Məhkəmə qərarları › İş №2-1(107)-198/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-198/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-198/2023 09.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2- 1(116)-2456/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - xx.xx.1964-cü ildə Laçın rayonunun Malbəyli kəndində anadan olmuşdur. 1993-cü ildə Mingəçevir şəhər Komisarlığı tərəfindən bir qrup hərbi mükəlləfiyyətili şəxslərlə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin hərbi hissənin tərkibində bütün növ təminatlardan istifadə etmişdir. Hərbi xidmət keçməyi barədə Azərbaycan Respublikası Müdafıyə Nazirliyinin Mərkəzi Arxiv idarəsinin xx.xx.2022-ci il tarixli 4/2-3934 nömrəli arxiv arayışında konkret olaraq bu barədə məlumatlar ətraflı qeyd edilir. İddiaçıya Müharibə Veteranı adının verilinəsi barədə cavabdehə Azərbaycan Respublikası Müdafiyə Nazirliyinə rəsmi şəkildə müraciət etsə də, cavabdeh ona xx.xx.2022-ci il tarixli 4/3-10544 nömrəli məktubu ilə imtina cavabı vermişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etirazında qeyd etmişdir ki, N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında 1964-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. Həmçinin sözügedən arayışda N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N nömrəli əmrində Mingəçevir ŞHK-dan səfərbər edilmiş bir qrup hərbi mükəlləfiyyətimin 6-cı taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməsi, habelə N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrində İddiaçı xidməti barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Beləliklə, iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən sonrakı hərbi xidməti, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv arayışında heç bir məlumat olmamışdır. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.2022-ci il tarixli 4/3-10544 nömrəli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-3934 nömrəli arxiv arayışından görünür ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: xx.xx.1993, səh.-27, sıra- 1) Mingəçevir ŞHK-dan çağırılmış, 1964-cü il təvəllüdlü İddiaçı komandirin 17.11 1993-cu ıl tarixli 254 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat vardır. Lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 254 №-li əmrində (əsas: səh-9, §7, Mingəçevir ŞHK-dan səfərbər edilmiş bir qrup hərbi mükəlləfiyyətlinin 6-cı taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Əmrə əlavə olunmuş Adlı siyahıda (əsas: noyabr 1993-cü il tarixli adlı siyahı, səh.-74 sıra-6) 1964-cü il təvəllüdlü, sıravi İddiaçı adı qeyd edilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, Ağdam Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, iddiaçı barəsində cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 dekabr 2022-ci il tarixli, 2- 1(116)-2456/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2-1(116)-2456/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1392/2022 saylı qərarı ilə onun hüquqları pozulmuşdur. Belə ki, o, Azərbaycanın ərazi bütövlüyü uğrunda 1993-ci il tarixdə döyüşən hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir. Lakin hərbi hissəni qanuni əsaslarla tərk etməyi barədə qeyd olmadığından o bunu sübut edə bilmir. Bununla da, müharibə veteranı adını almaq hüququndan məhrum olunmuş olur. Hesab edir ki, məhkəmə sübutları tam və hərtərəfli araşdırmamış, yalnız cavabdeh tərəfin etirazına əsaslanmışdır. Belə ki, cavabdeh orqan etirazını arxiv sənədlərində məlumatın olmaması ilə əsaslandırmışdır. İddiaçı isə məhkəməyə sübutlar təqdim etmək üçün Müdafiə Nazirliyinin mərkəzi arxivinə müraciət etmiş və ona imtina məktubu verilərək məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2-1(116)-2456/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X2 apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2-1(116)-2456/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2-1(116)-2456/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarında olan görünür ki, iddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması müəyyən olunsa da, onun xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında iddiaçı özü də hərbi xidmətinin 1993-cü ilin may ayınadək olduğunu bildirir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar 1996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Bu isə Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-3934 nömrəli arxiv arayışında göstərilən qeydlərin doğru olduğunu, iddiaçı barəsində məlumatların olmamasının səbəbinin, iddiaçının faktiki olaraq xidmətinin davam etdirməməsi ilə bağlı olduğunu göstərir. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Odur ki, iddiaçının “Müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçının ona müharibə veteranı adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2-1(116)-2456/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar