Məhkəmə qərarları › İş №2-1(107)-2/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-2/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-2/2023 20.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “cavabdeh tərəfindən ödənilməmiş kompensasiya məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(116)-236/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş kompensasiya məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu 1994-cü ildə Qarabağ müharibəsində itkin düşmüş və şəhidlik statusu almışdır. İddiaçının ailəsinə Yevlax rayonu, Aran qəsəbəsində Yədilli bələdiyyəsindən torpaq sahəsi ayrılmışdır. İddiaçının Yevlax rayonu, Yədilli kəndi ərazisində 12,93 ha pay özəl torpaq sahəsi vardır. 2017-ci il tarixində cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının torpaq sahəsinin təxminən 4 hektarı zəbt edilərək torpağın dövlət ehtiyacları üçün alındığı bildirilmiş və həmin ərazidə BakıYevlax- Gürcüstan sərhədi avtomobil yolunun Yevlax rayonunun ərazisindən keçən, Yuxarı Qarabağ kanalına bitişik hissədə keçid-körpünün tikintisinə başlanılmışdır. İlkin razılaşmaya əsasən ASC-nin nümayəndəsi Pərvin adlı şəxs iddiaçıya dövlət ehtiyacları üçün alınmış torpaq sahəsi üçün ədalətli kompensasiya veriləcəyini vəd etmişdir. Lakin bu günə qədər həmin kompensasiya iddiaçıya hesablanıb verilməmişdir. İddiaçı cavabdeh orqana məsələnin həll olunmasına görə pretenziya məktubu göndərsə də, cavabdeh tərəfindən məktuba heç bir müsbət cavab ala bilməmişdir.

3. Bakı İnzibati Məhkəməsi xx.xx.2020-ci il tarixli 2-1(112)-5054/2020 nömrəli qərardad qəbul edərək, işi baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərmişdir. xx.xx.2020-ci il tarixdə baxılması üçün göndərilən inzibati iş Şəki İnzibati Məhkəməsinin dəftərəxanası tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş və həmin tarixdən məhkəmənin icraatına daxil edilmişdir.

4. Cavabdeh orqan məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan X1rşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, öhdəliyin icra edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdeh tərəfindən ödənilməmiş kompensasiya məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hesab edilir ki, İddiaçı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Mingəçevir Bəhramtəpə avtomobil yolunun bərpası” layihəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmişdir. İddiaçı məxsus torpaq sahəsinin sözügedən avtomobil yolunun təhkim zolağına düşüb-düşməməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu verilmiş və təqdim edilmiş JN-325 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən aparılmış araşdırmanın nəticəsinə görə vətəndaş İddiaçı məxsus sözügedən torpaq sahəsinin mövcud olan hər hansı avtomobil yolunun təhkim zolağına düşmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanladığı məktub bu halı sübut edir ki, iddiaçıya məxsus hər hansı daşınmaz əmlak obyekti Agentlik tərəfindən həyata keçirilmiş layihələr çərçivəsində tikinti aparılan ərazilərdə mövcud olmamış və kadastr planından çıxarış tərtib edilməmişdir.

5. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı və 157-ci maddələrini əsas gətirərək hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları pozulmamışdır.

6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 05 fevral 2021-ci il tarixli, 2- 1(116)-236/2021 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

9. Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 21 may 2021-ci il tarixli qərardadı ilə 2-1(107)-222/2021 nömrəli inzibati iş üzrə məhkəmə tikinti ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, iş üzrə rəy alınanadək inzibati işin icraatı dayandırılmışdır.

10. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Məhkəmə Ekspertizаsı Mərkəzinin rəyi məhkəmə kollegiyasına daxil olduğundan iş üzrə icraat təzələnmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə prosesi zamanı iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır. Belə ki. xx.xx.2021-ci il tarixdə məhkəmə prosesində üzürlü səbəblərdən iştirak edə bilməyəcəyinə dair teleqram vuraraq, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etməyinə baxmayaraq, vurduğu teleqram nəzərə alınmamış və məhkəmə iclası onun iştirakı olmadan keçirilmiş və birtərəfli qərar qəbul edilmişdir. İddianı qaldıran tərəf olaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mülki və inzibati mühakimə icraatının əsas prinsiplərindən biri olan “çəkişmə prinsipi”nin pozulması kimi qiymətləndirilməlidir. Həmçinin, hesab edir ki, işlə bağlı eskpertiza təyin olunaraq, torpaq sahəsinə yerli baxış keçirilərək ona məxsus torpaq sahəsinin sözügedən avtomobil yolunun təhkim zolağına düşüb-düşməməsi müəyyən olunmasına dair mütəxəssiz rəyi alınmalı və yalnız bu halda mövcud məsələ ədalətli həll yolunu tapar. Odur ki, Şəki İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(116)- 236/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(116)-236/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir

14. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - JN-325 KOD 90109028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Yevlax rayonu, AİK-nın 1998-ci il 09 aprel tarixli 02 nömrəli qərarı ilə 7.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. - JN-326 KOD 90109028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Yevlax rayonu AİK-nın 1998-ci il 09 aprel tarixli 02 nömrəli qərarı ilə 5.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Qeyd olunan torpaq sahəsi X5 və onun ailə üzvlərinin razılı ilə xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən notarial qaydada iş üzrə İddiaçı satılmışdır. - RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Yevlax rayonu, Yadilli kəndində yerləşən 2.0249 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı tam mülkiyyətində olmuşdur. Sonradan iddiaçı AN-İ seriyalı ******* nömrəli xx.xx.2019- cu il tarixli alqı-satqı müqaviləsi ilə notarial qaydada həmin torpaq sahəsini Yevlax rayon Aran qəsəbəsində qeydiyyatda olan X2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən T.İmanovun adına ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarış tərtib edilərək verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2017-ci il tarixli **********17 nömrəli məktubun surətində qeyd edilir ki, “Mingəçevir-Bəhramtəpə avtomobil yolunun bərpası” layihəsi üzərində araşdırma apararkən məlum olmuşdur ki, JN- 325 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçı məxsus torpaq sahəsi sözügedən yolun tikintisi altına düşmür. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/464 nömrəli rəyindən görünür ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən tərtib ediimiş mütəxəssis rəyinə əsasən aşağıdakilar müəyyən olunmuşdur. Qərardadın 1-ci sualı üzrə: JN-325 KOD 90109028 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçı mülkiyyətində olmuş torpaq sahəsi hər hansı bir hissəsi yolun tikintisi altına düşmür. Qərardadın 2-ci sualı üzrə: JN-325 KOD 90109028 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ına əsasən İddiaçı mülkiyyətinə ayrılmış torpaq sahəsinin heç bir hissəsi yol tikintisini altına düşmür. Qərardadın 3-cü sualı üzrə: Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş İİİ hissəli 7.76 ha (JN-325/4.13ha, JN-325A/2.75ha, JN-325B/0.86ha) torpaq sahəsi tam özgəninkiləşdirilib. Qərardadın 4-cü sualı üzrə: İddiaçı mülkiyyətində torpaq sahəsi qalmayıb. Özgəninkiləşdirilən torpağın heç bir hissəsi yol tikintisi altında qalmayıb və mühafizə zonasına düşməyib.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.7 İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə İPM-in 110.1.Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2 Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

21. İddiaçı tərəfindən qaldırılmış vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-in 2.2.7-ci maddəsi) mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı, həmçinin cavabdeh inzibati orqanın etiraz məktubundan da müəyyən edildi ki, cavabdeh tərəfindən görülən yolun tikintisi işləri iddiaçının hüquqlarını pozmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli **********17 nömrəli məktubunda qeyd edilir ki, “Mingəçevir-Bəhramtəpə avtomobil yolunun bərpası” layihəsi üzərində araşdırma apararkən məlum olmuşdur ki, JN-325 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçı məxsus torpaq sahəsi sözügedən yolun tikintisi altına düşmür.

24. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi ilə bağlı birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə məhkəmə araşdırması zamanı hər-hansı qanunsuz və əsassız hərəkətlərin və ya hərəkəsizliyin edilməsi müəyyən edilməmişdir.

25. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – dediktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edi.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir.

27. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi baxımından xx.xx.2021-ci il tarixli qərardadla iş üzrə məhkəmə tikinti ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/464 nömrəli rəyindən görünür ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən tərtib ediimiş mütəxəssis rəyinə əsasən aşağıdakilar müəyyən olunmuşdur. Qərardadın 1-ci sualı üzrə: JN-325 KOD 90109028 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçı mülkiyyətində olmuş torpaq sahəsi hər hansı bir hissəsi yolun tikintisi altına düşmür. Qərardadın 2-ci sualı üzrə: JN-325 KOD 90109028 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ına əsasən İddiaçı mülkiyyətinə ayrılmış torpaq sahəsinin heç bir hissəsi yol tikintisini altına düşmür. Qərardadın 3-cü sualı üzrə: Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş İİİ hissəli 7.76 ha (JN-325/4.13ha, JN-325A/2.75ha, JN- 325B/0.86ha) torpaq sahəsi tam özgəninkiləşdirilib. Qərardadın 4-cü sualı üzrə: İddiaçı mülkiyyətində torpaq sahəsi qalmayıb. Özgəninkiləşdirilən torpağın heç bir hissəsi yol tikintisi altında qalmayıb və mühafizə zonasına düşməyib.

28. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı ona dəymiş ziyanın cavabdeh orqanın qanunsuz və əsassız hərəkətləri nəticəsində nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu məhkəmə tərəfindən öz təsdiqini tapmadığından iddia rədd edilməlidir.

29. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat İddiaçı tutularaq dövlət büdcəsi hesabına köçürülməlidir. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22)

30. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(116)-236/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə tikinti ekspertizasının xərci olan 50 (əlli) manat manat İddiaçı tutularaq X3nin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) köçürülsün İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar