Məhkəmə qərarları › İş №2-1(107)-2/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-2/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-2/2020 28.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “0,62 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN-129F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)- 1389/2018 nömrəli qərarından Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 26 nömrəli qərarı ilə iddiaçılar və onların ailə üzvlərinə 0,62 ha həyətyanı torpaq sahəsi verilmiş və onların adına JN-129F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr işlənib hazırlanmışdır. İddiaçı1 0,62 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN-129F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün Cavabdehnə müraciət etmiş, lakin cavabdeh inzibati orqan xx.xx.2018-ci il tarixli **********76 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçıların istifadəsində olan 0,62 ha torpaq sahəsinə dair verilmiş JN-129F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsindəki tikililərə qonşu torpağa aid nömrələr yazıldığından, yəni 129FJ əvəzinə 128FJ, 129FO əvəzinə 128FO, 129FR əvəzinə 128FR yazıldığından qeyd olunanlara düzəliş etməklə torpağa mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid olmadığına görə icrası mümkün olmamışdır. Bundan sonra iddiaçılar hazırkı tələblə birinci instansiya məhkəməsinə müraciət etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı1 iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2018-ci il tarixli məktubla iddia tələbinə etiraz edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsinə iki fərqli JN-129 F və JN-128 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr işlənmişdir. Belə ki, JN-129 F saylı şəhadətnamə əsasında verilmiş torpaq sahəsi X2 və ailə üzvlərinin adına, JN-128 F saylı şəhadətnamə isə X5 və ailə üzvlərinin adına işlənmişdir. Qeyd olunan səbəblərdən də müraciətin icrası mümkün olmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Kənan Vəliyev) xx xxxxxx 2018-ci il tarixli 2-1(84)-1389/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Cavabdeh üzərinə JN seriyalı 129F nömrəli nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,62 ha həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması, məhkəmə xərcinin iddiaçıya aid edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(107)-129/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, ekspertizanın aparılmasına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin cəlb edilməsi qərara alınmış və rəy alınanadək işin icraatı dayandırılmışdır. Ekspert rəyi məhkəmə kollegiyasına daxil olmuş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara Cavabdeh xx.xx.2018-ci il tarixli **********76 nömrəli və xx.xx.2018-ci il tarixli **********78 nömrəli məktubları, JN seriyalı 129F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq olunmuş surəti, Cavabdeh xx.xx.2018-ci il tarixli **********75 nömrəli etirazı və xx.xx.2018-ci il tarixli **********89 nömrəli məktubu aiddir. Apelyаsiyа şikаyətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki invertarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinə iki fərqli JN-129 F və JN-128 F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr işlənmişdir. Belə ki, JN-129 F saylı şəhadətnamə əsasında verilmiş 0,62 ha torpaq sahəsinə X2 və ailə üzvlərinin adına, JN- 128 F saylı şəhadətnamə işlənmişdir. Qeyd olunan şəhadətnamə ləğv edilməyib halhazırda qüvvədədir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)- 1389/2018 nömrəli qərarının faktiki olaraq icrası mümkün deyil. Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İş materiallarından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbini təmin etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)-1389/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)-1389/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)- 1389/2018 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər iddiaçılar İddiaçı2, İddiaçı3 və üçüncü şəxs X4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Cavabdeh apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apelyasiya şikayəti uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 26 nömrəli qərarı ilə iddiaçılar və onların ailə üzvlərinə 0,62 ha həyətyanı torpaq sahəsi verilmiş və onların adına JN-129F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr işlənib hazırlanmışdır. İddiaçı1 0,62 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN-129F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün Cavabdehnə müraciət etmiş, lakin cavabdeh inzibati orqan xx.xx.2018-ci il tarixli **********76 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçıların istifadəsində olan 0,62 ha torpaq sahəsinə dair verilmiş JN-129F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsindəki tikililərə qonşu torpağa aid nömrələr yazıldığından, yəni 129FJ əvəzinə 128FJ, 129FO əvəzinə 128FO, 129FR əvəzinə 128FR yazıldığından qeyd olunanlara düzəliş etməklə torpağa mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid olmadığına görə icrası mümkün olmamışdır. Bundan sonra iddiaçılar hazırkı tələblə birinci instansiya məhkəməsinə müraciət etmişlər. Cavabdeh inzibati orqan xx.xx.2018-ci il tarixli məktubla iddia tələbinə etiraz edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsinə iki fərqli JN-129 F və JN-128 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr işlənmişdir. Belə ki, JN-129 F saylı şəhadətnamə əsasında verilmiş torpaq sahəsi X2 və ailə üzvlərinin adına, JN-128 F saylı şəhadətnamə isə X5 və ailə üzvlərinin adına işlənmişdir. Qeyd olunan səbəblərdən də müraciətin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə cavabdeh inzibati orqana sorğu ünvanlanaraq JN seriyalı, 128F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq olunmuş surətini məhkəməyə təqdim etməsi tələb olunmuş, cavabdeh xx.xx.2018-ci il tarixli, **********89 nömrəli məktubla məhkəmənin sorğusunu cavablandırsa da, tələb edilən şəhadətnamənin təsdiqlənmiş surətini məktuba əlavə etməmişdir. xx.xx.2018-ci il tarixdə birinci instansiya məhkəməsi tərəfindən yenidən təkrar olaraq sorğu ünvanlanaraq JN seriyalı, 128F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq olunmuş surəti tələb edilmiş, lakin şəhadətnamənin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmiş, və birinci instansiya məhkəməsi qeyd olunan şəhadətnamənin təqdim edilməsini gözləmədən işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıların istifadəsində olan torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verildiyindən həmin torpaq sahəsi onların mülkiyyətidir. Qonşu torpaq sahəsinin mülkiyyətçisinə aid məlumatların həmin şəhadətnamədə əks olunması onların mülkiyyət hüquqlarının qeydə alınmasına mane olmamalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin inzibati iş üzrə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməldir. İnzibati Prosessual Məcəllənin: - 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.2-ci maddəsinə əsasən, məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. - 60-cı maddəsinə görə inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə cavabdeh inzibati orqana sorğu ünvanlanaraq JN seriyalı, 128F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq olunmuş surətini məhkəməyə təqdim etməsi tələb edilsə də, lakin birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozaraq cavabdeh inzibati orqan tərəfindən tələb edilən şəhadətnamənin təqdim edilməsini gözləmədən, həmin şəhadətnaməni əldə etmədən və onu nəzərə almadan iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdeh inzibati orqan xx.xx.2018-ci il tarixli **********76 nömrəli imtina məktubunda bildirmişdir ki, iddiaçıların istifadəsində olan 0,62 ha torpaq sahəsinə dair verilmiş JN-129F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsindəki tikililərə qonşu torpağa aid nömrələr yazıldığından, yəni 129FJ əvəzinə 128FJ, 129FO əvəzinə 128FO, 129FR əvəzinə 128FR yazıldığından qeyd olunanlara düzəliş etməklə torpağa mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid olmadığına görə icrası mümkün olmamışdır. xx.xx.2018-ci il tarixli etiraz məktubunda isə göstərmişdir ki, qeyd olunan torpaq sahəsinə iki fərqli JN-129 F və JN-128 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr işlənmişdir. Belə ki, JN-129 F saylı şəhadətnamə əsasında verilmiş torpaq sahəsi X2 və ailə üzvlərinin adına, JN-128 F saylı şəhadətnamə isə X5 və ailə üzvlərinin adına işlənmişdir. Qeyd olunan səbəblərdən də müraciətin icrası mümkün olmamışdır. Bununla bağlı iş üzrə tam və hərtərəfli araşdırılma aparılması və obyektiv qərarın qəbul edilməsi məqsədilə Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2- 1(107)-129/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, ekspertizanın aparılmasına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin cəlb edilməsi qərara alınmış, JN seriyalı 128F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 26 saylı qərarı ilə X8 və X1 verilmiş 0,38 ha torpaq sahəsi ilə JN seriyalı 129F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 26 saylı qərarı ilə X6 və ailə üzvlərinə verilmiş 0,62 ha torpaq sahəsinin cizgilərinin üst-üstə düşüb-düşməməsi, əgər torpaq sahələri üst-üstə düşürsə hansı hissələrdə üst-üstə düşməsi barədə mütəxəssis və ekspert qarşısında sual qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəmə kollegiyasına daxil olmuş xx.xx.2019-cu il tarixli arayışdan və Məhkəmə Ekspertizаsı Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 15995 nömrəli məlumatından görünür ki, JN-129F nömrəli şəhadətnamə əsasında İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,62 ha həyətyanı torpaq sahəsinin sənəddə qeyd edilmiş məlumatlar ilə baza məlumatları arasında uyğunsuzluq olduğu üçün işin araşdırılması və mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci hissəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. xx xxxxx 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 10cu maddədə, beşinci hissədə "mülkiyyət hüququna dair şəhadətnamə" sözləri "mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış" sözləri ilə, "mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən" sözləri "daşınmaz əmlakın dövlət reyestrini aparan" sözləri ilə əvəz edilmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçı İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,62 ha həyətyanı torpaq sahəsinin sənəddə qeyd edilmiş məlumatlar ilə baza məlumatları arasında uyğunsuzluq mövcudur. Ona görə də məhkəmə kollegiyası tərəfindən iddiaçının xeyrinə qərar qəbul ediləcəyi təqdirdə belə qərarın icrası mümkün olmayacaqdır. “İnzibati icraat haqqında” Qanunun: 20.1-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Məhkəmə kollegiyasının qənaətinə görə, həqiqətən də, cavabdeh inzibati orqan iddiaçılara ayrılmış torpaq sahəsi üzərində onların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, JN-129F nömrəli şəhadətnamə əsasında İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,62 ha həyətyanı torpaq sahəsinin sənəddə qeyd edilmiş məlumatlar ilə baza məlumatları arasında uyğunsuzluq olduğundan həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının qeyri-mümkün olması ilə bağlı irəli sürdüyü dəlilləri əsaslıdır və iddiaçıların isə hazırkı vəziyyətdə əmlak hüquqlarının pozulması halı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçıların nəzərinə çatdırır ki, belə olan vəziyyətdə iddia tələbinin təmin edilməsi üçün heç bir hüquqi və faktiki əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apelyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)-1389/2018 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “0,62 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN-129F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar