Məhkəmə qərarları › İş №2-1(107)-197/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-197/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-197/2023 21.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Zaqatala Rayonu Zaqatala Bələdiyyəsinə qarşı “Zaqatala şəhəri Zaqatala Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və 34 kv.m bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2-1(116)-1648/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Şıxamiroviç Cavabdeh Zaqatala rayonu Zaqatala bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışda qeyd olunmuş, xüsusi mülkiyyətində olan 85.2 kv.m torpaq sahəsinin qarşısında ona bitişik yerləşən 34 kv.m bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Zaqatala şəhər bələdiyyəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair müvafiq hərəkətlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı, daha sonra məhkəmənin hüquqi yardımı əsasında tələbini dəqiqləşdirərək “Zaqatala şəhəri Zaqatala bələdiyyəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışda qeyd olunmuş, xüsusi mülkiyyətində olan 85.2 kv.m torpaq sahəsinin qarşısında ona bitişik yerləşən 34 kv.m bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1648/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışla xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə bitişik bələdiyyə mülkiyyətində olan 34 kv.m torpaq sahəsinin ona satılmasına köməklik göstərilməsi üçün cavabdeh orqana müraciət etmiş, sözügedən torpaq sahəsinin onun istifadəsində olmasını, həmin torpaq sahəsi üzərində mişar daşlarından tikilmiş yarımçıq hasarın mövcud olmasını və torpaq sahəsindən uzun illər ərzində özünün istifadə etməsini bildirmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan sözügedən torpaq sahəsinin bilavasitə və ya hərrac və ya müsabiqə yolu ilə satışının təşkili proseduruna başlanmasından imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

5. Cavabdeh, iddia tələbinə münasibətində qeyd etmişdir ki, ünvan 1 ünvanda yaşayan İddiaçı Şıxamiroviç 2022-ci ilin aprel-may aylarında xüsusi mülkiyyətində olan torpaq sahəsinin sərhədlərində mişar daşı ilə hasarlama işlərini aparmışdır. Eyni zamanda onun mülkiyyətinə bitişik lakin onun mülkiyyətinə aid olmayan torpaq sahəsinin də sərhədlərində hasarlama işləri aparmaq istəyən zaman, həmin ərazidə yaşayan qonşuların Zaqatala RİH-nə şikayəti əsasında qanunsuz aparılan hasar tikintisi işləri dayandırılmışdır.

6. Sonradan İddiaçı Şıxamiroviç xx.xx.2022-ci il tarixdə Zaqatala Bələdiyyəsinə müraciət edərək əlavə olaraq hasarlamaq istədiyi 34 m2 torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmişdir.

7. X2 İnkişaf komissiyası həmin əraziyə baxış keçirmiş, komissiya sədri X4 Ramazan və digər qonşularla söhbət apararaq mövcud vəziyyəti araşdırmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Şıxamiroviçin Bələdiyyəyə təqdim etdiyi sənədlərə əsasən onun mülkiyyətində 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 85,2 kv.m əmlakı mövcuddur. Onun mülkiyyətinə verilməsini xahiş eldiyi 34 kv.m torpaq sahəsi isə onun mülkiyyətinə aid torpaq sahəsinə bitişik olmasına baxmayaraq, ərizədə qeyd etdiyi kimi uzun müddət onun istifadəsində olmamışdır. Həmin torpaq sahəsi onun mülkiyyətinə aid torpaq sahəsinə bitişik olmaqla Səlahəddin Kazımov küçəsinin kənarında yerləşməklə boş sahədir. 34 kv.m torpaq sahəsinin sağ və sol tərəflərindən dalan olmaqla yol keçir, hər iki dalanda yaşayış evləri mövcuddur. Digər tərəfdən qonşuların etirazına əsasən sözügedən 34 m2 torpaq sahəsinin hasarlanması həmin dalanlarda texnikanın hərəkətinə məhdudiyyət yaradaraq yolu daraldır. Bu da nəqliyyat vasitələrinin həmin ərazidə manevr etməsinə çətinlik yaradır.

8. Səidov X1muş və bütün bunlar ona izah olunaraq həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinin məqsədə uyğun olmadığı onun diqqətinə çatdırılmışdır.

