yalnız fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyata alındığını göstərir. Onun torpağa mülkiyyət hüququ qeydə alınmamışdır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 04.02.2021-ci il tarixli, 2-1(116)-66/2021 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və kollegiyanın iclasında tədqiq edilmiş: - 16.12.2019-cu il tarixli **********41-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, torpaq sahəsi 0.0604, ümumi sahəsi 133.50 kv.m olan fərdi yaşayış evi İddiaçı fərdi yaşayış evinin 1/2 % hissəsi, X8 fərdi yaşayış evinin 1/2 % hissəsi və torpaq sahəsi tam bölünmüşdür. - 29.04.2019-cu il tarixli **********41-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, torpaq sahəsi 0.0604, ümumi sahəsi 133.5 kv.m olan fərdi yaşayış evi İddiaçı və X8 arasında 1/2 % hissə olmaqla bölünmüşdür. - A seriyalı 148226 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiqlənmiş surətindən görünür ki, X10 Komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 nömrəli qərarı ilə ünvan 2ində yerləşən 641.94 kv.m torpaq sahəsi X7 adına qeydiyyata alınmışdır. X11 kitabında 11.03.2009-cu il tarixdə 219 nömrə ilə uçota alınmışdır. - 18 saylı Zaqatala Layihə-Tədqiqat İdarəsinin Mütəxəssis Rəyindən görünür ki, Kadastr və Yerquruluşu Layihə Tədqiqat X4 Məmmədovaya torpaq sahəsi verilməsi barədə məlumat yoxdur. "Bakı fəhləsi” kolxozunun torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında tək X7 adı vardır. - Zaqatala Rayon Məhkəməsinin 17.04.2018-ci il tarixli 2(033)-420/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 ilə cavabdeh X7 birgə nikahları dövründə əldə edilmiş ünvan 2ində yerləşən cavabdeh X8 verilmiş 641,94 kv.m torpaq sahəsi üzərində 1999-cu ildə tikilmiş, ümumi sahəsi 147 kv.m. yaşayış sahəsi 102 kv.m olan fərdi yaşayış evi ər-arvadın ümumi birgə mülkiyyəti sayılmış və həmin fərdi yaşayış evində tərəflərin payı bərabər hesab edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.10.2018-ci il tarixli 2-1(107)- 1880/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(033)-420/2018 nömrəli qətnaməsi qismən-iddiaçı X1 “xxxx” Açıq Səhmdar Cəmiyyətininin Zaqatala filialı ilə 11.09.2017-ci il tarixdə bağladığı 139GTKR172540501 nömrəli kredit müqaviləsindən yaranmış 2300 (iki min üç yüz) manat kredit borcundan nikahın pozulduğu vaxtdan sonuncu ödəniş günü olan 11.12.2018-ci il tarixədək qalan 2227,56 manat borcun yarısı yəni, 1113,78 manat məbləğində borcun cavabdeh X6 alınıb iddiaçıya verilməsi hissəsində ləğv edilmiş, iş üzrə ləğv olunan hissə ilə bağlı yeni qətnamə qəbul edilmiş və iddiaçı X1 cavabdeh X8 qarşı iddiasının “xxxx" Açıq Səhmdar Cəmiyyətinə ümumi borcları olan 2784.45 (iki min yeddi yüz səksən dörd manat qırx beş qəpik) manatın yarısının cavabdehdən alınaraq, ona verilməsi hissəsi rədd edilmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Zaqatala rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(033)-420/2018 saylı qətnaməsinə əsasən Zaqatala rayonu, Çökəkoba kəndi ünvanında yerləşən cavabdeh X8 verilmiş 0,0641 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ər-arvadın ümumibirgə mülkiyyəti sayılmış və həmin fərdi yaşayış evində tərəflərin payının bərabər hesab edilməsi qət edilmişdir. Lakin, qeyd olunan fərdi yaşayış evi üzərində İddiaçı hüquqlarının dövlət reyestrində qeydiyyatı zamanı texniki səhv nəticəsində qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində də hüquqular daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, Zaqatala Rayon Məhkəməsinin 17.04.2018-ci il tarixli 2(033)-420/2018 saylı qətnaməsindən də görünür ki, iddiaçı X3 iddia ərizəsində Zaqatala rayonu, Çökəkoba kəndində X8 05.09.1995-ci il tarixində 0.06 ha həyətyanı torpaq sahəsi verildiyini, 3-cü şəxslə 26.10.1996-cı il tarixində nikaha daxil olduğunu, 1999-cu ildə 3-cü şəxsə məxsus torpaq sahəsində ev tikib ora köçmək qərarına gəldiklərini qeyd etmişdir. Göründüyü kimi iddiaçı mübahisəli torpaq sahəsinin 3-cü şəxsə məxsus olduğunu qəbul etmiş, əmlak bölgüsü tələbində torpaq sahəsinə dair iddia irəli sürməmişdir. Yanlız həmin torpaq sahəsi üzərində tikilmiş evə dair tələb irəli sürmüşdür ki, ona münasibətdə də iddiası təmin olunmuşdur. Cavabdeh inzibati orqan qətnaməni icra edərkən texniki səhvə yol verməklə iddiaçının mövcud olmayan hüququnu qeydə almış, bununla da 3-cü şəxsin torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu pozmuşdur. Qeyd olunan texniki səhvi inzibati orqan özü sonradan aradan qaldırmış, nəticədə hazırki mübahisə yaranmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 16.1 -ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. - 16.1-1 -ci maddəsinə əsasən bu Qanunun 16.1 -ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. -23.1 -ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. -23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisəli torpaq sahəsinin 3-cü şəxsə məxsus olduğunu qəbul etmiş, əmlak bölgüsü tələbində torpaq sahəsinə dair iddia irəli sürməmişdir. Yanlız həmin torpaq sahəsi üzərində tikilmiş evə dair tələb irəli sürmüşdür ki, ona münasibətdə də iddiası təmin olunmuşdur. Cavabdeh inzibati orqan qətnaməni icra edərkən texniki səhvə yol verməklə iddiaçının mövcud olmayan hüququnu qeydə almış, bununla da 3-cü şəxsin torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu pozmuşdur. Qeyd olunanlar Zaqatala Rayon Məhkəməsinin 17.04.2018-ci il tarixli 2(033)-420/2018 saylı qətnaməsi və iş materiallarına əlavə edilmiş cavabdeh inzibati orqanın sənədləri ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 04.02.2021-ci il tarixli, 2-1(116)-66/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(116)-66/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-195/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-195/2021
26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver