Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-197/2024 27.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı sosial yardımının təyinatından imtina edilməsi haqqında qanunsuz qərarının ləğv edilməsini, eləcə də 02 iyun 2023-cu il tarixli **********701 nömrəli “Ərizə bəyannamə” ilə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən sosial yardımın təyin olunaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2-1(116)-2669/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin ünvanlı sosial yardımının təyinatından imtina edilməsi haqqında qanunsuz qərarının ləğv edilməsini, 26 yanvar 2022-ci il tarixli **********554 nömrəli “Ərizə bəyannamə” ilə müraciət əsasında 5 ay ərzində iddiaçının ailəsinə verilməli olan 1372.95 manat sosial yardımının aztəminatlı ailəsinə verilməsi, eləcə də 02 iyun 2023-cu il tarixli **********701 nömrəli “Ərizə bəyannamə” ilə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən sosial yardımın təyin olunaraq aztəminatlı ailəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbi “26 yanvar 2022-ci il tarixli **********554 nömrəli “Ərizə bəyannamə” ilə müraciət əsasında 5 ay ərzində iddiaçının ailəsinə verilməli olan 1372.95 manat sosial yardımının aztəminatlı ailəsinə verilməsi” tələbinə dair hissədə mümkün hesab edilməmişdir.
3. İddia ərizəsinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixində "Ərizə bəyannamə" ilə cavabdehə müraciət etmiş, ona ünvanlı sosial yardımın təyin olunmasından imtina edilmişdir. İddiaçı cavabdeh sosial yardımın təyinatından imtina edilməsi haqqında qərar qəbul etdiyinə görə, xx.xx.2023-cü il tarixdən sosial yardımın təyin olunmasından qanunsuz məhrum edildiyini hesab edərək məhkəməyə müraciət etmişdir.
4. Cavabdeh iddia ərizəsinə qarşı etirazında bildirmişdir ki, iddiaçının idda tələbinin məzmunundan görünür ki, onun tələbi aşağıda qeyd olunan iki hissədən ibarətdir: 26 yanvar 2022-ci il tarixli **********554 nömrəli "Ərizə bəyannamə" ilə müraciət əsasında 5 ay ərzində ailəsinə verilməli olan 1372,95 manat sosial yardımın aztəminatlı ailəsinə verilməsi, 02 iyun 2023-cü il tarixli **********701 nömrəli "Ərizə bəyannamə" ilə müraicət etdiyi 01 iyun 2023-cü il tarixdən sosial yardımın təyin olunaraq aztəminatlı ailəsinə verilməsi. İlk öncə iddiaçının birinci bənddə qeyd olunan xx.xx.2022-ci il tarixli **********554 nömrəli "Ərizə bəyannamə" ilə müraciət əsasında 5 ay ərzində ailəsinə verilməli olan 1372,95 manat sosial yardımın aztəminatlı ailəsinə verilməsi tələbinə münasibətdə bildirilmişdir ki, həmin tələb aşağıda qeyd olunan əsaslara və qanunvericilik normalarına əsasən mümkünlük şərtlərinə cavab vermədiyi üçün mümkün sayılmamalıdır. İddiaçının iddia tələbinin ikinci hissəsi olan xx.xx.2023-cü il tarixli **********701 nömrəli “Ərizə bəyannamə” ilə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən sosial yardımın təyin olunaraq aztəminatlı ailəyə verilməsinə münasibətdə bildirilmişdir ki, tələbin həmin hissəsi əsassızdır və təmin edilməməlidir. İddiaçının sözügedən ərizə bəyannamə ilə müraciətinə maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması əsası ilə imtina verilmişdir. İddiaçı sosial yardımın verilməsindən qanunsuz məhrum etdiyini hesab edərək məhkəməyə müraciət etmişdir.
5. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müayinə aktından da görünür ki, müayinə keçirilməsi məqsədilə İddiaçı ərizə-bəyannamədə qeyd etdiyi Mingəçevir şəhəri Puşkin küçəsi ev 8, mənzil 19-da olan Nazirlik tabeliyində Fondun mütəxəssisləri sözügedən mənzildə başqa şəxslərin olduğu, həmçinin təmsilçi ilə müayinənin keçirilməsi ilə bağlı ünvanda olmasına görə əlaqə saxlanıldığı, təmsilçinin iki saat ərzində gələcəyini bildirsə də, qeyd olunan vaxtda ünvanda olmadığı və daha sonra da ona ünvanlanan zənglərə cavab vermədiyi, bununla da maddi-məişət şəraitinin müayinəsinə şərait yaratmadığı qeyd edilmişdir. Bundan başqa maddi-məişət şəraitinin müayinəsi zamanı qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılmış videoçəkilişdən görünür ki, Mingəçevir şəhəri Puşkin küçəsi ev 8, mənzil 19-da olan Nazirlik tabeliyində Fondun mütəxəssisləri müayinənin aparılması üçün sözügedən mənzilin qapısının açılmamasından sonra iddiaçının ərizə bəyannamədə qeyd etdiyi ***-***-**-** saylı nömrəyə zəng etmiş, həmin zəngə cavab vermiş şəxs özünün İddiaçı olduğunu bildirmişdir. Daha sonra təmsilçi evdə olmadığını bildirdikdə, Fondun mütəxəssisləri həmin evdə kiminsə olduğunu bildirmiş, bundan sonra təmsilçi qardaşının evdə olması ehtimalını etiraf etmişdir. Digər tərəfdən videoyazının gedişində təmsilçi qardaşının evdə olması ehtimalını etiraf etmişdir. Digər tərəfdən vedioyazının gedişində təmsilçi anasının xəstə olması səbəbindən onun yanında olduğunu bildirməsinə baxmayaraq, daha sonra yas yerində olduğunu bildirərək müxtəlif bəhanələr gətirmişdir. Təmsilçiyə müayinənin keçirilməsi məqsədilə onun yaşadığı evə gəlməsi bildirilsə də, o ilk öncə iki saat ərzində gələcəyini bildirmiş, daha sonra son nəticə onun gələcəyinə dair razılıq əldə edilməmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, təmsilçi İddiaçı maddi-məişət şəraitinin müayinəsinə şərait yaratmamış, onun ərizə bəyannamədə qeyd etdiyi ünvana gəlməsi tövsiyə olunsa da, o bundan müxtəlif bəhanələr gətirməklə boyun qaçırmışdır. Göründüyü kimi təmsilçi məişət şəraitinin yoxlanılmasına şərait yaratmasa da, Qaydalar sözügedən yoxlamanın hər hansı digər şəxsin iştirakı ilə deyil, birbaşa olaraq müaricət etmiş təmsilçinin özü ilə aparılmasını tələb edir. Bundan başqa müayinə zamanı İddiaçı evdə qardaşının olmasını bildirməsi belə ünvanlı sosial yardımın təyin olunmasından imtina əsası kimi qiymətləndirilə bilər. Belə ki, o, xx.xx.2023-cü il tarixli **********70101 nömrəli ərizə bəyannamə ilə müraciət edərək ailə tərkibi kimi özü və X1 qeyd etmişdir. Müayinə aktında qeyd olunanlar həmin zaman aparılmış video qeydiyyatla öz təsdiqini tapır. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq (ünvanda yaşayan şəxslərin düzgün göstərilməməsi) birmənalı olaraq imtina əsasıdır.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 13 dekabr 2023-cü il tarixli 2- 1(116)-2669/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, 26 yanvar 2022-ci il tarixli **********554 nömrəli "Ərizə bəyannamə" ilə müraciət edən zaman ailə tərkibində və "Ərizə bəyannamə"də qeyd olunmuş digər məlumatlarda heç bir uyğunsuzluq və kənarlaşma aşkarlamayan VEMTAS imtina cavabı verməmiş, bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailəsinin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə sosial yardım təyin edən Şöbənin işçilərinə tapşırıq göndərmişdir. Ailəsinin maddi-məişət şəraitinin müayinəsini həyata keçirən cavabdehin nümayəndəsi sosial yardımın təyinatından imtina cavabı vermişdir -"Ailə tərkibinin düzgün göstərilməməsi". Beləliklə, 90 gün ərzində VEMTAS bir dəfə də olsa imtina cavabı verməmiş, 90 gün ərzində cavabdehin nümayəndəsi imtina cavabları vermişdir - "Ailə tərkibinin düzgün göstərilməməsi". Daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış şəxsi mülkiyyət hüququ əsasında ona məxsus fərdi mənzilində kirayəçi qismində ödəniş etmədən gah yaşayan, gah da yaşamayan Ailə Məcəlləsinin 56.2-ci maddəsi tərəfindən keçmiş ailə üzvü sayılan oğlu ilə, onun arvadı ilə və qardaşı ilə onun məcburi qaydada birgə təsərrüfat aparması həm hüquqi baxımdan, həm də ağlabatanlıq baxımından inandırıcı sayıla bilməz. Şöbənin işçiləri həmin mənzilin kimin mülkiyyətində olub-olmamasını ümumiyyətlə araşdırıb yoxlamırlar, mənzildə gördükləri digər qohumların ailələrin onunla birgə təsərrüfat aparıb-aparmamasını ümumiyyətlə araşdırıb yoxlamırlar, birgə yaşama və ya yaşamama halını birgə təsərrüfat aparılması kimi qiymətləndirərək yanlış nəticəyə gəlib qəsdən və qərəzli olaraq qanunsuz imtinalar verirlər. "Ailə tərkibinin düzgün göstərilməməsi". Ona görə də Şəki İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2-1(116)-2669/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2-1(116)- 2669/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2-1(116)-2669/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.
1. İş materiallarında olan cavabdehin bildirişindən görünür ki, iddiaçının ünvanlı sosial yardım alınması üçün müraciətindən imtina edilmişdir;
2. Cavabdehin 06 oktyabr 2023-cü il tarixli etiraz məktubu və ona əlavə edilmiş inzibati icraat materialları,o cümlədən CD.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
16. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının: 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra VEMTAS) göndərir. 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4-cü bəndinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddiməişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir.
18. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən (Sosial yardımın məqsədi və prinsipləri) sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdı.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2-1(116)-2669/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi mahiyyət etibarilə əsassız olduğundan təmin edilməməlidir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ünvanlı sosial yardımın təyin olunması üçün təmsilçi tərəfindən VEMTAS-a daxil olaraq tələb olunan məlumatları elektron formada doldurmaq və sonunda təsdiq etmək lazımdır. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən müvafiq qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir.
27. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaratmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, o cümlədən aparılmış video çəkilişdən müəyyən edilir ki, cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda olmuşdurlar. Bu barədə iddiaçı ilə telefon vasitəsi ilə əlaqə saxlanılaraq maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaratmaq xahiş olunmuşdur. Lakin iddiaçı tərəfindən belə şərait yaradılmamış, o, müraciətində qeyd etdiyi ünvana gəlməmişdir.
28. Göründüyü kimi iddiaçının müraciəti əsasında məlumatlar VEMTAS tərəfindən emal olunduqdan sonra ilkin mərhələdə müsbət qiymətləndirilmə aparılmışdır. Bundan sonra isə cavabdehin vəzifəsi iddiaçının maddi-məişət şəraitinin müayinəsini həyat keçirməklə ona ünvanlı sosial yardımın təyin olunub-olunmaması barədə yekun nəticəyə gəlmək olmuşdur. İddiaçının hərəkətsizliyi nəticəsində cavabdeh inzibati orqan müvafiq hərəkətləri yerinə yetirə bilməmişdir.
29. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya ünvanlı sosial yardımın verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərəkətsizliyinin zəruri əsasını sübut edə bilməmişdir.
30. Göründüyü kimi iddiaçının ünvanlı sosial yardımın təyin edilməsindən ibarət tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçı ünvanlı sosial yardımın təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir. Cavabdehin imtinası əsaslıdır.
31. Bununla yanaşı kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iddiaçı verdiyi izahatında bildirdi ki, cavabdeh inzibati orqanın mübahisələndirilən imtina qərarından sonra yenidən ünvanlı sosial yardımın təyin edilməsi üçün müraciət etmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.
33. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanı nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdehin ünvanlı sosial yardımının təyinatından imtina edilməsi haqqında qanunsuz qərarının ləğv edilməsini, eləcə də 02 iyun 2023-cu il tarixli **********701 nömrəli “Ərizə bəyannamə” ilə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən sosial yardımın təyin olunaraq verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2-1(116)-2669/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.