9. Zaqatala Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 10 saylı iclasında İddiaçı Şıxamiroviçin ərizəsi Bələdiyyə üzvülərinin müzakirəsinə verilmişdir. İclasda İqtisadi inkişaf komissiyasının sədri komissiyanın rəyini təqdim edərək araşdırdığı vəziyyəti bələdiyyə üzvülərinin diqqətinə çatdırmışdır. Müzakirələrdən sonra Zaqatala Bələdiyyəsinin qəbul etdiyi qərara əsasən Səlahəddin Kazımov küçəsində yerləşən 34 kv.m torpaq sənəsinin bilavasitə və ya hərrac və müsabiqə yolu ilə alqı-satqı olunması üçün prosedura başlanılması məqsədə uyğun hesab edilməmişdir. Həmin torpaq sahəsinin əvəllər istifadə olunduğu kimi həmin ərazidə yaşayan sakinlərin ümumi istifadəsində saxlanılması daha məqsədə uyğun hesab edilmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia olunan torpaq sahəsini əvvəllər istifadə etsə də, sonradan qonşu ilə arasında olan mübahisəyə görə istifadə etmədiyini və hazırda faktiki istifadəsində olmadığını bildirdi, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 19 dekabr 2022-ci il tarixli 2- 1(116)-1648/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2-1(116)-1648/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2-1(116)- 1648/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2-1(116)-1648/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

16. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu Zilban kəndində yerləşən 0.04 ha torpaq sahəsi iddiaçının tam xüsusi mülkiyyətindədir. - iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, uzun müddət istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin özünün mülkiyyətinə verilməsi ilə bağlı Zaqatala bələdiyyəsinə müraciət etmişdir. - X2 İnkişaf daimi komissiyasının rəyində qeyd edilmişdir ki, iddiaçının mülkiyyətinə veilməsini xahiş etdiyi torpaq sahəsi onun mülkiyyətinə aid torpaq sahəsindən kənarda yerləşir. Həmin torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsinə bitişik olmasına baxmayaraq istifadəsində deyil. Komissiya həmin torpaq sahəsinin iddiaçının bilavasitə mülkiyyətinə verilməsini məqsədə müvafiq hesab etmir. - Zaqatala rayonu Zaqatala Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 10 saylı iclasının protokolundan çıxarışdan görünür ki, Zaqatala şəhəri Salahəddin Kazımov küçəsi 12 saylı evdə yaşayan İddiaçı Şıxamiroviçin müraciəti təmin edilməmiş, qərarın surəti xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya göndərilmişdir. - DƏDKR PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddia olunan 34 kv.m torpaq sahəsi Elektron baza məlumatlarına əsasən Zaqatala bələdiyyəsinin mülkiyyətinə aid olmaqla yaşayış məntəqələri torpaqları daxilində ümumi istifadədə olan əraziyə düşür. Həmin torpaq sahəsi ilə başqa mülkiyyətçilərin torpaq sahələri arasında üst-üstə düşmə yoxdur. İddia olunan 34 kv.m torpaq sahəsi iddiaçının adına tərtib edilmiş, 4519 inventar nömrəli, xx.xx.2020-ci il tarixli texniki pasportda zəbt torpaq sahəsi olaraq öz əksini tapmamışdır və iddiaçının mülkiyyətində olan torpaq sahəsinə bitişik ərazidədir. İddia olunan 34 kv.m torpaq sahəsi üzərində hər hansı tikili mövcud deyil, hazırda həmin torpaq sahəsi faktiki olaraq Zaqatala bələdiyyəsinin mülkiyyətinə aid olmaqla yaşayış məntəqələri torpaqları daxilində ümumi istifadədə olan əraziyə düşür və həmin ərazidə hər hansı tikili mövcud deyildir. İddia olunan 34 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətində olan 0.04 ha torpaq sahəsindən hasarla ayrılmamışdır. İddia olunan 34 kv.m torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin fiziki sərhədləri daxilində deyildir. İddia olunan 34 kv.m torpaq sahəsinin digər subyektin mülkiyyətinə verilməsi, iddiaçının mülkiyyətində olan 0.04 ha torpaq sahəsindən istifadəni, o cümlədən həmin torpaq sahəsinə gediş-gəlişi qeyri-mümkün edə bilməz.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Maddə 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2-1(116)-1648/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

21. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə bitişik 34 kv.m bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən hərracdan kənar qaydada ona satılması barədə qərar qəbul edilməsinə nail olmaqdır.

24. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarının əlaqəli təhlili bu qənaətə gəlməyə əsas verir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda ondan ibarətdir ki, həmin torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu qaydadan istisnaya iki halda yolverilməsi nəzərdə tutulmuşdur. Bu torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməli (16.3-cü maddə) və ya torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahə olmalıdır (16.4-cü maddə). Lakin hər iki normada ümumi dispozisiya şərti kimi qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması nəzərdə tutulmuşdur. Odur ki, qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti üzrə geri qaytarılması barədə ümumi qaydadan istisnaya yalnız həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması müəyyən edildiyi halda yol verilə bilər.

25. İşdə olan mütəxəssis rəyi ilə müəyyən edilir ki, iddia olunan torpaq sahəsi iddiaçıya məxsus, xx.xx.2020-ci il tarixli texniki pasportda zəbt torpaq sahəsi olaraq öz əksini tapmamışdır, həmin torpaq sahəsi üzərində hər hansı tikili mövcud deyil və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin fiziki sərhədləri daxilində deyildir. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı özü də həmin torpaq sahəsinin əvvəllər kənarlarını bağlayaraq istifadə etsə də, sonradan qonşu ilə arasında olan mübahisəyə görə hazırda kənarlarını açmasını və onun faktiki istifadəsində olmamasını bildirmişdir.

26. Məhkəmə kollegiyası tərəfindən Zaqatala şəhəri Səlahəddin Kazımov küçəsində yerləşən 34 kv.m torpaq sahəsinə tərəflərin iştirakları ilə yerli baxış keçirilmişdir. Yerli baxışda müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin arxa tərəfində iddiaçının mülkiyyətində olan evin mişar daşından hörülmüş hasarı vardır. Sağ, sol, ön və yan tərəfindən isə avtomobil yolları keçir. İddiaçının iddia etdiyi torpaq sahəsi onun faktiki istifadəsində olan torpaq sahəsinin fiziki sərhədləri daxilində deyil. Belə ki, ona məxsus torpaq sahəsi evlə birlikdə mişar daşından hörülmüş hasarla əhatə edilmişdir. Mübahisə predimeti olan torpaq sahəsində elektik dirəyi yerləşir və yük avtomobili qoşqusu var.

27. Qanun qüvvəyə mindiyi günədək hər hansı hüquqi əsas olmadan fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpağının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir. Yəni torpaq sahəsindən istifadə edən şəxsin ümumiyyətlə hər hansı hüquq müəyyənedici sənədi olmadığı, torpaq sahəsi zəbt edildiyi və zəbt etmə Qanun qüvvəyə minənədək baş verdiyi halda mübahisəyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsi tətbiq ediləcəkdir.

28. Odur ki, iddia olunan torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 16.3-cü maddəsi anlamında fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpağı kimi nəzərdən keçirilə bilməz.

29. Digər tərəfdən sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə bitişik olsa da, hazırda iddiaçının faktiki istifadəsində olmadığından və bir hasar daxilində yerləşmədiyindən "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 16.4-cü maddəsi anlamında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsi kimi qiymətləndirilə bilməz. Belə ki, Qanunun bu normasına görə mübahisə edilən torpaq sahəsi, torpaq üzərində hüququ təsdiq edən sənəddə göstərilən ölçüdən artıq olduqda və geri alınması mümkün olmadığı halda rəsmiləşə bilər. Burada əsas şərt artıq istifadə edilən torpaq sahəsinin geri alınmasının mümkün olub-olmamasıdır. İddiaçı, sözügedən torpaq sahəsi üzərində mişar daşlarından tikilmiş yarımçıq hasarın mövcud olmasını bildirsə də, iddia ərizəsində özü də qeyd edir ki, həmin torpaq sahəsini hasarlamaq istəyərkən icra hakimiyyətindən müdaxilə olduğuna görə tikintini yarımçıq saxlamışdır. Yəni, iddiaçı iddia olunan torpaq sahəsindən faktiki istifadəni həyata keçirmək üçün torpaq sahəsini hasarlamağa cəhd etmiş, lakin tikinti işlərinin aparılmasına imkan verilməmişdir.

30. Göründüyü kimi iddiaçının faktiki olaraq istifadə etmədiyi mübahisəli torpaq sahəsi bələdiyyənin ehtiyat fondunun ümumi istifadədə olan torpaq sahəsi kimi naturada Zaqatala bələdiyyəsinin ərazisində olduğundan həmin torpaq sahəsinin geri qaytarılmasının mümkünlüyü araşdırma predmeti olmamışdır.

31. Həmçinin, işdə olan mütəxəssis rəyində iddia olunan torpaq sahəsinin Elektron baza məlumatlarına əsasən Zaqatala bələdiyyəsinin mülkiyyətinə aid olmaqla yaşayış məntəqələri torpaqları daxilində ümumi istifadədə olan əraziyə aid olması qeyd edilmişdir.

32. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bələdiyyənin ehtiyat fondunun ümumi istifadədə olan torpaqlarının xüsusi mülkiyyətə verilməsi qanunvericiliklə birbaşa qadağan edildiyindən və işin yuxarıda müəyyən edilmiş halları ilə iddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi üçün hər hansı hüquqi əsas mövcud olmadığından cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməmişdir.

33. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının Zaqatala Rayonu Zaqatala Bələdiyyəsinə qarşı “Zaqatala şəhəri Zaqatala Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və 34 kv.m bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması barədə qərar qəbul edilməsinə dair iddiası əsassız olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2-1(116)-1648/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar