Məhkəmə qərarları › İş №2-1(107)-195/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-195/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-195/2024 14.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X1rşı “Cavabdehin qərarının ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2-1(116)-267/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin “imtina qərarının ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1967-ci il tarixdə Göyçay rayonunda anadan olmuşdur. Ona əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsinə barədə cavabdeh tərəfindən qərar qəbul edilmişdir. Verilmiş imtina cavabında imtinanın səbəbi “diaqnoz əlillik əlaməti təyin etmir. Ətraflı: Diaqnoz və müayinələr əlillik təyininə əsas vermir” kimi qeyd edilir.

3. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-ı'n 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırkı işin faktiki hallarından görünür ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi ona xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və ona əlillik təyin edilməsidir. Göründüyü kimi iddiaçının hazırki tələb ilə nail olmaq istədiyi nəticə məhz əlilliyin təyin olunmasıdır. İddiçıya inzibati orqan tərəfindən verilmiş imtina xx.xx.2021-ci il tarixində imtina olunmasna baxmayaraq iddiaçı 2023-cü ilin may ayında müraciət etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirik.

4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 16 yanvar 2024-cü il tarixli, 2- 1(116)-267/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

6. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

7. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2-1(116)-267/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2-1(116)-267/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının hazırkı iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2019cu il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021cu il tarixdə təkrar müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021cu il tarixdə təkrar müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2148/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. - İş materiallarında olan xx.xx.2023-cü il tarixli T 812/2023 saylı ekspert rəyindən görünür ki, 1967-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmətibbi müayinəsinə və qərardadda göstərilən uyğun komissiya nəticəyə gəlir: “Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma 088 göndərişindən görünür ki, o, Forma 088 qeyd edilmiş “Aşağı ətraf venalarının xora və iltihabi prosseslə birgə müşahidə olunan varikoz genəlməsi. Sol baldır dərisinin hiperpiqmentasiyası. Xroniki venoz çatmamazlıq İV dərəcəli CERP təsnifatı ilə. Sol aşağı ətrafın postrombotik sindromu. Sol aşağı ətrafın limfostazı, baldırın aşağı 1/3nin hiperpiqmentasiyası. Hər iki baldır nahiyələrində daimi ağrı sindromu. Hipertoniya xəstəliyi” xəstəliklərdən əziyyət çəkir. Yuxarıda qeyd olunan xəstəliklər xroniki olduqlarından reabilitasiya bərpa müalicəsi nəticəsində aradan qalxması mümkün deyildir. “Göyçay Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 21 iyul 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, iddiaçı “Sol aşağı ətrafın postravmatik sindromu, Hər iki böyük dərialtı venaların ikincili varikozu, Qeyri tam rekanolizasiya, keçirilmiş iliofemorol tromboflebitdən sonrakı vəziyyət” diaqnozu ilə RMX-da qeydiyyatda olmaqla ambulator müayinələrini davam etdirir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1- dək əlilliyi olan şəxs hesab edilir.

14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na əsasən bu Meyarlar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2-1(116)-267/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

18. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.2 və 33.1-ci maddələri) aid olan məcburetmə haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli qərarla iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmiş, bunu diaqnoz və müalicələr əlillik təyininə əsas vermir kimi əsaslandırmışdır. İş materiallarında cavabdeh orqan tərəfindən iddiaçıya müvafiq qərarının hansı tarixdə verilməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

23. “İnzibati icraat haqqında” Qanunun qeyd edilən müddəalarından göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər.

24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1- dək əlilliyi olan şəxs hesab edilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na əsasən bu Meyarlar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.

27. cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina dəlili “diaqnoz və müalicələr əlillik təyininə əsas verməməsi” ilə bağlı olmuşdur.

28. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2019-cu ildə, xx.xx.2021-ci il və xx.xx.2021-ci illərdə təkrar müayinə olunmuş, diaqnoz və müalicələr əlillik təyininə əsas verməməsi üçün imtina edilmişdir.

29. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmətibbi ekspertiza nəticəsində iddiaçının təsdiq olunmuş diaqnoz həmin “Meyarlar”da göstərilən əlillik əlaməti müəyyənləşdirən xəstəliklərlə eyniyyət təşkil etsə də iddiaçının mübahisələndirdiyi göndəriş zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunan xəstəliklərlə eyniyyət təsdiq etmir.Yəni,iddiaçıya qoyulmuş diaqnoz öz təsdiqini tapsa da həmin diaqnoz əlillik əlamətləri təyin etmədiyindən cavabdehin imtinası qanuni olmuşdur.

30. Yuxarıda sadalananlara və iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçının sağlamlıq vəziyyəti əyani olaraq müayinə edilmiş ,cavabdeh tərəfindən imtina əsası kimi qeyd olunan “diaqnoz və müalicələr əlillik təyininə əsas verməməsi” öz təsdiqini tapmışdır.

31. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə uyğun olaraq inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə cavabdeh iddiaçıya əlillik dərəcəsinin təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2-1(116)-267/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar